Malkolm
X
Qətlə yetirilməsindən
iyirmi yeddi il sonra - 1992-ci ildə qaradərili ABŞ rejissoru,
aktyoru Spayk Li tərəfindən ekranlaşdırılan
"Malkolm X" filmi Amerikadakı irqçilik probleminə həsr
edilmiş filmdir. İslamı qəbul edən
Malkolmun qaradərililərin hüquqları uğrunda
mücadiləsini əks etdirən film qeyd etdiyim mövzusuna
görə örnək tarixi ekran əsərlərindən
biridir.
Qaradərililərin
hüquqları üçün əvvəlcə onları
ağlardan ayırmaq ideyasını müdafiə edən
Malkolm X haqqında film çəkmək fikri əvvəldən
olmuşdu. Qətlə yetirilməsilə bağlı məlumatlarda
müxtəlif problemlər olduğundan Malkolm haqqında
1971-ci ildə çəkilən sənədli film
yarımçıq saxlanmışdı. 1968-ci
ldə haqqında hazırlanan ssenari işində Makkarti
dövrünün qurbanlarından biri Arnold Perl də
iştirak etmişdir. Lakin bu iş uzanmış, həll
olunmamışdı.
Uşaq ikən rahib atası
qətlə yetirilən Malkolm (Denzel Vaşiqton) həyatının
əvvəlindən irqi ayrı-seçkiliyə məruz
qalır. Qaradərililərə təzyiq edən irqçi
qruplara atası evləri yanarkən atəş açmır.
Belə etməklə xristian inancına uyğun
hərəkət etmiş olur. Məktəbdə
müəllimi qaradərili biri üçün dülgər
olmağın daha məsləhətli olduğunu deyir. Bu səbəbdən hüquqşünas olmaq arzusu həyata
keçmir. Ordudan da kənar qalmaq
üçün dəmiryol işilə məşğul olur.
Toplumdakı vəziyyət Malkolmu saxtakarlıq
eləməyə vadar edir. Malkolm öz
hekayəsini analadarkən ABŞ cəmiyyətindəki qaradərililərlə
bağlı o zamankı stereotipi aydın şəkildə
izah edir. Saçının rəngini dəyişməklə
özünü ağlara daha yaxın göstərmək istəyir.
Qaradərililərə cəmiyyətin oğru,
quldur kimi baxması daha sonra Malkolmun həyatına təsir
edir. Rəngli geyimiylə öz qaradərili
həmyerliləri tərəfindən də ələ
salınan Malkolm həyatını narkotik maddələrin qəbulu
və oğurluğa həsr edir. Həyatı boyu təhsil
ala bilməyən Malkolm belə demişdi: Bir insanın
düşünməyə ehtiyacı varsa, universitetdən
sonra gedə biləcəyi ən yaxşı yer həbsxanadır".
Həbsxana həqiqətən onun həyatında
dönüş yaratmışdı. Malkolm
oğurluğun nəticəsində məhbəsə
düşür. Həbs olunan zaman ilk dəfə
yanına gələn keşişə etirazını bildirir.
Bu, təkcə ona qarşı yox, İsa
peyğəmbərə qarşı da yönəlmiş
etiraz olur. Malkolm bu etirazla həm
atasının rahib kimi fəaliyyətinə etiraz etmiş
olur, həm də gələcəkdə öz yolunu islamla
bağlayacağıyla bağlı mesajını ətrafındakılara
təqdim edir.
Həbsxanada Breyn (Albert Hall) ona yol
göstərir. Ağdərililərin xatirinə
öz saçını yandıraraq onlara xoş gələn
Malkolma qarşı əsəbləşir. Özünün kimliyini xatırlatmaqla Malkolmu
oyandırmaq istəyir. Breyn həbsxananın
əslində onun beynində olduğunu qeyd edir. İslam
milləti cəmiyyətinin sədri Elajya Məhəmmədin
(Al Friman) islam dəvətini Malkolma
çatdırır. Brayn həbsxanadakı qaradərililərin
qarşısında ağların etdiyi tarixi cinayətlərlə
bağlı məlumatlar verir. Hər bir
qaranın üzlərinin ifadəsi fonunda qaradərililərin
faciələrindən bəhs edir. Brayn
Malkolmdan ağdərili qadınlardan, spirtli içkilərdən,
donuz ətindən, narkotikdən uzaq durmağı tələb
edir. Brayn ağların tərtib etdiyi
lüğətlərdə qaranın neqativ bir rəng kimi
qeyd edilməsini xüsusi olaraq Malkolma anladır.
Namaz qılmağı öyrənərkən
Braynın "sonuncu dəfə nə vaxt əyilmisən"
sualına "oğurluq edərkən" cavabını verməsi
Malkolmun həyatındakı ciddi dəyişiklik
olacağından xəbər verir. O, mənən Allah
hüzuruna çıxmağa hazırlanır. Müqəddəsləşdirilən
Elajya Məhəmməd Malkolma bir ruh kimi görünür.
İslamla
tanışlıqdan sonra İsa peyğəmbərə Qərb
dünyasındakı yanlış təsəvvürləri də
anlayan Malkolm həbsxanada dini öyrədən keşişə
qarşı çıxır. İsa peyğəmbərin
ağdərili yox, qarayanız olması fikrini irəli
sürür. Onun ağ rəngdə
olmasının yalnız Qərb rəssamlarının təxəyyülündən
irəli gəldiyini bəyan edir. O, öz fikrini
"İncil"dəki surələrlə təsbit edə
bilir. Bu etiraz təkcə tarixi
yanlışlıqlara qarşı deyil, Qərbdəki
işğalçı irqçi təsəvvürlərə
qarşı da üsyanı ifadə edir.
