"Tanınmaq,
sevilmək, diqqət məni narahat edir"
"Ədəbiyyat
qəzeti"nin müsahibi şair,
yazıçı Cəlil Cavanşirdir
- Bir
çox yazıçıların
yazıçılığa başlanğıc hekayələri
var. Məsələn, Markes yazmağa karikatura çəkməklə
başladığını deyirdi. Sənin belə
bir hekayən varmı?
- Mən
yazmağa, kiçik məşqlərlə
başlamışam. Orta məktəbdə ana
dili dəftərimə hekayələr, şeir
kitablarının səhifələrinə şeirlər
yazırdım. Dördüncü sinifdə
ana dili dəftərimə Nadir şahın oğlunun gözlərini
çıxarmasıyla bağlı hekayə
yazmışdım. Dəqiq
yadımdadır, Mustafa Çəmənlinin "Xallı
gürzə" romanını oxumuşdum və ilk təəssüratım
məni yazmağa həvəsləndirmişdi. Sinif
müəllimim "hekayəmi" oxudu, əlini çiynimə
qoyub xırıltılı səslə dedi ki, bala, get dərslərini
oxu. Sonra xeyli öyüd-nəsihət verdi,
aradan illər keçib, unutmuşam. O öyüdlərə
qulaq asıb nəticə çıxarsaydım, mən indi
Rusiya bazarlarına TIR-larla meyvə-tərəvəz
"vuran" ciddi biznesmen olmalı idim.
14 yaşımda mərkəzi və çoxtirajlı qəzetlərin
birinə məktub yazdım, redaksiya məktubu "Gənclik"
səhifəsində çap etdi. Mən də kəndimizin
poçtundan yazım çap olunan qəzetin 4-5 nüsxəsini
alıb gətirdim məktəbə. Müəllimlərimə,
sinif yoldaşlarıma göstərdim. Müəllimlərim,
ailəm məni başqa istiqamətə yönləndirməyə
çalışsa da, israrla bildiyimi etdim və nəticə
göz qabağındadır. Bəlkə də
yaxşı həkim, hüquqşünas, sevilən müəllim
ola bilərdim. Bütün
bu peşələrə marağım, qabiliyyətim olsa da, mən
doğru bildiyim işin arxasınca getdim və nəticədə
yazmaq mənim həyat tərzimə çevrildi. Gəncliyimdə özümü müəllim,
meyxanaçı, reklam meneceri, mühərrir kimi
sınadım. Regionda ilk müstəqil tərcümə
jurnalını təsis etdim, bir il öz
yaratdığım qəzetə, iki il təsis etdiyim
hazırlıq kursuna rəhbərlik etdim. Ancaq
paytaxtdakı ədəbi mühit məni cəlb etdiyi
üçün, bütün rahatlığımdan,
qazancımdan imtina edib, bir çantayla köçdüm
Bakıya. Üç dəfə Almaniyada
təhsil almaq və yaşamaq imkanından imtina etmiş, bu
ölkədə böyük ədəbiyyat və qaynar ədəbiyyat
mühitinin yaranmasında iştirak edəcəyinə
inanmış sadəlövh, ya da idealist bir insan kimi, bu
gün dərin peşmanlıq hissi ilə öz kədərli
həyatıma davam edirəm. Detallarını
sizlərlə bölüşsəm, görərsiniz ki, mənim
həyat hekayəm Markesin həyat hekayəsindən daha təsirlidir.
-
Klişe olan bir fikir var: Ədəbiyyat şəxsiyyəti
formalaşdırır. Mən bundan çox da əmin
deyiləm, açığı, amma bir yazıçı
olaraq sənin fikrini alaq.
- Şəxsiyyət ciddi təhsil və tərbiyə
olan mühitdə formalaşır. Ədəbiyyat şəxsiyyət
olduğunu dərk edənləri nizama, düzənə
salır. Bütün ömrünü ədəbiyyata,
mütaliəyə həsr etmiş onlarca adam
var ki, heç lazımlı fərd ola bilməyib, nəinki
şəxsiyyət. Ədəbiyyat mayasında
halallıq, təmizlik olmayan adamı şəxsiyyətə
çevirməyə qadir deyil. Nadir
istisnalar, nümunələr var ki, bunları da təxəyyül
məhsulu, ədəbiyyat hesab edirəm. Real
həyatda hər şey başqa cür cərəyan edir.
