Ölülər
üçün yumurta
Romandan parça
Dəvə
oynayanda qar yağar...
El sözü
Qapının zəngi çalınanda əlindəki zərləri
nərdin içinə qoyub qalxdı, eyvandan qonaq
otağına, ordan da dəhlizə keçib qapını
açdı.
Rəqibi də ərinib eləmədən
ayağa durub onun ardınca gəldi. Qapının
ağzında üzünə tük çıxmamış
cavan, ucaboy, başında deşik-deşik yay kepkası olan
bir oğlan dayanmışdı.
- Salam,
dayday... - kepkalının ağzında nəsə vardı,
deyəsən, saqqız çeynəyirdi.
- Əleykim... - oyunu yarımçıq saxlayan hövsələsizliklə
dilləndi. -
Nolub?..
-
Buyurun... - oğlan əlindəki kağızı ona
uzatdı.
- Bu nədi?
- yazılı-möhürlü
kağızı alıb oxumadan soruşdu.
- Bələdiyyədəndi...
- oğlan rəsmiyyətlə izah elədi. - Siz mənzilinizin
əmlak vergisini ödəməlisiz...
- Bu mənzil
mənim deyil ki, a bala... Dostumundu... Arvad məni evdən qovub,
hələlik burda qalıram...
- Onda, bu
kağızı verərsiz evin yiyəsinə... - cavan
gülməyini güclə saxladı.
- Ev
sahibi xaricdədi. Moskvada...
- Nolar... Gələndə verərsiz... - kağız gətirən
tez-tələsik canını qurtarmaq istədi. - Sağ
olun...
-
Yaxşı yol... - deyib qapını örtdü.
Qapını
bağlayan kimi də arxada dayanmış rəqibi onu məzəmmətlədi:
- Sənə
kim deyirdi ki, tanımadığın adama hesabat verəsən?.. Arvad məni evdən qovub... Bu mənzil mənim
deyil... Ev yiyəsi Moskvadadı, mən nə bilim nə... Bəlkə bir tərcümeyi-halını da əvvəldən
axıracan danışaydın ona? Harda doğulmusan,
haçan məktəbə getmisən... Sənnən
oğurluğa getmək olmaz... Ağzın
yırtıqdı, adamı ələ verərsən... Öz sirrini saxlaya bilməyən mənimkini
saxlayacaq? - elə dedi ki, guya, həqiqətən
də oğurluğa getməyə
hazırlaşırdılar. - Gördün kağız gətirən
oğlan sənə necə qəribə, mat-məəttəl
baxırdı?
- Necə
baxırdı ki?.. - o,
rəqibini yamsılamaq istədi.
- Belə...
- qaşlarını oynadıb gözlərini bərəltdi
rəqibi. - Dəliyə baxan kimi...
- Bəs
nə deyəydim?
- Deyəydin
ki, cəhənnəm ol burdan!..
-
Bacı-qardaş sizin ağzınızdan qan iyi gəlir,
boş yerə cavan uşağın xətrinə niyə dəyim,
hə?..
Keçib yenə eyvandakı masanın arxasında əyləşdilər
qabaqlarında da nərd.
- Sən
düzələn deyilsən... Canından iraq,
qozbeli düzəldən qəbir də səni düzəldə
bilməyəcək...
- Bəs,
bu kağızı neyləyim? - o,
cavanın verdiyi kağızı göstərdi.
- Neyniyəcəksən,
çır at getsin o yana... - rəqibi əməlli-başlı
əsəbiləşmişdi. - Bu kağızdan hamıya gətirirlər...
Kimi həriflədilər qənimətdi...
- Yox...
Əmanətə xəyanət eləmək olmaz... Saxlayım, evin yiyəsi gələndə verərəm
özünə, istəyər cırıb atar, istəyər
pulu ödəyər... - o, kağızı səliqə ilə
qatlayıb köynəyinin döş cibinə qoydu. - Əşi, həvəsim yoxdu e, oynamıram... - nərdin
daşlarını qarışdırdı. - Gəl səni
ötürüm, çıx get, özüm də
düşürəm həyətə, bir az
gəzişəcəm, maşını da yuduzduracam...
