"Balaca kişilər" əsgərdi bu gün

 

İlqar Fəhmi çağdaş ədəbiyyatımızda klassik poeziyanın bilicilərindən biri kimi tanınır. Bakının Zirə kəndində doğulan, gənclik illərindən bədii yaradıcılığa başlayan İ.Fəhmi o dövrdə Bakı Abşeronda qaynar ədəbi müzakirələrin keçirildiyi əruz məclislərinin fəal üzvlərindən olub. Şair, yazıçı-publisist, kinodramaturq İlqar Fəhmi Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibidir. Şeir nəsr kitablarının, neçə-neçə ekran əsərinin ssenari müəllifidir, pyesləri şəhərimizin teatrlarında tamaşaya qoyulub. Yaradıcılıq uğurlarına görə ədəbi mükafatlara layiq görülüb.

 

Onun yazdığı qəzəllər təkcə klassik şeir xiridarları üçün deyil, çoxlarının anladığı dillə hasilə gətirilmiş bədii nümunələrdir. "Ulduz" jurnalının baş redaktoru, tanınmış şair-publisist Qulu Ağsəsin fikrincə, "İlqar Fəhmi öz yaradıcılığında Şərqlə Qərbi, klassika ilə müasirliyi birləşdirən qələm adamıdır. Xoşbəxt o müəllifdir ki, elitar mədəniyyət yaradır, eyni zamanda onu kütləviləşdirə bilir. İlqar Fəhmi belə ədiblərdəndir. O, bütün təbəqələrə nüfuz edə bilir". Dramaturq Əli Əmirli, İ.Fəhminin əsərlərinin məziyyətlərini belə qiymətləndirir: "Klassik janrda da müasir fikir deyə bilir, oxunaqlı əsərləri oxucuda maraq  oyadır. Şərq Qərb ədəbiyyatını gözəl bilir uyğunlaşdırmağı bacarır".

 

Təbii ki, ədəbi tənqidçilər araşdırmalarında onun əsərlərinin bədii-estetik dəyəri, səciyyəvi xüsusiyyətləri barədə öz fikirlərini sərgiləyiblər. Qələmini əruzla yanaşı, müasir şeir formalarında da sınayıb. Məhsuldar yazan söz adamlarından, tanınmış imza sahiblərindən biri kimi dəyərləndirilən müəllifin dövrün suallarına, tələblərinə cavab verən poeziyasında heca vəznində yazılmış, dövrün ictimai-siyasi olaylarına münasibət bildirən poetik nümunələr az deyil. İlqar Fəhmi həm yurd aydınlarımızdan biri kimi, həm söz deməyə haqqı olan yazarlardandır. Yaşının az olmasına baxmayaraq, çoxşaxəli, zəngin yaradıcılığı, həyata baxışı, geniş dünyagörüşü ilə fərzanə insandır. Təbiiliyi, poetik bütövlüyü əsas məziyyətlər hesab edən şair əsərlərində şeiriyyətlə yanaşı, mahiyyətin, mənanın, mövzunun da fərqinə varır. Onun izhar etmə, harmoniya yaratmaq qabiliyyəti güclüdür. İlqar Fəhmi müşahidələrini içindən keçirərək poetikləşdirir, yeni biçimdə təqdim edir.

 

Əsəblərin tarıma çəkildiyi, bədnam qonşumuzun bizə diş qıcadığı, çirkin təxribatlarının ara vermədiyi bir dövr idi. Azğın ermənilərin torpaq iddialarının baş alıb getdiyi, sərhəd kəndlərimizdə qətl qarətlərin törədildiyi, silahsız, dinc əhaliyə divan tutulduğu ilk vaxtlar bu dövrün üzüntüləri yeniyetmə İlqarın da yaddaşına qara dumantək çökmüşdü. Nədən bu ağrı-acıyla üzləşmişdik? Arın-arxayınçılığın, biganə münasibətin altını çəkirdik yoxsa? İçimizdə at oynadan dərdimizə qahmar çıxan, ən çətin durumda bizi müdafiə edən, qəm-qüssəmizə şərik olan tapılacaqdımı? Belə sualların çoxu cavabsız qalmış, uzun illər çəkən Birinci Qarabağ savaşında uğur qazana bilməmişdik. Axı, təkcə erməni silahlıları ilə döyüşmürdük. Onlara tərəfgirlik edən güc dövlətləri ilə üz-üzə qalmışdıq.

 

Cəmi 44 gün çəkən Vətən müharibəmizin Zəfərlə bitməsi dünya hərb tarixində hələ çox xatırlanacaq. Müdrik Sərkərdəmizin dönməz iradəsinin, ordumuzun əzmkarlığının göstəricisi idi bu müharibə. Müzəffər ordumuz ruh yüksəkliyi, mübarizə əzmi ilə çağdaş günümüzdə tarix yazırdı. Bu qəhrəmanlıq tarixi əsgər oğulların hünəri ilə yazılırdı. İlqar Fəhmi Zəfər savaşımızın əks-səda doğurduğu günlərdə qələmə aldığı "Balaca kişilər" adlı şeirində cəbhələrdə ölüm-dirim savaşına atılmış əsgərlərimizin şücaətini tərənnüm edirdi:

 

O zəif deyilən, cılız deyilən

 

O xırda uşaqlar əsgərdi bu gün.