Elajya Məhəmməd bir
söhbət əsnasında Malkolma, "sənin içindəki
şeytani hasar qalxdı" deyərək ona həm yüksək
qiymət verir həm də öz müridi kimi qəbul edir.
Həbsxanadan sonra İslam
milləti təşkilatı çərçivəsində
islami dəyərləri də rəhbər tutaraq Malkolm X
qaradərililərin hüququ uğrunda mücadiləyə
başlayır. Onunla eyni dəyərləri
bölüşən qadınla ailə həyatı qurur.
Konfranslar zamanı insanların beynindəki məhbəsləri
qaldırmaq fikrini təbliğ edir.
Qaradərili fəal Conson həbs
olunarkən Malkolm onu həbsdən azad etdirir. Polislər
"vəkil deyilsiz" desə də, o, öz məqsədinə
nail olur. Sanki Malkolmun uşaqlıq arzusu
çin olur. O, bir insan hüquqları fəalı kimi
irqçi topluma qalib gəlməyə başlayır.
Elajya Məhəmməd
Malkolma özünün vaizi kimi təşkilatda vəzifə
verir. Elajya Məhəmməd Malkolmu islamı
anlatdığı zaman onun təkcə din yox, ABŞ-dakı
qaradərililərin dərdinə dərman olaraq görür.
Tarixə məlum Bilal Həbəşi
olayının mövcudluğu bu fikrə əsaslı təsir
göstərmişdir desək, yanılmarıq. İlk azan verən Bilal Həbəşi həm də
islamın irq, rəng ayrılığı fikrini rədd edən
görüşünün təmsilçisi olmuşdur.
Həyatını
qaraların hüquqlarının müdafiəsinə həsr
Malkolm ətrafında baş verənlərə etinasız
olur. Həyat yoldaşı ilə heç vaxt mübahisə
etməyən Malkolmun problemi yaranır. Aljir
Məhəmmədlə bağlı təcavüz qalmaqalı
onun həyat yoldaşını narahat edir. Qəzetdə yazılan xəbərlərə isə
Malkolm inanmaq istəmir. Əslində, həmin
hadisə real şəkildə baş vermişdir. Lakin bu iddialar öz təsdiqini
tapmamışdır. Həyat
yoldaşı bu mübarizənin sonunda Malkolmun yalnız
buraxılacağı qorxusuyla yaşayır. "İslam milləti" təşkilatının
rəhbəri isə Malkolmu artıq nüfuzu artmış təhlükəli
şəxs kimi görür. Təşkilat
üzvlərindən biri vaizliyə yüksəlsə də,
ona tapşırılan vəzifə Malkolmun avtomobilini
partlatmaq olur. Lakin o,
tapşırıığı yerinə yetirmir, bu barədə
Malkolma xəbər verir.
Artıq təşkilatla
yollarını ayıran Malkolm Həcc ziyarətinə gedir. O, ziyarət zamanı
artıq ağlarla qaraların ayrılması fikrindən
daşınır. Məkkədə ağdərililərlə
də bir qabdan yemək yediyini deyərək islam
qardaşlığı fikrini gücləndirmiş olur. Şeytanın daşlanması mərasiminin fonunda
Malkolmun "Amerika zəncisi irqçi düşmənçiliyində
günahlandırıla bilməz, o, dörd yüz illk zülmə,
soyqırıma təpki göstərir" deməsi
irqçiliyin bir iblisanə fikir olduğunu əks etdirir.
Malkolm Amerikaya geri dönsə
də, ona qarşı təhdidlər davam edir. Ailəsi ilə
belə telefon danışıqları izlənilən mücahid
ciddi həyati təhlükə ilə üz-üzə
qalır. Lakin Malkolm öz mübarizəsindən
dönmür. O, artıq irqçiliyə qarşı
başqa təşkilatlarla da birgə mübarizə
aparacağını bəyan edir. Malkolm
artıq bu bəşəri düşüncənin daha
geniş ortamda yayılmasına tərəfdar olur. Atasıyla eyni taleyi yaşayan Malkolmun da evi
yandırılır. Lakin bunu artıq
ağdərili irqçilər yox, "İslam milləti"
təşkilatının üzvləri həyata keçirir.
Sonuncu keçirdiyi konfrans ərəfəsində
küçədə qaradərili bir qadının
"İsa səni qoruyacaq" sözünə bir qədər
etinasız qulaq asır. Malkolm İsa peyğəmbər barədə,
sanki həyatı boyu düşündüklərinə bir
yekun vurmuş olur. 1965-ci ilin 21 fevral
tarixində konfrans zamanı qaradərili mücahid qətlə
yetirilir. Filmin sonluğunda Malkolm X-lə
bağlı xronikal kadrların getməsi filmə sənədlilik
effekti əlavə edir. Məktəbdəki
qaradərili uşaqların onun ölümündən sonra hər
birinin "Mən Malkolm X -səm" deməsi bəşəri
ideyaların yaşamasını əks etdirir.
Aktyor Denzel Vaşiqton baş
rola görə Oskara namizəd göstərilsə də o, Al
Paçinoya uduzmuşdu. Film 1992-ci ilin ən yaxşı filmi
olaraq siyahıya düşmüşdü. "Malkolm X" filmi 2010-cu ildə Konqres
kitabxanası tərəfindən "mədəni, tarixi,
estetik" cəhətdən əhəmiyyətli ekran işi
kimi ABŞ-ın Milli Film Reyestrinə daxil edilmişdir.
Ceyhun
MİRZƏLİ
Ədəbiyyat
qəzeti.- 2021.- 5 iyun. S. 31.