Mən
pıçıltıyla demişdim sənə
vurğunluğumu, Sən müzəffər kimi hər kəlməmi
bayraq elədin
Əmri
gəlib
Yenə sultanımızın naməsi
- şah əmri gəlib,
Hər sözü, kəlməsi bal, dürlü matah əmri gəlib.
Duraq icarsına, gül əldə,
çıxaq pişvazına,
Çünki aşiqlərə
sülh, eşqə rifah əmri gəlib.
Özü gəlmir, bitə hicran,
çıxa bir taxta vüsal,
Gah ümid cilvələri,
gah səsi, gah əmri gəlib.
Qınamaz aşiqi bir kimsə, əgər
safdısa eşq,
Tanrıdan, söylə,
haçan eşqə günah əmri gəlib?
Hələ səbr eylə, Müzəffər,
könül ahənginə dal,
Çünki qəlb
sahibinin qəlbə pənah əmri gəlib.
Gedir
Könül, xoş eylə
halını, həsrətimiz çıxıb gedir,
Qonaq gəlir sevdiyimiz,
ayrılığı yaxıb gedir.
Bəsdi durub gözlədiyin, çək
vüsalın niqabını,
"Dur" deməyin
zamanıdır, ömür sutək axıb gedir.
Dözmüsən illər boyu sən,
bu sevginin sınağına,
Dözməyəni, eşqin
özü döndərib üz, yıxıb gedir.
Bu dünyanın pəncərəsi
yel əsdirir yengələrə,
Sevən də, sevməyən
də bu pəncərədən baxıb gedir.
Sən də, Müzəffər,
üzüağ qarşıla öz sevdiyini,
Çünki sədaqətlilərin
müjdəsi eşq, çaxıb gedir.
Elədin
Əridib eşq ilə qəlbim
yağını dağ elədin,
Güya rəhm eyləyərək
sonra da çildağ elədin.
Yaşayırdım bu məhəbbət
deyilən dərddən uzaq,
Ruhumu bəndə salıb həsrətə
ortaq elədin.
Arxayın ömr eləyirdim, yox idi
bir günahım,
Bu azad könlümü
öz könlünə dustaq elədin.
Acıdır şərbəti
eşqin, hər içən: - İçmə - dedi,
Məni öz eşqin ilə
sən buna müştaq elədin.
Mən pıçıltıyla
demişdim sənə vurğunluğumu,
Sən müzəffər
kimi hər kəlməmi bayraq elədin.
Paşam
Nuru Paşanın ruhuna
sayğılarla
Qardaş imdadına yetmək
üçün atlandı Paşam,
Hər fədakarlığa,
hər zillətə qatlandı Paşam.
Nurudur ismi, amalı, əməli
nurdur onun,
Yardı zülmətləri
ruhlandı, siratlandı Paşam.
Öz xilaskar timinə verdi
yürüş əmrini o,
Turan eşqiylə həvəsləndi,
qanadlandı Paşam.
Öz cavan ömrünü türk
xalqlarına etdi fəda,
Alışıb yandı
Simurqtək, belə odlandı Paşam.
Boy verib qalxdı üfüqdən əbədi
Gün kimi o,
Hey zəfərdən-zəfərə
qoşdu, umudlandı Paşam.
Çıxdı azadlığa
yurdum, Bakımız oldu xilas,
Qələbə əzmi ilə
daima şadlandı Paşam.
Şöhrəti dastan olub gəzdi
ağızdan-ağıza,
Əbədi sevgi ilə qəhrəman
adlandı Paşam.
Qüdrəti, qüvvəti məğlub
elədi orduları,
Görüb
haqsızlığı coşduqca inadlandı Paşam.
Xalqımı sevdi təmənnasız,
ürəklərdi yeri,
Ötdü yüz il,
yenə də eşq ilə qutlandı Paşam.
Sənə
agah
Könlüm sənə
düşkün, sevgim sənə agah,
Kim pünhan edib eşqin, gər kim sənə agah?
Saldım sənə mehri, çəkdim
bu qədər qəhri,
Eşqin dəli sehri, tilsim sənə
agah.
Bu sevgidi dürrüm, xoşbəxtliyim
hürrüm,
Könlümdəki sirrim,
him-cim sənə agah.
Kimdir bizə əngəl, hər maneəni
dəl,
Aç qəlb qapımı
gəl, sim-sim sənə agah.
