Məzarı üzərində Türkiyənin və
Azərbaycanın bayraqları dalğalanan Əli bəy
Hüseynzadəmiz
Azərbaycan xalqının ən
yüksək mənəvi dəyərlərindən biri də
vətənini sevmək, tarixini unutmamaq, xalqı
üçün, milləti üçün qurtuluş,
istiqlal, birlik, müstəqillik və müasir inkişaf
yollarını göstərmiş şəxsiyyətlərini
anmaq, onların xatirəsini daim uca tutmaqdır.
Hər məzar
daşı tariximizdir
...Yaxın illərin xatirəsidir.
Novruz bayramı günlərində tətildən istifadə
edərək dostların dəvəti ilə qonşu
Gürcüstan respublikasına,Tbilisi şəhərinə
getmişdim. Qaldığımız otellə
üzbəüz, Kür çayının sahilindəki
bağçada Ümummilli Liderimiz Heydər Əliyevin abidəsi
əzəməti ilə ucalmaqda idi. İlk
getdiyim məkan, ziyarət etdiyim yer də elə bu abidə
oldu. Birinci dəfə idi ki, Vətəndən
kənarda olduğum zaman özümdə xalqımızın
tarixi şəxsiyyətlərinin xatirəsinə ehtiram olaraq
onların məzarlarını yenidən ziyarət etmək
ehtiyacı hiss etdim. Bakıya qayıdarkən
Heydər Əliyevin Fəxri Xiyabanda məzarını bir daha
ziyarət edib, önünə tər gül dəstələri
qoydum.
Rayona,
yaşadığım Salyana qayıdarkən Novruz tətili hələ
qurtarmamışdı. Niyyətim qədim Azərbaycan şəhəri
Ərdəbilə getmək və Şah İsmayıl Xətainin
məqbərəsini ziyarət etmək idi. Bu ünvan da mənə çox doğmadır.
Hətta dəqiq bilirəm ki, Salyandan Ərdəbil
şəhərinə qədər məsafə 242 kilometrdir.
Novruz günlərində şah babamızın
ziyarətinə gələnlər də çox idi. Zaman keçdikcə, Xətainin Azərbaycanın
vahid dövlət quruculuğu, Azərbaycan dilinin dövləti
dili kimi təsis edilməsi və digər sahələrdəki
xidmətləri daha çox və yeni mənada dəyərləndirilməkdədir...Bəli,
tarixi şəxsiyyətlərimizi zaman-zaman anmalı və təbliğ
etməliyik.
Əli bəy Hüseynzadənin
xatirəsi müəyyən dövrün məhdudiyyətlərinə
baxmayaraq xalqımızın qəlbində həmişə
yaşamışdır. Ümumxalq məhəbbətini ifadə edən heykəli
isə Salyanda, dünyaya göz açdığı torpaqda
1993-cü il 24 fevral doğum günü ərəfəsində
ucaldılmışdır. Hazırda rayon
tarix-diyarşünaslıq muzeyi və ən böyük
küçələrdən biri onun adını
daşıyır. Bakı şəhərində də adına küçə vardır. Əli bəy Hüseynzadənin övladlarından
yalnız Səidə Santur Azərbaycana, ata yurdu Salyana gələ
bilmişdir. Digər övladları - 80 il ömür
sürmüş oğlu Səlim Turan və 100 il
yaşamış qızı Feyzavər Alpsar istəsələr
də, çalışsalar da, ata yurdu Azərbaycana, doğma
Salyana gəlmək onlara qismət olmamışdır. Əli bəyin üç övladının
heç biri nəsil şəcərəsini davam etdirə
bilmədi. Övladları olmadı. Əli bəy son mənzilə də qohumların,
doğmaların deyil, yaşadığı məhəllənin
insanlarının çiynində getmişdir.
30 ildən sonra İstanbul
şəhərinə qisa müddətə olan ikinci səfərim
zamanı ilk görəcəyim işlər sırasında
Əli bəy Hüseynzadənin məzarını ziyarət
etmək oldu.
Əli bəy Hüseynzadənin
1940-cı ildə İstanbulda vəfat etməsi və
buradakı Qaracaəhməd məzarlığında dəfn
olunması barədə məlumatlar onun tərcümeyi-halını
çap etmiş bütün mənbələrdə qeyd
edilmişdir.
Lakin bu barədə ilk dolğun məlumat Əli bəy
Hüseynzadənin tədqiqatçısı, filologiya üzrə
fəlsəfə doktoru, "Ədəbiyyat qəzeti"nin baş redaktoru, jurnalist həmkarımız
Azər Turanın böyük mütəfəkkir haqqında
çap etdirdiyi əsərlərdən almışdım.
