AXIR Kİ...
Hekayə
Haqqında
əfsanə dolaşırdı, amma bir vaxtlar hamı ona
görə oğlunu, ailəsini ələ
salırmış...
Rüstəm
İncəsənət İnstitutunun aktyorluq fakültəsinə
13 il sənəd verdikdən sonra qəbul
olunmuşdu: arada 2 il əsgərliyi saymasaq, orta məktəbdən
sonra hər il. Sevirdi bu sənəti, səhnədə
böyük rollar yaratmaq istəyirdi, amma arzuları ürəyində
qaldı, təyinat alıb gəldiyi əyalət teatrında
ona böyük rollar vermədilər və bunun öz səbəbi
vardı.
Rüstəm
təyinat alıb Bakıdan əyalət teatrına
bir-neçə ay gec getdi, o, teatra gələndə artıq
kollektiv yeni il şənliyinə
hazırlaşır, qızğın məşqlər
gedirdi. Baş rejissor Məhərrəmin
ssenarisini özü yazıb, özü quruluş verdiyi
nağıl-tamaşada Uzunqulaqdan başqa, bütün rollar
bölünmüşdü. Əslində,
Rüstəmin teatra gəlməsi baş rejissor
üçün göydəndüşmə idi - yoxsa
tamaşa Uzunqulaqsız qalacaqdı. Rüstəm Uzunqulaq
oynamağa razı oldu və bununla da aktyorluq karyerasının
edamına fərman verdi...
O,
teatra gələndə 37 yaşı vardı, böyük
oğlu İlqar ikinci sinfə gedirdi və Rüstəm yeni il tamaşalarının birinə ailəsini də
dəvət etmişdi. Balaca İlqar
atasının Uzunqulaq roluna maraqlı baxır, qəhqəhə
çəkib gülür, Rüstəmin həyat
yoldaşı Dilbər isə hər dəfə səhnədən
anqırtı səsi eşidəndə ət tökür,
utanırdı. Yazıq gəlin elə bilirdi zaldakı
bütün gözlər ona dikilib, elə bilirdi hamı onu
barmaqla göstərir: "Bax, səhnədəki
Uzunqulağın arvadı odur!".
O gecə
evdə mərəkə qopdu. O gecə İlqar valideynləri
arasında olan söz-söhbətin mənasını
başa düşmədi, amma illər sonra atasının
Uzunqulağı ona da utanc yeri oldu.
- Məktəbdə
uşaqlar deyir sənin atan eşşəkdir, - İlqar ilk dəfə
beşinci sinifdə oxuyarkən açdı söhbəti.
Əslində, düz 3 il idi sinif
yoldaşlarının tənəsi, məhəllə
uşaqlarının gülüşü İlqarın balaca
ürəyinə yük olmuşdu və bu, ona rahatlıq
vermirdi. Hətta bir neçə dəfə bu
sözə görə davaya düşmüş,
ağzı-burnu əzilmişdi.
-
Əvvəla, eşşək yox, uzunqulaq, rolun adı
Uzunqulaqdır, - Rüstəm səbirlə izah etməyə
başlayanda, mətbəxdə qab yuyan Dilbər özündən
çıxdı:
- Guya
eşşəyə uzunqulaq deyəndə adam
olur, - çığırdı. - Üç ildir hər dəfə
yeni il gələndə az qalır ürəyim
yerindən çıxsın. Bəsdir də! Uşaq
bir yandan utanıb yerə girir, mən bir yandan qonum-qonşu
üzünə çıxa bilmirəm, - deyib, əlindəki
boşqabı yerə çırpdı.
Bir həftə
küsülü qaldılar, Rüstəm maaş
alıb evə gəldiyi gün, Dilbərin üzü
güldü, çünki əri Yeni ildə
oynadığı möhtəşəm Uzunqulaq roluna görə
bir aylıq maaşı qədər mükafat da
almışdı. Dilbər düşünürdü ki,
uzunqulaq söhbəti gələn qışa qədər səngiyəcək,
həm də baş rejissorun Bakı teatrlarından birinə
göndəriləcəyi ilə bağlı söz-söhbət
gəzirdi, əgər Məhərrəm teatrdan getsəydi,
demək, Rüstəm bir daha Uzunqulaq olmaya bilərdi.
Dərslər başlayanda valideyn iclası oldu və adəti
üzrə məktəbə bu dəfə də Dilbər
getdi. Sinif rəhbəri uşaqlarla
bağlı fikirlərini, tərif və
narazılıqlarını bir-bir söylədi və növbə
İlqara çatanda üzü güldü:
-
İlqar yaxşı uşaqdır, - müəllim fəxrlə
dedi, - həm dərslərini yaxşı oxuyur, həm də
məktəb tədbirlərində fəal iştirak edir. Yeni
il üçün
hazırladığımız tədbirdə o da atası kimi
yaxşı eşşək rolu oynadı. Rüstəm
müəllim özü də tamaşamızın
hazırlanmasında yaxından iştirak etdi. Sağ
olsun!
