Qərib dağların
quzeyi
Romandan parça
...Ayaqları
elə bil özününkü deyldi, sözünə qulaq
asmırdı. Rayon mərkəzindən buracan heç beş yüz metr olmazdı, amma Zərnisəyə
elə gəldi ki, bir ömürlük yol gəlib, nə vaxt
bitəcəyini Allah bilir. Qanrılıb bir də
geriyə baxdı. Şəhər əvvəlki
yerində, qəbiristanlığa da əl uzatsan çatar, bəs
niyə yordu bu yol onu?
Qabaqlar tez-tez gələrdi, azından həftədə
iki dəfə, heç yorulub əldən
düşdüyü yadına gəlmirdi. İllər
ötdü, yaşa doldu, qayğıları
çoxaldıqca qəbiristanlığın yolu da yaddan
çıxdı. Torpağın üzü soyuqdu,
soyuq... Bəs indi niyə qəfil yadına
düşdü? Adətən insanlar
ölümünə yaxın əvvəl-axır gedəcəkləri
son mənzilə - qəbiristanlığa sarı üz
tutmağa, nədənsə, meyilli olmur. Zərnisəni
də bura çəkən nə ayaqları, nə də neçə
illərdi xəstəliyə tutulmuş ürəyi deyildi,
ona rahatlıq verməyən vicdanı idi. Bir zamanlar daş kimi yatmış vicdanı. Gec də olsa, bunun fərqindəydi. Yaşa dolduqca canını sıxan bütün
ağrı-acılarına rəğmən yeri bilinməyən,
gözə görünməyən vicdanının onu necə
narahat etdiyini, əzib haldan-hala saldığını duysa da,
bu narahatlıqdan keçirdiyi sarsıntıların əlindən
yaxa qurtarması asan deyildi. Doğrusuyla
yalanı iç-içə, xeyirlə şəri
göz-gözə ömür sürmək bu nahaq
dünyanın reallığıydı. Haqq
dünyasının isə mizan-tərəzisi,
sorğu-sualı vardı və Zərnisə, dindar olmasa da, o
sorğudan, o tərəzidən elə qorxurdu ki?!
Qəbiristanlığa çathaçatda yenə arxaya
döndü, niyə bura gəldiyini anlamayan Oqtay bir dəstə
qızılgüllə onun arxasınca addımlayırdı. Özü az
qala ayaqlarını dalınca güclə
sürüdüyü halda, oğluna:
- Bir az yeyin ol, - dedi.
Üstündə kimə məxsus olduğu bilinməyən
qəribə məzara çatdılar. İlk dəfə
görürmüş kimi əlini ağzına dayayıb:
"Aaaa, buna bax e, sən Allah, indiyəcən heç fikir
verməmişəm, üstündə bir nişanəsi də
yoxmuş ki, bəxtsizin", - deyib duruxdu, bu biganəliyə,
bəlkə də məsuliyyətsizliyə görə
günahlandırmalı, özündən başqa qarasına
danışıb sakitləşməli kimisə ağlına
gəlmədi, gücü deyinməyinə çatdı:
"Allah kəssün yiyəsizliyi, kəssün Allah..! Məndə
də az yoxdu,vallah, bəlkə də
Əjdərə desəydim, əl boyda bir yazıdan-zaddan...
Amma yox... Necə deyəydim...".
Səssiz-səmirsiz dayanıb fikir-xəyalının cəngində
vurnuxan Zərnisə gətirdiyi çiçəkləri həmişə
qayıdana yaxın, bəzən də ziyarətə
başlamamış mərhumun çatlamış sinədaşına
döşəyərdi. Qızılgülləri oğlundan
aldı, baxımsızlıqdan cır göyəm,
böyürtkən kolları görünməz edən
paslı dəmir çərçivəyə
yaxınlaşıb durdu. Hələ də
heç nə başa düşməyən Oqtay maraqla gah
haldan-hala düşən anasına, gah kol-kos içində əyilmiş
xaça baxdı. Zərnisə
şiş ucları paltarına ilişib cırmasın deyə,
metal çərçivəni ehtiyatla aşıb içəri
adladı; gülləri onun ayağı tərəfə səpdi.
İyirmi üç il əvvəl ona boy
verən taxta xaç indi quzey yamaclarında üşüyən
bənövşə kimi mamır basmış sinədaşına
sarı qısılmışdı. Oqtay
eşitməsin deyə, əvvəlcə özünü o ki
var qınadı, hətta ürəyində söydü də.
