Hesab
dərsi və ya müqəddəs 44
Hekayə
Keçən ilin payızından o, anasında dəyişiklik
hiss etməyə başlamışdı. Amma bu barədə
nə anasından, nə də atasındn soruşmağa
cürət etmişdi. Sanki bunun naməhrəm
mövzu olduğunu bilirdi. Amma onlara tez-tez gələn və
onunla arası açıq olan ata nənəsi Gülnisə
demişdi ki, inşallah yazda hacıleylək ona dünya
gözəli bir bacı gətirəcək...
Hacıleylək
hər il yazın ortalarında evlərinin
qarşısında, yol qırağında çinarın
budaqları arasında iri yuva qurardı. Həmin
hacıleyləyin özünün də çox gözəl
balaları olardı. Amma indi nənəsi deyəndə
ki, hacıleylək ona bacı gətirəcək, sevincindən
az qalmışdı ki, həmin leyləklər
kimi pərvazlanıb havaya qalxsın.
Onun ən çox sevdiyi fənn riyaziyyat idi. Riyaziyyatdan dərs
deyən Samvel müəllim onlara toplama, çıxma, vurma və
bölmə əməllərini öyrətmişdi.
Gülnisə
nənəsi deyəndə ki, yazda hacıleylək ona bacı
gətirəcək o da tez beynində hesablama
aparmışdı: "Demək, mən, anam, atam -
üç nəfərik, hacıleylək də mənə
bir bacı gətirəcək. Üstəgəlsək,
olur dörd. Hə, nə gözəl, biz
dörd nəfər olacağıq".
Atası
həmişə deyərdi ki, yaxşı ailə
bölünməz bir yumruğa bənzəyir:
4:1=4
"Ay
can-ay can... Demək, heç nə bizi ayıra bilməz!".
Sonra qərara
gəlmişdi ki, iki nənəsini və babasını da
toplasın:
4+3=7
Nə gözəldi? Gör nə qədər
oldular.
Heç kim, heç nə onları ayıra bilməz.
Hesab dərsi gözəldir, riyaziyyat çox
maraqlıdır...
***
İndi Şuşa türməsinin solğun
divarlarına baxa-baxa uşaq ağlı ilə fikirləşirdi
ki, riyaziyyatı yaxşı mənimsəməyibmiş. Samvel müəllim bəlkə də qəsdən
ona bu elmin sirlərini daha dərindən öyrətməyib.
Bax bir də hesablayaq: Biz üç nəfər idik, üstəgəl
bacı, üstəgəl iki nənələr, üstəgəl
baba:
3+1+2+1=7
Samvel və onun dəstəsi əvvəlcə
atasını, sonra anasını və hələ
doğulmamış bacısını öldürdülər,
ondan sonra da kənddə olan hər kəsi nənələri
Gülnisə və Mədinəni, babası
Qılıncxanı yandırdılar. Demək, neçə oldu:
7-1-1-1-3=1
Və... o, tək qaldı.
Onun üç ən əzizi vardı. Üçü də
öldü:
3-3=0
İndi heç kimi yoxdur.
Şipşirin
nənələri və mehriban babası vardı:
3-3=0
İndi heç biri yoxdur.
Atası deyərdi ki, ailə bir yumruqdur. Heç kim
bata bilməz onlara. Sən demə, atası səhv
edirmiş. Demək, o yumruq yox imiş:
4:0=0
Bir anlıq duruxdu. Axı deyəsən, dərsdə
keçmişdilər ki, sıfıra bölmək olmaz.
Axı sıfır heç nədir, heç nəyə
necə bölmək olar? Amma onları böldülər
axı, elə öldülər ki, heç nə qalmadı!
Təkcə o qalıb... Onda belə yazmaq lazımdır:
4:4=1
İndi bu həbsxanada ona əziz olan bir şey
vardısa o da bu divardakı rəqəmlər idi. Hələ
uşaqlıqdan bəri sevdiyi rəqəmlər. Samvel müəlliminin öyrətdiyi rəqəmlər.
Ah! Samvel müəllim...
Axı niyə belə etdin, müəllim. O qədər çoxlu rəqəm
yazırdın yazı taxtasına, hətta o biri dərsə
zəng vurulana qədər heç kimi qoymazdım silsin o rəqəmləri
yazı taxtasından. Amma sən özün
sildin onları. Yandırdın evimizi, atamın
meyitini, kəndimizə vurduğun odla yandırdın o rəqəmləri
də birdəfəlik. Yox, mən bir daha o
rəqəmləri öyrənməyəcəyəm. Bir daha riyaziyyat adlı dərsə getməyəcəyəm.
Heç vaxt toplama, çıxma, vurma, bölmə
aparmayacağam.
-
Heç vaxt! - qəflətən
bağırdı.
Bir il idi ki, burda, Şuşa türməsində
idi. Özü də tək-tənha. Tək qaldıqca da məhv olurdu.
Əllərini
göyə açdı:
-
Allahım, - deyə pıçıldadı, - dünyada tək
olan yalnız Sənsən. Məni tək qoyma!
***
Beynəlxalq Qırmızı Xaç Komitəsinin Cənubi
Qafqaz üzrə nümayəndəsi Admirale Ankora İrəvanın
"Zvartnots" hava limanında təyyarədən enər-enməz
cəmiyyətin yerli nümayəndəsinə təcili Xankəndinə
getməli olduğunu bəyan etdi. Ermənistan və Azərbaycan
arasında Qarabağ müharibəsi başlayandan bəri
İrəvana bir neçə dəfə səfər
etmiş Admiraleni yerli nümayəndə bu qədər narahat
və qayğılı görməmişdi.
-
Xanım Ankora, məncə, cəbhə bölgəsinə sabah sübh tezdən yollanmaq daha yaxşı
olar. Həm yol gəlmisiniz, bir qədər dincələrsiniz,
- sözünün ardını gətirməyərək
yaxınlıqda dayanmış "Mersedes"in arxa
qapısını açdı. - Buyurun, əyləşin. -
Özü də əyləşib üzünü
sürücüyə tutdu: - Aşot, mehmanxanaya sür.
Onun bu hərəkəti
Admiraleni lap hövsələdən çıxartdı:
- Cənab
Miqranyan, Şuşa həbsxanasında on
yaşlı azərbaycanlı oğlan ölüm
ayağındadır. Mən əsirlərlə
aparılan işə cavabdehlik daşıyıram. Biz münaqişəyə neytral münasibət bəsləsək
də, mən öz vəzifə borcumu yerinə yetirməliyəm.
