Kövrək
əsintilər...
Hekayə
...Sən
qorxursan ki, bir gün məni itirərsən... Mən
də ondan qorxuram ki, bir gün elə sən də məni
qoyub köçərsən.
...Oğlumuz
da mətbəxdə önlük taxıb...
***
Bəhmən sanki nəsə bir ağırlıqdan
kilid düşən kirpiklərini ağır-ağır
qırpıb gözlərini açdı, ətrafına
boylandı, səhərdi, oyanmışdı. Bu gecəni də
sağ-salamat oyanıb açdığına görə
Allahına şükür edib yatağından qalxdı.
Pəncərəyə yaxınlaşdı, nəfəsliyi
azacıq araladı, həyətə boylandı, sisli payız
səhərinin mülayim havası otağın içərisinə
axdı, sinə dolusu dərindən nəfəs aldı, sonra
qayıdıb çarpayının qırağında oturdu.
Elə oturduğu yerdəcə yan-yörəsinə
yüngülcə əl gəzdirib fikrini
aydınlaşdırmağa çalışdı, gün ərzində
görəcəyi işləri götür-qoy edib
özünü toparladı.Yerindən qalxıb asta
addımlarla açıq qapıya tərəf yeridi. Dəhlizə çatanda yerişini lap səngitdi,
üzbəüz otaqda yatan Fəridə duyub oyanmasın deyə,
barmaqlarının üstündə səssizcə
sürüşüb əlüzyuyan tərəfə
keçmək istədi.
Ancaq
olmadı, Fəridə onun hənirini almışdı, həmişəki
adətincə və öz təbirinə uyğun,
başı yastıqda, elə uzandığı yerdən
yarıyuxulu:
-
Sabahın xeyir, Bəhmən, oyanmısan? - Astaca səsləndi.
Bəhmən:
- Aqibətin
xeyir. Həə, oyanmışam, - deyib
xanımının səsi gələn tərəfə
qapının arasından ötəri nəzər saldı.
Yanılmamışdı, Fəridə
yatağının içindəydi. Bu dəfə
də fəndi baş tutmadı. Dodağı
qaçdı, gülümsədi və bu təbəssümünü
özündən başqa görən olmadı, daha özgə
bir söz deməyib "işinin" ardınca yollandı.
Kranı açıb suyun isti-soyuğunu nizamladı. Əlüzünü
ilıq su ilə yuya-yuya həm də
düşünürdü: - elə yarıyuxulu kal-kal səs
verməsinə baxma, Fəridə çevik, əldən də
itidir, o, indicə qurulanıb mətbəxə keçənəcən
süfrəsi həmişəki kimi, eyni qaydada hazır
olacaq...
...Fəridə
mətbəxdə səhər yeməyi üçün
süfrənin üstünü yerbəyer etmişdi. Gecə yarısı yuxusuna haram qatıb yerindən
qalxaraq, isinsin deyə, soyuducudan çıxarıb bir tərəfə
qoyduğu yağı, şoru, üzlü pendiri süfrəyə
düzüb, indi də çay tədarükündəydi.
Hər səhər günləri demək olar
ki, belə başlayırdı.
Bəhmən
Fəridənin elektrik qızdırıcısında əlbəəl
qızdırıb qurutduğu çörəyin üstünə
yungülcə yağ çəkib, üzərinə
də azacıq şor yaxıb bir dişləm alır,
üstündən də bir qurtum çay içirdi. Üzbəüz
stolda əyləşib kişinin qəlyanaltısını
anbaan diqqətlə izləyən qayğıkeş
xanımı:
-
Yağ-şorla yeyirsən? - soruşdu.
Bəhmən
əlindəki çörək dilimindən bir dişləm
də alıb, yenə bir qurtum çay içərək, nəzərlərini
Fəridəyə tərəf dikib, azacıq gülümsəməklə
kifayətlənir, daha nə desin, desin ki, görmürsən
bəyəm nə yediyimi? Olmaz, deyə bilməz,
çünkü Fəridə inciyər, incidimi? - İştahım yoxdu, yemək istəmirəm
deyib sakitcə duracaq, onda da bir daha yemək yeməyi qaldı
axşama, Bəhmənin işdən dönüb şam yeməyinə
süfrəyə oturmağına. Ona görə də
gərək diqqətli ola, - həə,
yağ-şor yeyirəm, - çörəklə,
üstündən də çay içirəm, balla - deyəsən.