***
Arvadı evdən qovanla nərd oynayan masa arxasında
sakitcə əyləşib dilxor-dilxor siqaret tüstülədirdi. Divandakı
qadın da susub əlləri ilə üzünü
örtmüşdü, araya uzun və cansıxıcı
sükut çökmüşdü. İri
divar saatının kəfkirinin ritmik
çıqqıltısı sükutu pozurdu, bir də həyətdə
oynayan uşaqların hay-harayı.
- Dedi ki,
evə qayıtmayacaq? - nəhayət,
qadın dilə gəldi.
- Yox...
Qırımından belə anladım ki, məsələ
ciddidi, qayıdana oxşamır... Yəqin, çoxdan qərar
veribmiş... Beş-üç günün söhbətinə
də oxşamır... Çox arxayın idi e, özündən...
Elə bil qanqaraldıcı heç nə baş vermiyib, əksinə,
deyib gülürdü, kefi göyün yeddinci qatında idi...
Söz arası dedi ki, mən nə qədər
bacarırdımsa dözdüm, bundan o yanası mənlik
deyil...
- Cəhənnəmə
qayıtsın, gora qayıtsın! - qadın
qeyzləndi, tez də köpü yatdı, səsini
yavaşıtdı. - Bəs harda, kimin yanında
yaşayır? Yeri yaxşı olmasa dizin-dizin sürünə-sürünə
qayıdar...
- Deyəsən,
tək yaşayır. Təzə tikilmiş binada... On üçüncü mərtəbədə...
Deyir ki, guya, hansısa dostunun mənzilidi, hələlik ona
verib... - kişi nagüman-nagüman cavab
verdi.
- Yalan
deyir, onun dostu nə gəzir, yəqin, o mənzil də
özününküdü...
- Mən
də elə başa düşdüm... Deyəsən, qəsdən
qıy-qışqırıq salırdı həmin mənzildən
söz düşəndə...
- Həlbət
ki, elədi... O, bilirsən nə hiyləgərdi... - qadın
razılıqla başını tərpətdi. - Sən də
araya söz qatıb otaqda siqaret çəkmə... Öz
evinizdə tüstülətsən arvadun sənin ciyərini
çıxardar... Söndür o zəhrimarı...
- çımxırıb mətləb üstünə gəldi.
- Ayrı nə dedi? Əməlli-başlı boşanacaq, ya
küsəyən təzə gəlin kimi dədəsi evinə
gedib qiymətini artırır?.. Qarnının ağrısı nədi görəsən,
torbaya pişik hardan girib?
-
Orasını dəqiq bilmədim, - kişi
itaətlə siqareti külqabına basıb
söndürdü. - Deyəsən, yox... Amma kəbinli
qalsaz da, bu heç nəyi dəyişməyəcək.
Mənə belə gəlir, adicə kağız
parçasıdı o zaqs kağızı... Hələ
mal-mülk bölgüsü də elədi mənnən nərd
oynaya-oynaya... Özü də tamam ciddi,
zarafatsız-filansız... Bilirsən axı, o, baməzədi...
- Necə
yəni? Deyirsən, mənim ağlım
çaşıb? Bu boyda zarafat olar?
- qadın əsəbi-əsəbi yerində
qurcalandı. - Mal-mülk bölgüsündən nə dedi?
- Dedi ki,
maşını mən götürmüşəm, qoy ev ona qalsın... Ürəyin istəyəndə
bağa gedib gələ bilərsən, bağın
açarı hər ikinizdə var... Yəni bağ hələlik
ümumidi, hər ikinizindi... Elə bağ məsələsindən
də ağlım bir şey kəsmədi. Şərikli
malın olunca, şərikli arvadın olsa
yaxşıdı...
- Bəs,
rayondakı mülk?
- Sənin
o mülkdə də gözün var? Dedi ki, o mülk bizim
ata-baba ocağımızdı, oranın sənə dəxli
yoxdu, o ev müqəddəsdi... Müqəddəslərin
ruhu gəzir o ocaqda...
- Pah!