- Bizim
dövrümüzdə yazıçıya stimulu ən
çox nə verir: pul, mükafat, fəxri ad, yoxsa oxucu
sevgisi?
- Tam səmimi
deyirəm, mən puldan stimul alıram. Pulum
olanda yaradıcılığa vaxt ayıra bilirəm. Məişət
qayğıları ilə yüklənəndə, məsələn,
ev kirayəsini verə bilməyəndə
hansısa oxucumun yaradıcılığım haqqında
xoş söz deməsi, küçədə saxlayıb
şəkil çəkdirməsi, sosial şəbəkələrdə
şeirlərimi paylaşması mənə zövq vermir. Əksinə, tanınmaq, sevilmək, diqqət məni
narahat edir. Əvvəllər
kasıblıqdan utanmırdım, ancaq tanındıqca,
sevildikcə, insanların marağını çəkdikcə
bu, məndə kompleks yaradır. Təsəvvür
edin ki, hansısa televiziyaya qonaq çağırırlar və
sən pulun olmadığı üçün
çağırılan proqrama qatıla bilmirsən. Ya da proqrama qatılırsan, ancaq proqramdan
çıxıb evə piyada qayıtmalı olursan. Hansısa məclisə çağırırlar,
gedə bilmirsən. Məhz bu səbəblərdən
insanlardan qaçmağa çalışıram. Hansısa oxucum görüşmək istəyəndə
utanıram. Ədəbi mühitdə sovetdənqalma
"ənənələr" var: imkanlı oxucuların
hesabına yeyib-içmək, dara düşəndə
imkanlı himayədarlardan dəstək almaq. Bunu
komplekssiz bacaranlar, bununla fəxr edənlər var. Mən məhz
belə şeylərdən iyrənirəm. Məni görüşə çağıran
oxucumun hesabını verə bilməyəcəmsə, o
görüşün heç bir marağı, ləzzəti
olmur. Şair, yazıçı, sənət
adamı cəmiyyətin elitası olmalıdır. Nədənsə, bizdə yaradıcı adamı səfil-sərgərdan
görmək arzusu var cəmiyyətdə. Bizim cəmiyyət
öz ziyalısıyla məzələnmək, ərklə
kürəyinə şapalaq vurmaq, şit zarafat etmək,
danlamaq üçün əldən-ayaqdan gedir.
- Bu
gün Azərbaycanda ədəbiyyatın təməl problemi
nədir, səncə və çıxış yolu olaraq nəyi
məsləhət görərdin?
-
Çıxış yolu sevgidir. Bizi sevmədən,
bizim yaratdığımız ədəbiyyata bələd
olmadan, bizi tanımadan heç nəyi dəyişmək
mümkün deyil. İllərdir AYB-ni, Mədəniyyət
Nazirliyini tənqid edirəm. Gördüyüm
qüsurları, boşluqları göstərməyə
çalışıram. Qarşı tərəf
elə düşünür ki, mən onlara nifrət edirəm.
Halbuki mən məhz sevdiyim üçün tənqid
edirəm, daha yaxşı olması üçün tənqid
edirəm. Mənə görə ən
böyük problem sevgisizlikdir. Hətta
dövlət, cəmiyyət belə, sevgi üzərində
qurulmalıdır.
- Markes
müsahibələrinin birində deyir ki, yazmağa
başlayanda tənqidçilər mənim haqqımda
heç nə yazmırdı və mən bunu özümə
dərd etmişdim. Amma zamanla anladım ki, əhəmiyyətli
olan səndən nə yazdıqları deyil, sənin nə
yazdığındır. Son illər tənqidçilər
sənin əsərlərindən heç nə yazmır.
Bu səni narahat edir, yoxsa Markes kimi
düşünürsən?