 

Geyinib ruhuna mərdlik libasın

 

Düşmənə gücünü göstərdi bu gün...

 

 

Əsgər paltarını geyinəndə

 

Bilmirdi güllədən köksü deşilər.

 

Qəfil böyüdülər, tez böyüdülər

 

Balaca kişilər, cavan kişilər...

 

 Şair isti ocağından, boya-başa çatdığı ev-eşiyindən, ata-ana himayəsindən yenicə aralı düşən, əsgər forması geyib, çətinliklərlə dolu hərb həyatı yaşayan, səngərdən-səngərə atılan bu cılız balaların Vətən savaşında "torpaqdan güc alıb düşmən üzərinə yürüməsini", yağı önündə "sərt qayatək" duruş gətirməsini, əlbəyaxa vuruşlarda qatil ermənilərə qan uddurmasını yaddaşa həkk olan poetik lövhələrlə təsvir edir. İdrakla yazılmış bu poetik nümunələrdə şair sözün gücü ilə döyüş səhnələrinin şəklini çəkir, görüntüsünü, mənzərəsini yaradır. Həmin şeiri oxuyan rəssam bu igidlik dastanının təbii mənzərəsini öz fırçası ilə məharətlə çəkə həyati bir tablo yarada bilər:

 

 Güllələr altında mərmi səsində

 

Səngərdən dikəlib qalxan saniyə

 

Əlləri bir dəmir məngənə oldu

 

Düşmən boğazından yapışsın deyə.

 

 

Səngərdən dikəlib qalxan saniyə,

 

Ölümün gözünə baxan saniyə

 

Balaca kişilər yoxa çıxdılar,

 

Yeri parçalayıb əzəmətiylə

 

Torpaqdan elə bil divlər qalxdılar.

 

 "Dava-dava" oynayan dünənki uşaqların bu gün başı üstündən zəhmli, ölüm saçan raket mərmiləri uçuşur. "O başqa "oyun"du, bu başqa "oyun" deyən şair "dəmir ayaqlı", "polad biləkli", şir ürəkli oğullarımızın haqq savaşımızda ölümün gözünə dik baxaraq, kafirin cəzasını verdiyini, köksünü güllələrə sipər etsə belə, odlu cəbhələrdən dönmədiyini dilə gətirir. Ömrünün sevib-sevilən, bir gözələ könül verən çağında  "gözləri sevgiylə dolan"  gənclərin indi bu savaşda düşməni qarsan, yandırıb-yaxan, qeyzlə dolu baxışları alov saçır:

 

 Dünən sevgilərlə dolmuşdu gözü,

 

Qəzəbli gözündən bu gün qan sızır.

 

Dünən qızlar üçün "sms" yazan

 

Bu gün öz qanıyla "şücaət" yazır...

 

 "On səkkiz, on doqquz, iyirmi yaşda, arzusu ürəkdə, niyyəti başda  olan balaca kişilər, cavan kişilər"in, "dar gündə Vətənə həyan kişilərin" ? əsgərlərimizin rəşadətini vəsf edən bu şeirdə daha sonra oxuyuruq:

 

 Ucalır, yüksəlir buludlaracan,

 

Ona güllə çatmır, mərmi yetişmir.

 

Səngərdən hücuma qalxan saniyə

 

Uşaqlar dəyişir, Vətən dəyişmir.

 

 Müəllifin fikrincə, Zəfər savaşında Vətənimiz düşmənin strateji nöqtələrini sərrast nişan alan, hədəfi iti görən qartal baxışlı, aslan pəncəli, güclü oğullarımıza güvənib. İşğal altında olan torpaqlarımızı buxovdan, qandaldan bu əsgər oğullar qurtarıb:

 

 Başları üstündə uca Allahı,

 

Ayaqlar dəmirdi, ürəklər polad...

 

Dikəlib səngərdən, açıb silahı

 

Yüyürüb qaçanda düşmən üstünə,

 

Gözlərə heç bir şey görünmür daha,

 

Yol gedir Zəfərlə dolu sabaha...

 

 Qələm yoldaşları kimi, İlqar Fəhmi yurd yerlərimizin hər qarışı uğrunda çarpışan, şirin canından keçən igidlərimizin, ağır yaralansa da, döyüşlərə atılan qazilərimizin torpağa səpələnmiş al qanıyla yazılan hünərinin, habelə ürəyimizdə ehtişam, fəxr-fəxarət duyğusu yaradan xalq ordu birliyinin, möhtəşəm vəhdətin şahidiydi. Xalqımız bütün dünyaya, bizi dəstəkləyən dəstəkləməyən dövlətlərə haqq işimiz naminə bir yumruqtək birləşmək nümunəsi göstərmişdi. Həyata nikbin baxışı ilə seçilən şair haqqında söz açdığımız, böyük Qələbəmizi canlandıran bu şeirini həmin coşqu, əzəmət ehtişamla qələmə alıb.

 

Zemfira MƏHƏRRƏMLİ

Ədəbiyyat qəzeti.- 2021.- 15 iyun. S.20.