Yavaş yeri yıxılarsan... Gündə bir vedrə araq
içirdi, indi molla olub mənimçün... Müqəddəs
ocaq e... Evlərinin arxasında, hündür ağacların
arasındakı bir qaya parçasının üstündə
qapısız-pəncərəsiz məqbərəfason bir
şey tikiblər, sayiə də buraxıblar ki, guya, həmin
seçilmiş günlərdə, bəzi dindar adamların
yanında həmin daşın ətrafını
öz-özünə xəfif bir alov bürüyür, od qaya parçasına bənzəyən
üstü qara parçalı daşı haləyə
alır... Ancaq nə hikmətdisə
daşın üstündəki qalın parça yanıb eləmir.
Mən neçə dəfə, neçə
gün qaldım o evdə, amma o daşın yan-yörəsində
od-alov-filan görmədim. Hamısı
fırıldaqdı, mövhumatçıların
başını bişirməkdən ötrüdü... Xurafatçılardan pul qoparmaq tələsidi.
Hamısı müftəxordu, heç biri heç yerdə
işləmir, elə Allah-Allah deyə-deyə
şarlatanlıqla pul qazanırlar, yalansa Allah onların belini
qırsın... O cür kələkbazlıqla qazanılan pulu
rahat xərcləmək olar? Oların yeri cəhənnəmdəki
qır qazanında bişmək deyil ki... Elə bu dünyada
da burunlarından gələcək o haram pullar... Mən
qarabaxt da hərdən dilimi saxlaya bilmirəm oluram pis... Bu
şarlatanlar təkcə yazıq, fağır, əlacsız
camaatı aldatmırlar ki... İraq-iraq guya, öz aləmlərində
Allaha, peyğəmbərə, bütün müqəddəs
sayılanlara kələk gəlirlər... Məqbərə,
türbə qəbrin üstündə tikilər... Daşa da
məqbərə tikərlər?..
- O adi
daş deyil. Müqəddəsdi... Çox yerdə müqəddəs
şeylər, ağaclar, daşlar, mən nə bilim, balaca
heykəllər qorunmaq üçün əhatəyə
alınır... O həyətdəki daşın üstündə
olan tikili də yəqin, buna görədi...
- Daş,
əşya haçandan müqəddəs sayılır?
- Bəs
sən haçandan molla olmusan?
- Nə
mollabazlıqdı, mən məktəb-zad oxumamışam bəyəm?
Məqbərə, türbə deyil e, o həyətdəki
daşın üstündəki, pul, var-dövlət
dağarcığıdı... Bu, Allaha kələk
gəlmək deyil, bəs nədi? Görüm Allah
oların başına elə o türbədəki boyda bir
daş salsın...
- Az, bəsdi
ona-buna qarğış elədin... Ateistliyin başına bəla
açacaq sənin... Oların sənə nə
pisliyi keçib? Qorxmursan seyid-peyğəmbər
övladlarının cəddindən?
- Nə
qarğış, nə ateistlik e, mən ateist-zad deyiləm. Seyid də araq içib min hoqqadan çıxar?
Qoy piyanıskalıq eləyənlər qorxsun Allahdan... Yadındadı atası toyumuza gəldi rayonnan,
içib piyan oldu toyda, nə həngamə
çıxartdı, heç kəs sakitləşdirə
bilmirdi o seyidi, hərəyə bir kəllə gəlirdi.
Çünki özündə-sözündə deyildi,
arağı su kimi içmişdi seyid... Deyirlər, toyumuzda
içib altını batırmışdı da... Belələrinin
ətəyində namaz qılmaq istəyirsənsə, get
qıl, sənin qabağını kəsən yoxdu... Sən
onsuz da ingilis bayrağısan, külək hayana əsdi, ora
yıxılmağa öyrəşmisən...
-
Qızışıb başlama yenə... O sənin ərindi,
başa düş! Özü də pis adam
deyil... Atasının toyda keflənməyini
adamın başına nə qədər qaxmaq olar? O da dəmirdən
deyil ki, nə qədər dözsün? O adamların sənə
nə pisliyi dəyib? Sənə az qala
özün ağırlığında
qızıl-gümüş bağışladılar mənnən
ora qonaq gedəndə... Mən də çörək kəsmişəm
onun ata evində... Az qala ayağımızı
yuyacaqdılar, day adama necə hörmət eləyərlər?.. Bir hüquqşünas kimi deyirəm ki, o
evdən gözünü çək, ordan sənə
heç nə düşmür, o ev sənnən
qabaq tikilib...