-
Yaradıcılığım haqqında çox ciddi qələm
adamları, tənqidçilər yazılar yazıb. Və bütün bunlar mənim təşəbbüsümlə
baş verməyib. Dostlarımdan biri
haqqımda yazılan yazıları toplamışdı, ən
azı, üç kitablıq material vardı. 35 yaşımda bu yazıları kitab şəklində
çap etdirmək istəyirdim, sonra vaz keçdim. Yaradıcılığıma diqqət ayıran hər
kəsə minnətdaram. Görməzdən
gələnlərə, ciddiyə almayanlara da təşəkkür
edirəm. Tənqidçilərin məndən
yazmamasının əsas səbəblərindən biri, mənim
yeri gələndə tənqidçiləri tənqid etməyim,
ikinci səbəb isə heç bir tənqidçidən mənimlə
bağlı yazmağı xahiş etməməyimdir. Müasir yazıçı, şair
görüntüsü yaradan həmkarlarım var ki, bir əlində
araq şüşəsi, bir əlində külliyyatı tənqidçilərin
arxasınca gəzir. Belə davranmağa ləyaqətim
yol vermir. Çoxlu pulum, şöhrətim
olsa, bəlkə, xasiyyətim də dəyişər. Ancaq hələ ki belə mənasız
yaşamağa hazır deyiləm.
Bizdə avtoriteti ilə ədəbi gündəmə təsir
edən tənqidçi yoxdur. Daha doğrusu, bizdə
demək olar ki, ədəbi gündəm yoxdur. Ona görə də tənqidçilərin
laqeydliyi məni narahat etmir. Mən
yaradıcılığımla məşğulam. Ədəbiyyatşünaslar, ədəbi tənqidçilər
də öz işiylə məşğul olmalıdır.
Cəlil Cavanşir kimi ciddi imzanı görməzdən
gəlirlərsə, bu onların problemidir. Tarix bu laqeydliyi, biganəliyi, qərəzli
münasibəti unutmayacaq.
- Azərbaycanda
qadın yazıçılar, şairlər niyə məhz
yaradıcılıqları ilə populyarlaşa bilmir?
- Azərbaycanda
nə kişi, nə də qadın
yaradıcılığı ilə populyarlaşa bilmir. Populyarlıq, tanınmaq xüsusi məsələdir.
Yaradıcılıq bu məsələdə çox az rol oynayır. Ümumiyyətlə,
mən qadın-kişi bölgüsünün tərəfdarı
deyiləm. Yaradıcı adamın cinsiyyəti
böyük mənada önəmli deyil.
- İstedadlı hesab etdiyin 5 qadın yazıçı
(şair) adı çəkə bilərsən?
- Ad
çəkmək, siyahı vermək sevmədiyim işdir. Ancaq yaradıcılığını çox
sevdiyim, yüksək qiymətləndirdiyim qadın həmkarlarım
var və onların sayı beşdən çoxdur.
- İlk
kitabının çapından 17 il
keçir. Bu illər ərzində 11 kitab
yazmısan. 11 kitaba sığan bu 17 il
ərzində dilində, xəyal gücündə, ədəbiyyat
anlayışında hansı dəyişikliklər, qopmalar
yaxud da kəşflər oldu?
- İlk
kitabımdan bu yana şəxsi həyatımda,
yaradıcılığımda, həyata, insanlara, ədəbiyyata
münasibətimdə köklü dəyişikliklər olub.
Dəyişməyən bircə prinsiplərim və
haqsızlığa, ədalətsizliyə qarşı
barışmazlığımdır. Şəxsi
yaradıcılığımda, xəyal gücümdə
baş verən metamorfozdan saatlarla danışa bilərəm.
Ancaq bu, nə oxuculara, nə də sizə
maraqlı olacaq. Marağında olanlar
yaradıcığımı izləyə bilər.
-
Kitablarını yazarkən cəmiyyətə hər
hansı bir mesaj ötürmə düşüncəsi ilə
yazırsan, yoxsa tamamilə yazaraq formalaşan bir şeydir?
