Şərq
və dram
I məqalə
Məlumdur ki, dram və dramatik teatr Qərbdə
yaranmışdır. Tarixi daha qədimə gedən Şərq teatrı mərasim
teatrı olmuş, özünü dini, milli, məişət
ritualları əsasında formalaşdırmışdır. Şərq uzun əsrlər dramatik teatrdan, eləcə
də dram janrından uzaq qalmış, daha doğrusu, bu janrda
özünüifadəyə ehtiyac duymamışdır.
Bu gün Şərq dramda yüzillik təcrübəyə malik
olsa da, dram Qərbin janrı olaraq qalmaqdadır. Şərq ara-sıra
və bəlkə də, nadirən bu janrda yaxşı əsərlər
yaratsa da, dram Şərqin janrı ola bilmir, o, özünü daha yaxşı
poeziyada və nəsrdə ifadə
edir.
Dram niyə
Şərqin yanrı ola bilmir və yaxud
niyə Şərq bu janrda yaxşı əsər yarada
bilmir?
Sözsüz ki, yaradıcılıq, ilk növbədə,
istedad məsələsidir. Amma Şərq heç bir zaman
istedaddan kasad olmamış, o, Xəyyam, Nizami, Hafiz, Füzuli
kimi şairlər, "Min bir gecə nağılları",
"Qabusnamə", "Kəlilə və Dimnə"
kimi dünya şöhrətli əsərlər ortaya
qoymuş, dünyanı
Robindranat Taqorun, Çingiz Aytmatovun, Orxan Pamukun
romanları ilə maraqlandıra bilmişdir. Ancaq
Şərq dramaturgiyasında dünya miqyaslı bir fakta da rast
gəlmək mümkün deyildir. Dramaturgiyanın inkişafı tarixində
Şərqin adı yalnız misteriya və dini tamaşalardan
keçir. (V.A. Lukov Mirovaə dramaturqiə.
// Gnüiklopediə qumanitarnıx nauk, 2007 - ¹2, (229-331 s.) 229
s.).
Yaradıcılıq
istedad məsələsi olsa da, ola bilməz
ki, Tanrı Şərqi həmişə istedadın bir tərəfindən
əta edib, o biri tərəfindən kəm yaratsın. Demək, məsələ heç də istedadda
deyil, başqa nəsnələrdədir. Hegelə
görə: "...Şərq dünyası, dramın gərəkli
inkişafına öncədən
yol verməmşdir". (Qeqel F. (1958)
Soçineniya. Tom 14, kniqa III, Moskva, 544 s. 371 s.).
Dram digər
janrlardan daha az təxəyyül və
daha çox təfəkkür məsələsidir. Poeziyada təxəyyülün
ortaya qoyduğu gözəl bir ifadə, yaxud nəsrdə təxəyyülün
məhsulu olan maraqlı bir macəra yaxşı bir əsərin
yaranmasına material ola bilər. Ancaq yaxşı bir dramın yaranması
üçün təxəyyülün uydurduqları deyil, təfəkkürün
analiz etdikləri lazımdır. Dram həm
də fərdin deyil, toplumun təfəkkürü məsələsidir.
Bir fərdin təfəkkürü yaxşı
bir şeir, yaxud yaxşı bir nəsr yarada bilər, ancaq
yaxşı bir dram yarada bilməz. Məsələn,
Nizaminin "Xəmsə"si, Ömər Xəyyamın
rübailəri, Hafizin qəzəlləri, Füzulinin
"Leyli və Məcnun"u, Keykavusun "Qabusnamə"si,
hind ədəbiyyatından "Kəlilə və Dimnə", ərəb ədəbiyyatından
"Min bir gecə nağılları" kimi dünya ədəbiyyatı
xəzinəsinə daxil olan əsərlər toplum təfəkkürünün
boy atmadığı, hətta cahillik həddində olduğu
bir ortamda yaranmışdır. Amma bu mühitdə
dram yaranmamışdır. Çünki dram toplum təfəkkürünün
inkişaf etdiyi,
yalnız personajlar arasında deyil, cəmiyyətdə
dialoqun olduğu şəraitdə
yaranır. Təsadüfi deyil ki, bu janr yunan
demokratiyası mühitində meydana çıxdı. Roma demokratiyasının tənəzzülündən
sonra dünya dram sənətində də tənəzzül
yaşandı. "Avropa dramaturgiyası
tarixində poeziya və nəsrə məxsus olmayan özəllik
- inkişafında yarım minlik fasilə vardır".