- Nə
qızışmaq e, düz demirəm?!. - qadın onun son kəlmələrini
qulaqardına vurdu. - Orasını yaxşı yadıma
saldın, sən özün də olmusan axı, onun ata-baba
mülkündə, yadımdadı hələ o yumru məqbərənin
içinə də girmişdin, ordakı daşı da
sığallamışdın qorxudan əlin titrəyə-titrəyə,
deyəsən, gözündən yaş da gəlirdi daşa
sığal çəkdikcə... Hə, hə, yaxşı
yadımdadı, diz çöküb əməlli-başlı
ağlayırdın sən dodaqaltı nə isə
pıçıldaya-pıçıldaya... Deyəsən,
çörəkli bir vəzifə keçirdi sənin
könlündən...
- O məqbərənin
qapısı yoxdusa, mən içəri necə girmişdim?
- qadının istehzasını
qulaqardına vurdu.
- Qapı
yeri var e, olmağına, tağlı qapı yeri,
qapının özü yoxdu, boşdu yeri...
-
Görürsən nahaq danışırsan...
-
Sözü fırlatma, o, rayondakı mülkə: "müqəddəs"
deyib forslananda sən də ağzına su alıb durdun? Ya bacını qoyub onun tərəfinə
keçmisən? Yadımdadı onun əmisi
öləndə doğmaları qalmışdı bir tərəfdə
sən gözünün qorasını tökürdün,
yaxanı çırırdın. Ölü yaddan
çıxmışdı, camaat bilmirdi səni necə
kiritsin...
- Köhnə
palan içi eşmə... Dava-dalaşa,
razborkaya getmişdim ora? Onun əmisi öləndə
də mən sənə görə ağlayırdım.
Bilirdim ki, itlə-pişik kimi yola getmirsiz bir
evin içində. Ağlayırdım ki,
mehribançılıq salam araya, sizin
evliliyin ömrünü uzadam. O boyda mal-mülk, var-dövlət
əlimizdən çıxmasın. Yoxsa onun bütün nəsli
bir gündə qırılsın, mənim nə vecimə?..
- Onsuz da
qırılıblar, bir kişiyəoxşayan,
bığlı-saqqallı, qarımış, ifritə bibisi
qalıb, bir də özü...
- Ona
görə gərək səbirli olaydın... İndi
durub hay-küy salaram deyər ki, vapşe, boşanıram, nə
sözün var? Hələsə, heç
olmasa rəsmi ər-arvad sayılırsız. Belə məsələdə
dərinə getmək olmaz, işi pişim-pişimlə,
sığallaya-sığallaya görmək lazımdı...
- Qorxaq! Sən mənim qardaşımsan, ya onun?
- Bir
quranlıq söz danışıram, kor kimi hələ də
tutduğunu buraxmırsan... Düzü, mən onda bir günah
görmürəm... Sən... dilini bir az
şirin elə də...
- Dilin məsələyə
dəxli yoxdu... - qadın səsini yavaşıtdı. - Mənim
uşağım olmadığına görə bu həngamə
baş verir...
-
İnanmıram... Yox... - kişi etinasızlıqla
əlini yellədi. - İndi təbabət elə
inkişaf eləyib ki, doxsan yaşında qarını da
doğuzdururlar. Sən üstünə düşsən
istədiyin vaxt ana ola bilərsən.
İntəhası, sən də barmaqarası baxmısan
övlad məsələsinə, o da... Vecinizə olmayıb
övlad-zad... O başqa söhbətdi ki, indi arvadlar ərə
gedən kimi uşaq doğub kişilərin başında qoz
sındırırlar. Yazıq kişilər də
oğul-uşaq xətrinə səslərini çıxarda
bilmirlər...
