İstiqlal
siyasəti
1987-ci il... Heydər Əliyev Moskvada
Siyasi Bürodan və hakimiyyətdən
uzaqlaşdırıldı. Təbii ki,
milli məfkurə xəttini meyara çevirən siyasət
yürütdüyünə görə. Heydər
Əliyevdən bəhs edən şeir-poemalarda, şair
gündəliklərindəki qeydlərdə belə bu məqama
dair münasibətlərin yer aldığını
görürük: "Mən insanın dəyişə biləcəyinə
və uzun müddət kommunistlərin avanqardı kimi
tanıdığımız Heydər Əlirza oğlunun
içərisində yeni bir Heydərin, Vətən və
xalq xadiminin yetişdiyinə inanıram. Bu yeniləşmə
lapdan, birdən-birə baş verməmiş, uzun illərin
keyfiyyət çoxalmaları, yeni keyfiyyət
sıçrayışlarına gətirib
çıxarmışdır. Vaxtilə,
"çiçəklənən", indi xaraba
qalmış SSRİ-nin xaraba qalmış vəzifə nərdivanında
bir zamanlar onun tutduğu ən yüksək pillə Siyasi
Büronun üzvü olması idi. Lakin
başda M.S.Qorbaçov olmaqla qırmızı imperiyanın
hakim dairələri gördülər ki, Heydər Əlirza
oğlunu bu mühüm vəzifədən uzaqlaşdrmadan
Qarabağ kartını udmaq olmaz. Ümumən
Azərbaycanı əvvəlki sümürgə (müstəmləkə)
kəməndində həmişəlik saxlamaq olmaz. Uzaqlaşdırdılar. Heydər Əlirza
oğlunun içərisindəki keyfiyyət
sıçrayışı da elə bu zaman baş verdi. O, təmamilə öz xalqına
qayıtdı, yenidən doğuldu. Azərbaycan
yurdsevərliyi baş məramına, bütün
varlığını qapsayan ideala çevrildi".
Xəlil
Rza Ulutürkə məxsus olan bu fikirlər "Ədəbiyyat
qəzeti"nin 1998-ci il 9 oktyabr tarixində
həyat yoldaşı Firəngiz Ulutürkün təqdimatında
çap olunmuşdur. Xalq şairi Zəlimxan Yaqub da "Kremldə
keçən ömür" şeirində Heydər
Əliyevin keçdiyi yola nəzər salır, onu hakim dairədən
uzaqlaşdırmaq niyyətində Azərbaycanı
parçalamaq, sındırmaq, təkləmək amilinin
olması fikrini önə çəkirdi:
"Vəzifədən
getməlidir" -
Fikir
aydın, qərar qəti,
Bax beləcə
ayaq açdı
Addım-addım
üstümüzə
Qarabağın xəyanəti.
Boş
sualın nə yeri var,
Niyə getdi, nəyə getdi?
Hər
gedənlə can əridi,
Ürək
getdi, bədən getdi!
O getməklə
əlimizdən
Parça-parça
Vətən getdi!
Meydanda isə
1970-1980-ci illərin - Heydər Əliyev zamanının
reallaşdırdığı gerçəklər
sırası vardı. Ölkə və xalq adına görülən nəhayətsiz əməllərin
özülünün qoyulduğu mərhələ. Hamının və hər kəsin
vurğulayacağı bu gerçəyin üzərinə
tarix yenidən qayıdacaqdı. Çünki
1970-1980-ci illər Azərbaycan ədəbiyyatı Heydər
Əliyevin müəyyənləşdirdiyi əxlaqi-milli-mədəni
aktın ilhamçısı və
icraçısıdır. Cari prosesin,
yazılan əsərlərin, bütöv ədəbi hərəkatın
ideya zəmini rolunda çıxış edən
aparıcı simadır. Akademik İsa Həbibbəyli
yazır: "Heydər Əliyev keçmiş sovet rejimi
dövründə bütün çətinliklərə
baxmayaraq, ölkəmizdə milli istiqlal düşüncəsinin
əsaslarını formalaşdırmaq kimi məsuliyyətli
və şərəfli bir vəzifəni böyük
bacarıqla həyata keçirmişdir. İndi Azərbaycan
Respublikasının keçən əsrin yetmiş-səksəninci
illərində baş verən əsas siyasi-iqtisadi, elmi-mədəni
hadisələri yenidən təhlil edilərkən
görünən və görünməyən bütün
proseslərin alt qatında, fəlsəfəsində, mahiyyətində
millilik amilinin, müstəqillik düşüncəsinin, milli
dövlətçilik təfəkkürünün
varlığını, mövcudluğunu çox
aydınlıqla görmək olar".
