İki
Ustad
Hərcayıdan, müxənnəsdən,
nadandan
Nə söz qaldı sənətkara
dəyməmiş?!
Aşıq Ələsgər
Gəncə... Bahar
çağı... Böyük çayxana...
Şəhərə, ətrafa
yayılıb xəbər.
Yad edib, güzarı düşüb
arana,
Öz şəyirdləriylə
gəlib Ələsgər.
Növ-növ adamlarla
sıxlaşır məclis,
Xəbər
çatdırıbdı sanki el elə.
Ələsgər əyləşib
dinləyir səssiz,
Ortada şəyirdlər
oxuyur hələ.
Ustad kəlamları yayılır cana,
Səslər eşidilir,
"Yaşa, Ələsgər!"
Kim var mənəm deyib girsin meydana,
Burda çəkilibdi
başa Ələsgər.
Nə müddətdi
çıxıb doğma Göyçədən,
Onun görüşünə
yığışıb ellər.
El-el, oba-oba bölünən vətən,
Sanki bütövləşir
burda bir qədər.
Gəlir xəyalına Şəhnəbanusu,
Ürəyindən gizli bir
boran keçir.
Gəlir xəyalına o dağlar
qızı,
Zaman nə uğursuz, nə
yaman keçir.
Ustadı Alını gətirir yada,
Böyüyü unudan sənətkar
olmaz.
Nəfsinə qul olur insan dünyada,
"Nə yaxşı sən
varsan, ay sədəfli saz".
Ələsgər
düşünür bayaqdan bəri,
Gah "Cəngi" səslənir,
gah da "Dilqəmi".
Bir bəy havalıdı, beldə xəncəri,
Qərar tuta bilmir yorğun
görkəmi.
Titrədi havada bir sərxoş nəfəs,
- Cəngi nə Cəngidi! Kimdi Dilqəmi?
Mənim də havam var, kim çalacaq bəs?
Şəyirdlə baş
qatma, Ələsgər əmi.
Çalıb oxumağın şirin
yerində,
Sanki xoş ovqata zəhər
qatıldı.
Bir sıxıntı keçdi el nəzərindən,
Baxışlar qabardı,
qaşlar çatıldı.
Ləngərli bir tərzdə durdu
Ələsgər,
Məclisə üz tutdu, o bəyə
baxdı.
Sıxdı varlığını
tutqun bir qəhər,
Baxdı, bəy libaslı
bir səyə baxdı.
Arif olan çoxdu, məclis
ağırdı,
Səssizcə sazını
dilə gətirdi.
Bir qədər solaxay çaldı,
çağırdı,
Sözünün sonunu belə
gətirdi.
"Arif məclisində bir söz
söylərəm,
Nə hədyan, nə
çaşqın, nə qələt olmaz".
Nütfətdən pak olan,
loğmadan halal
Mərifət elminə nabələd
olmaz.
Bir şəxsin sənəti istəmək
ola,
Səxafət eyləməz, Hatəmtək
ola
Dövlət tapa, gədalıqdan bəy
ola,
Başı ərşə
çıxa ədalət olmaz.
Ələsgər, mətləbin
xudadan istə,
Kərəm olmaz müxənnəsdə,
nakəsdə,
Bəylik, göylük, səylik olan
məclisdə
Qaç ki, orda xeyir, bərəkət
olmaz" .
Hamının gözündə heyrət
nidası,
Ələsgər eyhamı çox
şirin dedi.
Məclisi bürüdü
alqış sədası,
Bəy də anlamadan, afərin dedi...
Deyirlər, həmin gün Molla Cuma
da
Bir təsadüf kimi Gəncəyə
gəldi.
O da məclis qurub Şəkidə,
Qaxda,
O da bir ustaddı, təbi gözəldi.
Nə o, Ələsgəri
görmüşdü, nə də
Ələsgər
görmüşdü Molla Cumanı.
Ancaq agah idi bu Ələsgərə,
Cuma da dərindi,
çıxıb ad-sanı.