-
Hamını öz arşınınla ölçmə... Səni
moizə oxumağa çağırmamışam, olan olub,
keçən keçib, indi bir çıxış yolu
göstər... Neyləyim mən, hardadı
çarə, sənin onunla görüşündən
hansı nəticəni çıxara bilərik? - ümumiləşdirib qardaşını da
öz başına gələnlərə şərik eləmək
istədi. - Sən də bir evin kişisisən, bu işi
hay-küysüz yoluna qoymaq üçün neyləməliyik?
- Belə
peşman olacaqdınsa, onu evdən niyə qovurdun? Neyləmişdi axı o yazıq sənə, hə?
- Kim? Mən?!. - qadın təəccüblə
gözlərini bərəldib əlini yüngülcə sinəsinə
vurdu. - Mən qovmuşam onu?
- Yox, mən!.. Hər halda, sənin ərin yeri gəldi-gəlmədi,
hər yanda belə deyir...
- Allah
haqqı, yalan deyir... Baş açmadım nədəndi,
qarnının ağrısı nədi, elə durduğu yerdəcə
şeylərini yığdı balaca sumkaya, qalxdı ayağa
ki, mən gedirəm, biz gərək ayrı yaşayaq, istəsən
boşanarıq...
- Elə
səbəbsiz-zadsız?
- Allah
haqqı, hə? - qadın andını təkrarlayıb
qətiləşdirdi.
- Bəs,
istəsən boşanarıq, nə deməkdi?..
- Bilmirəm,
bəlkə mənim haçansa ərə getmək istəyəcəyimə
söz atırdı?
- Nə
isə... Mən gedim... - kişi yerində
qurcalandı.
- Elə
belə gedəcəksən?
- Nədi
ki?
- Bəs,
mən neyniyim? Qardaş deyilsən bir çarə tap,
çıxış yolu göstər... Nə
məsləhət görürsən?
-
Çarə yoxdu, zəng elə mobil telefonuna, yalvar-yaxar... Bəlkə
insafa gəldi, ürəyi yumşaldı... Çıxmayan cana ümid çoxdu...
- Nə?!. - qadın hirsindən dik
qalxdı. - Mən yalvarıb-yaxarım? Bu nə
sözdü deyirsən? Allah vurmuşdu onu!..
Gör mən kimin bacısı qızıyam?
Cəfər müəllimin... Qulağının dibini görər
o!..
- Əl
çək Cəfər dayıdan... O rəhmətliyin
sümükləri də çürüyüb...
- Hər
nə... Ölkənin sayılıb seçilən
prokurorlarından idi Cəfər dayım... Gözünnən
gəlsin o əclafın, indi mənə dalını
çevirir, mənim Cəfər dayım adam
eləyib də onu, guya, sən bilmirsən...
-
Heç sənin əringil də kasıb-fağır deyildi,
bütün el-oba oların başına and içirdi, ətəyini
öpürdü...
- Pah!.. Oların nəsli yığıla, Cəfər
dayımın dırnağı ola bilməzdi,
Cəfər dayım olmasaydı kim bilir hansı dərədə
sülənirdi o...
- Cəfər
dayı adam eləyəndi, ona-buna niyə əl
tuturdu, elə öz bacısı oğlunu adam eləyərdi
də...
- Kimi?
- Belə
məni...
- Nolub ki,
sənə?
- Nolacaq,
institutu qurtarandan sonra nə illah elədim məni prakraturada
balaca bir işə düzəltmədi, o vaxtdan hüquq məsləhətxanasında
baş girləyə-girləyə qocaldım, amma öz yekəxana,
tripaş oğlunu Xarici İşlər Nazirliyinə düzəltdi...
Tak şto, çox şişirtmə Cəfər
dayını... Görə-görə gəlmişəm e, adam ağzını açmamışdan bilirəm
nə deyəcək. Cəfər dayım, Cəfər
dayım... Mənə bir gün ağlamadı sənin Cəfər
dayın... O ki qaldı sənin əringil tərəfə,
onlar varlı-hallı adamlardı, o boyda rayonda hörmət-izzətləri
var, onlar sənin Cəfər dayını nə hərləyir.
Hələ bilmək olmaz kim-kimdən istifadə eləyib...
