“Həsənağaxatun”
Bu ballada
1646-49-cu illərdə o vaxtlar
Osmanlı imperiyasının
tərkibində olan Bosniya əyalətinin İmotski regionunda (hazırda Xorvatiyanın ərazisidir) yaranıb. Uzun illər
şifahi şəkildə
yayılıb. Birinci dəfə
1770-ci ildə italyan səyyahı abbat Alberto
Fortis tərəfindən yazıya
alınıb və abbatın tərcüməsində
1774-cü ildə italyanca
çap olunub. "Həsənağaxatun" balladası Bosniya, Xorvatiya və Serbiya şifahi xalq ədəbiyyatının
incilərindəndir. 40-dan çox dilə tərcümə olunmuş
balladanın tərcüməçiləri
arasında Höte (almancaya), Valter Skott (ingiliscəyə),
Prosper Merime, Adam Mitskeviç
(hər ikisi fransızcaya), Puşkin (ruscaya; natamam) və Anna Axmatova (ruscaya) var.
O nədir ki, ağarır yaşıl vahə içində?
Bəlkə qar yağıb ora, ya durna
dəstəsidir?
Əgər qar yağsa idi, o çoxdan əriyərdi.
Durna dəstəsi isə çoxdan uçub gedərdi.
Yox, nə qar yağıb ora, nə durna
dəstəsidir,
Həsən ağanın bəyaz çadırıdır ağaran.
Yaralı Həsən
ağa yatır indi çadırda,
Anasıyla bacısı
onun yanına gəlib,
Sevimli arvadısa utanıb görünməyə.
Ağanın yaraları
közərib bitişəndə
Məktub yazıb
göndərdi sevimli arvadına:
"Bəyaz evimdə məni gözləmək lazım
deyil,
Artıq yerin də yoxdur, çıx get mənim evimdən".
Arvadı bu xəbəri eşidəndən
bu yana
Qara, pis fikirləri qova bilmir başından.
Evin yaxınlığından
at səsi eşidildi,
Qadın qaçaraq
çıxdı evinin
qülləsinə,
Pəncərədən boylanıb gələn adama baxdı.
Onun dalınca isə iki qızı yüyürdü.
"Eşit, əziz anamız, atamız deyil gələn,
Gələn sənin qardaşın Pintoroviç dayıdır".
Qadın yenə
qaçaraq düşüb
aşağı gəldi
Möhkəmcə qardaşını
qucaqlayıb ağladı:
"Eşit
məni qardaşım,
nədir başıma
gələn?
Məni beş uşağımdan ayırmaq
istəyirlər!".
Bəy təmkinlə
dayandı, bircə söz də demədi,
Sonra əlini salıb cibində eşələndi
Ayrılıq kağızını bacısına
uzatdı.
Orda yazılmışdı
ki, yığışdırsın
nəyi var
Yubanmadan qayıtsın anasının
yanına.
Qadın həmin məktubu oxuyub tamamladı.
Alınlarından öpdü
iki böyük oğlunun,
İki qızının
isə çəhrayı
yanağından,
Amma bələkdə
olan ən balaca oğlundan
Ayrılmaq həddən artıq çətin idi onunçün.
Bəy kəskin
hərəkətlə qolundan
tutub dartdı
Ayırdı bacısını körpəcə
balasından.
Onu yəhər üstündə yanına
otuzdurub
Çaparaq uzaqlaşdı bəyaz qəsr səmtinə.
Qadın ata evində çox yaşaya bilmədi,
Cəmisi bircə həftə sakit otura bildi.
Yaxşı nəsildən
idi, gözəl-göyçək
qadındı,
Belə qadınlar üçün
elçilər tez tapılır.
Tezliklə yerli qazi qadına
elçi düşdü.
Qadın çox
darıxırdı, qardaşına
yalvardı:
"Əziz qardaş, bacına yazığın gəlsin
barı,
Təzədən ərə getmək mənim nəyimə lazım?
Onsuz ayrı düşmüşəm beş körpə uşağımdan,
Bu gedişlə
ürəyim qüssədən
partlayacaq".
Bəy isə təmkinlidir, fikri qətidir onun,
Xoş üzlə qəbul edir qazi elçilərini.
Qadın yanına
gəlir yenə bəy qardaşının,
Xahiş edir qaziyə məktub göndərməyini,
Gəlinin istəyini
ona çatdırmasını:
"Gəlin qucaq dolusu təbrik
göndərir sənə,
Bircə yerinə
yetir sən onun xahişini:
Elçilərlə gəlini
aparmağa gələndə
Ona hədiyyə gətir uzun bir kəlağayı,
Gəlin üzünü
örtsün, gözlərini
bağlasın,
Görməsin üzlərini yazıq uşaqlarının".
Qazi məktubu aldı, elçiləri topladı,
Hazırlaşıb gəldilər gəlini aparmağa.
Qız evi elçiləri xoş üzlə qarşıladı,
Gəlini də götürüb bəy evinə getdilər.
Həsən ağa evinin qabağından keçəndə
Pəncərədən boylandı qadının uşaqları.
Qadının iki böyük oğlu küçəyə çıxdı
Anaya təzim
edib onu salamladılar.
"Bizim əziz anamız, gəl bizimlə içəri,
İndi nahar vaxtıdır, gəl bizimlə çörək ye".
Qadın oğlanlarını
görəndə qüssələndi
Müraciət elədi
dəstədəki qocaya:
"Elçilərin
böyüyü, Tanrının
xatirinə
Evin yanında duraq, mən öz yetimlərimə
Hədiyyə bağışlayım, onları
sevindirim".
Atlar Həsən ağanın qapısında
dayandı,
Qadın uşaqlarına
hədiyyə bağışladı:
İki böyük
oğluna qızıl
dəstəkli xəncər,
İki böyük
qızına bahalı
mahud parça,
Hələ bələkdə
olan körpə oğluna isə
Üstünə çəkmək üçün
kiçik uşaq adyalı.
Həsən ağa uzaqdan uşaqları səslədi:
"Balaca yetimlərim, gəlin, qayıdın evə,
Ananızın sizlərə
yazığı gəlmir
qəti,
Onun ürəyi yoxdur, yerində daş asılıb".
Ağanın sözlərini
qadın eşidən
kimi
Düşdü sinəsi
üstə torpağa
sərələndi
Yetimlərinə görə
çəkdiyi qüssə-qəmdən
Ruhu çıxdı bədəndən,
ürəyi parçalandı.
Tərcümə edən:
Həmid PİRİYEV
Ədəbiyyat qəzeti.-
2021.- 31 iyul.- S.31.