Şuşam

 

Şuşam, sənə qonaq gəlim,

Arzum gözümdə qalmasın!

Həsrət gözlərim yol çəkir,

Bəs nisgilim azalmasın?

 

Gülünü şehli dərərəm,

Sinəmin üstə sərərəm,

Səhər tezdən su çilərəm,

Yollarında "toz olmasın"!

 

Qarabağ tarlı-qavallı,

Gözəlləri tirmə şallı,

Şikəstəli, cah-calallı,

Coşan səsin, sozalmasın!

 

Molla Pənah, sədan gəlsin,

Xanqızı, öz anam gəlsin,

Üzeyir, Seyid, Xan gəlsin:

"Aralıqda söz olmasın"!

 

Zərəngiz heyran halına,

Gül səpilib sağ-soluna,

Şeir qoşdum camalına,

Sevənlərin az olmasın!

 

Qələbə köynəyi

 

Şəhidlərimizin xatirəsinə

 

Bu ucalan bayrağım,

Qəlbimə qürur mənim!

Ana Vətən eşqiylə,

Ürəyim vurur mənim!

 

Mavi mənim göyümdür,

Al qanım hər şeyimdir,

Yaşıl-cənnət torpağım,

Sabah orda toyumdur!

 

Vətən andı işməyim,

Varlığımdan keçməyim,

Şəhid yolu seçməyim,

Müqəddəs diləyimdir!

 

Yola çıxdım, uğura!

Qəhrəmanlar doğula!

Qələbəyə çağıran,

Əslim, köküm, soyumdur!

 

Dalğalan, uca bayraq!

Min yaşa, ana torpaq!

Səni qanla suvarmaq,

Canımdan keçməyimdi!

 

Vətən dedim, ünlədim!

Zərəngizi dinlədim!

Sabaha qalan ömrüm,

Qələbə köynəyimdi!

Qələbə köynəyimdi!

 

Yazılsın bu gün

 

Şuşaya, Laçına xəbər göndərin!

Füzuli alındı, gəlirik deyin!

Darda qalanlarım gözləsin məni,

Sizin halınızı bilirik deyin!

 

Rəhbərim and içdi Vətən adına!

Əsgərim and içdi torpaq adına!

Nigaran ruhlarım, nigaran yurdlar,

Sizlər güc verin qol-qanadıma!

 

İgid əsgərinəm, candan keçərəm!

Vətənim gözləyir, vardı xəbərim!

Qalibəm, mən bu gün, əziz anacan!

Duaların olub, mənim sipərim!

 

Qarabağımı da azad edəcəm!

Kəlbəcərimə rahat gedəcəm!

Atıldım mən hərbə, gülür gözlərim!

Bil ki, yaxındadır mənim zəfərim!

 

Vətənə canımı əsirgəmərəm,

Gözəl yurdlarıma bir salam verəm!

Qubadlı da məndən imdad istəyir!

Cəbrayıl: "Gəl, məni azad et!" - deyir!

 

Xocam Xocalı da ayaq üstədir!

Xocavənd hazır, kəmərbəstədir!

Əsir yurdlarım da nəfəs dərməyir,

Hər an: "Gəl, bizləri azad et!" - deyir.

 

Mən türk oğlu türkəm, vardır hünərim!

İlham, Ərdoğanım gücüm, kəsərim!

Keçərəm, bil, bütün keçilməzləri!

Yazılsın bu gündən hünər dəftərim!

 

Şəhid Məhəmmədə

 

Şəhid anası Yaqut xanıma təsəlli

 

Ömrümü verdim mən qurban, sadağa!

Ana, yollarımı gözləmə daha!

Canım sipər oldu Ana torpağa!

Ana, yollarımı gözləmə daha!

 

Sən ey həzin külək, bir salam apar,

Həsrət qalan yarım saçın yolmasın!

Bizim məhəllədə sevgilim yaşar!

De ki, qara gözü yaşla dolmasın!

Həsrət qalan yarım saçın yolmasın!

 

Yurdum yad əllərdə, ruhum nigaran,

Bir gün Şuşamı alarıq geri!

Ana, sən fəxr elə, bu şəhid balan!

Vətən keşikçisi, Vətən sipəri!

Bir gün Şuşamı alarıq geri!

 

Sən Vətənə oğul böyütdün, ana!

Mən şəhid oldum ki, gülsün Vətənim!

Yenidən qayıdıb, gəlsəm cahana,

Yenə şəhidlikdi qismətim mənim!

Mən şəhid oldum ki, gülsün Vətənim!

 

Ağlama arxamca, dözmərəm ana!

Qələbə günündə dönüb, gələcəm!

Ey, sevgili Vətən, borcluyam sana,

Göydən mələk kimi enib gələcəm!

Qələbə günündə dönüb gələcəm!

 

Necə bir fırtına gəldi cahana?

Sanki göy titrədi, yerlər dindi!

Oğul Məhəmmədi böyütdün, ana!

Şəhid Məhəmmədi qarşıla indi!

Sanki göy titrədi, yerlər dindi!

 

Zərəngiz Dəmirçi QAYALI

 

Ədəbiyyat qəzeti.- 2021.- 31 iyul.- S.27.