- Narahat
olmayın, xanım Ankora. Düzdür,
oğlanın bir ayağı və üç
qabırğası sınmışdı, amma o, tam həkim nəzarətindədir.
Əminəm ki, səhərə kimi də
sağ-salamat qalacaq. Bir də ki, Stepanakertə biz
yalnız sabah səhər helikopterlə
gedə bilərik. Bu günə başqa
heç bir reys yoxdur, - deyə hiyləgərcəsinə
gülümsəyib, bayaqkı fikrini tamamladı.
Hirsini boğan Admirale razılaşmaqdan başqa
çarəsi qalmadığını görüb
başını buladı.
***
Şuşa həbsxanasına atıldığı
gündən cəmi iki dəfə onun yanına həkim gəlmişdi. Birinci dəfə
sınmış ayağına gips qoyanda,
qabırğasını sarıyanda, ikinci dəfə isə
Beynəlxaq Qırmızı Xaç Komitəsinin baş
ofisindən olan nümayəndə ilə birlikdə gələn
həkim gipsi götürəndə.
Onu tez-tez gözdən uzaq kameraların birində gizlədirdilər. Artıq
anlamışdı ki, onu beynəlxalq təşkilatların
nümayəndələri gələndə gizlədirlər.
Uşağın məsum çöhrəsi həbsxana
divarlarının soyuq üzü kimi saralıb-solmuşdu.
Heç kəs bu yaşda uşağın əsir
olmasını, həbsxanada saxlanılmasını qəbul
etməzdi. O ki qala Avropanın və Amerikanın
nüfuzlu beynəlxalq təşkilatlarının nümayəndələri
ola.
Amma o, bir şeyi bilmirdi. Ara-sıra həbsxanaya
gələn xaricilərə onu göstərməyə məcbur
olan həbsxana rəhbərliyi onun buraya düşməsi barədə
nağıl uydurmuşdu. Həmin
nağıla görə, əsgərlər onu meşədən
ayağı və qabırğaları sınmış halda
tapmışdılar. Guya valideynləri
öz doğma kəndlərini tərk edib qaçarkən
uşaq yolu azıb yüksək təpəlikdən
yıxılmış, ayağı və qabırğası
sınmışdı. Onu əsgərlər tapıb
Xankəndinə gətirmiş, xəstəxanada müalicə
edəndən sonra elə onun öz təhlükəsizliyi
baxımından Şuşa həbsxanasına
yerləşdirmişdilər. Oğlan Azərbaycan
dilindən başqa heç bir dil bilmirdi. Az-çox
erməni dilini başa düşə bilirdi. Çünki uşaqlıqdan ermənilərlə təmasda
yaşamışdılar. Əsl həqiqəti
burada hər kəs bilsə də, hamısı həbsxana rəisinin
uydurduğu əfsanəni əzbərləmişdi və
lazım olanda tutuquşu kimi təkrar edirdi.
İndi cansız bir müqəvva kimi kameradakı dəmir
çarpayıda uzanıb baş verən dəhşətli
hadisələrdən hələ də özünə gələ
bilməyən on yaşlı İlkinin yalnız kirpikləri
tez-tez tərpənirdi. Əlbəttə, onun psixikası
pozulmuşdu. Burda gördükləri və buna qədər
baş vermiş hadisələr bir an belə
gözlərinin önündən getmir, səhərdən gecəyə
kimi beynini qarışdırıb başına, bədəninə
müdhiş ağrılarla əzab verirdi.
Bir dəfə yanına azərbaycanca danışan bir
şəxs gəlmişdi. Əvvəlcə onun
kefini, halını xəbər alandan sonra buradan getmək istəyib-istəmədiyini
soruşdu. İlkin tezliklə azərbaycanlıların
gəlib onu buradan azad edəcəklərini, həbsxanada ona
işgəncə verənləri isə cəzalandıracaqlarını
deyəndə onunla ana dilində danışan şəxs
şaqqanaq çəkib gülmüş, sonra isə onu var
gücü ilə təpikləyib döymüşdü.
Həmin gün onun qəlbi, ruhu, damarlarında axan qan ətrafa
nifrət fışqırırdı. Onun və ailəsinin
başına gətirilən müdhiş müsibətləri
unuda bilmir, nifrət, qisas hissi onun qəlbini, bütün
vücudunu darmadağın edirdi. İndi
onu yalnız və yalnız bir şey
düşündürürdü. Nəyin
bahasına olur-olsun, sağ qalmalı və ailəsini qətlə
yetirəndən öz qisasını almalı idi.
Orta yaşlarında olan həmin yekəpər,
çopur sifətli şəxs tez-tez kameraya girir, ürəkbulandırıcı
söhbətlər edir, onu qane etməyən cavablar alanda
İlkinin başına yumruqla zərbələr endirirdi. Hər
şeydən çox İlkini qabırğalarının və
ayağının yenidən sınacağı, cəhənnəm
əzabı verən ağrıların bir də
başlayacağı qorxudurdu. Buna görə
də yazıq uşaq qeyri-ixtiyari olaraq başını irəli
uzadırdı ki, həmin mənfur insan onun başına
vursun.
***
Kameranın qapısı şaqqıldayıb
açıldı. Səsdən səksənən İlkin
Allaha yalvarırdı ki, gələn həmin çopur sifət
yekəpər olmasın. Yarıqaranlıq
kameraya daxil olan çopurun əyri, donqar burnu sanki bir qədər
də böyümüş, şeytan qulaqlarını
xatırladan sivri uclu qulaqları yuxarıya dartılıb
uzanmışdı. Kəndlərində
gecə meşəyə getmək istəyəndə həmişə
nənəsi ona deyərdi ki, bu vaxt meşəyə getməzlər,
xortdan sizi yeyər. İlkin xortdanı
heç vaxt görməsə də onun çox əcaib və
qorxunc olduğunu düşünmüşdü. Uşaq marağı ilə uzaqdan da olsa xortdanı
görmək istəyirdi. İndi
yarıqaranlıq kameranın qapısında dayanıb
qıpqırmızı gözləri ilə onu süzən məxluq
elə xortdanın özü idi. Bilirdi ki,
bir neçə saniyə sonra bu mənfur məxluq onun
bütün varlığını sarsıdan sözlər
deyib yenə də leş qoxusu verən əlləri,
ayaqları ilə bədəninin hər yerinə zərbələr
yağdıracaqdır. Amma çopur yekəpər
irəli addım atanda kameranın qapısı yenə
açıldı. Gələn həbsxananın
rəis müavini Qriqoryan idi. O, üzünü yekəpər
çopura tutub:
- Bu
gün onunla işin olmasın, - dedi, - o həyasız Ankora bu
gün bura gələcək. Kameranı tərk
elə. Admirale heç nədən
şübhələnməməlidir.