Bəli, sovet epoxası daxilində bütün ölkə
miqyasında sosial-tarixi, ədəbi-estetik qanunauyğunluqlarla
müasir ədəbiyyatın özünün bədii-fəlsəfi
ənənəsi arasında əlaqə, körpü rolunu
Heydər Əliyev icra etdi. Ədəbiyyatın
uzun illərin mənəvi təmassızlığından
sonra yeni bir bədii-fəlsəfi zirvədən
keçmişə, özünə qayıtma dövrü məhz
Heydər Əliyevin payına düşdü. Bu mərhələ milli özünüdərk,
milli mənlik şüurunun dirçəldilməsinə
canatım illəri kimi Heydər Əliyevin simasında
dolğun mövcudluğunu yaşadı. Yaddaşın
dövriyyəsinə qatdığı şəxsiyyətlərin
yaradıcılığı ilə ümumi amal, ideya əsasını
təşkil edən şüur intibahı, təfəkkür
oyanışı, milli tərəqqi kimi ali
duyğuları özündə əks etdirən bu
dövrün özəlliyi Heydər Əliyevin şəxsində
bütün parametr və tərkibi ilə görünə
bildi. 1960-1980-ci illər poeziyası və nəsrində
Heydər Əliyev obrazı həmişə dominantdır.
Onu yetirir, stimul verir, poetikasından tutmuş
problematikasına qədər alt məqamda iştirak edir.
Bu mənada, Heydər Əliyevin siyasətini istiqlal
sözü ilə bir müstəviyə qoyub elə eyni
müstəvidə "İstiqlal ədəbiyyatı"
deyilən bir təsnifatı dövriyyəyə gətirmək
mümkündür. Daha sonra isə milli müstəqillik kimi
tarixi nailiyyətimizi. Önəmli faktdır ki, 1992-ci
ildə təsis olunmuş "İstiqlal" ordeni 1995-ci ildə
Heydər Əliyevin sərəncamı ilə ilk dəfə
olaraq Azərbaycanın üç böyük şairinə - Xəlil Rza
Ulutürkə (ölümündən sonra), Məmməd
Araza və Bəxtiyar Vahabzadəyə verildi.
Heydər Əliyev "İstiqlal" ordenini Bəxtiyar
Vahabzadəyə, Məmməd Araza təqdim etməkdə
haqlıydı. Eləcə də Xəlil Rza Ulutürkə münasibətdə...
X.R.Ulutürkün milli duyğularla süslənmiş
poeziyasını təhlil etmək bir başqa mövzudu, amma
bu anda onun Heydər Əliyevlə bağlı
apardığı mücadilənin bəzi həssas məqamlarına
varmağa ehtiyac olduğunu düşünürəm.
"1987-ci
ilin 6 oktyabrında mətbuat prospekti ilə addımlayan Xəlil
bəy təbiətinə yaraşmayan hüznlü bir ahənglə:
"tərənnüm obyektimizi itirmişik. Azərbaycanı
murdar əsgiyə çevirirlər" - dedi və o söz
mənim yaddaşımda o günlərin ən real təsnifatı
və obrazı olaraq qaldı.
1987-ci ilin oktyabrı idi.
Azərbaycan tarixinin yeni dövrü də oktyabrdan
başlanırdı. Qarabağ müharibəsinə,
torpaqlarımızın işğalına rəvac verən
sovet imperatoru Qorbaçov məhz 1987-ci ilin oktyabrında, həmin
ayın 21-də Heydər Əliyevi Siyasi Bürodan kənarlaşdırdı.
Məhz Heydər Əliyev getməliydi ki, Aqanbekyan
"Hümanite"yə o qara şöhrətli müsahibəsini
verə bilsin (17 noyabr 1987).
Məhz Heydər Əliyev getməliydi ki, Dağlıq
Qarabağ Muxtar Vilayəti özünün Ermənistana verilməsi
barədə qərar qəbul etsin (20 fevral 1988).
Məhz
Heydər Əliyev getməliydi ki, Əskəranda ilk şəhidlərin:
Əli və Bəxtiyarın günahsız qanı
axıdılsın (22 fevral 1988).
Heydər Əliyev Siyasi Bürodan getdi və bundan sonra o
yekəlikdə ölkədə siyasi şoular dövrü
başlandı. "Literaturnaya qazeta"nın
sentyabr ayında dərc etdiyi "Gurultulu alqışlar"
məqaləsi (hədyanı!) yenə də məhz 1988-ci
ilin 9 oktyabrında "Kommunist" qəzetində şərəfsizcəsinə
təkrar edildi. ...Xəlil bəy 6 oktyabrda, təbii ki,
Vaksberqin o ədəbsiz və ədəbaz
cızmaqarasından xəbərsiz deyildi və: "tərənnüm
obyektimizi itirmişik. Azərbaycanı murdar əsgiyə
çevirirlər" sözləri də o ağrılı
və təəssübkeş yaşantıların ifadəsi
kimi unudulmazdır" (Azər Turan).
Ümummilli lider hələ iqtidara gəlməmişdi. Heydər
Əliyev Naxçıvanda işləyirdi və Bakıda - Azərbaycanın
hakim dairələrində ona qarşı əks-təbliğatlar
aparılırdı. Ölkə
anarxiyanın girdabındaydı. Ayaz
Mütəllibov getmiş, Əbülfəz Elçibəy isə
1992-ci ilin 8 iyununda prezident seçilmişdi. Yəni ölkənin yeni seçilmiş prezidenti
varkən Xəlil Rza Ulutürk meydanlarda mitinqlər
keçirib Heydər Əliyevin hakimiyyətə gəlməsi
üçün çağırışlar edir, israrlı
tələblər irəli sürürdü. Ulutürk Əliyevin
müdafiəsinə qalxdığna görə istər
partokratlar, istərsə də naşı demokratlar tərəfindən
qınaqlara məruz qalırdı. Onu hər
nə yolla olursa olsun susdurmağa
çalışırdılar. Bu, indi adi
görünə bilər. Amma o dövr üçün
qeyri-adi hərəkət idi ki, məhz həmin günlərdə,
"Aydınlıq" qəzetinin 12 iyun 1992-ci il tarixli nömrəsində Azər Turan
"Ya zəfər, ya ölüm yaz bayrağına!"
