Nizami Gəncəvidən iqtibas
Məlum olduğu kimi, böyük Azərbaycan şairi
Nizami Gəncəvinin "Xəmsə"sinə və
şeirlərinə yüzlərlə nəzirələr və
bənzətmələr yazılmışdır. Dahi şairin
məşhur "Xəmsə"si əsasında Hindistanda
Əmir Xosrov Dəhləvi (XIII-XIV əsr), Tacikistanda
"Əbdürrəhman Cami (XV əsr), Özbəkistanda
Əlişir Nəvai (XV əsr) Nizami Gəncəvinin ustad sənətkar
kimi xidmətlərini yüksək qiymətləndirməklə
və ondan ilham alaraq yeni ideya-məzmunda "Xəmsə"lər
yaratmaqla Şərq ədəbiyyatı tarixində iz
qoymuşlar. Ümumiyyətlə Şərq
ədəbiyyatı və eyni zamanda Azərbaycan ədəbiyyatı
uzun əsrlər Nizami Gəncəvinin sənət
ideallarının və ictimai ideyalarının
işığında yol getmişdir. Türk-müsəlman
dünyasında "Sirlər xəzinəsi" poemasına
46, "Leyli və Məcnun"a 92, "Xosrov və
Şirin" əsərinə yüzdən çox nəzirə
yazılmışdır. Bütövlükdə
Nizami Gəncəvinin əsərlərinə
yazılmış nəzirə və bənzətmələrdən,
böyük şairin yolunu yaradıcı şəkildə
davam etdirən sənətkarların əsərlərindən
möhtəşəm bir kitabxana yaratmaq mümkündür.
Bu cəhətdən Nizami Gəncəvi ilə
bəhsə girmək mümkün deyildir. Nəinki
Şərqin böyük dühaları, hətta Höte kimi
məşhur Qərb mütəfəkkiri də
özünün məşhur "Şərq-Qərb
divanı"nda Nizami Gəncəvidən bəhs etmiş,
"Xəmsə"nin işığında əsərinə
yeni bölmələr əlavə etmişdir.
Uzun zaman Şərq ölkələrində hər
hansı bir istedadlı qələm sahibi özünün
şairliyini isbat etmək üçün əvvəlcə
Nizami Gəncəvi haqqında və ya onun əsərlərinin
əsasında mükəmməl bir şeir, mənzumə, mənzum
hekayət və sair yazıb hünərini göstərdikdən
sonra ədəbi mühitdə qəbul olunması ciddi bir
prinsip olmuşdur.
Azərbaycan
ədəbiyyatında Məhəmməd Füzuli, Arif Ərdəbili,
Abdulla Şaiq, Mirzə Ələkbər Sabir, Səməd
Vurğun, Mikayıl Rzaquluzadə və başqaları Nizami Gəncəvi
mövzularında onlarla qiymətli bədii əsərlər
yazıb fərqli bir irs qoyub getmişlər.
Dünya miqyaslı klassik sənətkarların əsərlərindən
istifadə etməyin orijinal yolları və
üsullarını tapa bilib, məsələyə
yaradıcı şəkildə yanaşmaqla ədəbiyyatın
yeni inkişafına xidmət edən fərqli bədii əsərlər
yaratmaq da ədəbiyyatın qarşısında duran əsas
vəzifələrdəndir. Bu baxımdan Azərbaycan
ədəbiyyatında Məhəmməd Füzuli və
Üzeyir Hacıbəyov zirvələri mövcuddur.
İlk dəfə Nizami Gəncəvinin müraciət etdiyi
"Leyli və Məcnun" mövzusunda Məhəmməd
Füzulinin üç yüz il sonra eyni adda
yazdığı məşhur poema tam orijinal bədii əsərdir.
Məhəmməd Füzuli öz əsərində
Nizami Gəncəvinin "Leyli və Məcnun"
mövzusunda yazdığı süjetə əlavələrini
etmiş, ən başlıcası isə poemada Leylinin və
Məcnunun dilindən verilmiş qəzəllər əsərin
ruhunu da, janrını da dəyişmişdir. Epik poema kimi qələmə alınmış Nizami
Gəncəvi "Leyli və Məcnun"undan fərqli
olaraq, Məhəmməd Füzuli fərqli bir liro-epik poema
meydana qoymuşdur. Dahi bəstəkar
Üzeyir Hacıbəyov isə "Leyli və Məcnun"
mövzusunda poema deyil, opera yaratmaqla bu ənənəvi Şərq
mövzusuna yeni həyat gətirmiş, həmin sahədə
tamam fərqli bir istiqamət meydana qoymuşdur.
Nizami Gəncəvinin "Leyli və Məcnun"
poeması mükəmməl bir mənzum romandır.
Məhəmməd Füzulinin "Leyli və Məcnun"u
möhtəşəm bir liro-epik poemadır.
Üzeyir Hacıbəyovun "Leyli və Məcnun"u
bu mövzuda türk-müsəlman dünyasında meydana
çıxan birinci operadır.
