"Orta əsrlər" ədəbiyyatı

 

Variasiyalar

 

Ədəbiyyat sənət tarixin yol yoldaşıdır. O, xalqın ictimai tarixi ilə bərabər addımlayır tarixi (faktları) təsdiq edir. Lakin ədəbiyyatı - bədii sənəti tarixin gedişatından tam asılı hesab etmək doğru deyil. Ədəbiyyatın, ümumən, bədii sənətin öz stixiyası var. Bədii proses deyil (materializm-marksizmin iddia etdiyi kimi!) daha çox tarix bədii prosesdən, bədii təxəyyüldən asılıdır. İstedadla, sənətkarlıqla, ilhamla yaradılmış ədəbiyyat tarixə yol açır, onu hələ keçmədiyi yerlərə yönəldir, prioritetlərini təyin edir.

 

"Orta əsrlər" Azərbaycan tarixində IX əsrdən XIX əsrə qədər davam edib. Bu, Şərq ölkəsi olmağa binaən Azərbaycan tarixində feodalizmin uzun (10 əsr) sürməsi, tarixi düşüncə iki mühafizəkarlığı ilə bağlı idi.

 

Fəqət, Azərbaycan ədəbiyyatında "Orta əsrlər" XIII-XVIII yüzilləri əhatə edir. Bu anadilli-türkdilli ədəbiyyat epoxası idi. Əgər qədim dövr IV-XII əsrlər Azərbaycan ədəbiyyatı mədəniyyəti ümummüsəlman mədəniyyəti kontekstində iştirak edirdisə, XIII- XVIII əsrlərin Azərbaycan mədəniyyəti ümumtürk (Oğuz-səlcuq!) mədəniyyəti kontekstində çıxış edirdi. Azərbaycan ədəbiyyatında "Orta əsrlər" bir tarixi-nəzəri konsepsiya bədii-fəlsəfi sistem kimi fərdi-milli mahiyyətində bu kontekstin həledici əlamətlərini daşıyır.

 

Bu, ana dili regional düşüncənin sayəsində müştərək ümumtürk qaynaqlarından - "Avesta"dan, Şumerdən, "Orxon-Yenisey" kitabələrindən, "Kitabi-Dədə Qorqud" eposundan Yusif Xas Hacib Balasaqunlunun "Qutadqu-bilik" poemasından, Mahmud Kaşğarlının "Divani-lüğət-it-türk" ensiklopediyasından daşlanıb gələn türkçülüyün qayıtması, yeni dirçəliş dövrü idi.

 

Qədim türk cəmiyyəti demokratik mühit idi. Ərəblər İslamı yaratdı, Türklər onu yaşatdı. Türk cəmiyyəti ( əxlaqı, mədəniyyəti!) zorakılığı qəbul etmirdi, türklər islamı zor gücü ilə yox, dərk edərək, könüllü qəbul etdilər. İslam mənəvi-əxlaqi cəhətdən türklərin əsrlər boyu işləyib hazırladıqları vətən əxlaqına doğma idi.

 

Fəqət, X əsrdən başlayaraq ərəb-islam ehkamları Böyük Çöl Mədəniyyətinə əsaslanan sərhədsiz türk demokratizmini sıxışdırmağa başladı. Başlıcası isə türk qəhrəmanlığına dini (ehkam!) don geyindirdi. İslam dini Böyük Çöl Mədəniyyətinə şərik çıxmağa, hər şeyi "Quran" ayələri ilə izah etməyə başladı.

 

Ədəbiyyatın qəhrəmanı dəyişdi, maddi aləmi ikinci dərəcəli, mistik aləm həlledici hesab olundu. Mənəvi kamillik sufizmdə məxluqun xalüqə qovuşmasını təmin edən dörd təkamül mərhələsi şəriət, təriqət, mərifət, həqiqət olaraq ədəbiyyatda təsdiqini tapdı. Heoplatonizm, vəhdəti - vücut. Hər şeyi Allah yaradıb ona görə yaranmış hər şeydə Allahın əlaməti var. Yaranmışların ən alisi Allahın görünən surəti varlığında Allah əmanəti olan ruhu daşıyan insan (Təsəvvüfdə gözəl qadın!) ədəbiyyatda əsas qəhrəmana çevrildi. Azərbaycan ədəbiyyatında Şirin (Nizami "Xosror Şirin" Leyli (Füzuli "Leyli Məcnun") bədii-fəlsəfi təkamülün əsas hərəkətverici qüvvələrinə çevrildi. Şeyx Nizaminin kamil insan konsepsiyası hürufizmdə (Fəzlullah naimi İmadəddin Nəsimi) "Ənəlhəq" səviyyəsinə yüksəldi. Sufilər təkamül yolu ilə insanı Allahın yanına qaldırır, hürufilər Allahın yaratdığına - insana endirdi.