adlı essesində yazırdı: "Fitrətən kədərli
bir zamana gəlib çatdıq.... Naşad millət
gəmimiz müasiri olduğumuz zamanın qanlı sularında
yelkənsiz və kapitansız üzür. Və bu
gün meydanlarda Xəlil Rza Ulutürk gəmiyə
kapitanlıq üçün Heydər Əliyevi səsləyirsə
öz cəsarətli əməli ilə o, Şəhriyarın:
"Dağa dağlar dayaq oldu" - kəlamını yenidən
qüvvəyə mindirir və düz hədəfə vurur. İstiqlala böyüyünün üzünə sən
böyüksən deməyi bacaran millət layiqdir".
Həmin
yazıdan az sonra yenə elə həmin
"Aydınlıq" qəzetində Xalq
yazıçısı Elçinin Heydər Əliyev barədə
"Dünya axirət əkini" (28 iyul 1992) məqaləsi
çap olunur. Əlbəttə, o zaman belə
yazılarla çıxış etmək müəllifindən
böyük cəsarət tələb edirdi. Bəxtiyar
Vahabzadənin 1991-ci il, Parlamentdə Heydər
Əliyevi müdafiə edən məşhur
çıxışını da həmin cəsarət
nümunələri sırasında anmaq olar. 1990-cı illərin
əvvəllərində Bəxtiyar Vahabzadə siyasi
görüşlərini Türkiyə və Türk
dünyası ilə Azərbaycan arasında mötəbər
körpülərin qurulmasında müstəsna xidmətləri
olan alman əsilli müsəlman, türkoloq-şərqşünas
Hans Əhməd Şmide ilə bölüşürdü:
"Bu anda bütün ümidimiz Heydər Əliyevədir.. O, çox böyük bir siyasətçi və
dövlət adamıdır. Azərbaycanda
baş verən daxili çəkişmələr və daxili
ziddiyyətlər ölkənin xaricindən idarə olunur.
Bu işlərdən yalnız Heydər
Əliyev baş aça bilər. O, hər şeyi
gözəl bilir. Mən onu həm məclisdə,
həm də mətbuatda dəstəkləyirəm. Sonumuzun nə olacağını bilmirəm. Amma onu bilirəm ki, son ümidimiz odur". Bunu Vahabzadə Şmideyə yazırdı.
Azərbaycan
Yazıçılarının 1991-ci ilin mart ayında keçirilən IX
qurultayına Anar Heydər Əliyevi fəxri qonaq olaraq dəvət
etdi. Altı ildən sonra Heydər Əliyev həmin
hadisəyə görə Azərbaycan
yazıçılarına təşəkkür edərkən,
onun minnətdarlıq duyğusu ilə söylədiyi sözlərə
Anar Azərbaycan yazıçılarının adından belə
bir qarşılıq verdi: "Sizi o qurultaya dəvət etməsəydik,
gərək özümüzə hörmət etməyəydik
və şəxsən mən gərək özümə
hörmət etməyəydim. Hesab edirəm ki, Azərbaycan
yazıçılarının 99 faizi - mən də onlardan
biri, - yəni böyük əksəriyyəti Sizə
etibarsız olmayıblar".
...1980-ci
illərin sonlarından etibarən ölkə əvvəlcə
yenidənqurma adı ilə göstərilən bir absurdun
tamaşaçısı olmaq məcburiyyətini
yaşadı, ardınca bu ümidlərin də fiaskoya
uğraması prosesi başladı. Hakimiyyət
insanı oyuncağa çevirir, siyasi hərc-mərclik
içində çabalayan respublikanın müqəddəratı
müəyyən maraqların, mənafelərin
güdazına verilirdi. Xalq həm daxili
oyunların, həm də xarici siyasətin vintciyi, təkərciyi
olmaq haqqından imtina etmək səviyyəsinə yetmişdi
artıq. Öz haqqının sahibi olmaq zamanı
çatmışdı. Nəhayət, 1991-ci
ilin oktyabrında Azərbaycanda milli müstəqillik elan
olundu. Amma bu o qədər də asan
başa gəlmədi. Bunun üçün millət
1990-cı ilin 20 Yanvarında sınaq imtahanı verdi.
Ümumən,
XX əsrin sonlarında Azərbaycanda baş verən proseslərə
- xaos və kataklik olaylara, müharibə və savaşlara,
siyasi çəkişmələr və oyunlara, terror hadisələri
və Xocalı soyqırımına yalnız lokal bir cəmiyyətin
problemi kimi yanaşılmır, bu böhran həddi dünya səviyyəsində
gedən xaos dalğasının təzahürü olaraq
qavranılırdı.
