Bayatılar

 

 

Əzizim, aşıq gəlsin,

 

Elə yaraşıq gəlsin.

 

Pəncərədən bax, boylan,

 

Gözümə işıq gəlsin.

 

 

 

Bu yer almalı yerdi,

 

Vətən salmalı yerdi.

 

Bu yerlərdən yar keçib,

 

Ölüb-qalmalı yerdi.

 

 

 

Nərgizlər bitər gedər,

 

Vaxt gələr ötər gedər.

 

Küləklər aşiq olar,

 

Yar telin öpər gedər.

 

 

 

Əzizinəm dən oldum,

 

Sünbül idim dən oldum.

 

Bir vaxt yaxın mən idim,

 

İndi uzaq mən oldum.

 

 

 

Hər bir sözün var başı,

 

Qanan ilə qar daşı.

 

Hər şey ələ gələndir,

 

Tapmaq olmaz qardaşı.

 

 

 

Əzizinəm üz ağdı,

 

Yar yanında üz ağdı.

 

Özü mənim qəlbimdə,

 

Yolları çox uzaqdı.

 

 

 

Əzizinəm aldadır,

 

Çayın gözü saldadır.

 

Yar dediyi sözlərin,

 

Zəhəri də bal dadır.

 

 

 

Əzizinəm gül düşsün,

 

Yar yoluna gül düşsün.

 

Gəl qarşımdan keç barı,

 

Qoy üzümə gül düşsün.

 

 

 

Sular axır, durulur

 

Nə bezir, nə yorulur.

 

Ayaqlarım həmişə

 

Siz tərəfə burulur.

 

 

 

Dağlarda çəni görüm,

 

Sünbüldə dəni görüm.

 

Ayı, günü görüncə

 

Bircə yol səni görüm.

 

 

 

Kef damağın çağ olsun

 

Yediyin bal-yağ olsun.

 

Bu dünya beş günlükdür,

 

Yarın canı sağ olsun.

 

 

 

Gün çıxdı - gündüzə bax,

 

Çəmənə bax düzə bax.

 

Allı-güllü bəxtəvər

 

Bir dəfə də bizə bax.

 

 

 

Əzizinəm, Şirin sən,

 

Fərhad mənəm Şirin sən.

 

Gözəllərdən gözəlsən

 

Şirinlərdən şirinsən.

 

 

 

Əzizinəm, gün olsun,

 

Yarın bağı gül olsun.

 

Getməyinə getməsin,

 

Gəlişi hər gün olsun.

 

 

 

Əzizinəm, əl açıb

 

Sevincim tel-tel açıb.

 

Yar vurduğu yaralar,

 

Sinəm üstə gül açıb.

 

 

 

Çölümüzə qar yağıb,

 

Elimizə qar yağıb.

 

Ay insafsız, qayıt gəl,

 

Evimizə qar yağıb.

 

 

 

Sevən dərddən yatmaq ha,

 

Arzusuna çatmaz ha.

 

Gəmimə qəm yüklənib,

 

Dəryalarda batmaz ha.

 

 

 

Əzizinəm naşıdır,

 

Dərdim üzük daşıdır.

 

Boynundakı sırğalar

 

Gözlərimin yaşıdır.

 

 

 

Əzizim, görünən var,

 

Xəyala bürünən var.

 

A bəxtəvər, bir dayan,

 

Arxanca sürünən var.

 

 

 

Əzizinəm sinənə,

 

Tax gülləri sinənə.

 

Hicran məni yandırır,

 

A bəxtəvər, sənə nə?!

 

 

 

Qoy sünbüldə dən qalım,

 

Dərd-kədərdən gen qalım.

 

Sən gündə dur çiçək dər,

 

Qoy kölgəndə mən qalım.     

 

                      

 

Əzizinəm qanandı,

 

O qız dərdi qanandı.

 

Vaxt vədəsiz qocaldım,

 

Eşqim hələ cavandı.

 

          

 

Nə sünbül, nə dən oldum,

 

Xoşbəxtlikdən gen oldum.

 

Yada döndü dost-tanış,

 

Mənə qalan mən oldum.

