LOLİTA

 

"Vəziyyət ruscadır"

 

Deyir - Lolita alma piroqunu yeyəndə meyvənin şirəsini üz-gözünə bulaşdırırmış, Humbert də bu mənzərədən vəcdə gəlirmiş. Lolita tennis oynayıb yorulandan sonra sütül bədəninin qoxusu ilə havalandırırmış qurbanını. Əslində, Nabokovun qəhrəmanlarına bu yöndən baxmaq mübahisəlidir. Ümumiyyətlə, mövzu uşaqlardırsa, hadisədə, bədii əsərdə, yaxud real həyatda balaca, kimsəsiz, günahsız bir qız varsa, beyin çox mətləbləri dərk etməkdə acizləşir. Körpələrin saf dünyasını kirləndirən hər şeyə qənim kəsilməlidi dünya... İlahi ədalət, yaxud qanunlar hər zaman, qeydsiz-şərtsiz uşaqların tərəfində olmalıdı. Onların gülməsi, sevinməsi, xoşbəxtliyindən ötrü zaman, zəmanə, böyüklər, ən balaca qəsəbədən, ən böyük, inkişaf etmiş ölkə hökumətlərinə kimi hər kəs, hamı çalışmalıdı. Bunlar dünya durduqca deyilən, anladılan, tədris və tərbiyə olunan məsələlərdir. Və təəssüf ki, zaman hələ də uşaqların qayğısız, qorxusuz, rahat yaşaya biləcəyi məqama gəlib çatmayıb. Müharibə, terror, mənşəyi bilinməyən xəstəlik və vahiməli proqnozlar ən çox balacalara görə hürküdür. Üstəlik, dünyanın özü qədər qədim və müalicəsiz sapıntıları... Bəli, bu sadəcə ayrı-ayrı manyakal düşüncəli insanların bəlası deyil, ümumbəşəri problemdi. Mənşəyi bilinmir, tapılan səbəblər də nəticəyə-həllə xidmət etmir. Sadəcə, faktla üz-üzə qalırıq; uşaqların hüquqlarını müdafiə edən yüzlərlə, minlərlə qanunların, konvensiyaların, nə bilim daha hansı sənədlərin var olduğu bir zamanda, körpə ölümlərini, azyaşlıların müxtəlif üsullarla istismarını lənətləyən sosial layihələr bolluğunda hardasa, hansısa gözdən uzaq məhəllədə qandonduran cinayətlər törədilir. Ölüm hökmündən ömürlük məhkumluğa kimi hamısı yoxlanıb, yenə heç nə dəyişmir, kökü kəsilmir bu amansızlıqların. Nabokovun "Lolita" romanını məhz bu mübarizənin tərkibi kimi qəbul etməyə, anlamağa çalışıram. Axı sənət şərə xidmət edə bilməz və hüdudsuz istedad sahibi, dünya şöhrətli yazıçı da hansısa başqa səbəbdən bir uşaqbaz haqda  roman yazmazdı. Əlbəttə, əsərin qəhrəmanı Humbertə, azyaşlılara meyil salan 37 yaşlı manyaka yazıçının nə sevgisini, nə də nifrətini duymaq mümkündür. Sadəcə, hansısa simvolların və işarələrin vasitəsilə bu insanın nə qədər aşağı, alçaq olduğu göstərilir... Zaman keçdikcə əsərin yozumunda ortaya çıxan bütün böyük ideyalara və müəllifin niyyətinin faydalı olmasını göstərən dərin mətləblərə baxmayaraq, Nabokov özü də mətni aşkara çıxarmaqda tərəddüd edirmiş. Hətta bir dəfə əlyazmalarını yandırmaq istəyəndə həyat yoldaşı zorla xilas edir əsəri. Bəlkə elə bu səbəbdən romanı xanımına, Veraya ithaf edib... Elə bu ithafın özü də oxucunu çaşdırır... Axı ilk baxışda amansız, hətta murdar mövzu təsiri bağışlayan əsər sevimli xanıma niyə həsr olunsun ki?! Həm də Nabokov deyirdi ki, Lolita onu İkinci Dünya müharibəsindən sonrakı depressiyadan xilas edib. Romanı 1946-cı ildə Amerikada yazmağa başlayıb və əsərin ilk adı "Dəniz kənarındakı Krallıq" qoyulub. Yazıçı mətn üzərində 8 il çalışıb və 1954-cü ildə bitirib. Amma bu hələ heç nə demək deyildi. Hətta azad Amerika cəmiyyətində belə mətn birmənalı qarşılanmayıb və heç bir nəşriyyat "pornoqrafiya" nəşr etdirməyi öz öhdəsinə götürməyib. Bu səbəbdən roman 1955-ci ildə Parisdə daha çox avanqard ədəbiyyat çapı üzrə ixtisaslaşmış, açıq-saçıq mövzulara üstünlük verən nəşriyyatda nəşr olunub.