Qəbrin acınacaqlı vəziyyəti üzülüb
sallanan ürəyini bir az da üzdü. Sinəsindəki göynəşmədən ikiqat
olub çömbəldi. Fikirləşdi
ki, görəsən, indiyəcən necə
daşımışam bu yükü? Niyə
belim qırılmayıb, ürəyim nədən
partlamayıb?
Halsız idi, amma çətinliklə olsa da ayağa
qalxıb xaçı tarazlamaq istədi; arxaya keçib
çarpaz mıxlanmış taxtadan ikiəlli
yapışdı, onu özünə tərəf çəkmək
istəyirdi ki, illərdi yağışı-qarı, günəşin
yandırıcı odunu canına hopdurub
çürümüş taxta parçası, - sanki bu zəif
toxunuşa bənd imiş, - qopdu, ovuldu, ovulub da yerə
töküldü. Heyrətdən özünü itirdi.
Əvvəlcə heç nə başa
düşmədi, günahkar kimi ora-bura, sonra da ovucunda qalan
xıncım-xıncım olmuş taxta qırıqlarına
baxdı, anidən "Vaxsey... gör mən neynədim?
Gərək əl vurmazdım..." deyib onsuz
da bayaqdan dolub durmuş Zərnisə, maraqla onu izləyən,
hələ də içəri keçməyə ürək
eləməyən oğluna sarı çevrilib
hıçqırtıyla hönkürdü. Əvvəllər kimsəsiz bir küncə çəkilib
sakitcə, hıçqırığını içində
boğa-boğa sıtqadığını, görənlər
duyarmış kimi qorxa-qorxa, gizlincə ağlayardı. Ürəyini qubar edən sinəsi altında gəzdirdiyi
sirri gözləri ələ verər deyə, ta ölənəcən
ömür-gün yoldaşı Əjdərin də
gözünün içinə düz-əməlli baxa bilmədi.
Beləcə, tikan üstə oturubmuş kimi
günü-günə, ili-ilə calamışdı, kimsəylə
bölüşmədən. Bölüşmədikcə
dərdi sinəsində qubar bağlamışdı.
Oqtay xəstə anasının özündən gedəcəyindən
ehtiyat edib alçaq dəmir çərçivəni cəld
aşıb içəri girdi. Cəld anasına
yaxınlaşdı. Taxta ovuntusu barmaqlarının
arasından qum kimi süzülüb axan Zərnisənin
qoluna girib onu ovundurmağa çalışdı.
Nə qədər
çətin olsa da, neçə vaxt idi götür-qoy edən,
gələrkən cəsarətini toplayıb, "bu gün,
ya heç vaxt" - deyə fikirləşən Zərnisə,
qərarında qəti idi və əvvəl-axır hər
şeyi yerbəyer edəcəyinə söz vermişdi. İllərdi sinəsini qurd kimi gəmirən sirrini
özü ilə o dünyaya aparmayacağına, apara bilməyəcəyinə
əmin idi. Daha bacarmazdı. Əjdərin dülgər Stepana düzəltdirdiyi
xaçın ovulub tökülməsi də bir yandan ürəyinə
xal saldı. Çimçindi. Bir
anlığa yerə səpələnmiş xaçın
qırıntılarından nəzərini çəkdi,
göynəyə-göynəyə
yanıb-yaxıldığını görən yəqin ki,
"məni bura niyə gətirdin?" soracaq oğluna
sarı baxmağa cürət etmədi, başını
göyə qaldırıb "günahımı
bağışla" deyib, son ümidi olan Allaha üz tutdu. Gəl
ki, əli hər yerdən üzüləndə milyon kərə
belə etsə də, həmişə məyusluğu, qəzəb
doğuracaq uğursuzluğu gözlərində olan-qalan
işığı da söndürmüşdü deyə,
artıq yuxarıdan halını xoş edəcək bir
işarə, bir səda gəlməyəcəyini duyub
üzünü göydən çəkdi, günahından xəcalət
çəkib kədərini boğa-boğa, sakitcə "elə
mən də bağışlamazdım", - deyə bildi. Və
düşünəndə ki (əgər özündə təpər
tapıb deyə bilsə), bir azdan həqiqətlərdən
hali olacaq Oqtay da Allahı kimi ondan üz döndərər, onu atar, - bir
andaca vücudu titrəməyə başladı. Buna dözə bilməzdi. Anladı
ki, illərdi pozulmuş hüzurunu darmadağın etdiyi həyatının
son günlərində, nəhayət, nizama salmaq istərkən
öz əliylə özünə gor qazır. "Birdən məni başa düşməsə, əfv
etməzsə necə? Bəlkə hər şey elə
olduğu kimi qalsa yaxşıdır?".
