"Smartfon
məktubları" silsiləsindən
25 Dec.
2017, 15:53
İndi haralardasan görən? Siz burdan köçəndən
sonra o qədər şey dəyişib ki; yəqin, heç çoxundan xəbərin yoxdur... Səndən
sonra Elnurla Lalə də getdi, sonra Günelgili
də köçdülər
buralardan. Sonra yay
qurtardı, havalar yavaş-yavaş soyumağa
başladı, sentyabr
gəldi, payız gəldi. Oktyabrda işdən çıxdım.
Daha nə işləyə bilirdim, nə də o otaqda oturmağı bacarırdım.
Hər gün günorta vaxtı əlim heç bir işə yatmayanda, oturduğum kreslonu sağa-sola fırlada-fırlada
sənin o boş qalmış masana, bir vaxtlar sənin
toxunduğun o əşyalara
baxırdım. Bir dəfə
necə oldusa, kompüterdə işlədiyim
vaxt hardansa ağlıma gəldi ki, bəlkə masanın üstündəki
o qələmlərdə, ya
da başqa əşyalarda sənin ətrin qala bilər. Günorta fasiləsində otaq boşalandan sonra sənin masanın üstündə
başlatdığım o ümidsiz
və zavallı axtarışımın axırlarına
yaxın, doğrudan da, sənin ətrini mənə xatırladan nəsə oldu. Tərk etdikləri torpağı
minalayan əsgərlər
kimi elə bil ki, sən
də o masanın üstündə o ətrin
qoxusunu mənim ürəyimi partlatmaq üçün qoyub getmişdin. O ətri
duyandan sonra yadıma nələr düşdü, bilirsənmi?
Axşamlar işdən
çıxanda dayanacağa
qədər birlikdə
getməklərimiz; işdən
sonra axşam yeməyini bitirər-bitirməz,
səndən məktub
gətirən göyərçinmiş
kimi az qala
bağrıma basmaq istədiyim telefonu əlimə almaqlarım; bəzən gecəyarısına
qədər çəkən
və mənə həyatda hər şeydən şirin gələn yazışmaqlarımız,
hələ sənə
təzə-təzə vurulduğum
vaxtlar həftəsonları
Lalənin təşkil
etdiyi görüşlərə
həyəcanla gəlməklərim;
həmişəki iş
geyimindən fərqli
olaraq o görüşlərə
sənin daha gözəl paltarlar geyinməyin; çay içdiyimiz, ya da hansısa zarafata güldüyümüz
ərəfədə fikrimi
hər şeydən qopararaq bütün diqqətimlə sənin gülüşünə, fincanı
dodaqlarına yaxınlaşdırmağına,
qızlardan hansınasa
nəsə deməyinə
baxmaqlarım; bu görüşlərdən aylar
sonra ilk dəfə səninlə işdən
kənar bir yerdə görüşməyimiz;
bir dəfə küləkli bir gündə səni metroyacan ötürdükdən
sonra, metroya girməzdən əvvəl
üzünü mənə
tərəf çevirib
sağollaşarkən küləyin
üzünə dağıtdığı
telləri əlinlə
yığaraq şirin-şirin
və mənalı-mənalı
gülümsəməyin - bütün bunlar o ətri duyduqdan sonra təzədən gözlərim önündə
canlanmağa başladı.
25 Dec.
2017, 16:51
Keçən dəfə aylar
sonra yolum o köhnə iş yerimizdən keçdi. Bilirsən nə gördüm? İşdən sonra həmişə
yanından keçdiyimiz
restoranı da, ətir mağazasını
da, informatika kollecini də sökmüşdülər. Hər şey dəyişilmişdi.
Amma o mənzərəni görmək
mənə çox pis təsir bağışladı, çünki
o restoranın da, o kollecin də, o mağazanın da qarşısında, hardasa
bir yerdə səninlə mənim yanaşı dayanmış
addımlarımızın izləri qalırdı.
İndi isə o izləri də söküb yoxa çıxarmışdılar.
25 Dec.
2017, 17:18
Sən gedəndən
sonra elə bil ki, payız
da həmişəkindən
daha uzun çəkir. Amma uzun çəksə
də, bu ilin payızı axır ki, qurtardı.
İndi qışdır. Bakıya neçə
dəfə az-az qar yağdı, əridi. Bu dəqiqə
pəncərəmizin qabağında
oturub çölə
baxıram. Külək elə
güclü əsir ki, elə bil
çiynini divara söykəyib var gücü ilə evimizi yerindən qoparmaq istəyir. Altı gün sonra yeni il gəlir. Şəhərin hər tərəfində
bər-bəzəklər, yolkalar
var. Kaş indi hardansa xəbər tutardım ki, Bakıya qayıtmısan.
Kaş şəhərdə
yeni il
ab-havasının hiss olunduğu
bu günlərdə bir vaxtlar gəzdiyimiz
o küçələri, o parkları heç olmasa bircə dəfə yenə də səninlə gəzə biləydim. Belə danışsam da, səninlə bağlı
bütün ümidlərimi
itirmişəm. Bəlkə, qocalıb əldən düşəcəyimiz günlərə
qədər bir də heç vaxt buralara qayıtmayassan.
Hə, bəlkə də, qayıtmayassan. Amma əminəm
ki, günlərin hansısa bir günündə, dünyanın
hansısa ölkəsində
- bir küçədə,
bir restoranda, ya da hansısa
hava limanında təsadüfən yenə
üz-üzə gələcəyik.
25 Dec.
2017, 23:57
Bir az əvvəl
qar başladı.
2019, iyul
Təvəkgül BOYSUNAR
Ədəbiyyat qəzeti.-
2021.- 15 iyun. S. 30.