Varislər
Yuxularımın ev sahibi, yaxud
açıq qalmış səccadə
"Varislər"
rubrikasının qonağı Şahmar Əkbərzadənin
varisidir
"Varislər"in
bugünkü qonağı şeirlərilə oxucuların
yaddaşında yaşayan unudulmaz şair, fədakar mətbuat
işçisi, gözəl jurnalist, əziz dost Şahmar
Əkbərzadənin varisi Elşən Əkbərzadədir.
İkinci Dünya
savaşının qızğın çağında,
1941-ci ilin qışında, gözəl Qarabağda,
Ağdamın Çəmənli kəndində, ziyalı ailəsində
gəlmişdi dünyaya. Uşaqlığı gözəl təbiətli Çəmənlidə
keçmişdi. Ruhu Qarabağın saf havasıyla
köklənmiş, ürəyi o yerlərin təbiətilə
havalanmışdı. Ağlı kəsəndə atası
Əkbər kişi müharibədəydi
və balaca Şahmar nə doyunca ata çörəyi yeyə
bilmiş, nə də onun dizləri üstə oturub
saçlarını qarışdırmağa, şirin
söhbətlərini dinləməyə macal
tapmışdı.
Əkbər kişi
müharibədən qayıtdıqdan az sonra
dünyasını dəyişdi, Şahmar atasız
böyüdü.
O, könlünü lap çoxdan
vermişdi ədəbiyyata. Kövrək şeirlər
yazır, öz dünyasında, öz nağıllarında
yaşayır və bir gün tanınmış şair kimi hər
kəsin diqqətində olacağına inanırdı.
Salam, Ağdam
- Qarabağ Azərbaycandır! Gəlin bundan başlayaq. Ağdam
işğaldan azad oldu, bir qarabağlı, bir ağdamlı
kimi hansı hissləri keçirirsiniz? Şahmar
müəllim Qarabağ və Ağdam həsrətilə
dünyadan köçdü.
- Əlbəttə, sözlə ifadə olunması mümkün
olmayan hisslərdir, qələbə möhtəşəm
duyğudur. Bizim uşaqlığımız, yeniyetməliyimiz
oralarda keçib, Ağdamın hər kəndi, hər dərəsi,
hər küçəsi xatirədir mənimçün.
Atam
Ağdam rayonunun Çəmənli kəndində dünyaya gəlib,
orta məktəbi Çəmənli və Mahrızlı kəndlərində
oxuyub, səkkizinci sinfi bitirdikdən sonra Şuşa Pedaqoji
Texnikumunda təhsilini davam etdirib, sonra kəndə
qayıdıb, təxminən 18 yaşından müəllim
kimi işləməyə başlayıb. O illər pedaqoji
kadrlara çox böyük ehtiyac vardı.
- Sonra ali təhsil alanda niyə rus dili müəllimi
olmağı seçdi?
- Atam
1961-ci ildə M.F.Axundov adına Pedaqoji
İnstituta daxil olmuşdu. Altı
yaşında atasını itirmişdi və ondan sonra onun həyatında
ən mühüm rolu dayısı Qulam Ağayev
oynamışdı. Atam, belə demək
mümkünsə, dayısının himayəsində
böyümüşdü, ondan tərbiyə
almışdı, ondan məsləhət almışdı,
ondan nümunə götürmüşdü. O, təcrübəli
müəllim idi, ömrünün 40 ilini pedaqoji fəaliyyətə
həsr etmiş, rus dili və ədəbiyyatı müəllimi
olmuşdu. Görünür, atamın APİ
Axundova getməsinin əsas səbəbi elə budur.
- Mənim bildiyimə görə,
Şahmar müəllim çox erkən yaşlarından
şeir yazmağa başlayıb və rayon qəzetində
yazıları çap olunub.
- Bəli,
hələ orta məktəbdə oxuduğu vaxtlarda ilk
şeirlərini yazıb və bu şeirlər Ağdamda
çıxan "Lenin yolu" qəzetində çap olunub.
