"Uşağın duası" -
böyüklər üçün uşaq kitabı
"Biri var, biri
yox"
Uşaq ədəbiyyatından bəhs edərkən 1)
yeniyetmə yaşına qədər uşaqlar
üçün yazılmış, 2) böyüklər
üçün yazılsa da, həm də uşaqların
oxuya biləcəyi və 3) qəhrəmanları uşaqlar olan
əsərlər nəzərdə tutulur. Xüsusən
son ikisində mətnin nə dərəcədə uşaq ədəbiyyatı
nümunəsi olması məsələsi, demək olar ki,
çox vaxt mübahisəli olaraq qalır. Fidan Nizaməddinqızının ötən ilin
sonlarında çapdan çıxmış
"Uşağın duası" kitabı da diqqətimi, ilk
növbədə, bu cəhəti ilə cəlb etdi. Annotasiyada "geniş oxucu kütləsi
üçün nəzərdə tutulur" ifadəsindən
daha öncə kitabın uşaqlar üçün
yazıldığı qeyd olunur. Lakin
kitabı oxumağa başlayanda ilk təəssüratım bu
oldu ki, "Uşağın duası" kitabındakı əksər
mətnlər uşaqlar üçün yazılmayıb və
sona qədər də bu qənaətim dəyişməz
olaraq qaldı.
Uşaqlar haqqında, yaxud onların dilindən
yazılması heç də bütün əsərləri
uşaq mətninə çevirmir. İstər düşüncələrin
ağırlığı, dərinliyi, istərsə də
dil baxımından "Uşağın duası" daha
çox böyüklər üçün
yazılmış bir kitabdır - onlara uşaqları
xatırlatmaq, balacaların dünyasına nüfuz edə bilmək,
nə istədikləri barədə düşünmək,
arzu və xəyalları ilə tanış olmaq
üçün təsir göstərmək məqsədi
daşıyır. Təəssüf ki, valideynlər
övladları üçün bir tikə çörək
qazanmaq məqsədilə əziyyətlərə
qatlaşarkən bəzən onların mənəvi, psixoloji
durumunu gözardı edir, uşaqlarla söhbət etməyi,
düşüncə və xəyallarını
paylaşmağı unudurlar. Fikrimcə,
Fidanın kitabı böyüklərə uşaqların nə
istədiyini göstərən mətnlər toplusudur. Məncə, müəllif altşüurda
uşaqların düşüncə saflığına daha
çox güvəndiyindən böyüklərə deyəcəklərinə
onları, bir növ, vasitəçi edib.
Bu hekayələrin çoxunda dünyanı
uşaqların gözü ilə görür, onların
dilindən duyuruq. Çoxusu uşaq gündəliklərindən
bir səhifəyə bənzəyən bu mətnlərin təhkiyəçiləri
(bəlkə də, bütün hekayələrin bircə təhkiyəçisi)
daim içindəki uşağın səsini eşidən
böyüklərdir. Burada müəllifin əsas məqsədi
uşağın danışdıqları əsasında
böyükləri "tərbiyələndirmək",
"maarifləndirmək", onların balacalara münasibətini,
baxışını dəyişməkdir. Böyüklər
həmişə hər şeyi uşaqlardan daha yaxşı
bildiyini düşünür, onları yönləndirməkdən
zövq alır. Fidan Nizaməddinqızının
bu mətnlərində uşaq sanki sakitcə üsyan edir,
"məni də görün, dinləyin, anlayın,
duyun" deyir.
Dünya ədəbiyyatından uşaqlar haqqında
yazılsa da, yalnız uşaqlara deyil, daha çox
böyüklərə ünvanlanan onlarla əsər adı
çəkmək olar. Lakin "Uşağın duası" kitabı mənə
daha çox Anna Qavaldanın "35 kilo ümid" və
Antuan de Sent-Ekzüperinin "Balaca şahzadə" əsərini
xatırlatdı - uşaqlar haqqında olsa da, böyükləri
uşaq dünyasına, başqa sözlə, öz içinə
yenidən boylanmağa vadar etdiyinə görə. Axı bütün böyüklər nə vaxtsa
mütləq uşaq olub və bizim bir çoxumuz bu həyatı
elə içimizdəki uşaqla birgə
yaşayırıq.
