AMEA Ədəbiyyat İnstitutu Türkiyənin Pamukkale Universiteti arasında “Uşaq ədəbiyyatı” müzakirəsi

 

İyunun 4-ündə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Türkiyənin Milli Eğitim Bakanlığı, Pamukkale Universiteti arasında toplantı keçirilmişdir. Toplantı müstəqilliyimizin 30 illiyi ilə əlaqədar Türkiyədə çap olunacaq "Azerbaycan çocuk edebiyatı" kitabının detallarının incələnməsi məqsədilə təşkil olunmuşdur. İkitərəfli əməkdaşlığın nəticəsi olaraq baş tutan görüşdə Azərbaycan tərəfi Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı, “Uşaq ədəbiyyatı” şöbəsinin müdiri, filologiya elmləri doktoru Elnarə Akimova, Türkiyə tərəfi isə “Pamukkale Universitesi Fen Edebiyat Fakültesi Çağdaş Türk Lehçeleri Edebiyatları Bölümü Öğretim Üyesi, Güney Batı Türk Lehçeleri Ana Bilim Dalı Başkanı, doçent doktor Soner Sağlam, Pamukkale Universitesi Fen Edebiyat Fakültesi Çağdaş Türk Lehçeleri Edebiyatları Bölümü Doktora Öğrencisi, bilim uzmanı Yaşar Sözen Pamukkale Universitesi Fen Edebiyat Fakültesi Çağdaş Türk Lehçeleri Edebiyatları Bölümü Doktora Öğrencisi, bilim uzmanı Fatih Yağlıca” təmsil etmişlər. Görüşdə çıxış edən akademik İsa Həbibbəyli Türkiyəli alimləri salamlayaraq görülən işin elmi əhəmiyyətindən bəhs etmiş, bunu qardaş ölkənin Azərbaycan ədəbiyyatına diqqəti olaraq dəyərləndirmişdir. “44 gün davam edən II Qarabağ savaşında Türkiyə daim Azərbaycanın yanında olmaqla ona ən böyük mənəvi dəstəyini göstərdi. Mən hər zaman qeyd etmişəm, mənəvi dəstək dəstəklərin ən böyüyüdür”, - deyən İsa Həbibbəyli daha sonra uşaq ədəbiyyatı istiqamətində İnstitutda görülən işlərdən söz açdı. Şöbənin yaranma səbəbləri, uşaq ədəbiyyatının tədqiq sahəsində mövcud boşluqların aradan qaldırılma planları barədə ətraflı bəhs edən akademik müstəqilliyimizin 30 illiyi ilə bağlı ərsəyə gələcək bu kitabın böyük töhfə olacağını vurğuladı. Həmçinin türk ədəbiyyatı ilə bağlı Ədəbiyyat İnstitutunda görülən digər işlərə, yazılan kitablara diqqət yönəldən İsa Həbibbəyli Türkiyənin tanınmış elm adamları ilə birlikdə həyata keçirilən işlərdən bəhs etdi.

 

 Kitabın Azərbaycan türkcəsinə daxil olan bölümünün tərtibçisi redaktoru olan Elnarə Akimova qeyd etdi ki, “bu kitabda son otuz ildə müstəqilliyə, istiqlal mövzusuna dair yazılmış müxtəlif janrlı ən yaxşı uşaq ədəbiyyatı nümunələri yer alacaq "Bengü yayınları"nda çap olunacaq. Belə bir mötəbər mövzunun həyata keçirilməsi üçün türk xalqları arasında seçilən ilk ölkənin Azərbaycan olması çox qürur doğurur. Uşaq ədəbiyyatı bizim məfkurəmizin zəminində dayanan bir sahədir hazırlanan bu kitab həmin məfkurə dalğasının bütün dövrlər üzrə sərgilənməsində əsas vasitə olacaqdır”.

 Müstəqillik dövrü uşaq ədəbiyyatının əsas tədqiqatçılarından sayılan Aygün Bağırlı da çıxış edərək bu sahəyə diqqətin müstəqillik illərində vüsət almasını xüsusi nəzərə çarpdırdı. Respublika Prezidenti İlham Əliyevin bu sahəyə diqqətini, verilən sərəncamların onun müxtəlif sahələrdəki inkişafına təkan olduğunu qeyd etdi.

Toplantıda çıxış edən Türkiyəli alimlər bildirdilər ki, “biz türk dünyasının uşaq ədəbiyyatının vəziyyəti ilə maraqlandıqca bu sahədə ciddi problemlər, həmçinin boşluqlar olduğunu hiss etdik. Soner Sağlam “Türkmenistan çocuk edebiyatı” adlı dəyərli tədqiqat meydana qoyduqdan sonra diqqətimiz Azərbaycan uşaq ədəbiyyatına yönəldi bizim üçün Azərbaycan uşaq ədəbiyyatının son yüzildə keçdiyi inkişaf yolunu izləmək böyük maraq doğurdu. Bu baxımdan, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutuna, “Uşaq ədəbiyyatı” şöbəsinə müraciət etdik, qarşılıqlı əməkdaşlığın əsası qoyuldu. Sağ olsun ki, İnstitut rəhbərliyi, dəyərli İsa Həbibbəyli bizi doğma qarşıladı. Birlikdə daha gözəl işlərimizin olacağına inanırıq, növbəti kitab kimi uşaq ədəbiyyatına dair elmi-nəzəri materialların çapını nəzərdə tutmuşuq”.

Daha sonra müzakirələr başlandı. Çap olunacaq mətnlərin seçilmə meyarlarından, Türkiyə türkcəsinə uyğunlaşdırılarkən yaranacaq problemlərdən, hansı şərtlər daxilində hazırlanma məsələlərindən geniş bəhs edildi.

Onu da qeyd edək ki, kitabın bu ilin oktyabr ayında ədəbi ictimiyyətə təqdim olunması planlaşdırılır.

 

Ədəbiyyat qəzeti.- 2021.- 15 iyun. S. 30.