Böyük azərbaycanlı, dünya
şöhrətli alim Xudu Məmmədovla atamın
tanışlığı məhz elə qəzetdə
çap olunan şeirinə görə olub.
Xudu Məmmədov və Bala Marks
O xatirə
təxminən 1959-1960-cı illərdə yaşanıb. Atamın dostlarının əksəriyyəti
yaşda ondan çox böyük olublar. Yaşda
böyük dostlarından birincisi Xudu Məmmədov olub,
Ağdamda tanınmış ziyalı vardı,
füzulişünas Zeynal Məmmədov - atamın dostu idi.
Onun təxəllüsü "Bala Marks"
olub, sovet dövründə insanları çox vaxt kommunist
ideloqları ilə müqayisə edirdilər, Zeynal müəllim
öz savadına, zəkasına görə almışdı
bu təxəllüsü. Elə məsələlər
olurdu ki, Xudu Məmmədov kimi bir alim Zeynal müəllimlə
məsləhətləşirdi. Bir gün
bu iki ziyalı Ağdamda bir yerdə olanda rayon qəzetində
atamın bir neçə şeirini oxuyublar. Qəzetlərdə
müəlliflə bağlı qısa məlumat
yazılırdı, Xudu müəllim şeirləri oxuyandan
sonra: "Ay Zeynal, - deyib, - bu oğlan çox cavandır, amma
gör necə gözəl, müdrikcəsinə yazıb. İmkan varsa Çəmənliyə bir
maşın göndər, bu cavan oğlan kimdirsə qoy gətirsin
bura, tanış olaq onunla, bir stəkan çay içək".
O bir stəkan çayla başlayan dostluq ömürlərinin
sonuna qədər davam etdi. Mən buna dostluq deməzdim,
onlar ata-balaydılar, onlar can bir qardaş idilər.
Atam kənddə ibtidai siniflərə dərs
deyirmiş. Bir gənc xanımla münasibətləri olub.
Bir gün həmin xanım atama deyib ki, məni ali
təhsilli bir oğlana nişanladılar. Bu
söz atama çox təsir eləyib, kənddəki müəllimlik
fəaliyyətini dayandırıb, Bakıya gəlib və
APİ Axundova qəbul olunub.
- Atasını çox erkən
itirib, mən bilirəm, çətindi, bir oğlan
uşağıyçün, bəlkə də, lap çətindir
atasızlıq. Bunu fikirləşəndə həmişə
unudulmaz Nüsrət Kəsəmənlinin
"Atalıydı-analıydı uşaqlar, Bizim evdə biri
vardı, biri yox" sözlərini xatırlayıram...
- İnsan talelərində çox qəribə hadisələr
baş verir, bu həmişə olub, yenə olacaq. Nənəm
babam dünyasını dəyişəndən sonra ikinci dəfə
ailə qurub. Nənəmin ikinci həyat
yoldaşı Vəzirxan babam Əkbər babamla doğma əmioğlu
olublar. Hər ikisi - Əkbər də, Vəzirxan
da müharibədən qayıdıb. Əkbər
babam müharibədən ağır xəstə
qayıdıb, haradasa iki ay sonra dünyasını dəyişib.
Vəzirxan kişi isə müharibədən
qayıdanda həyat yoldaşı ilə iki körpə
övladının difteriyadan öldüyünü
görüb. Kənddə tək yaşamağa
başlayıb. Əkbər babamın ili
çıxandan sonra ağsaqqallar məsləhət biliblər
ki, bunlar ailə qurub bir-birlərinə dayaq dursunlar. Sonra atamın ana bir, ata ayrı üç
qardaşı və bir bacısı da gəlib dünyaya və
onların arasında qətiyyən ögeylik hiss olunmayıb.
- Sağlığında cəmi
dörd kitabı işıq üzü gördü. Əslində, bir şair üçün
özünü təsdiq etməyə bir kitab da bəs edir.
Şahmar müəllim az yazırdı,
amma sevilirdi, tanınırdı. Ailədə onun yolunu davam
etdirən, şeir yazan oldumu?