Bu tam cavab olar, həm də növbəti bənzər
sualın, məsələn, bəlkə yumurta bişirim?
Süd də var, kimi - təkliflərin təşəbbüsləndirilməsini
bir qədər əngəlləyər...
Səhər
yeməyinin ardınca da yolasalma: - Sağ ol, salamat qal "mərasimi".
Bəhmən
stoldan qalxıb yerindən tərpənəndə:
- Kökədir,
sənin üçün ayırıb qoymuşam, azdırsa,
beş-altı dənə də götür, acanda əl-qaf
edərsən, - deyib, bir torba dolusu bişmişi Bəhmənə
uzadır.
Bəhmən dinməz-söyləməz torbanı
alıb stolun üstündə bir kənara qoyur.
Fəridə
yüngülvari "həmlə" edir:
- Öz əlimlə
bişirmişəm, çox dadlıdır, götür,
arada yeyərsən, - deyə təkid edir.
- Yemirəm,
istəmirəm. - Bəhmənin səsi belə hallardakı
halına uyğun bir balaca "aşqarranır".
Fəridə
təəccübqarışıq gileylə:
- Niyəə?
- deyir, həm də şəkdən
düşür, yoldaşının: - istəmirəm dedisə,
daha torbanı əlinə alıb götürməyəcəyini
bilir, ancaq elə-belə iradını bildirib,
narazılığını ifadə etmədən də
sovuşub əl çəkməz, yenə nəsə deməlidir
və deyir də:
- İstəmirsən
istəmə dəə, günah məndədir axı!
İndi gəl səbr elə dəə, Bəhmən
dişlərini bir-birinə sıxıb matıxıb durur.
Fəridə incik halda yerindən tərpənib buz
dolabına yaxınlaşır. Dəstərxana
bükülü hələ axşamdan hazırlayıb
qablaşdırdığı yeməkləri səliqə ilə
çantaya yığır və bir əli işdə yeyəcəyi
təamlar haqqında bəzi izahatlar da verir.
Bəhmənin
dili dinc durmur:
- Yeməyi
çox qoyursan, artıqlıq edir, qalır, paymal olur. Bir az kəm eləsən olmazmı?
Fəridə
səsini belə məqamlarda lazım olduğu qədər
"zilə" çəkir:
- Yox,
olmaz, bəlkə bir dostunla, yoldaşınla rastlaşdın,
onda da azlıq edər, ac qalarsan. Sonra da, -
artıq qalar birinə pay edərsən, lap qaytarıb gətirərsən,
- deyə çarəsini də, yolunu da göstərir.
Bundan
sonra nə deyəcəksən ki, susub dinləməkdən,
tabe olmaqdan başqa bir çarəmi qalır?..
Bəhmən əl atıb barxanasını
götürür və Fəridənin ardınca qapıya
sarı yollanır.
Fəridə
axşamdan bəri neçə dəfə gözdən
keçirib silib parıldatsa da qapının ağzında
ayaqqabılarını geyinən Bəhmənə: - Sən də
bax, ayaqqabıların gör təmizdi? Birdən unudaram,
yadımdan çıxar, silmərəm haa, - deyə təlaşlanar.
Bəhmən
də:
- Təmizdi,
həə, tər-təmizdi, lap yaxşı silmisən,
sağ ol, - deyib narahatlığına son qoyar, pencəyinə
əl atıb əyninə keçirənəcən yenə
Fəridə nəsə tapıbmış kimi, - Deyəsən,
fikir verməmişəm, ay bunun ətəyi əylib, ya
ütüsü yaxşı vurulmayıb, maşında pencəklə
oturub əzirsən və beləcə, nəsə bir səbəb
axtarıb tapıb nigarançılığını elə
hey dilə gətirər.
Fəridə ifrat təmizlik sevəndir. Lap
vasvasıdır. Yaşının bu
çağında da bəzən yerə düşən bir
meyvə dənəsi və ya nəzərinə çarpan
tük üçün ərinməyib yerə çökərək
künc-bucağı ələk-vələk edər.
Belə məqamlarda
illər, xatirələr səf bağlayıb Bəhmənin
üstünə gəlir, az qala yoldan
saxlayıb bardaş qurmağa həvəsləndirir.
