Bir qəribə adam

 

Sveyq "Dünənin dünyası" kitabında Parisdə tanış olduğu şair Rainer Maria Rilkedən uzun-uzun bəhs edir:

"Bəlkə də bütün şairlər arasında Rilke qədər səssiz, sirli və gözlərdən uzaqda yaşayan biri yoxdur".

İllər öncə mən Sveyqin Rilkeni eynilə tərif etdiyi bir adamla təsadüfən tanış oldum. O zamanlar işimlə əlaqədar bir kənddə qalırdım. Almaniyanın Hessen əyalətində dağların və dağları əhatə edən meşələrin içində yox olmuş bu kəndin türk dilində adı "Badam" idi. Kəndin ətrafında şam, çinar, şabalıd, fındıq ağacları olsa da, badam ağacı yox idi. Nəyə görə bu kəndə badam adı verilməsi məni hey narahat edirdi. Kəndlilər kəndin adı ilə bağlı çoxsaylı əfsanələr danışardılar. Bəlkə də dərənin yanından dağın içinə bir xəncər kimi soxulmuş düzənlik bir badamı xatırladırdı və buna görə də kəndin adı badam idi.

Təkbaşına uzun yol getdiyim dar meşə yolları bəzən məni heç gözləmədiyim gözəl bir kəndə gətirirdi. Tənha meşənin dərinliklərində yox olmuş bu kəndlər, adətən maraqlı almanlarla dolub-daşardı. Xüsusilə, həftə sonları 60-70 yaşlarında insanlar bellərində çantaları ilə addımlayaraq, ya da velosiped sürən qruplar şəklində bu meşəli kəndləri gəzər, yorulduqda isə hər şey ağacdan düzəldilmiş kafelərdə oturub, ləzzətlə pivə içərək söhbət edərdilər. O söhbətlər məndə nə qədər maraq doğursa da, fərqli ləhcələrlə və tez-tez danışdıqları üçün söhbət edənlərin çoxunu başa düşməyərək üzülürdüm.

Bir gün uzun-uzun addımladıqdan sonra yorğunluğumu çıxarmaq üçün özümü yenə kafelərin birinə vermişdim. Ətrafdakı qoca cökə ağaclarından yayılan qoxu ağlımı başımdan almışdı. Özüm üçün bir qəhvə sifariş verdim və kafedə oturanları gözdən keçirməyə başladım. Beş dəqiqədən sonra daha üç kişi kafeyə gəldi və icazə aldıqdan sonra mənim masamda oturdular. Masamda oturan üç kişidən ikisi davamlı danışır və qəhqəhələrlə gülürdülər. Qısaboylu, 45-50 yaşlarında olan adam isə ətrafa baxaraq gülümsəyirdi. Onlarla maraqlanmadığımı bildirərək otursam belə, bir gözüm onlarda idi. Dostları pivə sifariş verərkən həmin adam özünə su sifariş verdi.

Qarson onların sifarişlərini gətirən zaman mən də qəhvəmi bitirmişdim. Qarson masadan ayrılmadan özümə su sifariş verdim. Qarşımda oturan o səssiz adam masadakı boş fincana şüşədəki sudan dolduraraq mənə uzatdı və mükəmməl bir türkcə "buyurun", - dedi. Çaşıb qalaraq həmin adama baxdım. Qırmızı və toppuş üzündə dalğa-dalğa yayılan şirin bir gülüşlə təkrar etdi:

"Lütfən, buyurun, bu su mənə çoxdur" - dedi.

Sapsarı saçlı, mavi gözlü bu adam, bəlkə də qaradənizli idi. Anadoluda da bu cür sarışın insanlara rast gəlmək mümkündür. Bizim kənddə yaşayan və rənginə görə "Sarı Rəcəb" deyə bilinən adamın bütün uşaqları da bu cür sapsarı idilər.

Qeyri-ixtiyari adamdan "türksünüz", - deyə soruşdum. "Xeyr, almanam", - dedi. "Amma bu qədər gözəl türkcə...".

Kiçik bir qəhqəhə çəkdi.

"Başqaları türkcə danışa bilməzmi?" - deyə soruşdu.