Xüsusən, qələm dostumuzun 2009- cu ildə İstanbula
səfəri, qızı Feyzavər xanımla
görüşməsi və onunla birlikdə Əli bəyin
qəbrini ziyarət etməsi, qəbir üzərinə
doğma Salyandan apardığı torpağı səpməsi
və bu türk dünyasının böyük oğlunun
yeganə yadigarı kimi, Feyzavər xanımla
apardığı müsahibə məndə də çox
müqəddəs hisslər oyatmışdır. İndi,
Feyzavər xanımın həyatda olmadığı bir
dövrdə İstanbulda Əli bəyin məzarı üzərinə
gedərkən Feyzavər xanımın 12 il
əvvəl Azər Turana söylədiyi sözlərin
ağırlığı yenidən qəlbimi sıxır:
"Babam həftə sonu vəfat etdi. Hər
yer tətildi. Tətilə rast gəldiyi
üçün universitetin xəbəri olmadı".
Bəli, türk
xalqlarının intibahı üçün tarixi xidmətlər
göstərmiş Əli bəyin son mənzilə sakit,
ictimai toplumun iştirakı olmadan yola salınması da bir
tale qisməti imiş.
Bizi gözləyən
Üsküdar
İstanbulun dəniz vağzalı
anlamını ifadə edən "Emin ağzı"ndan
bizi boğazın o biri sahilinə, yəni Asiya səmtinə
çatdıracaq su nəqliyyat vasitəsi olan "Vapur"
dalğaları yara-yara irəlilədikcə, təkrarsız
dəniz lövhələri fonunda Üsküdarın
füsunkar mənzərəsi göz oxşayırdı. Uca minarəli məscidlər, möhtəşəm
binalara söykənərək öz ömrünün tarixə
çevrilməsinə şahidlik edən qədim tikililər
bu türk yurdunun keçmişindən, dünənindən xəbər
verirdi. Görəsən, 80 ildən artıq bir müddət
əvvəl Əli bəy əbədi olaraq qoynuna alan bu torpaq
onun doğulduğu Salyandan gəlmiş, burada heç kimin
tanımadığı müsafiri necə
qarşılayacaqdı?!.
20-25 dəqiqəlik dəniz
yolçuluğu bizim üçün bəlkə bir an kimi keçdi. Bu da sahil. Vapur bizi sanki şəhərin ən qaynar nöqtəsindən
sahilə çıxmaq üçün yan
almışdı. Türkiyənin hər
yerində olduğu kimi, burada da ictimai nəqliyyat olsa da,
turistlər əsasən taksi xidmətinə
üstünlük verirlər. İlk
qarşılaşdığım insana Qaracaəhməd məzarlığına
getmək istədiyimi bildirdim. "Avtobusla
üç dayanacaqdır", - dedilər. Təbii ki, koronavirus və digər məsələləri
nəzərə alaraq mən də taksiyə mindim.
Ünvanı dedim. Əli bəyin adını çəkmək
istədim. Sürücü qardaş dedi ki, Qaracaəhməd
məzarlığı çox böyük bir ərazidir, sahəsi
təqribən 750 hektardır. Mövcud
olduğu 500 yüz ildə burada 2 milyondan çox insanın dəfn
olunduğu deyilir. Bələdçi
olmadan istənilən ünvanı tapmaq çox çətindir.
Gərək bələdiyyənin məzarlıq
idarəsindən bilgi alasan. Mən isə
doğru bilgini əvvəlcədən Azər Turandan
almışdım. Sürücüyə
məzarlığın "Çiçəkli" qapı
deyilən hissəsində dayanmasını xahiş etdim.
"Çiçəkli"
məhəlləsində əkilən çiçəklər
...Bura yaşıllıq deməzdim,
meşəlik içərisində bir aramgahdır. Çox qədim bir yer olsa da, qəbirlər üzərində
yazılar çətinliklə oxunsa da, özünəməxsus
səliqəsi var. Demək olar ki, hər yüz metrdən bir
qurulmuş bulaqdan daimi su gəlir. Qəbirlərin
səliqə sahmanına mərhumların yaxınları və
ya onların təyin etdikləri adamlar, yaxud da
könüllülər baxırlar.