-
Dayının haqqını itirmə, bəs niyə demirsən
ki, o sənin instituta girməyinə kömək eləmişdi?
Day bizim yolumuzda yazıq özünü güdaza verməyəcəkdi
ki... Ölənin dalınca danışmazlar...
- Buy...
Salamməleykim... - kişi əlini sinəsinə
qoyub yüngülcə təzim elədi. - Sən bayaqdan
öz ərinin ölü-dirisini qəbirdən
xortladırsan, mən ölünün dalınca
danışan oluram?.. - dərinə
getmədi. - Nə isə... özün bilərsən... -
uzatmayıb ayağa dursa da, yenə dilini dinc saxlaya bilmədi.
- O Cəfər dayın, o sənin ərin, bir də sən...
Üçünüz yığışıb bir qərara gəlin...
Mənsə öz qardaşlıq missiyamı yerinə
yetirdim... - çəkinə-çəkinə yavaşca təkrarladı.
- Gedim mən... Görürəm ki, mənlik iş yoxdu, mən
girən kol deyil bu, sən yenə Cəfər dayıdan bərk
yapış, nə çıxsa, ondan çıxacaq...
- Adə,
ay arvadağız, məni ələ salırsan?! - qadın qeyzləndi. - Belə asta getmə e...
- qadın qapını göstərdi. - Tez ol, çıx
bayıra!.. Sürüş burdan! - çığırdı. - Sənin kimi
qardaşın başına yekə bir daş
düşsün!..
- Bu
gün ər-arvad ikiniz də məni evdən qovmusuz... Amma yenə
ərin səndən mərifətli idi... Mənə
deyən gərək, ay başdanxarab, buların işinə
niyə burnunu soxursan? - kişi
yazıq-yazıq dedi. - Yanan da mənəm, yaman da...
***
Bacı-qardaşın söz-söhbəti çəp
gəlib zilə çıxmamışdan qabaq o,
yaşadığı binanın qabağında var-gəl eləyirdi.
- Salam,
Əhməd dayı... - diksindi səsdən.
-
Əleykim, Fəxrəddin, mən elə sənin yanına
gedirdim...
-
Maşını yuduzdurmağa?
- Hə...
Rəhmətliyin nəvəsi, day sənin
yanına nədən ötrü gələrlər?
-
Hardadı maşın?
- Elə
həmişəki yerində... Sənin moykanın
yanında... Binanın altındakı qarajda... -
bircə-bircə sadaladı.
- On dəqiqəyə
gəl də, ay dayı, mən də gedim, bir siqaret alım,
gəlirəm...
-
Yaxşı...
...Fəxrəddin
maşın yuyurdu, Əli də kətildə oturmuşdu,
qabağındakı balaca stolda da çay. O, armudu stəkandakı
çaydan bir qurtum da almamışdı, çay da soyuyub
buza dönmüşdü, hərçənd yay vaxtı buza
dönmək məsələsi bir az
şişirdilmişdi.
- Ay Fəxrəddin,
sənin qabaq dişlərin niyə mırıqdı? - bekarçılıqdan xəbər aldı.
- O vaxt
belə yaxşı vəzifəm yox idi axı... Uşaq idim, küçələrdə
maşınların təkərini qaraldırdım.
Tez-tez də davaya düşürdük təkər qaraldan
uşaqlarla... İşləmək istəyən çox, təkər
qaraldıb pul verən az... O günlərdən
yadigardı...
- Bir az pulun olsaydı sənin dişini
yaxşıca düzəltdirərdim...
- Diş
qayıransan?
- Hə...
Amma day işləmirəm.... Diş klinikamı arendaya
vermişəm... Dəxli yoxdu, tapşırardım sənin
dişini ucuz düzəldərdilər...
- Ucuz, yəni
neçəyə?
- Sənin
nə qədər pulun var?
-
Heç nə qədər...
- Onda sənin
üçün nə fərqi?.. Beş də
yoxundu, on beş də...
- Yaman
zarafatçılsan, ay dayı...
- Hə,
atam da belə idi...
-
Atası olmaq yaxşıdı?
-
Baxır ataya da... - Əhməd udqundu. - Nə mənada?