Çaşıb qalmışdı. Tərəddüd
içində fikirlərinin haçalanması yekdil qərar
verməyə mane olurdu. Qorxurdu. Əslində, çoxdan çıxarmış
olduğu qərarına xitam verməyə cəsarəti
çatmırdı. Onu son əməliyyata
hazırlayan həkimin Oqtaya dediklərini qulaqlarıyla
eşitdiyindən, həkim deməsəydi də öləcəyinə
şübhəsi yox idi. Çünki iki
ay qabaq, oğlundan gizlincə, başqa bir klinikanın
tanınmış professoruna bütün müayinələrin,
əvvəlki əməliyyatın nəticələrini
göstərib, bacımdı, xahiş edirəm düz deyəsiniz,
onun üçüncü əməliyyatdan sonra yaşamaq
şansı varmı? - soruşanda,
"bu xəstəlik üçün altı ay da az müddət
deyil", - demişdi professor və kəsə verilən cavab
əl-qolunu yanına salmış, oğluna yalvar-yaxar eləmişdi
ki, bəs, boş yerə xərc çəkib pulunu havaya
sovurmasın, əməliyyat olunmaq istəmir. Həkimlərin nə vecinə,
bazar alverçisi kimi xəstəyə müştəri
gözüylə baxır, əlinə düşənin
astarını üzə çevirməyincə əl çəkən
deyillər... Kimə deyirsən, arvad inad etsə
də, Oqtay anasının nəinki altı ay, bircə saat belə
artıq yaşaması üçün puluna heyifsilənərdimi?
Əlbəttə, yox!
Əməliyyatdan
beş ay on üç gün keçir. "Bəlkə elə günü sabah öləcəm"
deyərək Oqtayı dilə tutub rus qəbiristanlığına
gətirməyində məqsədi çiynindəki
ağır yükdən azad olmaq deyildimi? Bəs
niyə birdən-birə fikri haçalandı? Sağ ikən,
gözü-gözünə, üzü-üzünə
baxa-baxa bu xəbəri verə bilməyəcəyinə tam əmin
oldu Zərnisə. "Sən canını vaxtında
qurtardın, Əjdər... Bir yastığa baş
qoyduğun, nazını çəkdiyin arvadının əməlindən
bixəbər köçüb gedən bəxtəvər... Nələr çəkdiyimi bilmədin. Bildirmədim. İçimdə
odlanıb-yandım, sənə əzab vermədən. İndi də oğluma qıymaram. Onu itirə
bilmərəm! Dözəcəm. Bu
vaxtacan dözdüyüm kimi...".
Oqtayın sual dolu gözlərindən yayınmaq
üçün başını onun sinəsinə dayayıb
susdu. Oqtay,
yad qəbiristanlıqda tanımadığı birinin məzarı
başında haldan-hala düşən anasının
gümüşü tellərini sığalladı, göz
yaşını silib sakitcə soruşdu:
- Kimdi bu?
Zərnisə boğulub durmuşdu, dolmuş gözlərində
gilələnmiş yaşı güclə saxlayırdı. Xeyli fikirləşəndən
sonra özünü ələ alıb düşdüyü
vəziyyətdən çıxmağa
çalışdı:
- Rə...
rəfiqəm-di, - dedi, - daha doğrusu,
ba-cım... hə, hə, süd bacım. Son
vaxtlar yuxumdan çıxmır, fağır. Söz vermişdim, oğlumla gələcəm
üstünə. - Deyəsən, yalanına özü
inandı. Oqtayın inanıb-inanmadığına məhəl
qoymadan, nə deyəcəyini gözləmədən sinəsinə
bir az da qısıldı; ürəyi
şiddətlə döyünürdü oğlunun.
Geriyə yol yox idi. Yalan artıq ağzından
çıxmışdı, indi qalırdı, bir dəfə
də olsa evdə adı çəkilməyən,
xatırlanmayan "süd bacısı" haqqında
nağıl uydurmaq.
Bəlkə
də, Zərnisənin nağılı çoxdan hazır
idi...
Yaşar BÜNYAD
Ədəbiyyat qəzeti.- 2021.- 5 iyun.- S.30.