***
...Gənclik
illəriydi. Yenicə ailə qurmuşdular,
çalışdıqları ucqar kənd rayonunun mərkəzində
bir ata dostumun həyətində, birotaqlı mənzildə
müvəqqəti yerləşmişdilər. Dost evinin
"daimi sakinləri"nin ayrıca
giriş-çıxışı olan geniş həyətin
ortasında su quyusu vardı. O su quyusunun başına gedib
ondan istifadə etmək səlahiyyəti isə bu ocaqda təkcə
bir adama, evin yaşlı, ağbirçək xanımına məxsus
idi. Xanım kənar adamlara, hətta
qonşuluqda yaşayan doğmaca qızına belə o quyuya
vedrə sallayıb su şəkməyə icazə vermirdi.
Gün ərzində əlində vedrə su
üçün gələn bütün qonum-qonşu, həyət-baca
üçün elə ozü, həm də öz vedrəsi
ilə quyudan su çəkib onların qablarını
doldurur, yola salırdı.
***
Bəhmən bir gün yaşadıqları o xudmani evin
kiçik şüşəbəndində oturmuşdu. Dost evinin o
ağbirçək xanımının həyətdəki su
quyusunun başında haçandan bəri nə iləsə məşğul
olduğu diqqətini qəfil çəkdi. Zəndlə baxdı, xanımın əlində
nimdaş alüminium bir qab, boşqab vardı. O, quyudan
su çəkib boşqabı yaxalayır, əli ilə
davamlı ovxalayır, üstündən su axıdır,
gözlərinə yaxınlaşdırıb diqqətlə
baxırdı. Görünür, təmizliyə
qane olmur, yenidən təkrar-təkrar yuyur, üstündən
vedrə-vedrə su axıdırdı. Az
qala gün yarı olmuşdu, qadın isə qabı hələ
də yuyubyaxalamaqdaydı. Bəhmən dörd
gözlə baxırdı. Xanım-xatın
ağbirçək yenə qabı ovxaladı, quyudan bir vedrə
su çəkib boşqabın üstünə töküb təzədən
yaxaladı, gözlərinə yaxınlaşdırıb bir də
diqqətlə baxdı və sonra nə
düşündüsə qolların açıb bəlkə
də saatlarla yuyub yaxalamaqda olduğu o qabı var gücü
ilə uzağa, həyətin qurtaracağına,
aşağıdakı dərəyə tolazladı. Heyrətdən
gözləri bərələ qalan Bəhmən hənir hiss
elədi, dönüb baxdı, Fəridə yanında
dayanmışdı, xəfifcə gülümsəyirdi. O, Bəhmənə:
- Şahnisə nənədir, diqqətli olduğu qədər
də ifrat təmizkardır, bayaqdan mən də
baxırdım, yuduğu qabın paklığına əmin
olmadı, qane olmadığı üçün də
tulladı, - deyib Bəhməni toxtatdı. Doğmaca
qızına quyuya yaxın getməyə icazə verməyən
o vasvası Şahnisə nənə bu həyətdə o
quyudan özündən savayı yalnız bircə nəfərə
sorğusuz-sualsız su çəkməyə izn vermişdi
ki, o da Fəridəydi. Soruşanların niyəsinə
də Şahnisə nənə bircə kəlmə ilə
cavab verirdi: "O məndən də təmizkardı".
İndi
bax, gör Bəhmən nələr çəkir dəə!..
Mətbəxdə yanan ocaqda qaynayan süd qazanı
daşsa belə, Bəhməni qapıdan yola salmamış
gerı dönməz. Açıq qapıdan kişini dəmir ayaqlığa
(liftə) qədər nəzərləri ilə müşayiət
edər, Bəhmən nə qədər: - Gözləmə,
keç evə, - deyib təkid etsə də xeyri olmaz,
axıradək gözləyər, dəmir ayaqlığa gəlib
çatanda da hər gün beləcə onun arxasınca bir
parç suyu paymal edib səpərək dəhlizi isladar, dua-səna
edər: - Özünü gözlə, ehtiyatlı ol,
sağ-salamat dönəsən, Allah amanında olasan, - deyə-deyə
arzu diləklərini də əsirgəməz, nəvazişini,
diqqətini, belə bol-bol dilə gətirməkdən
yorulmaz.