Şairlər və şair işləyənlər
- Oldu,
amma həvəskar səviyyədə oldu. Mən
şair ailəsində böyümüşəm,
gözümü açandan, ağlım kəsəndən
çox tanınmış şairlə, yazıçıyla
tanışlığım olub. Elə
şairlər vardı ki, öhdəlik
götürmüşdü, gündə mütləq bir-iki
şeir yazmalıydı.
- Var elə adamlar, onlar şair
olanlar deyil, şair işləyənlərdir.
- Atam
şeiri yaşamadan, hiss etmədən yaza bilmirdi. Atam demək olar, evdə şeir yazmazdı. Təbiətin qoynunda, xarici səfərlərdə,
ya da nəsə ona təsir edən bir hadisə baş verəndə
artıq şeirin ilk sətirləri gəlirdi, onları qeyd
edirdi, sonra bir də oxuyurdu, baxırdı, üzərində
işləyirdi, xoşuna gəldisə, ona şeir
möhürü vururdu. Atamın əksər
şeirləri başqa-başqa yerlərdə yazılıb.
Onun ən gözəl şeirlərindən biri
kəndimizə həsr etdiyi "Çəmənlim"
şeiridir.
"...Yüz
il qucağından uzaqda gəzsəm,
Xəyalım yenə də səmanda üzər.
Sənə
ürəyimin paytaxtı desəm,
Nə Təbriz
inciyər, nə Bakım küsər...".
Səhv etmirəmsə, 1979-cu ildə həmin şeiri
Praqada olanda yazıb. Türkiyədə xeyli şeir yazıb.
İranda olanda, Təbrizdə
"Əlvida" şeirini yazıb.
"Hələ
bu dünyada qalmaq payım var,
Bəxtimin
üzünə gülmək payım var,
Azadlıq
yolunda ölmək payım var,
Obalar, əlvida,
ellər, əlvida!".
- Onun yaxşı dostları
vardı və bu gün də onun xatirəsini əziz tutan
dostları var. Siz Xudu Məmmədov kimi böyük bir
insanın adını çəkdiniz, Zeynal müəllimi dediniz,
amma təkcə onlar deyildi...
Atamın dostları
- Atamla Xalq şairi Bəxtiyar Vahabzadənin münasibəti
hər kəsə məlumdur. Bəxtiyar müəllim
atamı çox istəyirdi, atam da onu. Alim Nirəddin
Rzayevlə,
dünya şöhrətli alimimiz Rafiq Əliyevlə
dost idi. Bəzən onlara üçlük, bəzən
də beşlik deyirdilər. Onların
beşliyi tamam başqa aləm idi. Bir də
görürdün, atam üç gün, beş
gün yoxdur. Sonra xəbər gəlirdi ki, Gədəbəydə
hansısa dağda, Kəlbəcərdə hansısa
yaylaqdadırlar. Onların söhbətləri, dərdləşmələri
də adi, küçə söhbətləri olmurdu axı:
insanlıqdan, dünyadan, elmdən, ədəbiyyatdan
danışırdılar. Hələ sovet
dövründə onlar Azərbaycanın müstəqilliyindən
danışırdılar. Tam səmimiyyətilə
deyirəm, 1985-ci ildə atam qətiyyətlə sovet
quruluşunun dağılacağını deyirdi. Ondan sonra tez-tez evdə mənimlə, qardaşım
Əkbərlə antisovet söhbətlər, diskussiyalar
edirdi. Bir gün də söhbət əsnasında dedi
ki, sovet quruluşu gedəcək, yerində müstəqil Azərbaycan
qurulacaq, ola bilsin mən, anan o günü
görməyək, amma siz mütləq görəcəksiniz.
Məndən isə narahat olmayın, mən sizə
təmiz, şərəfli adımı qoyub gedəcəyəm.
Mənə görə həmişə
başınızı dik tutub gəzə bilərsiniz.
Söhbət düşəndə həmişə kim olduğunuzu fəxrlə deyə bilərsiniz.