Həbsxana rəisinin müavini çopur sifətli
xortdanı kameradan çıxardıb qapını çəkib
örtdü.
Admirale Ankoranı gətirən helikopter Xocalı hava
limanında yerə endi. Bu dəfə onunla birlikdə
Qırmızı Xaç Komitəsinin yerli nümayəndəsi
Miqranyanla yanaşı, ABŞ-ın İrəvandakı səfirinin
müşaviri Ceyms Allen də gəlmişdi. Hava limanında ayaqüstü bir fincan qəhvə
içəndən sonra "Nissan Patrol"a əyləşib
Allen və Ankoranın təkidi ilə birbaşa Şuşaya
yollandılar.
May ayının sonları olduğundan Qarabağın ən
gözəl çağları idi. Hər tərəf
yamyaşıl geyinmiş, dağların yamacları
gül-çiçəyə qərq olmuşdu. Uzaqdan Şuşa qalası göründü. Yolçuları aparan avtomaşın uçurumlu
dağ yolu ilə irəlilədikcə nə vaxtsa gözəl
olmuş bir şəhərin bədbin və solğun silueti
cızılırdı.
Admirale heyrətlə şəhərə baxaraq, sanki
üşüdü. Gödəkcəsinin zəncirbəndini
boğazına qədər çəkib
büzüşdü.
İndi Admiralenin fikri bir qədər sonra görəcəkləri
uşağın yanında idi. Məsələ burasındadır
ki, həmin azərbaycanlı uşağın Şuşa
həbsxanasında hansı müsibətlərə
düçar olduğunu hər şeydən məlumatı
olan Ceyms Allen çox gözəl bilirdi. Sonuncu
dəfə həbsxanada olarkən İlkini görən Allen
on yaşlı uşağın həbsxanada əsir kimi
saxlanılmasını heç cür qəbul edə bilmirdi.
Hələ Amerikada kollecdə oxuduğu
vaxtlardan yaxın dostluq münasibətində olduğu
Admiraleni də İrəvana o
çağırmışdı. İndi
nəyin bahasına olur-olsun, uşağın həbsxanadan
çıxarılıb ölkəsinə təhvil verilməsi
onu ən çox narahat edən məsələ idi. Allen bu yaşa kimi dünyanın hər
üzünü görmüş, Afrikada, Kambocada və
İraqda diplomatik missiyalarda çalışmışdı.
İndi
onunla bir maşında Şuşa həbsxanasına
gedən, təxminən elə özü yaşda olan Admirale
Ankora onun gözündə Tereza ananı
xatırladırdı. Çünki onun həmin
uşağı əsirlikdən qurtarıb ölkəsinə
təhvil vermək cəhdi böyük çətinliklərə,
hətta diplomatik qalmaqala səbəb ola
bilərdi. Bu işə hər nə qədər
yardım edə biləcək bir şəxs vardısa da o da
Admirale idi. Ceyms artıq
yaşlaşmağa doğru gedən gənclik dostu Admiraleyə
minnətdarlıq hissi ilə baxdı. Admirale gözlərinin
işarəsi ilə sanki Ceymsi sakitləşdirdi: narahat olma,
o oğlanı xilas edəcəyik.
Şuşa həbsxanasının rəisi qonaqları
giriş qapısında qarşıladı. Onları xidməti
otağına dəvət edərək çaya qonaq etdi və
göstəriş verdi ki, əsir
oğlanı gətirsinlər.
Keşikçilər İlkini dəhlizə
çıxartdılar. O, hiss etdi ki, keşikçilər bu dəfə
hansı səbəbdənsə onunla çox nəzakətli
davranırlar. Bir neçə addım
atmışdı ki, yenə də başı gicəlləndi.
Beynindəki ağrılar,
qarmaqarışıq hallusinasiyalar yeriməyə imkan vermirdi.
Üzüüstə yerə yıxıldı.
Burnundan açılan qan damlaları dəhlizin
döşəməsinə sıçradı.
Keşikçilərdən biri onu ayağa qaldırmağa
çalışaraq digərinə bağırdı:
- Tez həkimi
bura çağır! Onu bu vəziyyətdə
rəisin otağına apara bilmərik.
İlkini arxası üstə çevirdilər. Üz-gözü
qana bulaşmışdı. Qırıq-qırıq
nə isə deyirdi.
...Yaşıllıqlara
qərq olmuş həyətin ortasında hər zaman
çay-çörək yedikləri stolun üzərində
qarnı yarılmış hamilə qadın meyiti vardı. Yerdə, torpağın üstündə isə
anasının yarılmış qarnından
çıxarılan körpə meyiti qan içində idi.
Bir nəfər yaraqlı əlindəki bellə
həyat əlamətləri qalmayan qadının başına
vururdu. Hər dəfə o bel qadın
meyitinin başına dəydikcə İlkin diksinib döşəmədən
başını yuxarı qaldırır, sonra başı
yenidən tappıltı ilə döşəməyə dəyirdi.
Hər dəfə yaraqlı bellə qadının
başına vurduqca, sanki o bel İlkinin başına dəyir,
hər dəfə sanki o belin sivri uclu taxta sapını onun
ürəyinə soxurdular...
Həkim
özünü yetirib keşikçilərə göstəriş
verdi:
- Tez onu
kameraya aparın. Bu vəziyyətdə onsuz da
onu heç yerə apara bilməyəcəyik.
İlkini çarpayıya uzatdılar. Həkim ona
iynə vurdu, üz-gözünə, burun dəliklərinin ətrafına
yayılmış qanı bintlə silib, yanını
çarpayıya qoydu. Bu vaxt kameranın qapısı
aralandı, xortdanın donqar burnu göründü:
- Rəis
sizi gözləyir! - dedi.
-
Çölə çaxardan kimi huşunu itirib
yıxıldı, - keşikçilərdən biri dedi. -
Burnundan da qan gəlir. -Sonra üzünü həkimə
tutdu: - Nə edək?
Həkim
İlkinin nəbzini yoxlayıb:
- Apara bilərsiniz,
- dedi.
