XX əsrin
klassikası: Uruqvay şeiri
Xuana de
İbarburu
XX əsr ispandilli Amerika
poeziyasının ən görkəmli nümayəndələrindən
biri də Uruqvay şairi Xuana de İbarburudur. O, dörd dəfə
ədəbiyyat üzrə Nobel mükafatına namizəd
göstərilib. Ölkəsinin ən nüfuzlu ədəbiyyat
mükafatına layiq görülən ilk şairdir. Xuana de Amerika
kimi də tanınır. "Küləklərin
qızılgülü", "Brilyant dillər", "Zərər"
və s. şeirlər kitabının müəllifidir.
Şeirləri rus, ingilis, fransız və alman dillərinə
tərcümə olunub. Xuana de İbarburunun şeirləri Azərbaycan
oxucuları üçün ilk dəfə tərcümə
olunur.
Ölümsüzlük
Əzizim, mən öləndə
məni qəbiristanlıqda
Dəfn eyləmə...
Torpağın bir az altında dəfn
eylə,
Quşların səsini eşidə
bilim,
Axar çayın söhbətini
duya bilim...
Çox da dərin olmayan,
Torpağın lap üzündə,
Günəşin istisi
düşsün,
Gözlərimə gizlicə...
Baxışlarım - gün
batımını
İzləyə bilsin beləcə...
Məni dayaz dəfn edin,
Cəsədim üsyan edəcək,
O biri dünyaya -
Qaranlığa və soyuğa
Asan olacaq keçidim...
Orada əllərim sinəmin
üstdə,
Dinclik tapacaq,
qayğılardan uzaq.
Mənə məlhəm olacaq,
Üstümə atılan torpaq...
Çiçək əkin, gül
əkin üstümdə,
Qoy kökləri üzümdəki
kədərdən
Boy atsın göyə.
Sənə baxacam həmişə
Çiçək açan
güllərin gözüylə...
Görüş
Çobanyastığı ətri...
Çobanyastığı,
qızılı-ağ - kənd qadınları
Saxlayırlar onu bir dərman kimi...
Və hər yerdə -
dağların yamaclarında,
nəmli ovalıqlarda, şirəli
və yaşıl,
tarlalar arasında dolanan yollarda
və köhnə fermer təsərrüfatlarının
yanında - burada və orada -
çobanyastığı günəşdə
isinir,
ədviyyatlı qoxusunu içimə
çəkirəm.
Mənə tanış olan yolda
ağacların kölgəsində
gəzirəm,
və çobanyastığı
qoxusu məni qarşılayır
qoca, sadiq bir it kimi tələsir
üstümə...
Çay içirəm,
Şəfalı və sərt olsa
da,
Bir az boğazımı yandırsa
da,
Təmiz və təravətli bir
qurtumla
Yenidən dünyaya gəlirəm...
Yenidən üzümü
çiçəklərə qərq edirəm
qonaqpərvər və məsum
olan qoxuları ilə,
ləçəkləri ağ
diş kimi,
qızıl tacın
naxışları kimi...
Çölün nəfəsini
küləklər gətirir evə,
Hər yanı əsir alır
çobanyastığı ətri.
Qəlbimdə çiçək
açır, üzümdə günəş,
Məni xoşbəxt eyləyir bu
görüşün sevinci...
Ümid
Ey kətan! Daha çox
xatırlanan,
Yatağımın şirin yuxu
qaynağı.
Sevgilim qayıdacaq tezliklə,
Qayıdacaq yaxın edib
uzağı...
Ey qızılgül! Qönçə
oldun bir anda,
Naxış kimi düzüldü
ləçəklərin.
Bütün rənglərini,
bütün ətrini,
Sevgilim özüylə gətirəcək
yenə də...
Bağımda hər yerə lalələr
əkib,
Yolları unuda bilsin bu dəfə.
Ey ehtirasla onu özünə
bağla,
Ey zəriflik, onu sadiq eylə bu evə...
Tərcümə:
Tural CƏFƏRLİ
Ədəbiyyat
qəzeti.- 2021.- 31 iyul.- S.32.