QIRX BEŞİNCİ GÜN
Böyük zəfərə aparan
44 günlük Vətən müharibəsi qəhrəmanlarına
Hekayə
Hava da, torpaq da barıt qoxurdu. Allahın bir quşu,
bir böcəyi gözə dəymirdi. Yəqin
ki, atılan saysız-hesabsız topların gurultusundan, yeri lərzəyə
gətirən ağır hərbi texnikaların uğultusundan
diksinən quşlar göyün yeddinci qatına, böcəklər
yerin tərkinə sığınıb müharibənin nə
vaxt bitəcəyini gözləyirlər.
Partlamış mərmilərin çalaları
yetişib açılmış nəhəng çiban yerini
andırırdı. Yanmış düşmən tanklarının, top və
maşınlarının qalıqları, nəhayət,
torpağın əsl sahibləri qayıtdığından
qorxub, canlarını götürüb qaçarkən
atdıqları silah-sursatlar yollar boyu, dərə uzunu səpələnmişdi...
Qırx dörd gün sevgilisi kimi gecə-gündüz
ayrılmadığı silahının qundağını
torpağa söykədi, sağ ayağındakı
ağrını bir anlığa unutmaq üçün
avtomatın lüləsindən bərk-bərk
yapışıb yaralı ayağını havadan salladı. Azca toxtadı
sızıltısı.
Təpədə dayanıb üzü kəndə
baxdı. Daha doğrusu, uşaqlıqdan yaddaşında
qalmış abad kəndlərinin indiki miskin
xarabalığına. Baxmaq belə dəhşət idi!
Müharibə
- haqq savaşı başlayandan, iyirmi səkkiz ildə viranəyə
çevirilmiş kəndlərin, şəhərlərin
xarabalıqlarını görəndən sonra əmin
olmuşdu ki, savaşanda barışmaqçün üz
saxlamayan ermənilər, sadəcə, düşmən yox,
ayaq basdıqları yerləri viranəyə döndərən,
gözəlliyi, abadlığı sevməyə qadir olmayan
yırtıcıymışlar!
Kol-kosun içindən ara-sıra görünən kərpic,
daş qalaqları, bir zamanlar tankın qabağına
qatılıb dədə-baba yurdundan qovulan əliyalın,
köməksiz insanların göyə açılan əllərinə
bənzər qaralmış daş sütunlar gözə dəyməsəydi,
nə vaxtsa burada haylı-küylü, barlı-bağatlı
kəndin olduğunu təsəvvürə gətirmək
mümkünsüz idi. Dağılmış hasarların
oyuqlarını mamır gəmirən, daş-kəsəyi
hisə boyanmış, uçuq, qapı-pəncərə
yerindən gicitkan kolları boy verən damsız evlər
cadar-cadar olmuş torpağın bozluğunda ilan mələşən
məzarlığı xatırladırdı.
Yaxınlaşmağa ürək eləmədi. Gözlərini qıyıb
xəyalən kəndin boş küçələrində
"gəzdi", həndəvərində quzu
otardığı yarpızlı bulağa "endi",
kölgəsində ənzəli oynadıqları, indi
qol-budağı yanıb kösövə dönmüş xan
çinarın "başına dolandı", limonadla
şirin qoğal aldığı Məzinin aynabəndli
çayxanasının çürümüş taxta
döşəməsini "adlayıb keçdi", birinciyə
getdiyi ibtidai məktəbin salamat qalmış giriş dirəyinin
tayını "gördü"...
Evlərini axtardı, ha axtardı... tapa bilmədi. Sanki kotan
salıb şumlamışdılar, binəsindən də əsər-əlamət
qalmamışdı evin.
Gözləri doldu. Müharibə başlayandan bu qədər qan-qada
gördüyü anlarda, gecə-gündüz
şıdırğı yağış kimi yağan güllələr,
durmadan ətrafa yayılan mərmi qəlpələri öz əcəlindən
xəbərsiz insanları hədəf seçəndə belə
qorxunun nə olduğunu ağlına gətirmədən, qələbə
əzmiylə başladıqları müqəddəs
savaşda döyüş yoldaşlarını itirdiyi zaman
"düşmən görər, kövrəlmək
olmaz!" düşüncəsiylə nifrətin boğazında
qurutduğu qəhəri, gözlərini göynədən
yaşı daha saxlaya bilmədi. Bütün itkilərini -
qarış-qarış, arşın-arşın azad etdikləri
vacib yüksəkliklərdə, ev-ev, küçə-küçə
boşaltdıqları kəndlərdə həlak olan
döyüş yoldaşlarını, dizinin üstündə
can verən komandirini kəndinə baxa-baxa xatırlayıb
kövrəldi.