Xalq
şairi Nəriman Həsənzadə ilə dost idi, mən
indi də tez-tez Nəriman əmiyə zəng vurub hal-əhval
tuturam. Bayaq adını çəkdiniz, rəhmətlik
Nüsrət Kəsəmənliylə, kəlbəcərli
Şamil Əsgərovla çox yaxın idilər. Bu dostluq münasibətləri örnək idi, məktəb
idi. Allah dünyasını dəyişənlərə
rəhmət eləsin, qalanlara cansağlığı versin. Bu dostluqlar imkanla, vəzifəylə
ölçülmürdü.
- "Xarıbülbül
nəğmələri" şeirlər kitabı onun
ölümündən sonra çap olundu. Bura onun o biri kitablarına daxil olmayan şeirləri
salmışdınız, yoxsa təkrar da var idi?
- Ən son kitabı "Xarıbülbül nəğmələri"dir.
Böyük həcmli kitab deyil. "Azərnəşr"in baş
redaktoru Əlövsət Ağalarov sağ olsun, təşəbbüs
göstərdi, kitabın çapına kömək etdi və
gözəl ön söz yazdı. Demək olar ki, atamın
yaradıcılığının altmış beş faizi həmin kitaba toplanıb. Bu il səksən illik yubileyidir, istəyirdik iki
cilddən ibarət - həm şeirlərinin
külliyyatını, həm də publisistikasını - əsərlərini
çap edək, müəyyən səbəblərə
görə qaldı. Pandemiya çox planları
alt-üst etdi.
- Publisistikası dediniz, onun jurnalist
fəaliyyətini, qəzetçilik fəaliyyətini
xatırladım.
Qəzetçi Şahmar Əkbərzadə
- O, tələbəlik
dövründən başlayıb qəzetçiliyə. Səhv etmirəmsə, ikinci kursda oxuyanda Kənd Təsərrüfatı
Nazirliyinin orqanı olan çoxtirajlı qəzetlə əməkdaşlıq
edib. Amma jurnalist fəaliyyətinin ən
uzun dövrü "Azərbaycan gəncləri" qəzeti
ilə bağlıdır. Yetmişinci illərin
əvvəllərindən səksəninci illərin
ortalarına qədər bu qəzetdə şöbə
müdiri işlədi. Sonra o vaxtkı
"Kommunist", indiki "Xaql qəzeti"nə keçdi.
1990-cı ildə Mədəniyyət Nazirliyi "Mədəniyyət"
qəzetini təsis etdi, atam onun baş redaktoru oldu və on il, ömrünün sonuna qədər həmin
qəzetə rəhbərlik etdi.
- Demək, paytaxta ali
təhsil almağa gələn Şahmar Əkbərzadə
yaşamaq üçün bir daha Ağdama qayıtmadı və
bütün qalan ömrünü Bakıda keçirdi.
- Bəli.
Ali təhsil aldığı vaxtlardan artıq
paytaxt mətbuatında tanınırdı, işləyirdi.
Ona görə də təhsilini başa vurandan
sonra elə işləməyə davam etdi. Sonra 1969-cu ildə ailə qurdu.
- Şairlər sevmədən
ailə qura bilməzlər. Şahmar
müəllim sevib evlənmişdi?
- Əslində, atamın kəndə
qayıtmamasının ən birinci səbəbi anamı sevməyi
olub. Atam üçüncü kursda oxuyanda, anam birinci
kursa qəbul olunur. Çox uzaqdan
qohumdurlar, anamgilin əsli Ağdamdandır, amma özü
Goranboyda doğulub, orada böyüyüb.
Böyük ürəkli
qolçomaq qızı
Anamgilin ailəsi 37-ci illərin Stalin repressiyasından
sonra qaçaq düşüblər, bütün
rahatlıqları pozulub. Ana babam bəy nəslindən olduğu
üçün adını qolçomaq qoyub Sibirə
göndərmək istəyiblər, ona görə də
axtarışda olub. Ələtdə, Gəncədə,
Goranboyda qaçaq həyatı yaşayıblar və nəhayət,
Stalin ölüb, bu qara-qorxu, qaçaq həyatı bitib, elə
Goranboyda məskunlaşıblar. Çünki
Ağdamda nə mal-mülk, heyvan-qaraları olubsa hökumət
hamısını kolxoza verib.