 

 

 

Dostlar dönüb yad oldu,

 

Düşmənlərim şad oldu.

 

Nə gözlərim sevindi,

 

Nə ağzımda dad oldu.

 

          

 

Əzizinəm yazam mən,

 

Simi qırıq sazam mən.

 

Dönəm taleh yazana,

 

Talehimi yazam mən.

 

 

 

Əzizinəm qışam mən,

 

Baharam mən, qışam mən.

 

Yerdə bezdim, usandım,

 

Səmalara uçam mən.

 

 

 

Əzizinəm başam mən,

 

Baharam mən, qışam mən.

 

Səninlə bir dünyayam,

 

Sənsiz qara daşam mən.

 

 

 

Əzizinəm yaz ola,

 

İşvə-qəmzə, naz ola.

 

Ürəkdə saf məhəbbət,

 

Sinəm üstə saz ola.

 

 

 

Əzizinəm sənsizəm,

 

Sənsizəm - Vətənsizəm.

 

Sinəm üstə eşq yoxsa,

 

Bir sünbüləm - dənsizəm.

 

 

 

Durnalar durar gedər,

 

Qanadın vurar gedər.

 

Gözəllərdə adətdir,

 

Könüllər qırar gedər.

 

 

 

Əzizim, günə baxım,

 

Baxmışam, yenə baxım.

 

Sol gözünü ver mənə,

 

Onnan da sənə baxım.

 

 

 

Yalana bax, yalana,

 

Qurban o dərd-bəlana.

 

Ürəyimi saz edib,

 

Çalana bax, çalana.

 

 

 

Əzizinəm dil açıb,

 

Sünbüllər tel-tel açıb.

 

Yəqin yar keçib-gedib,

 

Bu yerlərdə gül açıb.

 

 

 

Arı şana toxudu,

 

Həyat şirin yuxudu.

 

Yarı görüb kəkliklər,

 

Səhərəcən oxudu.

 

 

 

Dağa-dərə vurğundur,

 

Çaya Bərə vurğundur.

 

Sənə vurğun mənimtək,

 

Günəş Yerə vurğundur.

 

 

 

Yaz gəlib çöllərdə,

 

Çöllər ətirlənibdir.

 

Yarı görüb sevincdən,

 

Güllər ətirlənibdir.

 

 

 

Balam - yurdum qalası,

 

Zaman-zaman qalası.

 

Hər kəsə öz Vətəni,

 

Hər kəsə öz balası.

 

 

 

Bizim oldu bu dünya,

 

Kədər bizə yad olsun.

 

Yardan söhbət salın ki,

 

Ağzımızda dad olsun.

 

 

 

Yar baxar, sinə görər,

 

Göz baxar, binə görər.

 

Yar yarını görəndə,

 

Məkkə-Mədinə görər.

 

 

 

Nə bilirdim etdim mən,

 

Ağac olub bitdim mən.

 

Gördüm yarın üzünü,

 

Sandım Həccə getdim mən.

 

 

 

Yar yarınnan can olsun,

 

Hər an mehriban olsun.

 

Yarla yarın görüşü,

 

Hər saat, hər an olsun.

 

 

 

Gözəl guşə ətri var,

 

Çəmən-meşə ətri var.

 

Yar gəzdiyi yerlərdə,

 

Tər bənövşə ətri var.

 

 

 

Vəfasızlar yad düşər,

 

Düşər-adbaad düşər.

 

Yardan söhbət düşəndə,

 

Ürəyimə od düşər.

 

 

 

Mil-Qarabağ boyunca,

 

Məst olunca - uyunca.

 

Oturaydım diz-dizə,

 

Danışaydım doyunca.

 

 

 

Çiçəklərlə göndərər,

 

Ləçəklərlə göndərər.

 

Yar-yara məkubunu,

 

Küləklərlə göndərər.

 

 

 

Qəm ürəkdən getməz ha,

 

Yaxşılıqlar itməz ha.

 

Yarın yara məktubu,

 

Oxumaqla bitməz ha.

 

 

 

Od yanar, su da oynar,

 

Sevgidən qu da oynar.