Qısa müddətdə roman ətrafında dəhşətli bir qalmaqal başladı. Əsərə yanaşmalar müxtəlif idi, onu ən yaxşı kitablardan biri hesab edənlər də, "bütün kitablardan ən çirklisi" adlandıranlar da az deyildi. Amma elə bu mübahisələr, qalmaqallar da əsərin uğuru oldu. Amerikada işıq üzü görəndən sonra kitab bestseller oldu və Nabokov dünya şöhrəti qazandı. Yazıçı özü bu romanı  yaradıcılığın zirvəsi sayır, "ciddi məqsədlə yazılmış ciddi bir kitab" adlandırır və ən yaxşı ingilisdilli ədəbi nümunələrdən hesab edirdi. Bir müddət sonra özü əsəri ruscaya tərcümə də etdi və rusca "Lolita" SSRİ-yə yalnız 1967-ci ildə gəldi, "samizdat"ların çörək ağacı oldu, qanunsuz şəkildə ildırım sürəti ilə paylandı və Sovet tənqidçiləri tərəfindən birmənalı şəkildə qınandı. Amma elə Amerika nəşrinin ön sözündə yazıçı gələcək ittihamları öncədən görüb cavabını vermişdi. Əsərin pornoqrafiyadan əsas fərqini izah da etmişdi; estetik yön və hadisələrin istedadla yazılması əsas şərtdir...

Ümumiyyətlə, elə bu gün də əsəri mütaliə edəndə görürük ki, romanın mövzusu, bədbəxt bir yetim qızla azğın ögey atası, himayədarı arasındakı ağrılı əlaqədən ibarət deyil. Bu, sadəcə, bir süjet konturudu. Romanın mövzusu, yetkinləşməmiş və sağlam olmayan bir insan Humbert Humbertin ehtirası, bu ehtirasın psixoloji səbəbləri və ağrılı təzahürləridi. İlk oxucuları "Lolita"nın mövzusunu məcazi olaraq müəyyənləşdirib simvolik mənalar axtarmışdılar: "Qoca Avropa gənc Amerikanı pozur" ideyasını ortaya qoymuşdular. Ancaq Nabokov özü, elə Amerikan nəşrinə ön sözdə oxucularından kitabda olmayanın əsərə sırınmamasını xahiş etmişdi. Öndə olan hadisədi - balaca qızın hisslərinin, bədəninin, zamanının, uşaqlığının istismarı... Yetkinlik yaşına çatmış kişinin öz ehtirasına qalib gələ bilməməsi, uşaqlıq travmalarının onun taleyinə, yaşantılarına təsiri. Yazıçı Humbertin uşaqikən sevdiyi Anabellaya qovuşa bilməməsini və qızın elə o zaman fikirdən, ağrıdan dünyasını dəyişməsini və qəhrəmanın duyğularının ölmüş, körpə sevgiliyə bağlı qalmasını təməl olaraq göstərir. Əgər o zaman balaca Humbert sevgilisini itirməsəydi, o travmanı yaşamasaydı, özü ilə birgə sevgisi, ehtirası da yaşa dolacaqdı... Amma Lolitada günah varmı?!

Deyilənə görə, Nabokov əsərin mövzusunu reallıqda yaşayan və illərlə istismara məruz qalan uşağın həyatından götürüb. Və qəribədir ki, elə o zamanlar da mətbuatda gedən xəbərlərdə həmin o zərərçəkən qızcığaz günahlandırılırmış. "Lolita" da oxuyan çoxlarında bu reaksiya yaranır; anasını itirmiş qızcığazın Humberti yoldan çıxarması, yazıçının dediyi "nimfetka" (oxu: iblis) xarakterinə uyğun olaraq şeytanlıq etməsi və bununla da günahkar sayılması... Mənə görə Nabokov günahkarın mühit olduğunu deməyə çalışır. Bəlkə bir az da taledən qaçılmazlığı göstərir. Əsərin ayrı-ayrı bölümlərində adam sual qarşısında aciz qalır; məgər Lolita uşaq idimi?! Axı o elə Humbertdən əvvəl öz rəfiqəsi ilə birgə Çarli adlı yaşıdının ağlını başından almışdı?! Bir də yazıçı bəlkə əsər boyu yeganə didaktik epizodda Humbertin dağın başında oturub aşağıda oynayan, şənlənən uşaqları müşahidə etdiyi məqamda Lolitanın gerçək yaşına eyham vurur. Humbert deyir ki, hay-küyləri bir-birinə qarışmış, deyib-gülüb əylənən uşaqların arasında Lolita da vardı, amma onun səsi yox idi o səslər arasında... Həm də əsər, doğrudan da, ikrah hissi oyadardı, həqiqətən "tərbiyəsiz" sayılardı, əgər Lolita eşqi Humberti sağaltmasaydı. Əgər romanın əvvəlindən, daha doğrusu, səfərin başlanğıcından qəhrəman uşaqların çox olduğu məkanlar axtarırdısa, elə Lolitanın özüylə birgə başqa nimfetkalara tamaşaya gedirdisə, hətta Lolitanın böyüyəcəyini, yetkinləşəcəyini düşünüb onu başından edəcəyi zamanı düşünürdüsə, əsərin sonunda bu fikirləri 180 dərəcə dəyişdi.