"Hər şey bitdi. Daha ağlamaq yox!"
Ovucunun içi tərləmişdi. Avtomatını
yerdən aralayıb çiyninə atanda ixtiyarsız
yaralı ayağını torpağa basdı. Sümükləri gizildədi. Ufuldamaq
istəsə də, dişini dişinə sıxıb durdu.
"Ağrı azalıb, dözməliyəm", -
özünə toxtaqlıq verib qəbiristanlığa
sarı addımladı.
Bütün
varlığıyla qatlaşdığı
ağrı-acısına son vermək, diz
çökdürdükləri amansız düşmənin məğlubiyyətini,
yüzlərlə şəhidin müqəddəs qanıyla
qazanılmış böyük qələbənin sevincini
doğmalarına çatdırmaqla, iyirmi səkkiz il çiynində daşıdığı
ağır yükü bu qəbiristanlıqda həmişəlik
dəfn etməyə gəlmişdi.
Qəbiristanlıq, uzaqda yeri bilinən kənddən də
betər idi; sinə daşlarından çoxunu tank
tırtılları ağzına alıb
üyütmüş, mərmi, güllə qopartmış
başdaşlarından tək-tük salamat qalanı da
halsız qocalar kimi belini yerə söykəmişdi.
Babasının qəbrini güclə tapdı. Sinə
daşı salamat qalsa da, başdaşında "Təvəkkül
oğ..."dan özgə yazı qalmamışdı.
Gözlərini yumub yumşaq noyabr havasını ciyərinə
çəkdi - əmioğlusu Mədətlə
babasının nimdaş sırıqlısının döş
cibindən əkişdirib oğrun-oğrun
sümürdüyü ilk və son papiros kimi...
- Gəldim,
baba, gəldim, ata... - deyə bildi. Silahını yerə qoyub
diziüstə çökdü, yağış döyəcləməkdən
ovulmuş, iyirmi səkkiz il əvvəl
atasının edam kötüyü olmuş boz sinə
daşına zərrəbinlə baxırmış kimi
baxdı, heç bir nişanə qalmamışdı o
gündən - yaddaşındakı acı xatirələrdən
özgə.
"O
gün, alatoranda kəndin bütün qapıları zərblə
çırpıldı. Avtomatlardan
açılan güllələrin səsi tank
tırtıllarının eybəcər uğultusuna
qarışdı. Nə baş verdiyindən
xəbərsiz yarıyuxulu camaat çaşqınlıq və
qorxu içində küçəyə çıxdı.
Əsgərdən çox, yırtıcıya
bənzəyən sərxoş ermənilər
bağıra-bağıra hamını kolxoz həyətinə
yığılmağı əmr etdilər. Gözləri qan çanağına
dönmüş erməni quldurları avtomatlardan havaya
güllə atır, elə hey "bu torpaqlar bizimdi, öz
xoşunuzla çıxın, yoxsa hamınızı cəhənnəmə
göndərəcəyik!" deyirdilər. Etiraz edən camaatın başı üstünə
güllə yağdırdılar, əmimlə kənd soveti
Rza müəllimi tankın dalına qoşub kənd içi
sürüdülər. Eybəcər hala
düşmüş cəsədlərinə yaxın gedəni
başından avtomatın qundağıyla vururdular, baba.