 

Yarın adı gələndə,

 

Sonalar suda oynar.

 

 

 

Dərin-dərin üzümü,

 

Yerə sərin üzümü.

 

Dinə-imana gəlləm,

 

Görsəm yarın üzünü.

 

 

 

Dağda duman qatıdı,

 

Lilpar-bulaq otudu.

 

Yerişindən bilirəm,

 

Bu at-yarın atıdı.

 

 

 

Güllər, həmən güllərdi,

 

Həsrət əmən güllərdi.

 

Yara həsrət qalmışam,

 

Mən aylardır, illərdir.

 

 

 

Lalələrin alına,

 

Arzuların balına.

 

Dünya dəyməz daş-qaşın,     

 

Yarımın bir xalına.

 

 

 

Getsin hicran demişəm,

 

Hamıya can demişəm.

 

Bu dünyada nə varsa,

 

Yara qurban demişəm.

 

 

 

Bulaqları içəydim,

 

Özümə yar seçəydim.

 

Ömür vəfa qılaydı,

 

Yar bağından keçəydim.

 

 

 

Gəl bazardan al məni,

 

Yandırdı o xal məni. 

 

Bir təzə tər gül ilə

 

Öz qoynuna sal məni.            

 

 

 

Sarmaşıqtək sarmaşaq,

 

Eşqimizə yaraşaq.

 

Bitməz ola yolumuz,

 

Bu dünyanı dolaşaq.

 

 

 

Yar bağçada gül əksin,

 

Gül əksin, sünbül əksin.

 

Qonsun yarın saçına

 

Arılar şirə çəksin.

 

 

 

O kəpənək, bu arı,

 

Dolanırlar bağları.

 

Yəqin çiçək gəzirlər,

 

Görmürlərmi bəs yarı?

 

 

 

Yar yara könül açdı,

 

Dilləndi, dil-dil açdı.

 

Xəzan vurmuş budaqlar

 

Yar əlində gül açdı.

 

 

 

Çaylar - axmaq üçündür,

 

Narlar - sıxmaq üçündür.

 

Aydı, gündü - nə varsa,

 

Yara baxmaq üçündür.

 

 

 

Gül üstünə sar gəldi,

 

Dünya mənə dar gəldi.

 

Bu tərəfdən gün düşdü,

 

Elə bildim yar gəldi.

 

 

 

Özü çiçək topası,

 

Ürəyimə hopası.

 

İstərəm ki, yarımın,

 

Mənə gəlsin qadası.

 

 

 

Baharımdan alıbdı,

 

İlqarımdan alıbdı.

 

Bənövşələr bu ətri

 

Gül yarımdan alıbdır,

 

 

 

Ürək səni düşündü,

 

Ayrılıqdan üşündü.

 

Sən gəlmədin bağçaya,

 

Qızılgüllər üşüdü.

 

 

 

Bu səs onun səsidir,

 

Onun xoş nəfəsidir.

 

Ən işıqlı pəncərə,

 

Yarm pəncərəsidir.

 

 

 

Bir ona bax, ona bax,

 

Yar geydiyi dona bax.

 

Gör nə gözəl oynayır,

 

Sanki süzür sona-bax.

 

 

 

Sevır o qız - sevinir,

 

Ötür ocaq sevinir.

 

Yardan nəğmə yazanda,

 

Qələm kağız sevinir.

 

 

 

O, süfrəmin aşıdır,

 

Ürəyimin başıdır.

 

Gözlərinə can qurban,

 

Yarımın qardaşıdır.

 

 

 

Candan əziz vətəndir,

 

Vətən dil-dil ötəndir.

 

Gözlərimdən su içib,

 

Ürəyimdə bitəndir.

 

 

 

Daş qaşım səni gözlər,

 

Göz yaşım səni gözlər.

 

Ölüb getsəm dünyadan,

 

Başdaşım səni gözlər.

 

 

Sumqayıt

 İllüstrasiya: Toğrul Nərimanbəyov "İçərişəhər xatirələri" (2009)

 

Məmməd NAMAZ

Ədəbiyyat qəzeti.- 2021.- 5 iyun. S. 29.