Əlindəki fincanı alıb soyuq suyu başıma çəkdim və o gündən sonra bu sirli və gözəl adamla dostluğum başladı. 1970-lərdə Şərq dillərinə maraq salmış, təhsilini də bu sahədə almışdı. Türkcənin bütün ləhcələri ilə yanaşı, ərəbcə, farsca da bilirdi. Qərb dillərindən isə ingilis, fransız və ispan dillərinə hakim idi.

Bu cür gözəl türkcə danışan, eynilə bir gülün açılması bənzərində gülən bu adamla dost olmasam, özümü bağışlamazdım. O kafedə maraqlı baxışların altında tam bir saat türkcə söhbət etdik və qəhqəhələr çəkdik. Laz və Nəsrəddin Hoca zarafatlarından danışaraq məni güldürür, arada ərəblərin, farsların heç eşitmədiyim adət və ənənələrindən bəhs edərək məni heyrətləndirirdi.

Yeddi il Səudiyyə Ərəbistanında bir şirkətdə çalışmışdı. Avropa ilə ərəb dövlətləri arasındakı ən gözəl təfərrüatları və fərqi o mənə izah etmişdi:

"Ərəbistanda hər şey sərbəstdir. Sadəcə, dövlətə və dinə lənət etməyəsən. Avropada isə dövlətə də, dinə də lənət edə bilərsən, bunun xaricində hər şey qadağandır!".

Tanış olduqdan sonra vaxtımız olduqca həftə sonları görüşərdik. Xanımı Tunisdən idi. Mənim yanımda ərəbcə bağıra-bağıra mübahisə etdiklərini başa düşməsəm də, gülməkdən ölürdüm. Onların bəsit davaları belə gözəl idi.

Dəyərli dostumun nə sürücülük vəsiqəsi, nə avtomobili, nə də velosipedi vardı. Çox yerə piyada gedirdi. Mobil telefon belə almağı rədd etmişdi. Bizim israrlarımızın nəticəsi olaraq çox sadə, sadəcə danışmağa yarayan kiçik bir telefon aldı. Onun tək istəyi şəhərdə bir guşədə kafe tapmaq və orada qəlyan çəkməkdi. Çəkdiyi qəlyanın tüstüsünü ətrafa hər üfürdüyündə kiçik qəhqəhə çəkib, dumanların arasından mavi gözləri ilə adəti üzrə işıq saçardı.

O aralar Türkiyədə yayınlanan "Ayrılığın rəngi hüzün" kitabımı alman dilinə özüm tərcümə etmişdim, amma bir nəşriyyata göndərməyə çəkinirdim. Bir almana oxutmadan rahat etməyəcəkdim. Ona göstərdim. Kitabı aldı və diqqətlə oxuyaraq düzəlişlər etdi. Ardından "Son cənnət" romanımı alman dilinə tərcümə etdi. Elçinin, Kamal Abdullanın romanlarını da ona tərcümə etməsi üçün vermişdim. Romanları çox bəyənmişdi və hər söhbətimizdə romanın müəllifləri haqqında mənimlə söhbət edirdi.

Sonda Əjdər Olun "Lo" romanını verdikdən sonra bir gün gecə yarısı mənə telefon etdi. Bütün günü romanı oxumuşdu. Azərbaycandakı müstəqillik hərəkatlarını, son illərdəki hadisələri kitabdan bir film kimi izlədiyini söylədi və "Lo"nun nə məna ifadə etdiyini soruşdu.

Doğrusu, romanın adı haqqında o günə qədər heç düşünməmişdim. Müəllifindən də bu barədə bir şey soruşmamışdım. Dostuma da "bilmirəm," deməyə utandım. "Bəlkə də, müəllifin soyadının tərs yazılışı, yəni Olun tərsi Lo"dur dedim. Güldü. "Məncə, "Lo" gettolarda inkişaf edən bir deyimdir" - dedi. Ardından almanca mənim başa düşmədiyim bir sıra deyimlər söylədi:

"Gənclər teatr və ya kinoya gedərkən dostlarına zəng edər, "hey lo, yəni qoca və ya qardaş, gəl teatra gedək", deyərlər. Buradakı "lo" da bu mənada işlənməkdədir, məncə".