"Uşağın duası" kitabındakı mətnlər
mövzular üzrə qruplaşdırılmasa da, fəsillərə
ayrılmasa da, onların bir qismi koronavirus pandemiyasından, bir
neçəsi Qarabağ müharibəsindən bəhs edir,
digərləri isə daha çox xatirələr üzərində
qurulur.
Kitabın ərsəyə gəldiyi ərəfədə iki
böyük imtahan qarşısındaydıq: bu gün də
davam etməkdə olan koronavirus pandemiyası və uzun
müddətdir ki, gözlənilən və cəmi 44 gün
sürərək, xalqımızın qələbəsi ilə
bitən Vətən müharibəsi. Hər iki
böyük imtahan insandan güclü iradə, güc, səbir
istəyir. Fidan Nizaməddinqızı
dünyanın hər cür bəlalardan xilasının iman,
inanc variantını təklif edir, xilası
"Uşaqların duası" hekayəsində də
xüsusi vurğulandığı kimi, Yaradana ümidlə
bağlanmaqda görür.
Yeni və sürətlə dəyişən reallıqlar
ayrı-ayrı insanları və ictimai qurumları operativliyə,
düşüncə və əməldə çevikliyə
sövq edir.
Məsələn, keçən il pandemiyanın elan
olunmasından bir ay ötər-ötməz dünyada 50-dən
artıq humanitar təşkilatın iştirakı ilə 6-11
yaşlı uşaqlar üçün "Mənim qəhrəmanım
sənsən" adlı hekayələr toplusu
hazırlandı. Buradakı hekayələr
yüzlərlə valideyn, müəllim və
uşağın pandemiya ilə mübarizə üsulları əsasında
yazıçı Helen Patuk tərəfindən qələmə
alınmışdı. Başqalarının
təcrübələri əsasında ərsəyə gəlmiş
kitabın məqsədi balacaları virusdan və daha da
çoxu, pandemiya dönəmindəki neqativ emosiyalardan qorumaq
idi. Qısa müddətdə kitab
türk, rus, ispan, ərəb, fransız, alman dilləri də
daxil olmaqla, 9 dilə tərcümə olunub dünya
uşaqlarına çatdırıldı.
Neçə-neçə ölkələrdə
koronavirusa qalib gəlməyin yolları ilə bağlı
uşaqlar üçün əyləncəli, ümid və
işıq dolu, nikbin əhvali-ruhiyyəyə köklənmiş
kitablar çap olundu. "Uşağın duası"
kitabındakı koronavirus mövzusundakı hekayələr isə
xüsusən uşaqların bu dönəmi, izolyasiya mərhələsini
necə keçirməsinin, həmin dövrdəki maddi
sıxıntıların, mənəvi-psixoloji
sarsıntıların təsvirindən ibarətdir. F.Nizaməddinqızı bu hekayələrdə daha
çox həyatın sərt üzünü göstərir.
Bu mətnlərdə bütün dünyanı
saran pandemiya fonunda cəmiyyətin, həmçinin bəşəriyyətin
problemləri, təhsil sistemimizdəki
çatışmazlıqlar, valideynlərin
davranışındakı qüsurlar qabardılır, müəllif
onlara uşaq gözü ilə baxmağa
çalışır.
Kitabdakı bütün mətnlər üçün həlledici
məqam humanizmlə, daha da çoxu, empatiya duyğusu ilə
bağlıdır - güclü emosiyalar yaradır,
düşündürür və yəqin ki, hər bir
böyük özünün uşaqkən bu və ya digər
məsələ ilə bağlı hiss və
düşüncələrini yada salır. Eyni zamanda
uşaqlara, övladlarına bir daha bir başqa nəzərlə
baxmağa sövq edir. "Uşağın
duası" toplusu, hər şeydən öncə, insanlara
duyarlı olmağı, özünü başqasının
yerinə qoya bilməyi təlqin edir.