Dilbərin qulaqları uğuldayırdı, müəllimin
dediklərini eşitmir, sadəcə yaşı 60-ı
haqlamış ağsaçlı qadının
ağzının açılıb-yumulduğunu
görürdü. Bir də
duman, tüstü içərisində ata uzunqulaqla bala
uzunqulaq vardı onun dünyasında. Müəllimə
nəsə dedi, sonra valideynlər əl çaldı,
İlqar lövhə qarşısına çıxdı,
müəllimə ona məktəb rəhbərliyi adından
"Yeni il şənliyində fəal iştirakına və
Eşşək rolunun uğurlu ifasına gərə" fəxri
fərman verdi. O axşam Dilbər
İlqarı da götürüb atası evinə
qayıtdı və düz iki həftə Rüstəmin
yalvarışlarına, atası Kazım kişinin təkidlərinə
məhəl qoymadı, axırda bir gün İlqarın dərsdən
çıxıb birbaşa teatra, atasının yanına
getdiyini eşitdi və çarəsiz qalıb, evə
qayıtdı.
Həmin
yay Məhərrəmi, doğrudan da, Bakıya göndərdilər
və bununla da uzun illərdən bəri hər
yeni il teatrda oynanılan və uşaqların maraqla izlədiyi
"Uzunqulağın qış macərası" adlı
nağıl-tamaşa repertuardan çıxarıldı.
Əslinə qalsa, illər əvvəl bu tamaşa
"Meşədə qış macərası" adı ilə
hazırlanmışdı, amma Rüstəmin gözəl
ifası, Uzunqulaq obrazına gətirdiyi yeniliklər, canlı
oyun forması keçmiş baş rejissoru həvəsə gətirmiş,
Rüstəmin rolunu böyüdüb, baş rol etmişdi və
tamaşa bütünlüklə Rüstəmin üzərində
qurulmuşdu. Rüstəm uzun illər Uzunqulaq
oynadı, amma onun Uzunqulağı bəzən Hamlet olurdu, bəzən
Otello. Bəzən Kefli İsgəndər
kimi meşə sakinlərinin nadanlığına kədərlə
anqırır, bəzən də İblis kimi hər kəsi
sınağa çəkirdi. Rüstəmin
Uzunqulağı şedevr idi, teatr hadisəsi idi, ən məşhur
tənqidçilər bir neçə dəfə onun bu rolu
haqqında yaxşı sözlər yazmışdı, amma o
öz Uzunqulağının içində əriyib itirdi...
Teatra gələn cavan baş rejissor yeni tamaşa
hazırlığına başlamış, rol
bölgüsü aparmışdı. Rejissor rolları əsasən gənclər
arasında böldüyündən Rüstəmə
kiçik rol vermişdi. Doğrudur, Rüstəm
tamaşanın əvvəlindən sonuna qədər
kralın yanında olurdu, ancaq bircə ikinci hissənin
ortalarında kralın: "Alfonso, bu gün ayın neçəsidir?"
- sualına, Rüstəm (yəni Alfonso)
"altısı", - cavab verirdi, vəssalam.
Axşamkı tamaşaya xeyli bilet satılmış,
mötəbər adamlara dəvətnamə
paylanmışdı. Nazir və
icra başçısı müavinləri ilə bir yerdə,
rayondan seçilmiş millət vəkilləri, vəzifəli
adamlar, bir sözlə, ölkənin rayona qonaq gəlmiş
qaymaqları axşamkı tamaşaya baxmağa
hazırlaşırdılar.
Truppa müdiri Vidadi başılovlu otağa girəndə
baş rejissor axşamkı tamaşanın uğurunu
düşünür, xəyallar qurur, fəxri adın bir
addımlığında olduğunu fikirləşirdi.
-
Siyavuşu maşın vurub, - truppa müdiri bəd xəbəri
birnəfəsə dedi.
Siyavuş
Kralın - baş rolu oynayan aktyorun adı idi. Hadisə
Siyavuş səhər oğlunu bağçaya aparıb evə
qayıdanda baş vermişdi. Düzdür,
həyatı üçün təhlükəli bir şey olmasa
da, bir ayağı və bir qolu gipsdə idi.
Otaq gənc rejissorun başına fırlandı, divarlar
üstünə yeridi, bir anlıq özünü səhnədə,
axşamkı tamaşadan sonra hiss etdi, amma
tamaşaçılar onun başına gül-çiçək
səpmir, üstünə lax yumurta, zir-zibil atırdılar. Nazir acıqla başını bulayır,
icra başçısı rejissorun fəxri ad alması
üçün imzaladığı təqdimatı qəzəblə
xırda tikələrə bölürdü.
-
Yooooooooox! - gənc rejissor obrazlı şəkildə
çığırıb başını tutdu. - Bu, mənimçün
hazırlanmış təxribatdır!
***
Tamaşanın
başlanmasına 4 saat qalır, rejissor vəziyyətdən
çıxış yolu axtarırdı. Rüstəmdən
başqa, hamı səhnədə idi. Rüstəm
epizodik rollardan birini oynadığına görə səhnəyə
enməyə tələsmir, otağındakı güzgü
qarşısında oturub pıçıldayırdı:
- Xəyanət
göstərir ulduzlar yenə,
Üsyan hazırlanır səltənətinə.