- Mənim
heç vaxt atam olmayıb...
- Elə
şey olmur axı...
- Atam olub
e, olmağına... Ancaq atamın üzünü görməmişəm,
o, mən doğulmamışdan gedib Rusyətə pul
qazanmağa... O vaxtdan ölüsündən-dirisindən xəbər
yoxdu... Nə bir parça kağız yazıb, nə də zəng-zad
eləyib...
-
Axtarmadız?
-
Dayım çox axtardı, di gəl, heç yerə əli
çatmadı. Elə bil belə adam
heç bu dünyaya gəlməyibmiş...
-
Yaşayış yerin-zadın var sənin?
- O nə
deməkdi?
- Yəni
evin-eşiyin var? Harda qalırsan?
- Həri...
Nöş yoxdu?.. Babam
öldü, onun evin satdıq. Dayım o puldan bizə
düşən payla burda birotaqlı ev
aldı... Mənfi birinci mərtəbədə... Evin
altındakı dayanacağın iki
addımlığında...
- Day orda
niyə?
-
Ucuzluğuna görə... Ora zirzəmi sayılır...
- Mənzilin
şəraiti var? Hamam, tualet, istilik-filan?..
- Bə nədi...
Əməlli-başlı evdi... Bircə balkonu
yoxdu, həm də binanın altındakı, yəni
burdakı dayanacaqdan çıxan maşınların səsi
birbaşa evdə eşidilir. Bir də ki, qonşular
yoxdu yanımızda... Bizim mənzildən başqası yoxdu
axı yan-yörəmizdə... Evdən
birbaşa binanın altına çıxırsan. Bura,
dayanacağa, qarajlara... Ya da kefin istəyir min liftə,
dırmaş kəlləçarxa, lap dama qalx...
-
Qonşuların olmaması yaxşıdı...
- Hə,
baş-qulağımız dincdi də...
- Anan nəçidi
sənin?
-
Dayım anamı da burda vəzifəyə qoydurdu... Bu binada xadimədi anam... - Dayısını tərifləməyi
də unutmadı. - Dayım ağsaqqaldı, sözü
hər yanda ötür, çox kömək eləyib bizə,
bir əli bizim üstümüzdədi...
-
Dayın sağ olsun ki, ana-bala sizi yaxşı vəzifəyə
qoydurub... - mızıldadı Əhmə, deyəsən, Fəxrəddin
adi işə vəzifə deməyə adət eləmişdi.
- Bizim binanın əsl sahiblərisiz, belə getsə sizin
qabağınızda dayanmaq olmayacaq...
- Elədi,
şükür, Allaha... Əlimiz çörəyə
çatıb... Hələ içi biz qarışıq
bütün işçilərə günorta yeməyi də
verirlər burda... Pervi, vtaroy... Ləzzət... Göz dəyməsin,
dolanırıq də bala-bala... Görmüsən yəqin mənim
anamı, lifti, kalidoru silib süpürəndə...
Hündür, arıq, uzunsaç arvaddı...
- Dayan...
- işləyən əl saxlayıb əlindəki nəm əskini
sayaladı, dönüb kətildə oturana baxdı. - Ay Fəxrəddin,
o gözə... - "gözəgəlimli" demək istəsə
də, dəbbələdi. - Göygöz, incəbel arvad sənin
anandı?
- Hə...
- Fəxrəddin başını tərpətdi.
-
Heç deməzsən onun sənin boyda oğlu var... İri
döş... e... Həmişə də iri, uzun
döşlük taxır... - dili dolaşdığından
söhbəti dəyişdi. - Məktəb-zad oxumusan sən?
- Yox,
altıncı sinfi güclə qurtardım... - deyib
anasının çavan görünməyinə
aydınlıq gətirdi. - Anam məktəbi qurtarmamış
ərə gedib, yaşı azdı...
- Anan
işləyir, sən işləyirsən, amma bir şey qazana
bilmirsiz, deyəsən?
- Ayda
üç yüz manat kredit veririk axı evə görə...
- Hə...
Moykadan qazancın az olur?
- Sən
mənə on manat verəcəksənsə, onun dördü
mənimdi...
