Sənin olacaq

 

Bu bədən indi mənimdi,

Bir azdan sənin olacaq.

Yenəcək yerin altına,

Çürüyüb dənin olacaq.

 

Qarışqa, səni xoş gördük,

Əlin, ayağın var olsun.

Bu can haqdan sənin payın,

Qoy, Allah sənə yar olsun.

 

Ətdi, qandı, sudu hələ,

İçində bir az havası

Canında var odu hələ,

Dilində şükran duası.

 

Qarışqa, sənin bir adın,

Mənim adam adım var.

O qədər acı çəkmişəm,

İndi çox acı dadım var.

 

Pərvanə yanacaq şama,

Görənlər əmin olacaq.

Bu bədən indi mənimdi,

Bir azdan sənin olacaq.

 

 

Yaşadan olur

 

Bir az sevinc düşür hərdən payıma,

Hərdən sevinmək əlçatan olur.

Gizli baxışlara tuş olub hərdən,

Qaçaq sevdalar da baş qatan olur.

 

Arada tapılır sözü düzdürən,

Sözü lilləndirən, sözü süzdürən,

Beləsi ya sözbaz, ya sözgəzdirən,

Ya dost arxasıca daş atan olur.

 

Kölgədə atlanıb, gündə gedəni,

Ortada oynayıb gendə gedəni,

Vara həris olub öndə gedəni

Sözü boş doldurub, boş atan olur.

 

astar gəzəsən, üz axtarasan,

Ya bir qeybanə səs, söz axtarasan,

Dünya düz deyil ki, düz axtarasan,

Düzü göz oynadıb qaş atan olur.

 

Olur inanc yeri, ibadət yeri,

Hər qarış torpağı şəhadət yeri,

Sevilib, seçilib yüz ildə biri

Milləti milləttək yaşadan olur.

 

 

Daha yağış yağmaz ayaq izinə

 

İkinci Qarabağ döyüşlərində şəhid olan

 

Niyaməddin İsgəndərovun əziz xatirəsinə

 

 

Payızda durnalar uçur cənuba,

İsti ölkələrdə qışlamaq üçün.

Sən niyə payızda getdin, əcabə,

Ya təzə bir ömrə başlamaq üçün.

 

Ürəklər üzüldü, gözlər ağladı,

Yazda durna olub dönməzsən deyə.

Adına bir dəstə çiçək bağladı,

Dönsən, yolu azıb enməzsən deyə.

 

Bir ana yaralı durnaya döndü,

Çırpıb qanadını enib gələsən.

Bacı tabut üstə şam kimi söndü,

Bəlkə inadından dönüb gələsən.

 

Bayrağa büküldün əvəzinə,

Durna lələyini mələklər yığar.

Daha yağış yağmaz ayaq izinə,

Şəhid məzarına çiçəklər yağar.

 

Payız durnaların lələklərində

İsti ölkələrə, cənuba gedir.

Gözləri yaşarır mələklərin ,

Arxanca el gedir, bir oba gedir.

 

 

Hər payız yağışlar yuyar yolları,

Hər bahar yeni iz, cığır salarsan.

Hər payız cənuba uçan quş kimi,

Yaz ağzı geriyə qanad çalarsan.

 

Qayıdıb gələrsən hər yaz gələndə,

Dönərsən durnalar döndüyü kimi,

Mavi sular üstə endiyi kimi,

Yığışıb gedərsən payız gələndə.

 

Hər yaz durnalartək dönəsən deyə,

Gedirsən, arxanca bir oba gedir,

Arxanca gedənlər boylanır göyə,

Payızda durnalar cənuba gedir.

 

 

İki min səkkiz yüz səksən bir

 

Payız yağışları yudu apardı,

Torpağın üstündən, daşın üstündən.

Güllələr ötəndə başı üstündən,

Ürəklərdən qalxan

Atəşi apardı, odu apardı.

Ha baxdı, bir kimsə görə bilmədi

Açılan səhəri, düşən axşamı.

O soyuq yağışlar yağıb söndürdü

İki min yeddi yüz səksən bir şamı.

Yığıb qucağına ayaqlarını,

Sıxıb ətəyinə başını getdi.

Qüruru, qeyrəti əmanət qoyub

Bu yerdən, bu göydən, bu kainatdan,

Bir bu həyatdan daşınıb getdi

İki min səkkiz yüz səksən bir adam.

Tərtərdən, Murovdan qalxıb uçdular,

Uçdular göyərçin qanadlarıyla,

Oldu yuvaları neçə uçuq dam.

O uçuq damlarda söndü neçə şam.

Yatır sinələrə, sığır qucağa,

Qarabağ ələkdən ələnir gəlir.

Siz ey Azərbaycan vətəndaşları,

Ehtiram göstərin, qalxın ayağa,

İki min səkkiz yüz səksən bir gəlir.

 

Tərtərdən, Murovdan keçib getdilər,

Döndü qələbəyə elə hər səfər.

Tufantək qalxdılar, yeltək ötdülər

İki min səkkiz yüz səksən bir nəfər.

 

Gah suya döndülər, selə döndülər,

Yanıb alışdılar, külə döndülər,

Döndülər bir qızılgülə, döndülər

İki min səkkiz yüz səksən bir nəfər.