Sonra anam instituta daxil olub, görüblər bir-birlərini,
seviblər.
- Evdə kimin sözü
keçirdi? Anan qısqanırdımı
Şahmar müəllimi?
-
Sözsüz ki, Şahmar Əkbərzadənin sözü
keçirdi. Amma elə şeylər olurdu, o məsələyə anam qərar
verirdi. Mən sizinlə açıq
danışıram, durum deyim ki, atam peyğəmbər idi, səmimi
olmaz. Bəli, atam mənim peyğəmbərim idi, qibləm
idi, amma həyatda ideal adam yoxdur, atamın
da səhvləri olurdu, istər ailədə, istər işdə,
istərsə də həyatda. Lap dostlar
arasında, qardaşlar arasında narazılıq olur. Ailədə çox mehriban dolanırdılar.
Anam Mələk xanım bilirdi ki, atam onu saf
ürəklə, səmimiyyətlə sevib, bu, hər
şeyi həll edirdi. Təbii şair idi,
tanınırdı, seirlərini sevənlər, özünə
pərəstiş edənlər vardı. O ki qaldı
qısqanclığa, sizə bir əhvalat danışım.
1969-cu ildə
ailə qurduqdan az sonra Moskvaya bal ayına
getməyə qərar verirlər. Orada atamın
gənc dostlarndan biriylə görüşüb, şam etmək
üçün restorana gedirlər. Restoranda
canlı musiqi olub. Məclisin şirin
yerində anam atamın qulağına
pıçıldayıb ki, Şahmar, sən canın, bir
altdan-altdan o xanımlara bax. Qonşu masada
üç xanım oturub. Anam deyib ki, bayaqdan
onlara fikir verirəm, səndən gözlərini
ayırmırlar, sən mənim canım, dur onları rəqsə
dəvət elə. Atam da anamın
sözünü yerə salmayıb, bir-bir həmin
xanımları rəqsə dəvət eləyib. Atamın dostu anama deyib ki, Mələk xanım, sizin
nə böyük ürəyiniz var, mənim yoldaşım
onların baxmağını görsəydi, dünyanı
dağıdardı.
Atam
gözəl bal rəqsləri bilirdi, bunu
yay tətili vaxtı Şuşada, pioner düşərgəsində
pioner baş dəstə rəhbəri işlədiyi dövrlərdə
öyrənmişdi. "Vals",
"tanqo"... bacarırdı. Gözəl
voleybol oynayırdı. Yaxşı
üzgüçüydü. Amma bizim toylarda
"Canı yanan ya bir olar, ya iki...", ya
da "Giziroğlu Mustafa bəy" mahnısını
oynayırdı. Həm də ürək xəstəliyindən
sonra çox da hərəkətli oynaya bilmirdi.
- Mələk xanım onun
üçün hansı xörəkləri tərəddüdsüz
bişirirdi? Xüsusi sevdiyi xörəklər
vardımı?
Hər həftə yarpaq dolması...
-
Ümumiyyətlə, Azərbaycan mətbəxini sevirdi. Amma ən
çox sevdiyi
yarpaq dolmasıydı, bizim evdə dolma tənəklə
çox təsadüfən bişirilir, ağlım kəsəndən
mən evimizdə yarpaq dolmasını heyva yarpağında
görüb-yemişəm. Təsəvvür edirsiniz, atam 21
ildir dünyasını dəyişib və bu gün də hər
cümə axşamı anam ehsan olaraq evdə az
da olsa, yarpaq dolması bişirir. Yəni nadir hallarda
üzürlü səbəbdən evdə olmarıq, nəsə
bir iş çıxar və s. Amma bu ayin dəyişmədən
qalır.
- Bəzən yazı-pozu
adamlarının qəribə məşğuliyyətləri
olur. Kimi nəsə kolleksiya toplayır, kimi ova, kimi
balığa getməyi sevir...