Fidanın hekayələrində yeri gəldikcə
müxtəlif əfsanələr, rəvayətlər
xatırlanaraq, bu üsulla mənəvi-əxlaqi dəyərlərə
vurğu edilir.
Mənəvi dəyərlər aşılayan hekayələrdən
biri yenə uşağın dilindən xatirə kimi
yazılan "Babamın gözləri"dir.
Uşağın babası müəllim olduğundan onlar 3 il ərzində
məktəb yolunu birlikdə gedib gəlirlər və baba yol
boyunca yerdə gördüyü çörək
parçalarını götürüb öpüb
gözü üstünə qoyur. Bir gün baba
xəstələnir, artıq nəvə məktəbə
onunla birlikdə gedə bilmir. Birdən fərqində
olur ki, babası kimi yerdə gördüyü çörək,
şirniyyat parçalarını qaldırıb öpüb
gözü üstünə qoyur: "Babam o qədər mənim
yanımda yerdən çörəkləri götürüb
öpüb gözünə qoymuşdu ki, indi yollara
tökülmüş çörəkləri görəndə
elə bilirəm ki, onlar babamın gözləridir." Burada
bir diqqətçəkən məqam da var: uşaq
danışır ki, babam bütün məktəb yolu boyunca
mənə çoxlu öyüd-nəsihət verərdi. Amma uşaq üçün babasının əməli
nümunə idi, o, babası etdiyi zaman hövsələsinin
daraldığı hərəkəti qeyri-iradi təkrarlayır.
Hekayə belə bir doğru qənaəti
aşılayır ki, əslində, böyüklər
uşaqlara öyüd-nəsihətlə yox, öz nümunələrində
tərbiyə verirlər.
Atası müharibədə şəhid olmuş
balacanın vətənpərvərliyini, ata sevgisini əks
etdirən "Son gediş" hekayəsini kövrəlmədən
oxumaq olmur. Fikrimcə, Fidan bu hekayədə vətən
sevgisini, şəhadəti, sədaqəti anlatmağın
uğurlu bədii həllini verə bilib. "Məsum
dilənçi" hekayəsində küçələrdə
zorla diləndirilən körpələrin ümumiləşmiş
taleyindən bəhs olunur. Onların məcburən
küçələrə düşürülməsi,
istismar olunması məsələsi
aktuallaşdırılır.
Elə texnoloji inkişaf dövründə
yaşayırıq ki, insanların əksəriyyəti həyatı
reallıqdan çox, virtual aləmdə keçirirlər. Xüsusən
uşaqlar telefona, kompüterə, sosial şəbəkələrə
aludə olurlarsa, onların reallığa
"qayıtması" çətinləşir. Günümüzün bu bəşəriyyəti
sarmış daha bir problemi "Nabələd" hekayəsində
Nicatın simasında əks olunur. Bu hekayələrdə
heç də bütün valideynlər ideal, həmişə
uşaq mətnlərində təsvir olunduğu kimi
qayğıkeş və təmənnasız ata-analar deyillər
("Portağal bayramı"). Bu hekayələr
bəzən nağıl dili ilə yazılsa da,
reallığı bütün çılpaqlığı
ilə əks etdirir.
"Uşağın duası" kitabındakı hekayələrin
protoqonisti ən çox uşaqlıq xatirələrini
bölüşür. Bunların ən şirini nənəli, babalı xatirələrdir.
Təndirlə assosiasiya olunan nənə ("Təndirin
yoxluğu ilə nənəmin də yoxluğunu qəbul
etdim. Nənəm sağ olsaydı, təndiri
dağılmazdı."), yaxşı əməlləri ilə
nümunə olan baba və s. Artıq böyümüş nəvənin
nənə-babasına mənəvi
bağlılığı üzə çıxır: onlar
daha həyatda olmasalar da, onun ömür yolunda, xarakterində
izini qoyan xatirələri var və bu xatirələr
işıqlıdır.