Dünyanın
bir tərəfində milli-etnik münasibət gərginləşir
(1989-cu ildə Fərqanədə ahısqa türklərinə
qarşı törədilən cinayətlər və
onların küll halında köçürülməsi,
1990-cı ilin iyun ayında Qırğızıstanda
qırğız-özbək qarşıdurmasının
yaranması, Krımda Krım tatarları ilə ruslar
arasındakı qarşıdurmalar, Moldovada Dnestryanı Moldova
Respublikası məsələsinin ortaya atılması), digərində
ərazi iddiaları baş qaldırır (80-ci illərin
sonlarında Ermənistanın Dağlıq Qarabağ və
Naxçıvanla bağlı ərazi iddiaları
qaldırması), başqa bir tərəfdə milli azadlıq
(Cənubi Osetiya və Abxaziya arasında, Şimali Osetiyada,
Çeçenistanda... azadlıq və torpaq uğrunda gedən
mübarizə), demokratiya uğrunda mübarizə (18 mart
1990-cı ildə kapitalist rejiminin hökm sürdüyü
AFR ilə sosialist yönlü ADR-ın birləşməsi,
21 noyabr 1991-i ildə Makedoniyanın Yuqoslaviyanın tərkibindən
çıxmağa müvəffəq olması, eləcə də1988-1989-cu
illərdə Polşada, Çexoslovakiyada, Macarıstanda
demokratiya tələbləri ilə keçirilən mitinqlər,
tətillər) kəskinləşirdi. Azərbaycan insanı
üçün lokal olaraq yaşadığı hadisələrin
miqyası da hüdudsuz, yetərincə miqyaslı idi: 1980-ci
illərin sonlarında baş verən Sumqayıt hadisələri,
Qarabağda kəskinləşən münasibətlər -
jurnalist Salatın Əsgərovanın, Çingiz Mustafayevin həlak
olması, 1990-cı ilin 20 Yanvarında törədilən
qırğın, 1991-ci ilin noyabrındakı vertalyot qəzası,
1992-ci ilin fevralında baş verən Xocalı
soyqırımı. Milli müstəqilliyini elan etmiş Azərbaycan
Respublikası eyni zamanda yalnız Qarabağ probleminin məngənəsində
var-gəl etmir, ölkə miqyasında qabaran başqa
olayları dəf etməyə çalışırdı:
1993-cü ilə qədər aparılan hakimiyyət çəkişmələri,
siyasət oyunları, ölkədə yaranan hərc-mərclik,
milli-siyasi qarşıdurmadan törənən Gəncə
hadisələri, hadisələrin vətəndaş
müharibəsi səviyyəsinə çatması obyektiv mənzərəni
təfərrüatı ilə anlamağa kifayət edir.
Keçid dövrünün ədəbiyyatı da
böyük bir imperiyanın çökümündən
sonra gerçəkləşən mədəni-mənəvi
deqradasiyanın nəticəsi kimi pərvəriş
tapırdı.
Mədəniyyət və ənənəvi dəyərlər
gözdən salınır, neçə onilliyin ədəbiyyatı
nihilist yanaşmaların güdazina verilir, profanlaşma
artır, elmin surroqatla əvəzlənməsi prosesi
başlanırdı. Azərbaycan insanı
da öz müstəqilliyini yaradan, postsovet məkanı kimi
özgürlüyünü yaşayan xalq olaraq həm
keçid dövrünün, həm də dünya səviyyəsində
mövcud xaotik mərhələnin yükünü və
ağrısını daşımağa məcbur
edilmişdi. Yeni liderin gəlişinə,
xalqın nicat yerinə çevrilməsinə ehtiyac vardı,
zəmanə öz qəhrəmanını gözləməkdə
idi. Poeziya "Allahım, mənə bir ağsaqqal
yetir" (Zəlimxan Yaqub) nidası ilə
çağırışlar etməyə
başlamışdı artıq:
Allahım, mənə bir ağsaqqal
yetir,
Ona söylənəsi ağrım-acım var.
Oğul
deyə-deyə sızlayan anam,
Qardaş deyə-deyə yanan bacım var.
Allahım,
mənə bir ağsaqqal yetir,
İstər yerdən çıxart, özün bilərsən.
İstər göydən endir, özün bilərsən.
Məsləhət sənindir, özün bilərsən.
Ədəbiyyat
çıxılmazlıq, xaos qarşısında nə edəcəyini
bilmir, irtibatını göylərlə qurur, ümidini yenə
də Allahdan gözləyirdi:
Üzmüşəm
əlimi yerdəkilərdən,
İlahi,
göylərdən bir kişi göndər.
Xalq şairi Zəlimxan
Yaqubun poeziyasında Heydər Əliyevin ikinci dəfə
hakimiyyətə gəlişi, bu dövrdəki fəaliyyəti
silsilə şəkildə bir neçə poemanın və
şeirlərin poetik təcəssüm predmeti olmuşdur.
Onun "Xalqın ehtiyacı var"
poemasını da 1990-cı illərin əvvəllərində
ölkədəki kataklik dalğa doğurmuşdur.
Şair müzəffər başçının, prosesləri
düzgün axara yönəldə biləcək komandanın
varlığına ehtiyac duyurdu və mövcud situasiyadan
qurtuluşu bunda görürdü:
Bizə
ağsaqqal gərək,
Yurdu yada verməsin.