Hamı keyləşmişdi. Atam dözə bilmədi. Bilirəm,
sən də dözməzdin, baba. O, göz
qırpımında evə cumdu, handan-hana sənin
beşatılanınla çıxıb yaraqlıların
başçısının qarnını gülləylə
doldurdu. Elə bu an, tankın lüləsini at kimi minən erməni,
atamın ayaqlarını nişan almağıyla onun yerə sərilməyi
bir oldu. Amma heç ufuldamadı da. Donub qalmışdıq. Nə edəcəyimizi
bilmirdik. Atamın ayaqlarından qan
fışqırırdı. Anamla
yardım üçün ona yaxınlaşanda iki quldur bizi
tutub saxladı, başqa ikisi - daha heybətliləri -
atamın çiynindən yapışıb qəbiristanlığa
sarı sürüməyə başladı. Atamı qan aparır, sərxoş ermənilər həyasız-həyasız
gülüşür, camaatın ah-naləsi ərşə
qalxırdı. Bu, dəhşət idi, baba!.. Seyfəli dayının oğlunu bel
dalınca göndərdilər, sonra da sənin, bax, sol tərəfində
dərin çala qazdırdılar... Eşidirsən, baba?.. Anamla məni diz
çökdürdülər. Uşaq
idim, nə baş verəcəyini anlamırdım. Mən
ağlayır, anam and-aman eləyir, yalvarırdı... Atam isə "arvad-uşağa gücünüzü
göstərməyin, alçaqlar!" deyib, yaraqlılardan
birinin üzünə tüpürdü. O, əvəzində
bağırıb erməniycə söyə-söyə
avtomatının qundağını var gücü ilə
atamın çiyninə endirdi. Baba, həmən an ruhun oralardaydısa, oğlunun məğrur
duruşunu görməmiş olmazdın. Elə
bil onun bədəni poladdan tökülmüşdü,
ağrı hiss etmirdi. Düşmənə nifrət
dolu o baxışlar hələ də gözümün
önündən çəkilməyib... Yırtıcı
xislətli düşmən isə amansız olur. Xain və
amansız... Hələ də ayaqlarından qan
axan atamı sənin sinə daşına uzatdılar. Xeyli qan itirən atamın əhvalı dəyişir,
rəngi ağarırdı. Anam nəsə
duymuşdu. Məni qucaqlayıb "qurbanın olum,
oğlum, baxma!" dedi. Qırmızı
gözlü şişman erməni isə bundan həzz
alırmış kimi ikimizin də saçından tutub
baxmağı tələb etdi. Elə bu an
quduz sifətli, qırmızısaqqal erməni irəli gəldi,
belindəki xəncəri sıyırdı, gözümə
baxdı, qəzəblə irişə-irişə atamın
boğazını toyuq
başı kimi üzüb o çalaya tulladı, baba... Sonralar, mən özümə gələndə,
bildim ki, qorxmuş, iki saat ərzində kənddən qovulan
camaat atamın cəsədini dəfn etməyə macal
tapmayıbmış. Mənə, "bu
qisası sən alacaqsan!" deyə-deyə havalandı anam.
Və öldü. Bu günü görmədən
öldü, baba... İndi, gəlmişəm, sənə
gözaydınlığı verməyə gəlmişəm.
Biz düşməni qovduq, məhv etdik, artıq
torpağımız azaddı, baba! Gözlərin
aydın. Gözlərimiz aydın! Nigaran
qalma, biz tezliklə yurdumuza dönürük. Eşidirsən? Qayıdırıq!".
Əlbəttə, inanırdı ki, babasının ruhu
diridi, bax, bu qırılmış, ovulmuş
başdaşının yanındaca durub təmkinlə onu dinləyir. Hətta saçında
barmaqlarının tumarını da hiss edirdi... Xeyli
rahatlandı. Yarası da
sızıldamırdı elə bil. Dərindən
ah çəkib sinə daşına sarı əyildi.
Qucaqladı babasını...
***
...Üfüqdə
batan Günəş göy üzünü
qırmızıya bələyirdi. Axşamın
sərini çökürdü torpağa. Səngər, barıt qoxulu paltarı gözləri
kimi nəmlənmişdi. Birdən, qəribə,
qeyri-adi səslər doldu qulağına. Bu,
nə qırx dörd gündə yan-yörəsində
partlayan mərmilərin, nə də aramsız açılan
güllələrin səsiydi. Başını
qaldırıb ətrafı dinşədi. Səmtini ayırd edə bilmədiyi səslər
getdikcə yaxınlaşırdı. Əvvəlcə,
lap uşaqlığındakı kimi babasının sinəsinə
qısılıb uyuduğunu, yuxu gördüyünü zənn
etdi. Gözlərini yumub-açdı.
Qəbiristanlıq boyu, tanıdığı,
tanımadığı onlarca insan qollarını açaraq
qalib ordunun yaralı əsgərini qucaqlamaq üçün
ona sarı gəlirdi, deyəsən. Gördüklərinin
ilğımmı, gerçəkmi olduğunu
aydınlaşdırmaq üçün bütün
ağrı-acısını unudub ayağa durdu, ixtiyarsız
olaraq qollarını gələnlərə sarı
açdı. Deyəsən, babası, atası, anası
da onların arasındaydı...
Axşamın
ayazında bir dəstə quş qanad çalıb
başı üstündə dövrə vururdu...
Qalib əsgər xoşbəxt idi.
Yaşar BÜNYAD
Ədəbiyyat qəzeti.- 2021.- 17 iyul.- S.21.