 

Bir küncündə

 

Heç gözüm olmadı ki,

düründə, incində.

Bax, dayanıb durmuşam

Eləcə bir küncündə.

 

Saçımda sığalın yox,

Dizlərimdə təpərin.

Durmuşam o üzündə

Sən çəkdiyin çəpərin.

 

Könlüm ya bir çiçəyin,

Ya bir gülün şaxıdır.

Bu şeytan da sənindi,

Hər gün bir gül axıdır.

 

Məndə Musa dözümü,

Səndə min Əyyub səbri.

Mənim mələk könlümə

Çox edirsən bu cəbri.

 

Heç səsim duyulmur ki,

dəfində, sincində.

Səssiz, sakit durmuşam,

Dünyanın bir küncündə.

 

Olmadı

 

Yazda əkdiyim ümidin

Payızda barı olmadı.

Mən ha hördüm bu divarı,

Hördüm, heç yarı olmadı.

qaç, gizlən, yaşın,

Ağarıbdır saçın, başın,

Sən güvənən dağın, daşın

Bir kərə qarı olmadı.

Mələyi pülədi közü,

İsindi şeytanın gözü,

Vəzirin, vəkilin üzü

Heç bizə sarı olmadı.

Göz-gözü görmür tüstündə,

Əriyən əriyir istində,

Bir ev tikdik yol üstündə.

Uca divarı olmadı.

Dünya köhnə, dərdlər təzə,

Çevirmədi bir yön bizə,

Sifariş göndərdik sözə,

Sözün karı olmadı.

 

 

İlahi, o gözlər...

 

İlahi, o gözlər

Günəş işığıdı yağışdan sonra.

Canım qalxmaq istər göyün üzünə,

O gözəl, ilahi baxışdan sonra.

Dibsiz göy kimidi, əllərin çatmaz,

Eləcə boylanar altdan yuxarı.

Üzü yuxarıya durub daş atmaz,

Can atar yeddinci qatdan yuxarı.

İlahi, o gözlər yağışdan sonra,

Göydə yeddi rəngli qövsi-qüzehtək.

O gözəl, ilahi baxışdan sonra,

Necə sakit durar sinədə ürək?

O ilahi gözlər, vallah, hər gecə,

Gəlib yatağımdan alıb aparar.

O gözlər hər gecə gəlib gizlicə,

Məni qadınımdan çalıb aparar.

Şəkildən boylanar, şəkildən baxar,

İlahi, o gözlər.

Hər gün yola salar, hər gün qarşılar,

Bir gün qayıtmasam, yəqin, o gözlər.

Məni gözlər.

İlahi, gözəl gözləriniz var,

Mən ürəyimdən keçəni yazdım,

Bəlkə ruhunuzu oxşar bu sözlər.

 

 

Orda, uzaqlarda qədim bir kənd

 

 

Orda, uzaqlarda qədim bir kənd var,

Evləri palçıqdan, kəvəkədəndi.

Mənim ürəyimdə, amma nədəndi

Təzədən pöhrələr, qalxar hər bahar.

 

Xeyir-bərəkətdi daşı, torpağı,

Gül-çiçək bitirər qaya üstündə.

Dürüstdü, xəyanət olmaz qəsdində,

Saxlar gözü üstə gələn qonağı.

 

 

Gah sərtdi, gah ipək qəlbi, ürəyi,

Daş qırar, çörəyi daşdan çıxarar.

Yaslını elliklə yasdan çıxarar,

Bölər yeddi evə bircə çörəyi.

 

Arxada əkinçi, döyüşdə əsgər,

Uyusa, gözündə quş yuxusu var.

çəkinəcəyi, qorxusu var.

Əkində-biçində, hər işdə əsgər.

 

Birinin qayğısı hər kəsə yetər,

Suya şərik olar, torpağa ortaq,

Xeyrə, bərəkətə, ocağa ortaq,

Sevgisi aldığı nəfəsə yetər.

 

Dünəni bilməcə, bu günü bir sirr,

O qoca yurd yeri gəncləşir indi.

Soyadı Kəngərli, ismi Xok kəndi,

Könlümə oxudur yeni bir şeir.

 

 

Bir gözəl qar yağır

 

Açılıb səmanın bəyaz qurşağı,

Götürür düşəni yel bura-bura.

Yeni Günəşlidən bir az aşağı

gözəl qar yağır Qaraçuxura.

 

 

Yerə naxış vurur göydən düşən qar,

Torpağın istisi üzünə vurur.

Hər qar dənəsinin min cür sirri var,

Havada fırlanıb yüz oyun qurur.

 

Qar yağır, qulağa söz pıçıldayır,

Necə xoş səslənir pıçıltısı da.

Gəzirəm qar üstə, qar xışıldayır,

Qulağa xoş gəlir xışıltısı da.

 

Bəyaza bürünür evlər, binalar,

Qar yerin zəhməti, göyün təridir.

Tökülür yollara bəyaz sonalar,

Ürkək baxışları qarı əridir.

 

Qar yağır, sovrulur elə havada,

Külək xışmalayıb yığır çuxura.

Adamlar küçədə, quşlar yuvada,

Bir gözəl qar yağır Qaraçuxura.

 

Məmməd Tahir

 

Ədəbiyyat qəzeti.- 2021.- 31 iyul.- S.21.