Şərqiyyə nənənin xatirələrindən
doğulan "Ağdama gedən qatarlar" hekayəsi onun nəvələri
Kənanla Sənanın yalnız böyüklərdən
eşidib, xəyalını qurduğu Ağdama getmək
arzusu üzərində qurulub. Yeri gəlmişkən, bu kitab Azərbaycan
xalqının mənfur erməni faşizmi üzərindəki
möhtəşəm qələbəsindən az əvvəl ərsəyə gəlib. Və nə gözəldir ki, biz Ağdamla bağlı
bu nisgilli hekayəni oxuyarkən artıq əvvəlki kimi kədərlənmirik,
hər birimizin o doğma yurd yerlərinə getmək arzumuz xəyaldan
daha çox, gerçəyə yaxındır. Hekayə ilə bağlı isə onu qeyd edim ki,
burada unutmamaq, unutdurmamaq məqsədilə doğma Ağdam
haqqında ətraflı məlumat verilir. Lakin
məlumatlar hekayə janrının ölçülərini
aşır, statikləşir.
Ümumiyyətlə,
"Uşağın duası" kitabında "hekayələr"
adı altında toplanmış bu mətnlərin bəziləri
təhkiyə boyunca intonasiyasını dəyişir, tamamilə
publisistik üsluba keçid alır ("Kukla
teatrında", "Ağdama gedən qatarlar", "Niyyət"
və s.), sona yaxın isə yenidən əvvəlki ahənginə
qayıdır. Fikrimcə, bu, müəllifin
problem situasiyaya olan münasibətindən irəli gələn
məqamdır. Xüsusən müharibə
və koronavirus pandemiyası ilə bağlı fikirləri mətndə
bədii həll şəklində deyil, əksərən
publisistik düşüncə şəklində meydana
çıxır.
Bəs kitab niyə "Uşağın duası"
adlanır? Fidanın hekayələrində inanc məsələsi
üzərinə xüsusi vurğu edilir. Mental
təfəkkürümüzdə uşaq duasının
Allaha daha yaxşı çatacağı düşüncəsi
yer alır. Dua ümiddir, inamdır,
insanın mənəvi həyatının böyük bir
parçası, imanın təzahürüdür. Dua, hər şeydən çox, sevgi aktıdır.
Dua anında insan Yaradanla ən səmimi, içdən
ünsiyyətdə ola bilir, Ona sevgisini
bildirə, ruhunu təslim edə bilir. Dua
addımdır, ruhun qanadlanmasıdır. Dua - məhz bu
anlarda Yaradanın sənə mütləq "qulaq kəsildiyi"nə
inamdır, bu üzdən yalnız bəndənin müraciəti
deyil, həm də bəndəyə müraciət kimi
qarşılıqlı aktdır. Dua etmək
artıq iman gətirmiş olmaq deməkdir; insan
inanmadığından, ümidlə sarıla bilmədiyindən
nəsə istəyə bilməz. Yəqin
bu üzdəndir ki, etiraf və istəklərin ən səmimisi
olan dua insanların ən səmimisi olan uşaq dilində - qəlbində
ən uca məqamındadır. Bu
kitabdakı bəzi mətnlər məhz belə bir içdən,
səmimi sevgini, ruhaniyyət və təslimiyyəti təlqin
edir. "Uşağın duası"
deyir ki, insanın xilası sevgidə, ümiddə, inamda və
imandadır. Kitabın müəllifi deyir
ki, mənən böyümək, ucalmaq istəyirsənsə,
dünyaya bir də dön uşaq nəzərləri ilə
bax, içindəki uşağı zorla böyütməyə
çalışma.
Mətanət VAHİD
Ədəbiyyat qəzeti.- 2021.- 17 iyul.- S.18.