Bizə
ağsaqqal gərək,
Xalqı bada verməsin.
Biz
döyüşə gedəndə,
O bizə
səngər olsun.
Buyruğuna,
əmrinə,
Ellər səfərbər olsun.
Güvəndiyi
həqiqət,
Dayağı bəşər olsun.
Nəhayət,
1993-cü ildə Ümummilli lider Heydər Əliyevin ikinci dəfə
Azərbaycana rəhbərliyə qayıdışından
sonra ölkədə siyasi qarşıdurma aradan qalxdı, Azərbaycan-Ermənistan
arasında atəşkəs rejimi elan olundu, bütün sahələrdə
sabitlik hökm sürməyə başladı. Ölkə həyatındakı bu sabitlik, proseslərin
müsbətə doğru dəyişimi ədəbiyyata təsirsiz
ötüşmədi. Bu mənada,
1993-cü ilə qədər ədəbiyyatda hakim olan ovqatla
1993-cü ildən sonrakı ovqat arasında kəskin fərq
var. Bu ovqat dəyişimi ədəbiyyatın müraciət
etdiyi mövzularda yox, onlara münasibətdə təzahür
etmişdir. Məsələn, 1990-cı
illərin ortalarına qədər poeziya daha çox
çılğın, əsəbi notlar üzərində gəzişir,
pafos, çağırış, üsyan ruhu daha öndə
qərarlaşırdı. 1990-cı illərin
ortalarından başlayaraq poeziyada daha təmkinli şair ədası,
loyal yanaşma güclənir. Bu, Heydər Əliyevin sayəsində
getdikcə səngiyən müharibə alovunun, aradan qalxan
siyasi hərc-mərcliyin nəticəsi idi ki, bədii fikirdə
də proseslərə daha
üstün baxışı şərtləndirmişdi.
Heydər Əliyevin 1993-cü ildə Naxçıvandan
Bakıya gəlişi və yenidən hakim kürsüyə
keçməyi şairlərin gözlədiyi, umduğu
nicatın gerçəkləşdiyi məqam idi. Bu qurtuluşa
yeni bir əsər - "Qurtuluş dastanı" həsr etdi
Zəlimxan Yaqub.
Qoy səsi
guruldasın bu gün
altı
qitədə,
Odur məndən
ötəri ATƏT də,
BMT də!
Gəlib,
o kişi gəlib!
Xalqın
xeyrinə sarı,
çarxın gərdişi gəlib!
Millətinə,
xalqına birləş deyir,
qalx
deyir!
Öz
haqqına güvənir,
haqq
danışır, haqq deyir.
Əlli
milyona çatmış
Azərbaycan
Dünyası,
"Qurtuluş
nəğməsi"ni
oxuyur
bir himn kimi,
Bir səslə,
bir avazla
"Heydər" deyir, "xalq" deyir.
Şairin, sənətkarın vəzifəsi
də budur əslində: millətin dəyərlərini ona
anlatmaq, nəsillərlə əsillər arasında vəhdətə
nail olmaq, total siyasi stressdən qurtulub ahəngə aparan yolu
tapmaqda xalqa xidmət göstərmək. O, "Sən qalib gələcəksən"
nidası ilə Heydər Əliyevin bütün çətinlikləri
dəf edəcəyinə inam hissi aşılayırdı.
İstiqlalın yolunda zülm,
zillət
də çəksən,
İstiqlala
çatmağa xeyli
həsrət də çəksən,
Sən
qalib gələcəksən!
Xalq şairi Cabir Novruz
1990-1995-ci illər arasında Heydər Əliyevə həsr
olunmuş "İxtiyarım olsa idi" poemasını
yazmışdır. Poema
bütünlükdə iyirmi fəsildən ibarətdir.
Müstəqilliyin ilk dönəminin acı mənzərəsi,
1990-cı illərin əvvəllərində xalqın üzləşdiyi
gərgin olaylar, yaşadığı total stress və həyəcan,
fəci və dramatik məqamlar poemada əksini
tapmışdır. Poemanın ön sözündə
şair yazır: "Niyə xalqın çətin
günündə Vəlimiz bir yana, Əlimiz bir yana çəkib?
Niyə mənsəbi, tamahı, vəzifəni,
mənəmmənəmçiliyi, şəxsi mənfəəti
hər şeydən, hətta vəzifədən də
yüksək tutmuşuq? Niyə xalqa xidməti,
millətə xidməti özümüzə,
arvadımıza, uşağımıza xidmət kimi başa
düşmüşük? Bəzilərimiz vəzifə,
ad-san yolunda hətta vətəni, torpağı, milləti
satıb, bu gündə belələri içimizdə az deyil. Ona görə də məkrli
düşmənlərimiz həmişə bizi bölüb
parçalayır. Bu gün də
yağı bu xasiyyətimizdən istifadə edir, bizi yenidən
kəsir şaqqalayır. Yetər, bu qədər
parçalanmaq, bölünmək, az qala öz
varlığını itirmək".