Həbsxana rəisinin otağına girər-girməz
İlkin yenə də yerində səndirlədi. Ona tanış
olmayan qadın və sarışın kişi İlkini maraqla
süzürdülər. Amma o, yenidən
müvazinətini itirib yıxıldı.
Ceyms tez qalxıb İlkini dikəltdi. Amma
oğlanın vəziyyətinin ürəkaçan
olmadığını görüb, əyilib onu qolları
üstünə aldı. Həbsxana rəisinə
doğru baxıb amiranə səslə dedi:
- Onu
"Amerikan Hospital"a aparmaq
lazımdır.
Həbsxana
rəisi çiyinlərini çəkib tərəddüdlə
dedi:
- Cənab
Allen, mən belə bir qərar vermək iqtidarında deyiləm.
İcazə verin nazirə məruzə edim.
Admirale tərs-tərs
həbsxana rəisinin üzünə baxıb, Ceymsin qolları
üstündə inləyən qara gözlü oğlanın
pırtlaşıq saçlarını oxşayaraq:
- Gedək,
Ceyms, artıq onu burada saxlamaq olmaz! - dedi.
Həbsxana
rəisi qapının ağzına kimi gəlib artıq getməkdə
olan Ceyms və Admiraleni dayandırmağa
çalışdı:
- Bir daha
deyirəm, mən buna müstəqil qərar verə bilmərəm.
İnanın mənə, buna icazə vermək
mənim səlahiyyətimdə deyil, - yenidən telefona tərəf
addımladı.
Admirale və Ceyms qucağında olan İlkinlə
birlikdə artıq kabineti tərk etmişdilər.
Həbsxana
rəisi çıxış qapısına zəng vuraraq növbətçini
xəbərdar etdi:
-
Çalışın, onları bir qədər gecikdirin. Amma nəzakətlə, hiss etdirmədən.
Sonra isə tələsik kiməsə zəng vurub
baş verənləri məruzə elədi. Xəttin o başından gələn
səs onu təlimatlandırdı:
- Qoy
hansı xəstəxanaya aparırlar aparsınlar. Onsuz da oğlanı ölkədən
çıxarda bilməyəcəklər. Onları tam nəzarətdə saxlayarıq.
Həbsxana rəisi buraxılış məntəqəsinə
gələrək Allen və Admiraleyə yaxınlaşdı. Üzünü Ceymsə
tutub dedi:
- Cənab
Ceyms, nazirimizin göstərişinə əsasən indi biz
özümüz onu xəstəxanaya aparacağıq. Buna əmin
ola bilərsiniz.
Admirale əsəblərini
cilovlaya bilməyib həbsxana rəisinin sifətinə
bağırdı:
- Siz bu lənətə
gəlmiş qapıları açacaqsınız, ya yox?
Admiralenin vahiməli səsi həbsxana rəisinin sifətinə
sillə kimi dəydi. Özünü itirmiş rəis işarə ilə
qapıların açılmasına əmr verdi.
Helikopter
Xocalı hava limanından havaya qalxar-qalxmaz Admirale Ceymsin
qulağına pıçıldadı:
- Mən
belə görürəm ki, bunlar oğlanın ölkədən
çıxarılmasına imkan verməyəcəklər. Ona görə də ağlıma bir fikir gəlib.
Ceyms
helikopterdə onlarla birlikdə uçan Miqranyana gözucu
baxıb, Admiralenin qulağına güclə eşidəcəyi
səslə dedi:
- Mən
təxmin etmişəm, sən nə planlaşdırmısan.
Mənim də qərarım qətidir!
***
Parisin "Latın kvartalı" adlanan məhəlləsindəki
üçmərtəbəli binanın sonuncu mərtəbəsindəki
üçotaqlı mənzilin eyvanından on yaşlı
qarayanız bir oğlan baxırdı.
Qarabağın Meşəli kəndində dünyaya
göz açmış bu oğlan şəhərin gözəlliyinə,
küçənin səliqə-sahmanına, insanların həyatsevərliyinə
heyranlıqla baxsa da qəlbində nisgil və qorxu vardı. Müalicəsi
ilə Fransanın güclü psixoloqları, həkimləri
məşğul olan İlkinin ağrıları, qorxulu
yuxuları, başgicəllənmələri və
hallusinasiyaları xeyli azalsa da, ara-sıra tutmaları olurdu.
Qorxu hissi əsasən onu səhər tezdən
yuxudan oyadır, bəzən də alatoran vaxtı
bütün vücudunu bürüyürdü. Ona elə gəlirdi ki, diri-diri qarnını
yarırlar, başına, gözünə zərbələr
endirirlər. Belə olanda İlkin
özünə yer tapmır, həyəcanla
qışqırır, ağrıların təsirindən
inildəyirdi. Dərmanlar nə qədər
müsbət təsir etsə də, uzun müddət tək
qalanda qorxu hissi daha da güclənirdi.
İndi Latın məhəlləsindəki üçmərtəbəli
binanın eyvanında durub gözünü küçənin
başına zilləməsinin səbəbi ona ana qədər
əziz olan, bəlkə də indi ən doğma insanı
sayılan Admiralenin yolunu gözləməsi idi.
Hiss edirdi
ki, Admirale bir qədər də gec gəlsə o müdhiş
ağrılar, başgicəlləndirən hallar təkrar
oluna bilər. Admirale yanında olanda bu mehriban
qadına qısılır, qorxu hissi bir xeyli azalırdı.
Gözünü küçənin başından
çəkib, yolla şütüyən bahalı
avtomaşınlara, xoşbəxt simalı insanlara baxmağa
çalışsa da nigaranlıq onu rahat buraxmır, yenidən
başını küçənin Admiralenin görünəcəyi
tərəfinə döndərirdi.
Artıq
ürəyi də daha sürətlə vurmağa
başlamışdı: bir, iki, üç...
Saymağa başladı, səbri tükənirdi. Amma
üzü güldü, bədəni rahatlıqla
boşaldı. Xəsarət
alacağından qorxmasaydı elə eyvandan aşağı
tullanar və Admiralenin qabağına yüyürərdi.
Küçənin başında görünən
Admirale bir neçə addım atıb, ona baxaraq
gülümsəyib əl elədi. O, Admiraleni iki əllərini də
yuxarı qaldıraraq salamladı. Dəhlizlə
qaçıb mənzilin giriş qapısını
açdı. Elə qapının
ağzındakı dəhlizdəcə bir-birinə
sarıldılar.
Admirale paltarını dəyişib mətbəxə
keçdi. Kofe dəmləyib isti-isti alıb gətirdiyi ləzzətli
kruassanları paketdən çıxardıb stolun
üstündəki böyük nimçəyə qoydu.