(V.A.Lukov) Dramın yenidən
dirçəlişi təfəkkür tarixinin yeni
erasında: İntibah dövründə baş verdi.
Göründüyü kimi, dramın inkişafı toplum
təfəkkürünün inkişafı ilə həmahəngdir,
böyük dram tartışma ortamı olan bir cəmiyyətdə
yaranır. Qədim
Yunanıstanda ona görə teatr-dram sənəti yaranmadı
ki, yunan xalqının Esxil, Evripid, Sofokl kimi sənətkarları
vardı, ona görə yarandı ki, yunan cəmiyyətinin
dili dialoqun dili idi və bu cəmiyyətin mübahisə-müzakirəli
mühiti onlara dram yaratmaq üçün material verdi. Odur ki,
qədim yunan dramaturgiyası yalnız Esxil, Evripid, Sofoklun
deyil, həm də qədim yunan demokratiyasının, Plavt,
Terenzi, Seneka yaradıcılığı Roma
demokratiyasının, Şekspir, Şiller, Molyer, İbsen
dramaturgiyası isə inqilablar edib, respublika quruluşu,
parlament idarəetməsi yaradan Qərb cəmiyyətinin
yaratdıqları idi.
Özünü
ehramlar qarşısında sitayişə həsr edib, ehkamlar
çərçivəsində düşünən, şah
saraylarındakı hakimiyyət çəkişmələrini
seyrçi kimi izləyib, taleyinin hökmünü gah göylərdən,
gah da saraylardan gözləyən müti və müdrik Şərqin
özünü aşiqanə qəzəllərdə, ibrətamiz
hekayələrdə ifadə etməsi təbii idi. Kralları xalq qarşısında edama aparan Qərb
gördüklərini müzakirə etmək, şahları
saray qapıları arxasında qətlə yetirən Şərq
isə eşitdiklərini dinləmək və inanmaq vərdişinə
yiyələnmişdi. Nə zaman ki, inanmaqdan imtina etdi, Şərq
insanı itaətdən üsyana, inamdan şübhəyə
keçdi, ona yalnız moizə demək, yaxud monoloq söyləmək
mümkün olmadı, qarşı tərəf onunla dialoqa
girməyə məcbur oldu, onda Şərqdə də dram
yarandı. Bunun baş verdiyi zaman kəsiyi XIX əsr
idi.
Bu əsrdə
Şərqdə demokratik gəlişmələrin ilk
işartıları görünür, təfəkkürdə
bir oyanış yaşanırdı: Hindistanda ənənəvi
yaşayış tərzinin dağılması sürətlənmiş,
milli-azadlıq hərəkatları başlamış, Yaponiya
mütləq monarxiyadan konstitusiyalı monarxiya idarəetməsinə
keçmiş, daha mühafizəkar olan islam
Şərqində modernləşmə meyilləri
özünü göstərməyə başlamış,
Osmanlıda bu modernləşmə
milli, siyasi mövzulu çəkişmələrə qədər
gedib çıxmışdı. Bu dönəmdə
Osmanlı dövlətində XIX əsrdə Sənədi-iitifakın
qəbulu, Tanzimat fərmanın, İslahat fərmanının
verilməsi, 1876-cı yıl Ana yasası kimi demokratikləşməyə
meyilli siyasi hadisələrin gəlişməsi artıq cəmiyyətin
Orta əsrlər ətalətindən
oyandığını,
düşüncədə bir oyanış
yaşadığını göstərirdi.