İnsafən ehtiram və hörmətdən, ən əsası
da doğma istəkdən irəli gələn bu
xeyirxahlığı qarşı tərəfin bəzən
işin-gücün, çevrənin yalan-gerçəyindən
doğan gərginliklər səbəbilə ədalətsiz
iradlar ilə də qarşılanan məqamları olur. Ancaq Fəridə,
yaxşı ki, bunları əlbəəl unudar, ya da fikir
verib ürəyinə salmaz, növbəti gün yenə də
eyni sevgi və ehtiramla ömür-gün yoldaşını
beləcə salam-sağolla yola ötürər. Ya da ürəyinə salsa belə büruzə verməz,
qəti hiss etdirməz.
Bəhmənin hərdən səhərlər ehtiyatla
davrana-davrana Fəridəni duyuq salıb oyatmadan aradan
çıxmaq "fəndinin" baş tutan vaxtları da
olurdu. Onda da
telefonu işə salıb elə hey zəng çalır, Bəhmənin
deyinə-deyinə də olsa, nə zaman
açacağını gözlər:
"Yatıb
qalmışam, necə qalxıb getmisən, xəbərim
olmayıb", - deyə dönə-dönə
üzrxahlıq edər, "heç çay da içməmisən,
yemək də yeməmisən" - deyib, o
başdakını hövsələdən
çıxarıb belə məqamlardakı təbirinə
uyğun "qarşılıq" verənəcən o ki
var qayğılanardı.
İllərdi
Bəhmənin hara gedirsə getsin hər gün hər
dönüşünə, qapıdan içəri girişinə
cavabın aldı, ya almadı, Fəridənin bircə
sözü vardı: Gəldin?!
***
...Bu səhər
Bəhməni evdən qızı yola salırdı. Səhər yeməyi üçün elə həmişəki
yerdə, mətbəxdə süfrə
açmışdı. Çay dəmləmişdi,
süfrədə yağ da, üzlü
pendir, şor da, hətta bal da var idi. Di gəl, "nə
yeyirsən, nə yeyəcəksən?", - deyə eşitməyə
alışdığı səs-səda yox idi.
Evdən çıxanda qızı da atasının
ardınca onu yola salmağa qapıyacan gəldi. Çölə adlayarkan elə
- "Geri dön, daha gözləmə" demək istəyirdi
ki, qızı onu qabaqlayıb qəfildən: - Deyəsən,
Xaqan oyandı, - deyib geriyə dönərək qapıdan
çıxmasını gözləmədən
uzaqlaşdı. Bəhmən qapını
ardınca örtüb dəhlizdə asta addımlarla yeriyib dəmir
ayaqlığın qabağında dayandı. Bu gün qapıdan burayacan, bu on-on iki addımlıq
məsafə ona çox uzun gəldi. O durduğu yerdən
dönüb indicə çıxdığı qapıya tərəf
boylandı, hər gün arxasınca baxan o məhzun
baxışları görmək, min bir diləklə onu yola
salanda ağırlayan sədaları duymaq istədi, ardınca
atılan suyun səsini eşitmək keçdi könlündən,
fəqət...
Bəhmən dəmir ayaqlığa - liftə mindi. Düşüncəliydi.
Sol ayağı sancdı. Nəzər
yetirib baxdı, çəkməsinin kiriçi tərs
düyün düşmüşdü, yeridikcə
ayağını sıxır, ağrıdırdı.
Yol boyu illər öncə nəvəsi balaca Bəhruzla
aralarındakı bir söhbəti xatırladı.
Bəhruza:
- Bilirsən də, mən səni çox istəyirəm, lap
çox, - demişdi.
Bəhruz
da cavabında: - Bilirəm, baba, - deyə təsdiqləmişdi.
Sonra da, - ancaq biri də var onu hamımızdan çox istəyirsən , - deyə
qımışa-qımışa əlavə etmişdi.
Bəhmən
təəccüblə:
- Ay Bəhruz,
desənə, kimdir o xoşbəxt adam ki,
mən onu səndən də çox istəyim?
Bəhruz
tərəddüd etmədən əminliklə:
- Ana -
ananı, ana - ananı (Fəridəni nəvələri belə...)
hamıdan çox istəyirsən, -demişdi...
5 dekabr,
2020-ci il
Novruz
NƏCƏFOĞLU
Ədəbiyyat qəzeti.- 2021.- 15
iyun. S.19.