Poema-müraciət
formasında yazılan əsərdə müəllif Azərbaycanın
tarixinə, şanlı keşmişinə müraciət
üstündə köklənərək xalqın milli-mənəvi
və əxlaqi dəyərlərinin deqradasiyaya
uğraması hallarına etiraz edir, sabaha doğru inkişafda
milli ədəbi, fəlsəfi və əxlaqi qütbləri
nişan verən ünvan arayır və onu Ümumilli liderin
simasında tapırdı. Sonrakı fəsillərdən
Heydər Əliyevin xilaskar obrazı poemada görünməyə
başlayır. Şair onun gəlişi ilə
hərc-mərcliyin bitdiyini təsvir edir, şəhid məzarlarına,
anaların söz yaşlarına son qoyulduğunu yazır.
Bunu millətin, xalqın son şansı kimi dəyərləndirir:
Şükürlər
olsun Allaha,
Bəxt
bizlərə sarı gəldi
Salamat
çıxdıq sabaha,
Elin havadarı gəldi.
Bu
tarixdir, həqiqətdir
Bu bər-bəzəkli
söz deyil,
Bunu
soruşun millətdən,
O daha
doğru düz deyər.
Bu,
tarixdir, həqiqətdir,
Gəlişi
gözəl söz deyil
Daha
yazıq anaların
Saçı vaxtsız ağarmadı.
Daha şəhid
məzarları,
Sürət ilə çoxalmadı.
Azərbaycanın həmin
dönəmdəki durumunu qəmxanəyə bənzədən
Cabir Novruz Heydər Əliyevi tək mübariz, faciə qəhrəmanı
adlandırır. Heydər Əliyevin Kremldəki
savaşlarını, millət, vətən naminə
gördüyü işləri önə çəkir,
"Prezident olmağa nə var,/ Heydər
Əliyev ol görüm", - deyərək kiçik millətdən
böyük, miqyaslı, dünyanın qəbul etdiyi dövlətə
çevrilməyimizi onun adı ilə bağlayır. Heydər Əliyev türk ruhu və mənəviyyatının,
onun tərəqqi və mədəni-tarixi
bütövlüyünün zəmini, özülü kimi təqdim
olunur.
Bu torpağa onun qədər,
Xidmətçi
olmayıb bəlkə...
Bu milləti
onun qədər,
Ərzdə
tanıdan olmayıb,
Məmləkətdə
onun qədər,
Qurub yaradan olmayıb.
Heydər
Əliyev deyəndə
Bu kiçik millət böyüyür.
Heydər
Əliyev deyəndə
Doğma məmləkət böyüyür.
Rəfiq Zəka Xəndanın 1993-cü ildə
yazdığı "Heydər baba" poemasında da aktual
vurğu türklük ruhu, onun mübarizə və qalibiyyətlə
dolu dünəni, yaddaşın oyaqlığı məsələsidir. Bu prizmadan
1990-cı illərin təlatümlərlə zəngin durumuna
üsyan edən şair vətəndaş yanğısı
ilə baş verənlərin poetik ümumiləşdirməsini
yaradır, nicatı Heydər Əliyev kimi millət, xalq
sevdalısının dönüşündə
arayırdı. Poema Heydər Əliyevin
hakimiyyətə yenidən qayıtdığı bir dövrdə
qələmə alınıb. Burada
böyük liderin obrazı qurtuluş, xilaskarlıq simvolu
kimi təqdim olunur. Şair ulusun keçdiyi yolu, tarixi
keçmişini sıralayır, ölkədəki gərginlik
və xaosdan sabitliyə dönüşü Heydər
Əliyev dühasında tapır:
Ağlayan türkümüzü
duymaya Türk lazımdır,
Bax bu günlər ölümə dalmış olan millətimə.
Millətin
rəmzi olan bir atatürk lazımdır,
Ana yurdda atasız qalmış olan millətimə.
Atamız,
atamız sevgili Heydər babadır,
Uzun illər ulusun nisgili Heydər babadır.
Bəli, milli-mənəvi həyatımızda hökm
sürmüş xaos və stixiyadan sonra Dahi işinə
ehtiyacın növbəsi gəlmişdi və zamanın
sükanını kosmik ahəngə xidməti ilə
seçilənlərin öhdəsinə verməyin vaxtı
idi.
Xilaskarlıq missiyası. Dövrün
qarışıqlığı - ölkədə hökm
sürən siyasi hərc-mərclik, sosial böhran, kükrəyən
emosiyalar, xalqın fiaskoya uğrayan ümidləri və
ardınca Heydər Əliyevin hakimiyyətə gəlişi.
Bu yalnız hakimiyyətə qayıdış
deyildi. Bir zaman görülən işlərin,
bütün senzura və stereotiplərin üstündən
adlanıb meydana qoyulan əməllərin bütövlənməsi,
yenidən dövriyyəyə gətirilib tamamlanma
şansı idi: "Heydər Əliyev Azərbaycana prezident
olmaq üçün qayıtmadı. Heydər
Əliyev Azərbaycana Azərbaycan adlı əsərini
yazıb qurtarmaqdan ötrü qayıtdı. Yarımçıq doğulan körpə
yaşamağa qadir deyil. Onu Azərbaycana
qaytaran bu intuisiya idi. Xalq da
özünüqoruma instinkti ilə onu
çağırırdı" (Hüseynbala Mirələmov). İbrətlidir ki,
tarix bu şansı digərinə deyil, elə istiqlal
yollarında can qoymuş, məsləkini tərcümeyi-halına
çevirmiş Seçilmişinə həvalə etdi.