Bəxtindi Müzəffər, dildə
adın əzbər,
Sən ömrümə sərvər,
hissim sənə agah.
Sevgim
Sevdim, sənə həsrət toxuna
qıymadı sevgim,
Qəlbimdə bulaqtək
açılıb qaynadı sevgim.
Çox mətləbi aşkar elədi
mətləbi eşqin,
Hər boş sözü,
yanlış əməli saymadı sevgim.
Həsrət də bu yandan elədi
bağrımı lalə,
Məcnuntək
ağıldan ürəyə oynadı sevgim.
Göz yaşlarımızdan yaranan
eşq bulağından,
İçdikcə içim
yandı, fəqət doymadı sevgim.
Bəlkə mən özüm
ayrılığa təslim olardım,
Lakin məni bu qovğada tək
qoymadı sevgim.
Şadlan ki, sənin taleyinə
taydı Müzəffər,
Çünki cəmi xoşbəxtliyinə
aynadı sevgim,
Düşmən
Gördün
gücümü? Eyləmə çəm-xəm barı,
düşmən,
Dünyadakı düşmənlərin
ən qəddarı düşmən.
Bilmirdin axır ki, dönəcək
sahibi yurdun?
Ac gözlərinə endirəcəkdir
tarı, düşmən?
Viran elədin
güllü-gülüstanımı, bayquş,
Biz neyləmişik, söylə,
sənə, ay qarı düşmən?
Yoxdur sizə verdiklərimin həddi-hüdudu,
Vermişdik üzü, zəbt
elədiz astarı, düşmən.
Qaytar mənə ərmən
adımı, hayları hayla,
Verməm daha fürsət sənə,
cin idbarı düşmən.
Bir əsgərimin
dırnağına yüz dığa dəyməz,
Cəng eyləməyə
varmı tabı, kirdarı, düşmən?
Vurduq, otuz illik mifini dərbədər
etdik,
Gördün
gücünü millətimin aşkarı, düşmən.
Dünya görür iyrənc
içinin kin dolu zəhrin,
İnsanlığa
düşmən olanın qəhmarı düşmən.
Zəbt eylədiyin
haqqımızı aldıq əlindən,
Öyrəşmisən onsuz
da, zırılda, zarı, düşmən.
Yumruq kimi birləşdi igidlər bir
əmrlə,
Xalqım yetirib gör nə
qədər sərdarı, düşmən.
Ordumdu Vətən qəhrəmanı,
oldu müzəffər,
Verdik sənə layiqli cəhənnəm
goru, düşmən.
Gəldik
Döndük, Qarabağ, dərdlərə
gərdik sinə, gəldik,
Axır sona yetdi acı həsrət,
sənə gəldik.
Əfsus ola,
qarşında günahkar oğuluq biz,
Ərk ilə
sığındıq yenə də əfvinə, gəldik.
Yıxdıq otuz illik kədəri,
möhnəti, dərdi,
Ruh çəkdi, məhəbbətlə
çağırdın, ünə gəldik.
Al qoynuna sevginlə bizi, ey Ana yurdum,
Çünki sənə
layiq o müqəddəs günə gəldik.
Qovduq gül üzündən
xarı, etdik səni azad,
Söz qoşmağa, dastan
deməyə şəninə, gəldik.
Burda əbədi tariximiz
şahidimizdir,
Biz haqqımızı qan ilə
aldıq yenə, gəldik.
Çıxdıq üzüağ,
alnıaçıq imtahanından,
Öz ruhunu qaytarmaq
üçün hüsnünə, gəldik.
Nəhayət
Gəldik Ana yurdum, üzümüz
güldü, nəhayət,
Olsun gözün aydın,
gözümüz güldü, nəhayət.
Aç qoynunu, ey hür anamız, səcdənə
gəldik,
Qoynunda əmanət izimiz
güldü, nəhayət.
Əsgərlərimiz verdi
zəfər müjdəsi xalqa,
Yurda verilən hər
sözümüz güldü, nəhayət.
Uğrunda şəhid oldu, kama yetdi igidlər,
Dünyaya çatan haqq səsimiz
güldü, nəhayət.
Zalımlar ilə qovğada olduqca
müzəffər,
Doğma elimiz,
dağ-düzümüz güldü, nəhayət.
Müzəffər
MƏZAHİM
Ədəbiyyat
qəzeti.- 2021.- 5 iyun. S. 26.