- Sən
nə danışırsan, qoca münəccim?!
Buna
cürət edən söylə kimdir, kim?
- Ey
böyük kralım, ey əlahəzrət,
Bunu
söyləməyə etmirəm cürət!
-
Danış, yoxsa boynun vurular indi,
Mənə
qəsd etməyə qalxan de, kimdir?!.
Rüstəm güzgüdə rejissorun əksini görəndə
diksinib yerindən atıldı. Gənc rejissor gözlərini döyə-döyə
ona baxırdı.
- Sən
bütün tamaşanı əzbərləmisən?
Dünyadan xəbərsiz Rüstəmin canına
üşütmə düşdü.
Bağışlanmaz günah üstə yaxalanmış adam kimi çarəsiz baxışlarla
rejissora:
- Elə-belə,
özümçün, - dedi, amma səsi titrədi, - qulaq
asa-asa mizanları da, sözləri də əzbərləmişəm.
- Sonra səsini azaldıb, pıçıltı ilə əlavə
etdi: - Heç kəs bilmir, mənim heç kəsin rolunda
gözüm yoxdur, - qorxa-qorxa əlavə etdi. - Yeni ilə az qalıb, mənimki Uzunqulaqdır...
Rejissor onun səsini eşitsə də, xəyalında
plan cızırdı. Sonra nə
fikirləşdisə, qoltuğuna vurduğu pyesi
açıb, birbaşa final səhnəsini tapdı,
çünki nə qədər məşq etsə də,
Kralı oynayan Siyavuş finalda onun istədiyini verə
bilmirdi.
- Bilirəm,
əzizim, üzmüşəm səni,
Ülvi
eşqimizə bağışla məni!
Rüstəm bu hissəni çox gözəl bilirdi. Kraliça atası ilə əlbir olub
krala qarşı sui-qəsddə
günahlandırılırdı və tamaşanın sonunda
kral yenə qəzəbini boğur, böyük eşqinə
hörmət edib, qayınatasının edamını
dayandırır, onu uzaq qalalardan birinə sürgünə
göndərir, kraliçanı əfv edirdi.
Rejissorun
replikasından sonra Rüstəm özündən
asılı olmayaraq Kralın sözlərini dedi:
- Sən
mənim sevgimə layiq olmadın,
Təmiz
hisslərimlə elə oynadın!
Sevgidən
danışma, o yaddır sənə,
Daha
inanmıram məhəbbətinə!
-
Əzizim, sözlərin ölümdən betər,
Daha tabım yoxdur, bu qədər yetər.
- Bu
yerdə Kraliça səhnədəki Alfonsonun
qılıncını sıyırıb intihar etmək istəyir,
Kral cəld atılıb qılıncı Kraliçanın əlindən
alır, - deyən, rejissor üzünü Rüstəmə
tutdu: - Qılıncı kraliçanın əlindən
alırsan, davam elə, davam elə!..
- Ey mənim
yaşamaq səbəbim, qadın,
Düzdür,
hisslərimdə sən də oynadın,
Bircə
sənin eşqin güc verib mənə
Səni
əfv edirəm eşqim naminə!
...Alqış
sədaları səngimirdi. Doğrudur, Rüstəm
həyatının ən möhtəşəm ifasını
etmişdi, amma mizanların əksəriyyəti, vurğular
uzun illər bu səhnədə yaratdığı
Uzunqulağın təsirindən çıxmırdı.
Onun yaratdığı Kral elə Uzunqulaq idi,
meşənin tülküsündən, çaqqalından
tutmuş, şirinə, filinə qədər bütün
heyvanların gülüb ələ saldığı Uzunqulaq
- sadəlövh Uzunqulaq.
Nazir Rüstəmin ifasını yüksək qiymətləndirdi,
belə bir aktyorun bu vaxta qədər fəxri ad
almamasını teatr rəhbərliyinə irad tutdu.
O
axşam Dilbər Rüstəmin Alfososuna baxmağa gəlməmişdi,
o axşam İlqar dostlarıyla kafedə oturub, futbola
baxmağa hazırlaşırdı, amma İlqar
atasını, Dilbərsə ərini ekranda
böyük-böyük adamların əhatəsində,
özü də Kral paltarında görəndə, qadın
ürəyində:
- Eh,
gör neçə ildir bu yazıq eşşək səhnəyə
gah dilənçi görkəmində, gah dərviş, gah da
tacir sifətində çıxır, bu gün də
böyük adamlar zalda olduğu üçün eşşəyə
kral paltarı geyindiriblər, - fikirləşdi.
İlqarsa
pıçıltı ilə:
-
Axır ki, meşə əhli özünə
ağıllı kral seçdi! - dedi.
2019
Əyyub
QİYAS (Qi Or El)
Ədəbiyyat qəzeti.- 2021.- 31
iyul.- S.26.