Admirale bilirdi ki, İlkini Parisə gətirdiyi
gündən onun ən çox sevdiyi şey Parisin bu
dadlı, içi cemli kruassanlarıdır.
Admirale
kofe süzüb İlkinin qarşısına qoydu:
- Buyur,
iç, kruassanlardan da ye. Bir az sonra səninlə
mərkəzə, kafeyə gedəcəyik. Saat
səkkizin yarısında sənin həmvətənin Elvira
xanım bizi gözləyəcək.
İlkin Elvira adlı qadının onun vətənindən,
Azərbaycandan olduğunu eşidib çox sevindi. Admiraleyə məhəbbətlə,
əsl övlad sevgisiylə baxdı. Onun məhəbbət
dolu baxışlarından təsirlənən Admirale bir az da nəvazişlə davam etdi:
- O
çox istəyir ki, səninlə tanış
olsun. Mən sənin haqqında bildiklərimi
ona danışmışam. Özü də
ona demişəm ki, sən gələcəyin dahi
riyaziyyatçısısan.
- Mən
artıq riyaziyyatçı olmaq istəmirəm, - İlkin
birdən-birə ciddiləşdi, sanki bir az
da tutuldu. - Mənim topladığım, vurduğum rəqəmləri
heç kim görmür. Dünyada
erməni riyaziyyatı mövcuddur. İki
vur ikinin dörd olmadığını qəbul edən
riyaziyyat. Ədalətsiz, məntiqsiz rəqəm
və söz yığnağı. Mən
hərbiçi olmaq istəyirəm. Özü də
xüsusi təyinatlı... Mən riyaziyyatın
hesabına artıq inanmıram. Riyaziyyatın
texnologiyasını dünyaya bəyan edəcəyəm,
torpağıma qayıdacağam! Mən yurdumu azad edəcəyəm!
Admirale bu on yaşlı uşağın yaşına
uyuşmayan, ciddiliklə dediyi sözlərin
qarşısında sanki sarsıldı, kövrəldi. Bir addım qabağa
atıb bir dizini yerə qoydu, İlkini sinəsinə
sıxıb, başını onun başına söykədi:
- Sən
bütün arzularına çatacaqsan, - deyə
pıçıldadı. - Sən qalib gələcəksən!
Sən azad və xoşbəxt olacaqsan.
Kövrəldiyini
uşağa hiss elətdirməmək üçün tez
qalxdı, İlkinə yeni aldığı paltarları gətirib
oğlanın otağındakı çarpayının
üstünə qoydu:
-
Paltarını dəyiş, qoy görsünlər ki, mənim
oğlum necə yaraşıqlıdır! - deyib
qapını örtdü.
Bir qədər sonra İlkinlə dəhlizdən
çıxıb binanın girişinə doğru
addımladılar.
Azərbaycan
Respublikasının YUNESKO yanında daimi nümayəndəliyinin
əməkdaşı Elvira Axundova ilə Admirale təxminən
dörd il idi tanış olmuşdular.
Dörd il əvvəl Elvira Azərbaycanın
Parisdəki diplomatik missiyasında
çalışırdı. Elə o vaxtdan da
onların arasında yaxın dostluq münasibətləri
yaranmış, rəfiqə kimi ara-sıra
görüşüb söhbətləşirdilər.
Elvira Admirale və İlkinlə görüşə
vaxtından bir qədər əvvəl gəlib Muftar
küçəsindəki qədim binanın birinci mərtəbəsində
yerləşən kafenin qarşısında səliqə ilə
düzülmüş stollardan birinin arxasında oturmuşdu.
Admirale taksinin pulunu ödəyib, İlkinə işarə
etdi ki, maşından düşmək lazımdır,
artıq çatmışıq. Onlar "Pejo"dan
düşüb Elviragilin stoluna yaxınlaşdılar.
Salamlaşıb görüşəndən sonra Admirale
İlkini Elviraya və qarşısındakı qarayanız
şəxsə təqdim edib:
- Tanış
olun, Elvira xanım, - dedi. - Sizə haqqında
danışdığım Qarabağdan olan bax bu
oğlandır.
Elvira gülümsəyib İlkinin əlini
sıxdı.
- Hə,
yaraşıqlı uşaqdır. Parisli
yaşıdlarından heç də seçilmir. Onu Bakıya qaytarmalıyıq. Çünki
Qarabağı onlar geri alacaqlar. İlkin və
onun yaşında olan bütün azərbaycanlılar. Onların öz hesabları var.
***
Mədəsinin ağrısı bir qədər də
güclənsəydi, beyninin içi yenə də kəllə
qapağını döyəcləyəcəkdi. Bax onda
halı tamamilə pisləşə, təzyiqi qalxa,
hüşunu itirmək dərəcəsinə çata bilərdi.
Dərman qutusundan bir həb götürüb
ağzına qoydu. Üstündən su
içib bir qədər toxdadı. Fikrə
dalmaqdan da qorxurdu. O müdhiş hadisələr yenə
də gözlərinin önünə gələ bilərdi.
Son vaxtlar o dəhşətli gecəni az
da olsa unuda bilmişdi. O günləri yenidən yaşamaq istəmirdi.
Amma yox, nə illah etsə də o müdhiş gecə
gözlərinin önündən getmədi.
...Qorxulu
mərmi səsləri, avtomat şaqqıltısı, vahiməli
qışqırıqlar onu yuxudan oyatdı. Çarpayısına
qədər alov içində olduğunu gördü. Yerindən dik atılıb pillələrə
doğru qaçmaq istədi. Ayağının
altında yanmış döşəmə taxtaları
parçalanıb aşağı töküldü. Artıq üstündə yatdığı
çarpayı da üzüaşağı əyilmişdi.
Bir neçə andan sonra çarpayının
da yanıb kül olmuş birinci mərtəbəyə
yuvarlanacağı qaçılmaz idi. Ağlına
gələn yeganə fikir pəncərədən evin
arxasına atılmaq oldu. Topuğundakı
dözülməz ağrı ayağının
sınmasından xəbər verirdi.
- Ana, ay
ana! - deyə çığıraraq evlərinin
qarşısına doğru sürünməyə
başladı. Evin küncünə
çatıb anasını bir də səsləmək istəyəndə
gördüklərindən gözləri böyüyüb hədəqəsindən
çıxdı. Su quyusunun yanında
yanıb külə dönmüş cəsəd vardı.