Nizami Gəncəvi Leyli və Məcnunun eşq
dastanını, Məhəmməd Füzuli sevgi macəralarını,
Üzeyir Hacıbəyov iztirabları və sədaqətini
dahiyanə şəkildə təqdim etmişdir. Beləliklə,
Azərbaycan ədəbiyyatı və incəsənətində
"Leyli və Məcnun" mövzusunda üç əlçatmaz
zirvə fəth edilmişdir. Xalq şairi
Ramiz Rövşən doğru və haqlı olaraq yazır ki,
"Gələr bu dünyaya təzə gözəllər,
Yeni Məcnunların sevdası başlar". Məsələyə
bu cür fərqli və yaradıcı yanaşmaqla Leyli və
Məcnunluğun, Xosrov və Şirinliyin, "Yeddi gözəl"liyi
təzə üfüqlərini aça biləcək Nizamilərin,
Füzulilərin, Üzeyir bəy Hacıbəylilərin
ardıcıllarının da doğulması, yetişib ərsəyə
gəlməsi dialektik inkişafın
qanunauyğunluqlarından biridir.
Böyük klassiklərin, xüsusən də Nizami Gəncəvi
kimi dahi sənətkarların
yaradıcılığından yaradıcı şəkildə
istifadə yolu ilə yazılan yeni bədii əsər həm
"ustadi-əziz"i hər dəfə konkret zamanın
çağırışlarının
işığında yenidən xalqa və dünyaya
çatdırmaq, həm də onun zəngin xəzinəsinin
işığını yeni dövrün ideallarına istiqamətləndirmək
kimi məsuliyyətli və şərəfli vəzifələri
yüksək səviyyədə yerinə yetirə bilməyi
bacarmağı tələb edir. Klassik ədəbi ənənədən
yaradıcı şəkildə istifadə etmək mənasında
XX əsrin əvvəllərində Mirzə Ələkbər
Sabirin dahi Məhəmməd Füzuli qəzəllərindən
ustalıqla faydalanmaqla satirik şeir yazmaq məharəti
böyük sənət hadisəsidir. Mirzə Ələkbər
Sabir Məhəmməd Füzulinin "Can vermə qəmu
eşqə ki, eşq aləti candır" misrası ilə
başlayan qəzəlində "eşq"
sözünü "elm" ifadəsi ilə dəyişdirməklə
aşiqanə qəzəli satirik parodiyaya çevirməyin
dahiyanə nümunəsini göstərmişdir. Beləliklə,
XVI əsrdə yazılmış Füzuli qəzəlinin
poetik enerjisi Mirzə Ələkbər Sabir
dühasının ideyaları ilə
qaynayıb-qarışaraq XX əsrin əvvəllərinin
çağırışları ilə səsləşən
mühüm ictimai və maarifçi problemlərin həllinə
xidmət edən bədii əsər səviyyəsində səsləndirilmişdir:
Təhsili
- ülum etmə ki, elm afəti - candır,
Elm afəti - can olduğu məşhuri-cahandır.
Yaxud, Məhəmməd Füzulinin məşhur "Ah
eylədiyim sərvi-xuramanın üçündür"
misrası ilə başlayan qəzəli Mirzə Ələkbər
Sabir tərəfindən hər misrada bir-iki sözün dəyişdirilməsi
ilə tamamilə fərqli bir şeirə
çevrilmişdir. Dahiyanə şəkildə tapılmış həmin
"kiçik əlavələr" şeirin ideya-məzununu
o qədər dəyişdirmişdir ki, misralardakı sözlərin
çoxusunu Füzuliyə aid olmasına baxmayaraq, Sabir təzə
formatda olan şeir nümunəsinin müəlliflik
hüququna sahib olmuşdur.
Məhəmməd
Füzulidə:
Ah eylədiyim
sərvi-xuramanın üçündür,
Qan ağladığım qönçeyi-xəndanın
üçündür.
***
...Sərgəştəliyim
kakili-müjganın ucundan,
Aşuftəliyim zülfü-pərişanın
üçündür.
***
...Bimar tənim
nərgisi-məstin ələmindən,
Xunin ciyərin ləli-dürəfşanın
üçündür.
Mirzə
Ələkbər Sabirdə:
Ah eylədiyim
nəşeyi-qəlyanın üçündür,
Qan ağladığım qəhveyi-fincanın
üçündür.
...Sərgəştəliyim
xərməni-buğdalar ucundan,
Aşüftəliyim sərvətü samanın
üçündür.
...Bimar tənim
küftəvü bozbaş ələmindən
Xunin ciyərim
dolma-badımcanın üçündür...
Deməli, klassiklərin şeirlərini təzə
formatda səsləndirməklə onu yeni dövrün
çağırışlarına cavab verən fərqli bir əsərə
çevirmək ənənəsi ədəbiyyatı
qabağa aparmağa xidmət edən mühüm sənətkarlıq
vəzifəsidir.