Dedikləri ağlabatandı, amma mənim tanıdığım Əjdər Ol almanca bilmirdi. Bilsə belə, bir Azərbaycan romanına niyə almanca bir deyim adı qoysun ki?!

Gecə yarısı yuxum qaçmışdı. Mətbəxə keçib özümə çay hazırladım, sonra yenə masamın arxasına keçdim. Kompüterimdə romanın "pdf" variantı vardı. Bir saata qədər romanı incələdim və "Lo"nun mənası ilə bağlı bir ifadə tapdım. Sadəcə, romanın əvvəlində "Lo" romanı uydurma deyil, canlıdır", - deyə yazırdı. Mən sıxıntı içində çırpınan zaman dostum təkrar mənə zəng etdi. Qız kimi güldü. "Yata bilmədin, deyilmi?", - deyə soruşdu. İçimdə "səni şeytan, səni" - dedim. Necə də hər şeyi təxmin edə bilirdi. Bəlkə də, indi balkonda oturaraq ləzzətlə qəlyan çəkirdi.

"Mən daha maraqlı bir şey tapdım" - dedi.

- "Romanın içindəmi?".

- "Yox, ispan dilində...".

- "Nədir?".

- "İspan dilində "Lo que" sözü vardır. Bu "nə" mənasını verir."

Ardınca "Lo"nun ispan dilində i şəklində necə söyləndiyini, "pienso lo mismo" deyildiyində, "mən də sənin kimi düşünürəm," demək olduğunu izah etməyə başladı. Sonra fars və ərəb dillərinə keçdi. Farsca da "Lo" "buraya bax" mənasında imiş.

O, başa saldıqca, beynim daha da qarışırdı. Bir an Əjdər Olun gülümsəyən üzü gözümün önünə gəldi. Onun bəzən izdihamlar arasında yalnızlığa bürünən halı diqqətimi çəkmişdi. Şairlər belədirlər. Bəzən canlı, nəşəli olan zaman bir saniyə içində dünyadan qopub başqa aləmdə olurlar. Əjdər Olun gözlərimin önünə gələn bir az hüznlü, bir az düşüncəli xəyalı məni beyin qarışıqlığından çəkib çıxartdı. Dostuma qısa-qısa cavablar verdikdən sonra telefonu söndürdüm və kompüterimdəki romanı ikinci dəfə diqqətlə oxumağa başladım. Oxuduqca Lonun, əslində, Məşədi Zeynəbin, Əjdər Olun, Qaranın, Balaşın, Meydanın, Qarabağın, bütün Azərbaycanın hekayəsi olduğunu gördüm. Lo, bəlkə də, bütün bu mürəkkəblik, savaş, acı içərisində nə edəcəyini bilməyən sıradan bir Azərbaycan türkünün qışqırığı idi. Bəlkə də, bütün bunları şair ürəyində min dəfə yaşayan Əjdər Olun içində boğduğu səssizliyi idi.

Romanın son sətirlərini oxuyarkən səhərin utancaq işığı pərdənin arasından sızaraq masamı aydınlatmağa başlamışdı. Əjdər Olun cümlələrini mızıldayaraq ayağa qalxdım:

"Torpağımız münbitliyini, dağlarımız müdrikliyini, çaylarımız coşqnluğunu, dənizimiz qüdrətini saxlayırdı. Mən belə görürdüm. Bəlkə də, sevgi gözlərimi tutmuşdu".

Bəli, müəllif haqlı idi. Eşq adamı kor edərdi. Amma Mövlananın dediyi kimi, ən böyük və dərin ümidlər də eşqin içində gizli idi. Hər açılan sabah yeni bir ümidin qapısını açacaqdı; bundan əmin idim.

Uzaqda, Tunisdə yaşayan qərib dostum bəlkə hələ də "Lo"nun digər dillərdəki mənasını axtarırdı. Amma mən tapmışdım.

 

Orxan Aras

 

Ədəbiyyat qəzeti.- 2021.- 31 iyul.- S.13.