Heydər Əliyevin hakimiyyətə
qayıdışı poeziyada böyük coşğu, sevgi
ilə tərənnüm predmetinə çevrildi. Xalq şairi Məmməd
Araz yazırdı: "Prezidentin müdrikliyi ondaydı ki, o,
özünü itirmədi, gecikmədi; xalqın sərvaxtlığı
ondaydı ki, o, qəfildən ayağa qalxdı və
çevikliyini saxladı. Yoxsa Azərbaycan dövləti, milli
müstəqilliyimiz, gələcəyimiz darmadağın ola bilərdi".
Mirvarid Dilbazi "Qurtardın bölümdən Azərbaycanı"
şeirində Heydər Əliyevin Azərbaycana, hakimiyyətə
qayıdışını alqışlayır, bunu vətən
və millət miqyasında fədailik adlandırırdı. Bütün hallarda Xilaskar
obrazı Heydər Əliyevin adı ilə yanaşı idi:
Başın
göyə dayaqdır,
Ayağın yerə.
Gərib
dağ sinəni sərt zərbələrə
Çiyinlərin
üstə vətən torpağı,
Torpaqdan
güc aldın "Antey"sayağı,
Qoymadın tökülsün sən qardaş qanı.
Qurtardın
bölümdən Azərbaycanı!
Mirvarid
Dilbazinin Heydər Əliyevə ünvanladığı daha
bir şeiri var. 1998-ci ildə "İstiqlal" ordeni alan
zaman: "Mütəfəkkir oğlumuz, bu çətin
günlərimizdə, ağır işlərinizdə,
vaxtınızın dəqiqələrlə
ölçüldüyü bir məqamda sizin elmimizə, ədəbiyyatımıza,
incəsənətimizə, tarixi şəxsiyyətlərimizə
belə böyük diqqətlə yanaşmağınız
adi iş deyildir. Bu, sizin milli vüqarınızın nəticəsidir",
- deyərək Prezidentə yazdığı yeni şeirini səsləndirmişdir:
Dünya şöhrətli mərdim,
Sən
yüklənib vətən dərdin,
Qaçqınını,
köçkününü,
Qəsbkardan
küskününü
Görmək
üçün şən, bəxtiyar,
Dolaşırsan ölkə-ölkə, diyar-diyar.
Nə
qış bilirsən, nə də bahar,
Üzündəki
yorğunluğa işıq saçır
Geniş
alnındakı vüqar,
Qəlbindəki sülh inamı.
Heydər Əliyevin
hakimiyyətə gəlişindən sonra yazılan şeirlər
daha çox tərənnüm üstündədir. Bu
şeirlərdə Heydər Əliyev və xalq, Heydər
Əliyev və dövlətçilik kimi ali məqamlar daim ön
plandadır, keçmişimiz, türkün
yaratdığı şanlı tarix sıralanır, müəyyən
imzalarda, adlarda, şəxsiyyətlərin simasında durulur,
sonucunu, məntiqi davamını Ümummilli liderdə
tapır. Musa Urudun "Haqqın var yaşamağa" (1993)
şeirində olduğu kimi:
Yeddi
dağın dalından qırıb tilsimi gəldin,
Ayaz
vurmuş torpağa ilk bahar kimi gəldin,
Sən bu
elin ruhuna xilaskar kimi gəldin
Haqqın
var yaşamağa, Heydər Əlirza oğlu!
1993-cü ildə Heydər Əliyevin hakimiyyətə
qayıdışı, millətin ən ağır məqamda
onun yanında olması, bütün sahələrdə hakim
olan sabitlik poetik təcəssüm predmeti kimi müraciət
olunan mövzular idi. Heydər Əliyevin obrazı Xilaskar
statusunda daha çox Atatürklə eyni poetik müstəvidə
tərənnüm predmetinə çevrilirdi. Bu tərənnümə
Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, Ramiz Duyğun, Elxan
Qaraxanlı və başqa şairlərin şeir və
poemalarında rast gəlirik. "Əbədiyyət
dastanı"nın "Ata Heydər -
Atatürk" bölümündə Zəlimxan Yaqub
yazır:
O qorxmadı, çəkinmədi,
Qüvvət
aldı bu millətdən,
Özünə bir heykəl qoydu qətiyyətdən.
Ən
müqəddəs arzularla
Gözü
dolu, qəlbi dolu,
Ürəklərə
qovuşdurdu
Atatürkdən gələn yolu.
Yüz əlləşsin,
yüz vuruşsun,
Tapa bilməz
xata türkü,
Onu min il qoruyacaq
Azərbaycan
torpağının
Heydər
adlı Atatürkü!!!
Heydər Əliyev və Atatürk şəxsiyyətinin
millətin qürur ünvanları kimi koloritli duyumla
inikasını X.R.Ulutürkün yazdığı "Heydər
dədə - Atatürk" şeiri də uğurla sərgiləyir. Şeirdə həm iki doğma dövlətin
ortaq dəyərləri, mənəviyyat mərkəzi kimi
müstəsnalığı diqqət çəkir, həm də
iki türk dövlət başçısının, qurucu
liderlərin tərənnümü önəm
daşıyır. "Şeir yeni zəmanənin,
təzə dünyanın doğuşunda xalqla şəxsiyyət,
sənətkarla xalq arasında tamlıq, vəhdət təşkil
edir. Bu baxımdan X.R.Ulutürk "Dədə
Heydər - Atatürk" şeirini yazmış, dünya
sivilizasiyasında elit şəxsiyyət olan Heydər
Əliyevin xarakterini, tarixi xidmətlərini poetikləşdirmişdir"
(Əlizadə Əsgərli).