-
Atamın sevgisi də, məşğuliyyəti də kitablar
idi. Boş vaxtlarında ancaq kitab oxuyurdu. Yaxşı kitabxanası vardı, sadəcə, biz
Xırdalandan Bakıya köçəndə kitabların bir
hissəsi Xırdalandakı evimizdə qaldı. Sonra qaçqınlıq-köçkünlük
dövrü başladı, o evi bir ailəyə verdik, onlar
kitablara bir növ biganə qaldılar, nəm,
baxımsızlıq korladı onların əksəriyyətini.
Amma qoruyub saxlaya bildiyimizi saxlamışıq.
Atam kitab həvəskarı idi, tutaq ki, xarici səfərə
gedir, indi hamı atasının səfərdən
qayıtmasını səbirsizliklə gözləyir, bu
öz yerində, amma uşaq həm də hədiyyə
gözləyir axı. Gəlirdi, iki ağır çamadan...
açırdıq, kitablar, amma yox... bizi də unutmurdu,
heç birimizi unutmurdu, mütləq nəsə hədiyyə
alıb gətirirdi, ya bir paltar, ya oyuncaq... mütləq.
- Bura - "Azərkitab"
mağazası Bakının ən gözəl kitab məkanlarından
biridir. Müxtəlif tədbirlər, təqdimatlar olur burda.
Birdən tədbirə gələnlərdən biri də o
olsa, üz-üzə gəlsəniz, nə baş verər, nə
deyərsiniz ona?
Yuxularımın ev
sahibi
- Tam
normal qəbul eləyərdim. Onsuz o cür tədbirlərdə,
təqdimatlarda gözümüz onu axtarır. Bəlkə də onu görüb "Ay
etibarsız" deyərdim. Çünki
58 yaş nədir ki? Biz hələ onun qulluğunda
oğul kimi dura bilməmişdik, hələ övlad kimi
nazını çəkməmiş, qayğısına
qalmamışdıq, ancaq nə eləmişdisə o eləmişdi
bizimçün...
O mənim
yuxularımın daimi qonağıdır, deyərəm ki,
yuxularımın ev sahibidir. Bu
yuxular bəzən çox mistik, bəzən də çox
şirin olur. Mən həmişə onun ruhunun
üstümüzdə keşik çəkdiyini hiss edirəm,
narahat olduğunu hiss edirəm. Tez-tez mənə
deyir, çoxu elə bilir ölmüşəm, amma mən
sağam, həmişə də sizinlə bir yerdə
olacağam. Yuxuda məni qoruyub, xəbərdarlıq
eləyib, verdiyi mesajla məni gerçək təhlükədən
xilas eləyib. Oyanmışam, onun dediklərini
xatırlamışam, dediyi kimi eləmişəm və xeyir
tapmışam.
Çox mistik hadisələr baş verib. Məsələn,
Mahnı Teatrında onun yubileyinə hazırlıq gedirdi,
atamla anamın məktubları vardı, onları istədilər
ssenaridə istifadə etmək üçün. Əl altda olan bir şey idi, nə qədər
axtardıq tapa bilmədik. O gecə anamın yuxusuna
girib, məktubların yerini dedi.
Başqa
bir əhvalat: atamdan sonra anamın saçları sürətlə
tökülməyə başladı, dərdinə əlac edən
də tapılmadı. Utanırdı yazıq
arvad. O ərəfədə kiçik qardaşım
ayaqlarına məlhəm çəkirdi. Atam
anamın yuxusuna girib demişdi ki, ay Mələk,
dağa-daşa düşməyin, Elturanın ayağına
çəkdiyi məlhəmdən sən də
saçlarının dibinə çək, hər şey
düzələcək. Tanış həkim vardı, məsləhətləşmək
üçün dedim, güldü mənə, dedi yaxın
olmasaydın, Şahmarın oğlu olmasaydın, durub
qulağının dibinə birini çəkərdim. Adam dolamısınız? Amma anam dedi ki,
Şahmar boş yerə yuxuma girməz. Atamın
yuxuda ona dediyini elədi və çox qalın
saçları bitdi anamın. Yəni atam
dünyasını dəyişəndən sonra bizimlə
"əlaqəni kəsmədi".
