Adsız şeir

 

Getməyi düşünürəm bu aralar,

hər kəsdən...

səndən də,

özümdən də...

Mən sürgün olunmuşlardanam,

məni gözləmə!

Çıxmazların adamıyam mən!

Sonuncu pillədən yerə çırpılan,

düşüşlərin adamı...

Hər düşəndə aldatdığım

özümdən utanıram daha...

Gözümü sonuncu ümidin

qapısından çəkib səni

yola salıram öz "Vətəninə"!

Yoox, əl sallamıram ardınca,

ürəyimə dammışdı axı,

gələnin bir gün gedəcəyinə...

Mən çox kiçikdim "Vətən" olmağa,

gedim küçələrini süpürüm

"Aida" şəhərinin...

Səndən sonra

dağılmış, xaraba küçələrini...

 

Atomların parçalanması

 

Sən də xatırlama bu dəli qızı,

unut, unut, unut, - deyə hayqır

könlünün tor basmış

künc-bucağına!

Diksinsin səsinə alatoranlıq,

yağışlar altında sahibsiz itlər,

qaranlıq küçədə səfil dilənçi...

Hörümçəklər qaçsın

tozlu torundan

cücülər sevinsin azadlığına...

 

Siz , eşidirsiz, heeyyy, sizinləyəm?!

Yaxın tanışlarım, Şair dostlarım!

Sizlər unudun,

heç böyüməyən

körpə uşaq qalmış bu kənd qızını...

Ağarmış saçını qara boyayıb

özünü gizləyir təbəssümündə,

varmı ürəklisi, çəkə nazını?!

 

Sən eşidirsən, fırlanan Dünya?!

Üstümdən keçəndə bir ayaq saxla!

Qarışqa deyiləm kiçik görəsən,

ya da düzənlikdə vəhşi gərgədan...

Tikdiyim sarayda, saldığım bağda,

mənim pəncərəmdən özünə boylan,

hələ həyətə düş, gülləri qoxla!

Mənəm insanlığın yaradıcısı,

gələn nəsillərin Ulu Anası!..

 

Unut, unut məni Anamın bətni!

Başımı qoyduğum Ana dizləri!

Bağışlasın məni şeytanlaşanda,

"siçan" dişlərimin çıxan vaxtında

sıxıb dişlədiyim Ana döşləri!

Unutsun sandığın lap alt dibində

gizlincə qoyduğum,

körpələrimçin,

özüm toxuduğum,

heç geyilməyən,

"naftalində" qalmış yun geyimləri!..

 

 

Adı dadı olmayan şeir

 

Ölməyə var ki, gözünü yum, get...

Burax dünyanı da, qayğıları da.

Gələrlər, gedərlər, yolu ot basar,

bir gün tərgidərlər darıxmağı da...

 

Sonrasın düşünmə geyimlərinin,

verərlər yoxsulun biri geyinsin.

Ya suya atarlar, ya basdırarlar,

insan qoxusuna torpaq sevinsin!

 

Bir gün dəyişərlər yataq yerini,

yığarlar paketə qalan varsa.

Atarlar çardağın tozlu küncünə,

ya da daş qəlblisi vurub yandırsa...

 

Bir göz qırpımında yaşandı, bitdi,

seyr etdin illərə sığışmağını...

İndi anladınmı doğulanların

dünyaya gələndə ağlamağını?!

 

Torpağın üstündə daşdan baş daşı,

torpağın altında bir qucaq sümük!

Bir neçə xatirə...yadlara düşsə,

bir arxivlərə atılmış kimlik...

 

 

Zamanla sovrulanlar

 

zamanı dayandırmaq istəyirəm,

əqrəbi geri çevirmək,

irəli çəkmək...

Gəmi kayutuna bənzəyən,

kiçik pəncərəli

yarım qaranlıq otaqdan görünən

yamyaşıl ağacların,

tikilən hündür mərtəbəli binaların

            fonunda qarışqa kimi işləyən,

torpağın ciyərini söküb çıxaran fəhlələrin

texnikanın hay - həşirində

yeni bir baharın səsi duyulur quşların civiltisində.

olsun ki,

kükrəmiş dənizin üstündə uçan bir cüt

 qağayının hıçqırığına uğunub gedir dalğalar?!

Dəniz məhv etməyə,

qağayı isə yazda bala çıxarmağa öyrəşib...

Hüzur haradadır desəm,

hüzur hardaymış desən,

bir itin başını sığallayıb ona yemək verməyin,

ölməkdə olan ac pişiyə

bir tikə çörək atmağın həzzindəymiş, bil!

Zamanında çox şeyləri sevdim,

indi isə zamanı sevirəm!

Hər şeyi unutdurur deyə!..

 

Aida  ADIGÖZƏL

 

Ədəbiyyat qəzeti.- 2021.- 31 iyul.- S.27.