Yalnız bambazı köynəyin
yanmamış qalığından bu cəsədin atasına
məxsus olduğunu anladı. "Ana!",
- deyə qışqırmaq istədi. Nə qədər
bağırsa da səsi çıxmadı.
Həmişə ailəlikcə oturub çörək
yedikləri stolun üstünə bir qadın cəsədi
uzadılmışdı. Qadının qarnı
yarılmışdı. Bir qədər
aralıda qalanmış tonqalın yanındakı yaraqlı əlindəki
bellə tonqaldan bir neçə yanar kösöv və
daş parçaları götürüb həmin qadın cəsədinə
doğru gəlirdi. Bu ki onun riyaziyyat müəllimi
Samvel idi. Bəs o qadın cəsədi
kimindir. Samvel belin ağzına
yığıb gətirdiyi yanar kösöv və daş
parçalarını qadın cəsədinin qarnına
doldurdu. Bellə daş
parçalarının üstündən vurduqda qadın cəsədinin
başı yuxarı qalxırdı. O, yalnız indi həmin
cəsədinin anasına məxsus olduğunu aydın
gördü. Anası hamilə idi... Nənəsi hacıleyləyin
ona gözəl bir bacı gətirəcəyini demişdi... Artıq huşunu itirməkdə olsa da var
gücü ilə ayağa qalxdı. İrəli
tullanmaq istədi. Ancaq başından dəyən güclü
zərbə onu yerə çırpdı...
Gözlərini açanda "KamAZ"ın kuzovunda kəndin
on səkkiz yaşından tutmuş otuz yaşınadək
olan cavanlarının hara aparıldıqlarını bilmədən
çaşqınlıqla bir-birinin üzünə
baxdıqlarını gördü. O ayaq üstə dura bilmədiyindən
kuzovun döşəməsinə uzadılmışdı. Kuzova yığılıb aparılan kənd
cavanlarının arasında onun tay-tuşu yox idi.
Uzanılı olduğuna görə indi harada
olduqlarını, avtomaşının hansı istiqamətdə
getdiyini bilmirdi. Gözlərindən axan yaş
dayanmırdı. Maşının
atılıb-düşməsindən bilirdi ki, daha kənddən
çıxıblar. Bir xeyli də gedəndən
sonra maşın dayandı. İki
yaraqlı kuzovun arxa qapısını açıb onların
yerə düşmələrini əmr etdi.
Bura Bəylik meşəsi idi. Köhnə silos quyusunu traktorla
qazırdılar. Kəndin cavanlarından
çoban Şəfinin oğlu Altayla qonşuları Bədrəddin
onun da qollarından tutub maşından düşürtmək
istədilər. Yaraqlılara başçılıq edən
Samvel bağırdı:
-
Özünüz düşün, o qalsın. Ağıllı
çıxıblar. Onsuz da bir azdan gəbərəcək.
Kuzovun bumbuz dəmir döşəməsi onu nə qədər
üşütsə də Samvelin "onsuz da gəbərəcək"
sözləri daha da buza döndərdi. Huşunu yenidən
itirmək üzrə idi. Get-gedə hər
yer qaranlığa qərq olurdu. O, qanadları və
ayaqları sınmış sərçə kimi
üzüqoylu sərildiyi dəmir döşəmədən
yalnız köhnə silos quyusunu qazan traktoru və həmin
silos quyusunun ətrafına sıra ilə
düzülmüş kənd cavanlarını
görürdü. Kəndin əlliyə qədər gəncini
silos quyusunun ətrafına düzmüşdülər. Traktor geriyə çəkilib bir qədər
aralıda dayandı. Yenidən riyaziyyat
müəllimi Samvel göründü. Onun
arxasınca daha bir neçə yaraqlı cavanlara
yaxınlaşıb avtomatları onlara tuşladılar.
Dayanmadan açdıqları aramsız atəşlə
cavanları sinələrindən güllələyib silos
quyularına yuvarlatdılar.
Samvel
artıq son nəfərinədək silos quyusuna sərilmiş
cavanların cəsədlərini bir daha atəşə tutub,
əli ilə traktora işarə etdi. Traktor silos quyusundan
çıxarılıb təpələnmiş
torpağı yenidən geriyə basıb güllələnmiş
cavan həmkəndlilərinin üstünü örtdü. Silos quyusunu ağızbaağız torpaqla doldurub
geri çəkildi.
Bu vaxt göy üzü şaqqıldadı. Güclü
yağış yağmağa başladı. Göy
üzünün göz yaşları cavanların
basdırıldığı silos quyusunu və onun
yanaqlarını isladırdı. Güclü
külək Bəylik meşəsinin ağaclarını titrədirdi.
Sanki titrəyən ağaclar o müqəddəs
yağışın altında ağı deyirdilər.
Onun yanağından süzülüb ağzına dolan
yağış suyu göz yaşlarıtək duzlu və isti
idi...
...Gözlərini
açanda harada olduğunu əvvəlcə bilmədi. Sonra onunla eyni kamerada olan digər azərbaycanlı
girovlar Xankəndi türməsində kamerada olduqlarını
dedilər. O, azərbaycanlı əsir və girovlar
arasında ən kiçiyi idi. Sonradan onu nəyə görəsə
hamıdan ayırıb Şuşa türməsinə
apardılar. Görünür, onu gizlətmək
istəyirmişlər. Bir il sonra Azərbaycan
Respublikasının Əsir və itkin düşmüş,
girov götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasının səyləri nəticəsində
onun yerini öyrənmək mümkün oldu. Daha
sonra isə artıq tanıdığımız Admirale Ankora
və Ceyms Allen onu əsirlikdən azad etdilər.
...Telefon
zəng çaldı. Katibəsi dostu Ayxanın gəldiyini
dedi.
- Hə,
qoy gəlsin, - deyib dəstəyi asdı.
Ayxan
içəri girib hərbi qaydada salam
verdi. Sonra zarafata keçdi:
- Niyə
oturmusan burda? - dedi. - Sənə demişdim ki, gəl mənimlə
gedək Kislovodska.
- Hə,
danış görək istirahətin necə keçdi, oralar
xoşuna gəldimi? - İlkin onun atmacasını cavabsız
buraxıb sual verdi.
- İlkin, oralar çox gözlədi, havası, suyu lap
bizim kəndin havasına, suyuna oxşayır. Düzünü
deyim ki, kəndimiz işğal olunanda mən çox
kiçik olsam da, gül-çiçəyinin ətri
burnumdan, suyunun dadı ağzımdan getmir.