Kürkünün altında
kiçik küplü saz,
Cumanın da yolu məclisə
düşdü.
Oturdu, çay içib dincəlsin
bir az,
Sazının çanağı yana sürüşdü.
Bunu hiss elədi ustad Ələsgər,
Zənn edə bilmədi bir
aşıq onu.
Kimsə dinc durmadı:
- Aşıq, nə xəbər?
- Bir yolçu adamam, yollar yorğunu.
- Kişi, bu cürəti kim verib sənə?
De, hardan gəlibsən, kimsən,
nəçisən?
Kim səni göndərib
ustad üstünə?
Bildir hünərini
aşıqsansa sən.
Ələsgər dözmədi
artıq sözlərə,
Qonağı baxışdan
arif tanıdı.
- Ona sataşmayın siz nahaq yerə,
Hər kimsə gəlibdi, el
adamıdı.
Cumanın qaşları çatıldı
qat-qat,
Xırdaca gözləri kədərlə
güldü.
Baxışla anladı ustadı
ustad,
Artıq, söz deməyin məqamı
gəldi.
Kürkündən sıyırdı
cürə sazını,
Telləri ahəstə dilə
gətirdi.
Əzəl şəyirdlərə
tutdu üzünü,
Səsini qaldırıb zilə gətirdi:
"Aşıq anasıyam, şairlər
kökü,
Gəzərəm dünyada
divanətəki.
Mahalım Göynükdür, şəhərim
Şəki,
Layiski kəndinin binasıyam
mən.
Binam Layiskiyə
düşübdü mehman,
Pədərim Mahaldır, madərim
Reyhan.
Vələdim Həsəndir, adım
Süleyman,
Famlim Mollaoruc, ədnasiyəm mən.
Mənada Mollayam, Molla Cumayam,
İsmi Pünhan oda şeyx
pərvanəyəm.
Gəlmişəm cahana, bir gün
fanəyəm,
Axırda Kərəmtək
yanasıyam mən".
Hamı lal olmuşdu peşiman kimi,
Ələsgər
aşığı dərin tanıdı.
Onu qucaqladı canhacan kimi,
Bildi ki, Cumadı, canlar
canıdı.
İsmi Pünhan eşqi qaynadı,
daşdı,
Dumanlı baxışlar bir
xəyal oldu.
Aşıq Ələsgər də
coşdu, nə coşdu,
Saz saza qoşuldu, çalhaçal
oldu...
Neçə ustad gəlib
köçdü həyatdan,
Sözləri ellərə
yadigar qaldı.
Neçə sədəfli saz,
neçə aşıqdan,
Neçə tarizandan nişan
tar qaldı.
Neçəsi köksünü
ötürdü getdi,
Neçəsi qazandı,
itirdi getdi.
Neçəsi əsərlər
bitirdi getdi,
Onlardan dünyada arzular
qaldı.
Neçəsi pisliklə ömür
keçirdi,
Neçə-neçə
yanan ocaq keçirdi.
Neçəsi toy etdi, gəlin
köçürdü,
Neçəsindən nişan
dörd divar qaldı.
Neçəsi xan oldu, neçəsi
çoban,
Neçəsi söz qanan,
neçəsi nadan.
Neçəsi əl çəkdi
işdən, dünyadan,
Sirdaşı bir şərab,
bir də yar qaldı.
Kim olub keçəni salmasa yada,
Tutulmaz varlığı alova, oda
Neçə bülbül susdu qoca
dünyada,
Neçə qönçə
gülə yağı xar qaldı.
Hanı o gedənlər,
hanı, a dünya?
Yaxşını, yamanı
tanı, a dünya.
Sənsən ən günahkar cani, a
dünya,
Səndə kimə vəfa,
etibar qaldı?
Bilal, çox əsibdi ayazlı yellər,
Boğulub arzular,
sınıb könüllər.
Keçdi o dövranlar, keçdi o
illər,
Qaldı, bu dünyada yenə
şər qaldı.
Bilal
QOCA
Ədəbiyyat
qəzeti.- 2021.- 5 iyun. S. 25.