Şərqdə monoloq yavaş-yavaş öz kəsərini
itirir, dialoqa güzəştə getməyə məcbur
olurdu. Cəmiyyətə dialoqun gəlişi ədəbiyyata
da dramı gətirdi. 1850-ci ildə Mirzə Fətəli
Axundzadənin "Hekayəti-Molla İbrahimxəlil kimyagər"
pyesi ilə Azərbaycan, 1860-cı ildə İbrahim
Şinasınin "Şairin evlənməsi" pyesi ilə
Osmanlı ədəbiyyatında dram yarandı. İran,
Çin, Hindistan, Yaponiyada isə təxminən XIX əsrin
sonları XX əsrin əvvəllərində bu janr
yarandı.
Şeir bir subyektin hisslərinin, düşüncələrinin,
nəsr bir cəmiyyətin yaşantılarının,
dini-ritual teatr inamın, inancın janrı olduğu kimi, dram
da üsyanın, itaətsizliyin janrıdır. Təsadüfi deyil ki,
dramın ən klassik sualı olan "Olum, ya ölüm"
Hamletin "Silaha
sarılıb üsyan etmək: Ya qələbə
çalmaq, ya həlak olmaq?" düşüncəsindən
doğmuşdu. Ümumiyyətlə, bu
janrın ən klassik qəhrəmanları üsyankar
düşüncədən yaranmışdır. Esxilin
"Zəncirlənmiş Prometey" pyesinin qəhrəmanı
Prometey baş Allah Zevsin tabularını pozmaya qədər cəsarət
edən, Evripidin "Medeya" əsərinin qəhrəmanı
Medeya öz mübarizəsində sevimli övladlarını
qurbana qədər gedən, Sofoklun Antiqonası hökmdar
Kreonun qadağasına baxmayaraq qardaşını dəfninə
cürət edən, Şillerin "Qaçaqlar"
tragediyasının qəhrəmanı Karl öz dəstəsi
ilə bəşəri eybəcərliklərə müharibə
elan edən üsyankar tiplər idi. O da təsadüfi deyil ki,
İslam Şərqində ilk dram yaradıcısı olan Azərbaycan
ədəbiyyatının nümayəndəsi Mirzə Fətəli
Axundzadə mənsub olduğu islam cəmiyyətinin ən
müqəddəs dəyərlərini: Allahı, Məhəmməd
peyğəmbəri, "Quran"ı, ümumiyyətlə,
islami görüşləri "Kəmalüddövlə məktubları"
fəlsəfi traktatında mübahisəyə gətirəcək,
Şərqin ədəbi səcdəgahı olan Füzulini şair
hesab etməyəcək qədər üsyankar
düşüncəyə malik idi. Yenə o da
təsadüfi deyildir ki, son dövr Azərbaycan teatr sənətinin
ən böyük hadisəsi XX əsrin sonlarında qədim
Şərq teatr ənənələri üzərində
qurulan "Yuğ" teatrı və ən ustad rejissoru isə
bu teatrın yaradıcısı Vaqif İbrahimoğlu
olmuşdur. Balaca binada yerləşməsinə,
maddi-texniki bazasının qıtlığına baxmayaraq,
"Yuğ" o uğuru ona görə qazana bildi ki, ruh və
ovqatın üzərində qurulan bu teatr ruhumuza yaxın idi,
ovqatımıza köklənə bilirdi. Dialoq və tartışmanın
dili, üsyan və mübarizənin səsi olan dramatik teatrın daha zəngin maddi-texniki
bazaya, daha güclü teatr təsisatlarına baxmayaraq
"Yuğ"a uduzmasının səbəblərindən
biri də o idi ki, bu teatr bizim ruhumuz və ovqatımızdan
uzaq, mentallığımıza yaddır.
Aynurə
İbadullahqızı
Ədəbiyyat qəzeti.-
2021.- 15 iyun. S. 28.