İlkin əlini
ağrıyan mədəsinin üstünə qoyub dilləndi:
- Sən
mənə de görüm, oradakı sanatoriyalarda müalicə
necədir? Sənə bir xeyri oldumu?
- Hər
şey əladır! Ora da Qafqazdır də.
Hətta orada deyirdilər ki, Yessentikidə,
Kislovodskda olan müalicə Karlovı Varıdan da
yaxşıdır. Məsləhətdir
ki, sən elə günü bu gün putyovka alıb oraya
yollanasan. Hətta sənə bir
sürprizim də olacaq. Sən xüsusi təyinatlıların
tağım komandirisən. Bunu sənə
demək istəmirdim. Amma çoxdan axtardığın
adamı da orda tapa bilərsən...
Keçən illər ərzində o müdhiş hadisələr
bir gün də onun gözləri önündən getməmişdi. Onu rahat
buraxmayan xatirələr yalnız Samveldən
qısasını alacağı gün azacıq da olsa səngiyə
bilərdi. Əgər o qatil indiyədək
hər hansı səbəbdən özü ölməyibsə,
deməli, hələ də sağdır. Bir
yandan da Ayxanın sözləri onu ürəkləndirdi.
Samveli də oralarda görən olub...
Minvodun hava limanından çıxanda onu səsli-küylü
taksi şoferləri qarşıladılar. Onlar hava
limanından çıxış qapısının
ağzını kəsdirərək, sərnişinləri mənzil
başına məhz onunla getməli olduğuna
inandırmağa çalışırdılar. Bəzi taksi şoferləri isə heç bir
şey demədən sərnişinlərin çamadan və
çantalarını qapıb maşınlarına
aparırdılar.
İlkin onu dövrəyə almış
sürücülərə fikir vermədən pillələrlə
yuxarı, hava limanının qarşısından yola
doğru qalxdı.
Yolun kənarındakı taksinin sürücüsü
avtomobilinə söykənib sərnişin gözləyirdi. İlkini maraq
götürdü. Görəsən, bu
sürücü niyə digərləri kimi təyyarədən
enən sərnişinləri qapının ağzında
qarşılamır?
Qərara gəldi ki, elə bu taksiyə əyləşsin.
- Salam, məni
Kislovodska apararsınız? - deyə taksi
sürücüsündən rusca soruşdu.
- Əyləşin, - deyə taksi sürücüsü
keçib sükanın arxasında oturdu.
-
Soruşmaq ayıb olmasın, - İlkin dərhal söhbətə
başlayıb onu maraqlandıran suala cavab almaq istədi, - siz
niyə kənarda durursunuz? Onlar kimi
qapının ağzını kəsdirib sərnişin
gözləmirsiniz?
-
Onların başları xarabdır. Kimin qismətində
nə varsa o da olacaq. Bir az artıq
pul qazanmaq üçün özlərini biabır edirlər.
Taksi aeroportdan aralanıb Jeleznovodsk istiqamətində
sürətini artırdı.
Sürücü başını döndərib onu təpədən-dırnağadək
süzdü.
- Ara,
Bakıda nə var, nə yox! Danış
görək, - deyə sözə başladı. - Mən
hər dəfə Bakıdan gələn sərnişinləri
götürəndə belə sorğu-sual edirəm. Deyirlər, oralar yaman dəyişib. Burnumun ucu göynəyir oralar üçün.
Allah siyasətçilərə insaf versin.
Bəyəm sakit otururlar,
qarışdırırlar aləmi.
O, bayaqdan
bəri maraqla yol qırağında ağappaq qara
bürünmüş meşəliyi seyr etdiyindən
sürücünün üzünə baxmırdı. İndi sürücünün azərbaycanca
danışan səsini eşitcək, ona baxıb bic-bic
gülən sifətini görcək beynindəki
ağrılar yenidən başladı. Səs ona tanış gəlirdi. Əlini
başına aparıb alnını ovuşdurdu. Başındakı ağrını havanın
şaxtalı olması ilə izah edib toxtamağa
çalışdı.
Bircə o müdhiş xəyallara qayıtmasın. Sağ tərəfə,
yolun kənarına baxdı. Yolun kənarındakı
mənzərələrlə başını qatıb ovunmaq
istədi. Əyləşdiyi taksi xeyli
hündürlükdə, ətrafı yüksək qayalıq
olan yolla şütüyürdü. Pəncərədən
aşağıda buz bağlamış Tanbukan gölü
görünürdü...
Kaş qış vaxtı gəlməyəydi bura. Artıq
anlayırdı ki, o müdhiş xatirələr onu cənginə
alıb. Atasının yanmış cəsədi, hələ
doğulmamış bacısının yerə
atılmış meyiti və bir də qarnı
yarılmış anası... Hər şey
olduğu kimi gözlərinin önünə gəldi.
O, sanki donmuşdu. Bütünlüklə o
hadisələrin ağuşunda idi. Dönüb
sürücüyə baxdı. Nə
oldusa elə həmin o baxışdan oldu. Birdən-birə
gözləri hədəqəsindən çıxdı.
Sağ yumruğu qıc olmuş kimi düyünlənib iri
sal daşı xatırladırdı. Bayaqdan bəri dil
boğaza qoymayan sürücü bir gözü
sürüşkən, dolambac dağ yolunda, o biri gözü
isə onda, rəngi qaçmış sifətini ani olaraq ona
tərəf döndərib:
- Ara, sənə
nə oldu? - deyə həyəcanla
soruşdu.
Bəli, bu səs onun səsi idi. Bu səs də İlkinin
yanılmadığını təsdiq edirdi: "Bəli, bu
odur! Samvel. Mənim riyaziyyat
müəllimim. Atamı yandırıb kül edən,
hamilə anamın qarnını yarıb bacımı
parçalayan, kənd cavanlarını Bəylik meşəsindəki
silos quyusunda diri-diri basdıran Samvel!".
Onun vahiməli səsindən taksi
sürücüsünün qulaqları tutularaq ürəyi
qopdu.
Avtomobilin sükanını bir anlığa buraxan
sürücü onu itələməyə
çalışdı. Amma bu an maşın yoldan
çıxıb yüksək qayalıqdan
üzüaşağı, buz bağlamış gölə
doğru uçdu. Buz qatı avtomobil
çırpılan yerdə parçalandı. Avtomobil batmağa başladı. Maşın
Samvel tərəfdən buza
çırpıldığından o artıq canını
tapşırmışdı. Başının
yarıdan çoxu əzilib maşının gövdəsinə
pərçimlənmişdi.