- Mənim
heç kəsə mesaj vermək dərdim yoxdur. Yaradıcılığımın mesajı,
şübhəsiz ki, var. Ancaq mənim yazmaq niyyətim bu
deyil. Mən dərs keçmək, mesaj
vermək niyyəti ilə yazmıram. Bu mənim
üçün ehtiyacdır. Dəfələrlə
demişəm, yazmasam, ya dəli, ya da qatil ola
bilərəm.
- Sənə
görə yaxşı yazıçı olmağın 3 təməl
prinsipi nədir?
- Öyrənmək,
müşahidə etmək və intizamlı olmaq.
- Hər
şeyi atıb təkcə yazı yazmaqla məşğul
olsan, məsələn, Orhan Pamuk kimi zamanının
hamısını yazmağa sərf etmək imkanın olsa, nə
qədər məhsuldar ola bilərsən?
- Hər
şeyi atıb sadəcə yaradıcılıqla məşğul
olsam, bəlkə də məhsuldar ola bilmərəm.
Ancaq bütün gücümü ədəbiyyata
yönəldə bilsəm, beynimin içində mənə
rahatlıq verməyən əsərləri yaza, Azərbaycan ədəbiyyatına
ciddi fayda verə bilərəm. Təəssüf
ki, Azərbaycan reallığında bu, mümkün deyil.
Mən nəşriyyatlarda tərcüməçilik,
redaktorluq edib, saytlara köşə yazıb, kopirayterlik edib,
eyni zamanda ədəbiyyat da yarada bilmərəm.
-
Yazıçı üçün zaman nə deməkdir?
-
Şeirlərimdən birində zamana belə tərif verməyə
çalışmışam:
küt
bir qəssab bıçağıdır zaman
ən
ağrılı yerindən kəsir ömrümü...
Hazırda zamanla bağlı ancaq bunu
düşünürəm. Zaman küt
bıçaqla, ən ağrılı yerlərindən
ömrümüzü kəsir.
- Həyatda
bəsit zövqlər arasında əsla imtina edə bilmədiyin
şey?
- Siqaret. Siqaretdən çox manyakca zövq alıram və
bunun çox bəsit zövq olduğunu anlasam da, imtina edə
bilmirəm.
-
Hansı mövzu açılanda tıncıxırsan?
- İntihar, şəxsi həyat və demokratiya
mövzusu məni həmişə tıncıxdırır.
-
Hansı qorxundan əbədiyyən xilas olmaq istərdin?
- Yüksəklik
və itirmək qorxusu. Başqa heç nə məni
qorxutmur. Deyəsən, ömrümün
sonuna qədər bu iki qorxu mənimlə yoldaşlıq edəcək.
- Həyatında
gözlədiyin ən uzun növbə?
- Xəstəxanalarda
həkim növbələri. Başqa heç
bir növbədə dayanmıram. Əgər
növbə varsa, işlərimi təxirə salıram.
- Bir
kitabı başdan-ayağa qədər əzbərləmək
şansın var. O hansı kitab olardı?
- Belə
bir şansım olub və zamanında əzbərləmişəm.
İndi heç bir kitabı əzbərləməyi
bacarmaram. Ancaq bir daha şansım olsa,
öz şeirlərimi əzbərləyərdim. Heç bir şeirimi əzbər bilmədiyim
üçün, hər zaman sıxıntı
yaşayıram.
- Azərbaycan
yazıçıları arasında səndə ən
çox mərhəmət hissi oyadan yazıçı kimdir.
Məsələn, mən Azad Qərədərəlini
görəndə qucaqlayıb ağlamaq istəyirəm.
- Vaqif Bayatlını bu dünyadan saymıram. Mənə elə
gəlir ki, o bizə göylərin hədiyyəsidir. O
qədər təmiz və saf görkəmi var ki, dizinin dibində
oturub saatlarla günahlarımı etiraf edib ağlaya bilərəm.
Cəlil Cavanşir
Söhbətləşdi:
Günel MUSA
Ədəbiyyat
qəzeti.- 2021.- 15 iyun. S.21.