1940-cı ildə torpağa
tapşırılmış Əli bəy Hüseynzadənin
məzarını çox axtarmağa ehtiyac olmadı. Əlli-altımış
metr irəliləyən kimi, sağ cinahda başı göylərə
dəyən uca ağacların kölgəsində dəfn
olunan Əli bəyin məzarı üzərində
dalğalanan Türkiyə və Azərbaycan bayraqları
uzaqdan görünür. Burada heç bir
məzarın üzərində dövlət bayrağı
ucaldılmamışdır. Bu, çox
böyük bir anlamdır. Bayraqların
Milli Məclisimizin deputatı Qənirə Paşayevanın və
digər təəssübkeş insanların təşəbbüsü
ilə ucaldıldığını eşidəndə
çox sevindim.
Ehtiramla məzara
yaxınlaşıb təzim etdim. Doğulduğu
torpaqdan, dünyaya göz açdığı Salyandan gəldiyimlə
sanki qeyri-adi qürur duydum. Sükutlu və
hüznlü dəqiqələr keçirmək, ruhuna dualar
oxumaq, həmyerlilərinin ehtiramını dilə gətirmək
və ən nəhayət, məzarı üzərində təzə
güllər əkmək mənim üçün heç
vaxt unudulmayacaq qədər dünyəvi hisslər oldu.
Qurban bayramı və milli mətbuatımızın
yaranması günü ərəfəsində qardaş
Türkiyə Respublikasında olmaq, birgə tariximizi
yaşadan yerlərlə tanışlıq, mətbuatımızın
inkişafında özünəməxsus rolu olmuş,
türkçülük məfkurəsinin
yaradıcısı, həkim, jurnalist, şair, tərcüməçi,
rəssam, musiqiçi, İstanbul Tibb
Universitetinin professoru Əli bəy Hüseynzadənin məzarını
ziyarət etmək isə məndə unudulmaz təəssürat
yaratdı.
Bir çox tarixi şəxsiyyətlərin
uyuduğu qəbiristanlıqla tanış
olarkən Əli bəyin məzarını ziyarət edən
bir xanım gördüm. Maraq məni çəkdi.
Bilirdim ki, Əli bəyin qəbiri üzərinə gələcək
qohum-əqrəbası, nəsil şəcərəsini təmsil
edəcək bir kimsənə yoxdur... Övladları
dünyasını dəyişmiş, nəvə-nəticə
isə onun taleyində olmamışdır... Demək, təəssübkeşlərdən,
könüllülərdən ola bilərdi.
Təqaüd yaşında olan bu xanımla
tanışlıq ikimiz üçün də maraqlı oldu.
Zinyət Rzayeva idi.
Bakıdan gəlib. 10 aydır ki, Üsküdarda yaşayır. Nəvələr də buradadır. Qızı Əntiqə xanım Kadıköy Konservatoriyasında doktoranturada təhsil alır. 22 il musiqi müəllimliyi təcrübəsi vardır. Zinyət ana deyir ki, Əli bəy Hüseynzadənin məzarını tez-tez ziyarət edirəm. Nəvələrim də gəlir. İstanbul-Azərbaycan Kültur Evinin rəhbəri Hikmət bəyin təşkil etdiyi tədbirlərə də qatılırıq. Bu gün də məzar üzərində aparılmış təmizlik işləri və yeni güllərin əkilməsini görəndə çox sevindim. Bildim ki, kimsə doğma bir insan burada olub. Bu işlərin Əli bəyin dünyaya gəldiyi bir torpaqdan gələn həmyerlisi tərəfindən icra edildiyini biləndə isə çox sevindi. Birlikdə Əli bəyin həyat yoldaşı Ədhiyyə xanımın məzarında da səliqə işləri gördük. Sonra Zinyət xanım məni yaşadığı mənzilə dəvət etdi. Nəvələr və Bakıdan yeni gəlmiş bacısı ilə Əli bəy haqqında söhbətlər etdik. Əli bəyin doğulduğu torpaqdan gəlmiş bir ziyalının İstanbulda onun haqqında söylədikləri maraqlı oldu. Zinyət xanımın vasitəsi ilə İstanbul-Azərbaycan Kültur Evinin rəhbəri Hikmət bəylə telefon əlaqəsi yaratdıq. Görüşə bilməsək də, gələcək fəaliyyət üçün yaxşı zəmin yarandı.
Beləcə, Üsküdar mənim üçün daha doğma bir ünvana çevrildi. Tanıdığım hər kəsdən Əli bəy Hüseynzadənin həmyerlisi olduğuma görə, ehtiram və sayğı hiss etdim. Hər kəs türkçülüyün beşiyi sandığı qədim Salyan torpağına İstanbuldan salam və ehtiramını göndərdi.
"Yeni görüşlərədək, Üsküdar", - dedim.
Rüstəm Məlikov
Ali Media mükafatı laureatı,
Salyan-İstanbul-Salyan
Ədəbiyyat
qəzeti.- 2021.- 31 iyul.- S.25.