- Bəs
qalanı?
Fəxrəddin
şəhadət barmağını rəngi getmiş uca, nəm
tavana tuşladı:
-
Yuxarıların...
-
Yuxarılar hardan bilir ki, sən gündə necə
maşın yudun, neçəyə yudun?
-
Görmürsən hər yan kameradı?..
Özün bilirsən ki, bu binanın ərazisində
çəkirlər hər şeyi... - ərinmədən
sadaladı. - Lifti, kalidoru həyəti, dayanacağı,
qarajı... Ayağın büdrədi, vəzifəni itirəcəksən,
ona görə ən yaxşısı düzlükdü... Day bu yaşımda küçələrə
düşüb təkər qaraltmağa halım yoxdu... -
burasını qocafəndi əlavə elədi.
- Əsgərliyə getmisən sən?
- Yox...
- Bəs,
sən əsgər gedəndə nolacaq?
- Məni
əsgər aparmayacaqlar...
- Niyə?
-
Küçələrdə təkər qaraldanlarla davaya
düşüb dişlərimi sındırandan sonra dayım
aparıb məni tikintidə vəzifəyə düzəltdi.
Beton qarışdıranların köməkçisi... Çox üz vurdu ki, məni vəzifəyə
götürsünlər. Balaca idim axı, götürmək
istəmirdilər, axırda dayımdan keçməyib dedilər,
biz səni yarımştat vəzifəyə
götürürük, amma bütün günü gəlib
işləyəcəksən... Tikintidə bəxtim
gətirmədi, turba düşdü sol əlimin üstünə,
çeçələ barmağımla, adsız
barmağımı üzdü... - Fəxrəddin sol əlini
qaldırıb əşyayi-dəlil kimi Əhmədə
göstərdi. - Budu... O vaxtdan qaldım səkkizbarmaq...
Mənim yaşımın azlığına baxma,
başım çox müsibətlər çəkib, ay
dayı...
- Heyif...
- Əhməd təəssüfləndi. - Heç fikir verməmişəm...
- Hardan
fikir verəsən, sol əlim olduğuna görə bilinmir...
İşlək əl deyil axı... Sağ əlim olsaydı
görüşəndə bilinərdi, işləyəndə
incidərdi məni də...
- Bir
işim var, alınsa, sənin dişlərini mən
özüm düzəltdirəcəm... - sanki müsahibini
inandırmaqdan ötrü əlini yüngülcə sinəsinə
vurdu. - Öz cibimdən... Kişi kimi söz verirəm sənə...
Mən sözümdən qaçan adam
deyiləm, söz vermirəm heç vədə, ancaq söz
verdimsə, dediyimi hökmən eləyirəm...
-
Alınar, ay dayı, alınar sənin işin, darıxıb
eləmə... - Fəxrəddin yenə maşının
şüşəsini silməyə girişdi. - Həmişə
fikirləş ki, sabah bu gündən
yaxşı olacaq... Yoxsa yaşaya bilməzsən, ürəyin
partlayar...
...Evin
altından bayıra yol alan qara
maşın moykanın qabağanda dayandı. Sükan
arxasındakı qara eynəkli cavan başını bayıra
çıxartdı.
- Ala,
Faxı, buralarda ol... Yarım saata
qayıdıram. Bu maşını yaxçı-yaxçı
yumaq lazımdı...
- Baş
üstə, burdayam... Haçan xətrindi gəl... Sən
qardaşsan, sənə həmişə yaşıl
işıqdı, növbə-zad yoxdu...
Əhməd gülümsündü, çünki Fəxrəddin
yalandan özünü qiymətə mindirirdi, deyəsən,
o, axırıncı müştəri idi, maşın
yuduzdurmaq istəyən-zad yoxdu. Deməli, müsahibi cəkişə-çəkişə
bərkiyib diplomatiyanı da öyrənmişdi, onun gələcəyi
üçün qırxmağa dəyməzdi, həmişə
çörəyi olacaqdı.
Maşın diki qalxıb gözdən itdi.
Mübariz
CƏFƏRLİ
Ədəbiyyat qəzeti.- 2021.- 5 iyun. S. 4-5.