 

Ədəbiyyatın qəhrəmanı ( bütün bədii sistemi!) alilikdən adiliyə eniş etdi. Bunun əyani nümunəsi dahi Füzulinin "Şikayətnamə"si idi. "Şikayətnamə" ilə Azərbaycan mistik-romantik ədəbiyyatına gələcək realizmin madiyyat tozu daxil oldu...

 

Qeyd etmişik ki, Avropada ədəbi mərhələlərin ( ədəbi cərəyanların!) dəyişməsi, bir-birnin əvəzləməsi ilə Şərqdə ( Azərbaycanda!) dəyişməsi fərqli xarakter daşıyır. Avropada ədəbi mərhələlər ( cərəyanlar!) sıçrayışlı xarakter daşıyır, bir mərhələ digərini - özündən əvvəlkini inkar edir. Şərq ədəbiyyat mədəniyyətlərində isə bir mərhələ digərini (yenisini!) öz bətnində yetişdirir. Şərqdə ədəbi mərhələ cərəyanların əvəzlənməsi təkamülü xarakter daşıyır, dialektik surətdə baş verir. Ona görə Şərq ədəbiyyat mədəniyyətlərində ənənə çox güclüdür, forma isə mühafizəkardır.

 

Beş yüz ildən artıq (750-1258) davam edən Abbasilər zamanında Şərq mədəniyyətində ərəb nüfuzu tədricən azalmağa - düşməyə başlayır. Bu, bir neçə səbəblə bağlı idi.

 

1. Abbasilər antik yunan fəlsəfəsini - Platonu, Aristoteli öyrənməyə başladılar. Yunan fəlsəfəsindən qiymətli (seçmə!) ərəb fars dillərinə tərcümə olundu. Abbasilər universitet elmi-tədqiqat mərkəzləri açaraq antik yunan fəlsəfəsini mədəni irsini tədqiqat təbliğatla məşğul oldular.

 

2. Abbasilər türklərə onların cəmiyyətində xüsusən dövlətçiliyində iştirak etməyə imkan yaratdılar.

 

3. Türk düşüncəsi, elmi bədii yaradıcılığından istifadə etməyə nail oldular. Anadilli ədəbiyyatımızın ilk nümayəndəsi şairə Zübeydə xanım V Abbasi xəlifəsi Harun Ər-Rəşidin arvadı idi.

 

4. Türklər bu dövrdə bütün həlledici yürüşləri İslam bayramı altında keçirir, dövlətçiliyinə - qanunlarına islamın mənəvi-əxlaqi dəyərləri uğurla tətbiq edirdilər.

 

5. Türk ədəbiyyatı mədəniyyətində islamın elmi-məntiqi cəhətləri - millətçilik ümmətçilik vəhdətdə çıxış edirdi, qarşılıqlı bədii-fəlsəfi, mənəvi-əxlaqi təmaslar getdikcə güclənir, "Orta əsrlər"in simasını müəyyənləşdirirdi.

 

"Orta əsrlər" Azərbaycan ədəbiyyatı geniş ürəklə şahlara hökmdarlara Qazi Bürhanəddinə, Şah İsmayıl Xətaiyə Mirzə Cahanşah Həqiqi Məhəmməd Əmaniyə fəaliyyət üçün yer verdi onları (müharibələr aparar, baş kəsib qan tökən!) ədəbiyyatın insanpərvərlik kürsüsünə çıxardı, şahlıq hökmdarlıq taxtından endirib bədii gözəllik, estetika müstəvisinə gətirdi. Akademik Nizami Cəfərovun dili ilə desək: "Məstaneyi eşqəm... Qazi Bürhanəddin -XIVəsr, Mirzə Cahanşah Fəqiqi - XV əsr, Şah İsmayıl Xətai - XVI əsr... Üç hökmdar, üç şair... Lakin üçü bir etstetik ideanın ifadəsinə xidmət edir..." ("Füzulidən Vaqifə qədər". Bakı "Yazıçı" 1991. s.15.)

 

Fəqət şahlar, hökmdarlar bədii ədəbiyyatı şöhrətləndirə bilməyib, ədəbiyyat onları - Sultan Səncəri, Xosrovu, Bəhram Guru, Nüşabəni, Şirini, Makedoniyalı İskəndəri b. şöhrətləndirib, tarixdə qalmalarına ( yaşamalarına!) imkan verib.

 

Böyük filosof Aristotel 2400 il öncə yazırdı: "Poeziya tarixdən daha ciddidir". Biz isə deyirik: ədəbiyyat tarixdən daha mənalı güclüdür.

 

Bədii ədəbiyyat milləti , dövləti , vətəni , xalqı da yaşadır, ədəbiyyat tarixin obrazıdır. Xalq mənəviyyatının aynasıdır, bədii Söz xalqın ruhudur, ruh isə ölməzdir. Əbədidir, çünki o, Allah əmanətidir, insan öləndə onu sahibinə qaytarır.

 

Nizaməddin ŞƏMSİZADƏ

Ədəbiyyat qəzeti.- 2021.- 5 iyun. S. 13.