"İnam sindromu"
- Çox maraqlı faktdır. Buna tibdə "inam sindromu" deyirlər. Belə eksperimentlər çox aparılıb.
Adi vitaminlə sağalan xərçəng xəstələri
olub. Dərman tamı əlavə
edilmiş adi suyla müalicə alan astmatiklər olub.
Ümumiyyətlə, tibb təsdiq edib ki, xəstəliklərin,
sağlamlıq problemlərinin əksəriyyəti beyinlə
bağlı olur, insan özünü hər hansısa xəstəliyə
inandırır və fəsadlar başlayır. Məncə, Mələk xanımın sevgisinə
inamı onu bu problemin cəngindən xilas edib.
Şahmar müəllim
dünyasını dəyişəndən sonra dostlarından
kim qaldı ailənin ətrafında,
çətin günlərində?
-
Uzaqdan-yaxından yanımızda olanlar çox idi, amma Bəxtiyar
Vahabzadə heç vaxt bizi unutmadı. Hər dəfə
atamın doğum günündə, vəfat etdiyi tarixdə həyat
yoldaşı, mələk üzlü Dilarə xanımla bir
yerdə evimizə gəlirdi, otururdu, dərdləşirdik,
söhbət edirdik. Ruhu şad olsun. Bir də Elçin İsgəndərzadə
atamın xatirəsini yaşatmaq üçün əlindən
gələni edir, ailəmiz adından ona da öz təşəkkürümü
bildirirəm.
- Baxanda üzündən, yerişindən-duruşundan
xəstə görünmürdü, amma hər bir şairin
içində bir əzab olur, ağrı olur. Şahmar müəllimi
ürəyi apardı...
Açıq qalmış səccadə
- O,
çox emosional adam idi axı. Lap gəncliyindən elə olmuşdu. Gəncliyində yazdığı
şeirlər var, necə ağrıyla, necə hisslə
yazıb onları. Elə yazanda yəqin, adam
özü hiss etmir, amma, məncə, ürək o dəqiqə
çat verir, gizlincə... başqa cür mümkün
deyil.
Ürəyi 1988-ci ildə ilk ciddi zərbəni aldı. Sovetin son nəfəsiydi,
qardaşım tibb universitetində oxuyurdu, fəal tələbələrdən
biri kimi onu da DTK saxlamışdı. O ərəfədə
atam Zori Balayana çox sərt bir məktub yazıb birbaşa
Moskvaya göndərmişdi, təəssüf, DTK söhbəti
ortaya çıxandan sonra anam ehtiyat edib, o məktubun əslini
yandırdı. Xalq hərəkatı
başlayanda atam ilk fəallardan biriydi, onlar bu xalqın
azadlığı, müstəqilliyi yolunda həm də ilk
ziyalı hərəkatnın fəallarıydılar. DTK atamı çox sıxma-boğmaya saldı,
axırda qardaşımı saxladılar və bu xəbər
47 yaşlı atamın ilk infarktına səbəb oldu.
Atam ikinci infarktı Xocalı faciəsindən
bir gün sonra keçirtdi və bununla da ürəyində
çox ciddi problemlər başladı.
Qardaşımın qızına anasının
adını qoymuşdu, uşaq velosiped istəyirdi. Demişdi ki,
ad gününə özüm alacağam. Hamımız
uşağın ad günündəydik, işdən
çıxıb velosipedi alıb gətirib qardaşıma
vermişdi, demişdi gedim namazımı qılım, bir az dincəlim, bir-iki saata gələrəm.
Səccadəsi açıq qalmışdı, amma
özü dəhlizdə yıxılmışdı. Görünür, namaz
qılıb qurtarandan sonra özünü pis hiss eləyib, dəhlizdəki
ev telefonundan zəng vurmağa gələndə
ürəyi dayanıb...
Söhbətləşdi: Əyyub
QİYAS
Ədəbiyyat qəzeti.- 2021.- 17 iyul.- S.16-17.