İlkin bumbuz suda donmağa başlasa da, başı bədənindən
üzülmüş taksi şoferinin meyitini görüb sanki
yuxudan ayıldı. Avtomobil artıq dibə çatmaqda idi.
Ön şüşə hələ
maşın buzlara çırpılarkən yerindən qopub
çilik-çilik olduğundan maşının içi su
ilə dolmuşdu. O, əlini, ayağını tərpədib
salamat olduğunu görcək yerindən sıçrayıb
maşının qabaq şüşə yerindən
üzüb çıxdı. Qollarını hərəkətə
gətirib var gücü ilə yuxarı buzlara doğru
üzməyə başladı. Artıq nəfəsi
də donmaq izrəydi. Bəlkə də
bir qədər geciksəydi bütün canı, bədəni
taqətdən düşüb bumbuz sularda qərq olacaqdı.
Beynində xəyalən hələ də
Qarabağda idi. O müdhiş səhnələr bir-bir
gözünün önündən keçir, onu daha da taqətdən
salırdı. Birdən gözlərinin
qarşısında mehriban bir sifət, ona ana nəzərlərilə
baxan bir cüt göz canlandı. O qadının
qarşısında on yaşlı bir uşaq
dayanmışdı. Solğun bənizli uşaq ötkəm səslə
deyirdi:
"- Mən riyaziyyatçı olmayacağam. Mən hərbiçi olmaq
istəyirəm! Mən torpağıma qayıdacağam!
Yurdumu azad edəcəyəm!".
Qadının
əziz siması bir az da
işıqlandı, bir addım irəli gəlib onu
qucaqladı:
"- Sən bütün arzularına çatacaqsan! Sən qalib gələcəksən!
Sən azad və xoşbəxt olacaqsan!".
Sanki ona əlavə güc gəlmişdi. Sürətlə
yuxarıya, suyun üzünə doğru qalxırdı.
Gözlərinin önündəki səhnəni
sanki tunelin sonunda görünən bir işıq əvəz
eləmişdi. Yuxarıdan işıq gəlirdi.
O, işığa doğru can atırdı. Bu,
taksinin buzlara çırpılaraq açdığı dəlikdən
gələn işıqdı. Buzlardan
yapışıb suyun üzünə çıxdı.
Özünü buzun üzərinə
aşırıb donmuş bədənini irəli
sürüşdürdü. İndi onun
yalnız gözləri azacıq işıldayır bir də
ürəyi döyünərək yerindən qopmağa
çalışırdı.
Bu gün
riyaziyyat müəllimi etdiklərinin hesabını verdi. Ən böyük haqq-hesab
günü isə hələ qarşıda idi. İlkin suyun altında gözünə görünənləri
bir də xatırladı. Qulağına səs gəldi:
"Qarabağ Azərbaycandır! Və nida
işarəsi!" - Ali Baş
Komandanın səsi idi. Özü də
bu sözləri o, elə bu yaxınlarda hardasa bu yerlərdə
demişdi. Cəld sıçrayıb
ayağa qalxdı. O, artıq əmin idi ki, tezliklə həmin
gün gələcək və o da öz sözünü deyəcək,
hələ on yaşında ikən verdiyi vədini yerinə
yetirəcək.
***
Vətən müharibəsində xüsusi təyinatlı
dəstənin tağım komandiri İlkin Kərimli tabeliyində
olan döyüş dostları və silahdaşları ilə
birlikdə doğma kəndi Meşəlini azad edib növbəti
döyüş tapşırığını gözləyirdi. Növbəti hədəf Şuşa idi. Əmr gəlmişdi
ki, Şuşanın azad edilməsi əməliyyatında
ağır silahlardan istifadə edilməsin. Yalnız avtomat, tapança və bıçaq
götürməyə icazə veriləcəkdi. "Bu lap yaxşı oldu, - deyə
düşünməyə başladı. -
Şuşaya ağır silahlardan atəş açmaq olmaz.
Şuşa uğrunda əliyalın da döyüşmək
olar!".
Görəsən,
Şuşa türməsinin divarına
yazdığı rəqəmlər yerindədirmi? O divarlara
sözü vardı İlkinin. İlkin o rəqəmləri
görməli idi. Görürsünüz,
mənə inanmırdınız. Deyirdiniz
ki, bəsdir bu qədər topladın, çıxdın.
Eheyy, divarlar! Mən sübut edəcəyəm ki, bizim
torpağımızı heç kim əlimizdən
ala bilməz! Mən sübut edəcəyəm ki, biz
hamımız canımızı Vətən yolunda qurban verərik,
amma bir qarış torpağımızın düşmənə
qalmasına razı olmarıq!
İki gündən sonra Şuşaya onun
tağımı birinci daxil oldu. Ermənilər bu torpağın əsl
sahibləri qarşısında tab gətirə bilməyib
qaçmağa üz tutdular. Başını
qaldırıb binanın üstünə indicə
sancılmış üçrəngli bayrağa baxdı.
Ona elə gəldi ki, atası, anası,
bacısı, nənələri və babası da sonsuz
göylərə doğru dalğalanan ay-ulduzlu, üçrəngli
bayrağın yanında dayanıb gülə-gülə ona əl
edirlər. Farağat komandasında ciddi hərbi duruş
vəziyyəti alaraq bayrağa və onun yanındakılara hərbi
salam verdi. Növbəti addım canlı
yayımda Ali Baş Komandana veriləcək raport olacaqdı...
***
Hamı igid komandir İlkin Kərimlini təbrik edirdi. O isə Şuşa
türməsinə can atır, o müdhiş günlərdə
söz verdiyi divarlarla söhbət etmək üçün tələsirdi.
Aman Allah!
Bütün rəqəmlər onun qoyub getdiyi
kimi yerində idi. Əsgərlər
komandirlərinin əli ilə türmənin solğun
divarlarında oxşadığı bu rəqəmlərin nə
məna kəsb etdiyini bilməsələr də diqqətlə
onu izləyirdilər.
İlkin əyilib yerdən daş parçası
götürdü. Şuşa türməsinin girişindəki ən
böyük divara yazdı:
2020-2003+27=44
Riyaziyyatı
o qədər də sevməsə də, 44 artıq onun
üçün ən müqəddəs ədəd idi...
Vahid MƏMMƏDLİ
Ədəbiyyat qəzeti.- 2021.- 5 iyun. S. 6-8.