"Gün ərzində mən bir dəlilik qütbündən digərinə keçirdim. Düşünürdüm ki, bir neçə ildən sonra sehrli nifetkalığı buxarlanıb itmiş qəliz bir yeniyetmədən bu və ya digər üsulla canımı qurtarmalıyam".

Bəli, o zaman Humbert həyatında yeni bir 9 yaşlı Lolinin peyda olacağını  möcüzə kimi xəyal edir. Amma zaman və Lolita sevgisi, hələ üstəgəl, sevimli Lolisini birdəfəlik itirməsi düşüncələrini alt-üst edir. Mənə görə, yazıçının əsas niyyəti məhz sonda, başqa gənc bir oğlanla yaşayan, ondan hamilə qalan Lolitanın yanına gəlmiş Humbertin halında açılır:

"Budur o qarşımdadır, Mənim Lolitam, on yeddi yaşında ümidsiz şəkildə solmuş, içindəki uşaqla birgə odur! Mən baxırdım və doymurdum və möhkəm bilirdim ki, ölərəm onsuz - onu həyatımda təsəvvür etməyəcəyim, yaxud arzulayacağım qədər sevirəm. Ondan çox yüngül bir bənövşə mehi qalmışdı, o nimfetkanın xəzanının əks-sədası duyulurdu. Amma şükür ki, mənim ilahiləşdirdiyim təkcə bunlar deyildi. Qəlbimin qarmaqarışıqlığında saxladığım günah mahiyyətcə kiçilmişdi, mən onu silmişdim və lənətləmişdim. Mənə nifrət edə bilərsiniz, amma məni asana, boğana kimi mən bu həqiqətimi çığıracam.

...Mən həmişə dəli olacam onun dərdindən, onun yuxulu görkəmindən havalanacam, gənc, qalın səsindən cuşa gələcəm, mənim Lolitam...".

Bu sözlər bir uşaqbazın balaca günahsız haqqında murdar ehtiras dolu etirafları deyil. Bunlar özünü, düşüncələrini dərk etmiş, törətdiklərindən peşman olmuş, bəlkə elə o uşaq vaxtı itirdiyi Anabeli də Lolita simasında böyütmüş və bununla da bəlasından qurtulmuş yetkin kişinin narahat ovqatıdır. Son anda Humbert Lolitanı elə o halında, başqasının uşağı ilə birgə qaçırmaq, həmişəlik öz qadını etmək istəyir. Və Lolita imtina edir...

"Mən üzümü əllərimlə örtdüm və indiyəcən yaşadığım ən dəhşətli acı ilə göz yaşı tökdüm. Sən əminsən, tam əminsən ki, mənimlə getməyəcəksən?! Gedəcəyinə aid hansısa uzaq bir ümid də yoxdu hə?!".

Yox idi, əlbəttə, yox idi. Humbertlə qalmaq əbədi bir uşaqlıq yaşamağa bərabər olardı. Lolita isə öz körpəsini, balasını gözləyirdi. Və əlbəttə, bütün bu romantik sözlər, ifadələr, illərlə ən çirkin duyğularla yaşamış insanın son etirafları, hətta qadınının hayıfını çıxmaqdan ötrü onu qaçırmış adamı öldürməsi, həbsxanaya düşməsi, orda xatirələrini bölüşməsi heç nəyi dəyişmir. Lolita qurbandı! Humbert xəstədir! Qalib olan isə sevgidir!

Nabokovu bir gecədə məşhur edən bu əsər sənətə aid əbədi bir resepti təsdiqləyir; əsas olan nə yazmaq yox, hansı mövzuda yaratmaq yox, necə yazmaqdı, nə cür təqdim etməkdi. Peşəkarlıq və istedadın səxavətlə xərclənməsi bu qədər mübahisəli mövzunu belə sənət nümunəsi kimi qavramağa sövq edə bilər oxucunu. Təəssüf ki, zaman keçdikcə azadlığın yanlış qəbul olunması, "nədən gəldi yaz" çağırışları, "təki oxunsun" kriteriləri sənətin də keyfiyyətini aşağı saldı. Bəlkə ona görə çağdaş rus ədəbiyyatını araşdıran çoxları nə qədər acı olsa da bir reallığı təsdir edirlər: "Rus ədəbiyyatının keçmişi onun gələcəyidir" - deyirlər... Gələn dəfə isə məhz bu reallığın səbəblərindən danışacam!

 

PƏRVİN

 

Ədəbiyyat qəzeti.- 2021.- 17 iyul.- S.19.