Tam məsuliyyətlə bildirmək istəyirəm ki,
Nizami Gəncəvinin əsərləri üzərində hər
hansı bir eksperiment aparmaqla tam yeni əsər yaratmaq
mümkün deyildir. Ya da ki, bunun üçün ən
azı Mirzə Ələkbər Sabir olmaq lazımdır.
Bununla belə, düşünürəm ki, Nizami Gəncəvinin
əsərlərindən seçilmiş hər müəyyən
bir parçanın üzərində "sabiranə" əməliyyatlar
keçirməklə dahi şairin fikrini-ideyasını
müasir dövrümüzün vəzifələrinə-mətləblərinə
doğru istiqamətləndirmək üsulu ilə Nizami Gəncəvinin
şəfəqlərini bu günün insanlarına
çatdırmaq da faydalı addımlardan biri olan bilər. Bu
baxımdan Nizami Gəncəvinin "Xosrov və Şirin"
poemasındakı "Eşq haqqında bir neçə
söz" hissəsində "eşq" sözünü
"elm" ifadəsi ilə əvəz etməklə
uzaqgörən sənətkarın düşüncələrini
fərqli formatda müasir dövrün reallıqlarına
çatdırmaq bizə faydalı göründü. Həm də
bu məqamda onu da nəzərə aldıq ki, ustad Nizami Gəncəvi
özü də vəsf etdiyi eşqi elm anlayışı ilə
sinonim kimi mənalandırmışdır:
Kainatda hər
şey cəzbə bağlıdır,
Filosof onu eşq adlandırır.
Deməli, Nizami Gəncəvinin baxışlarında
eşq sadəcə sevmək-sevilmək mənasında yox,
dünyanı dərk etmək və həyat eşqi kimi daha
geniş və dərin mənada təqdim etmişdir. Yuxarıdakı
misradakı "cəzbə" sözü də
"elm" sözünün sinonimi olaraq başa
düşülə bilər. Bu isə bizə
belə də düşünməyə əsas verir ki, dahi
şair özü də eşqin insanın mənəvi
dünyasında və cəmiyyət həyatındakı
rolunu elmin insanı, həyatı, dünyanı dəyişdirməkdəki
təsiri ilə bərabər tutmuşdur. Yəni Nizami Gəncəvinin eşq
anlayışı dərin fəlsəfi mənaları əks
etdirib, həm də elmin cəmiyyət həyatındakı
rolu məsələsini də əhatə edir. Bu mənada
təqdim edəcəyimiz parçada "eşq"
sözünü "elm" ifadəsi ilə əvəz etmək,
bir növ, Nizami Gəncəvinin yüksək
ideyalarını müasir yanaşmalarla açıb şərh
etmək deməkdir.
Beləliklə,
dünya şöhrətli Azərbaycan şairi Nizami Gəncəvinin
"Eşq haqqında bir neçə söz" şeirini
"Elm haqqında bir neçə söz" adı ilə
XXI əsrin oxucusuna çatdırmaq böyük ustadın
ölməz ideyalarının əbədiliyini, onun əsərlərinin
bütün dövrlər və zamanlar üçün aktual
və müasir olduğunu daha bir fərqli nümunə ilə
gündəmə gətirmək vəzifəsini icra etmək
deməkdir. Ədəbiyyat nəzəriyyəsində
iqtibas adlandırılan bu üsulla Azərbaycan ədəbiyyatında
çoxlu sayda əsərlər yazılmışdır.
İqtibas-geniş anlayış olub, yalnız bədii
mətndəki sözlərin əvəz edilməsini deyil, hər
hansı bir yazıçının əsərinin, yaxud
şifahi xalq ədəbiyyatı motivinin mövzusu və
süjeti, hətta süjetin müəyyən bir məqamı
əsasında fərqli bir əsərin yazılma mənalarını
ifadə edir. Ədəbiyyatımızda
müstəqil bir janr statusu qazanmış iqtibas formasında
yazılan əsərlər içərisində Nizami Gəncəvidən
istifadə etməklə yazılan əsərlər də
kifayət qədərdir. Təkcə onu göstərmək
bəs edər ki, Nizami Gəncəvinin müxtəlif əsərlərindəki
"Kərpic kəsən kişinin dastanı", "Fitnə",
"İskəndər və çoban" və sair
mövzularda dönə-dönə müxtəlif səpkili əsərlər
meydana qoyulmuşdur. İqtibaşla bədii təqlidin
nəzirəçiliyin fərqi bu formatda yazılan əsərlərin
forma və məzmunca yeni olması, burada hökmən təzə
bir fikrin, ideyanın mənalandırılması ilə əlaqədardır.
Dahi Nizami Gəncəvidən iqtibas etməklə
yaranmış "Elm haqqında bir neçə söz"
şeirin oxuculara təqdim edirəm.
İsa
HƏBİBBƏYLİ
Ədəbiyyat qəzeti.- 2021.- 5
iyun.- S.2.