Azadlıq Allahı tək əyləşib
öz yerində,
Yerin-göyün nuru var peyğəmbər gözlərində.
Sadəliyi nur saçır, əzəməti dərində.
Gedir,
polad çiynində Kəpəz,
Qoşqar
boyda yük.
Dədə Heydər - Atatürk.
Azərbaycan,
Türkiyə...
Daş qala -
qoşa səngər,
Bütün qasırğalara birləşməklə
sinə gər.
Bu birlik
qarşısında
düşmən
tük salacaq, tük...
Qucur iki sahili Dədə Heydər - Atatürk.
Xəlil Rza Ulutürkün Heydər Əliyevə
sevgisi, sədaqəti, onu siyasi lider olaraq dəyərləndirmək
əzmi sona qədər öz sabitliyini qorudu. Bu sevginin əzəmətinə
sağlığında şairin özü,
dünyasını dəyişəndən sonra isə
"Gündəliyi" şahidlik etdi: "Heydər
Əlirza oğlunun gücü və dünya miqyaslı
nüfuzunun səbəbi nədədir? Mən deyərdim ki,
öz xalqına alovlu məhəbbətində,
çoşğun təşkilatçılıq
istedadında, mərdanəlik və
prinsipiallığında, yurd mənafeyini tapdalayanlara güzəştə
getməməsində, parlaq zəkasından doğan sərrast
natiqlik hünərində, ruscanın, Türkcənin və
Azərbaycan Türkcəsinin bütün incəliklərini və
gözəlliklərini nümayış etdirə bilməsində,
qurub yaratmaq təşnəliyində, bəşəri tərəqqinin
ən çevik vasitələrini arayıb tapmasında".
Bu qeydlər Xəlil Rzanın "Gündəliyi"ndə
yazdığı 1993-cü il 2 may tarixli
qeydlərindəndir.
Heydər
Əliyev üçün siyasi materiyanın sərhədləri
istiqlal siyasətinin çərçivəsindən kənar
başa düşülmürdü və Ümummilli lider
hakimiyyətdə olduğu zaman kəsimləri buna ən bariz
nümunədir.
***
"Zaman keçir, hər şey durulur və Heydər
Əliyevin 40 illik siyasi yaradıcılığı bu gün
müstəqillik təntənəsini yaşayan Azərbaycanımızın
əsasını təşkil edir. Biz desək də, deməsək də
Azərbaycanda inkişaf etmiş, böyümüş,
artmış, tikilmiş, yenidən qurulmuş hər nə
varsa onun adıyla bağlıdır! Bunu danmaqsa mümkün
deyil... Bu tarixdir!" (Mövlud
Süleymanlı). Heydər Əliyevə həsr olunan
bütün mətnlərdə eyni obrazla
qarşılaşırıq: xilaskar, mətin, dahi insan, millət
və xalq fədaisi, bütün varlığı ilə
dövlətinə bağlı olan şəxsiyyət və s. Bu obrazı Heydər
Əliyev özü öz ömür bioqrafiyası ilə
yaratmışdır. Ona görə hansı
rakursdan yanaşılsa, hansı səviyyədə bədii təcəssümün
predmetinə çevrilsə belə sonda gözlərimiz
önündə böyük əqidə və amal
daşıyıcısı olan eyni Obraz canlanır. Tərcümeyi-halını
məsləkinin ifadəsinə çevirmiş Heydər
Əliyev obrazı... Bu obraz onun bütün fəaliyyətini
istiqlal siyasətinin modeli statusunda təqdim etməyə imkan
verir. 1993-cü ildə millətinə
yaşatdığı qurtuluş təntənəsi də
ruhunda və əməlində diri qalan "istiqlal siyasəti"nin davamı idi. Bu davam öz mövcudluğunu
onun layiqli varisi İlham Əliyevin şəxsində, siyasi fəaliyyətində
qoruyaraq əvəzsiz uğur və zəfərlərin
qaynağına çevrilməkdədir: "Prezident İlham
Əliyev Ümummilli Lider Heydər Əliyevin dövlətçilik
irsini inkişaf etdirərək yeni, modern Azərbaycan dövləti
qurmuşdur. Ümummilli Lider Azərbaycanı parçalanmaq,
dağılmaq, siyasi xəritədən silinmək təhlükəsindən
xilas edib davamlı inkişaf yoluna
çıxarmışdısa, İlham Əliyev Azərbaycanı
qüdrətli bir dövlətə çevirməyi, dövlətin
bütün resurslarını ərazi
bütövlüyümüzün bərpası
üçün səfərbər edib böyük uğurlar
əldə etməyi bacardı" (Ədalət Vəliyev). Eləcə də Birinci vitse-prezident kimi fəaliyyəti
daim qürur rəmzinə çevrilən Mehriban
Əliyevanın həyata keçirdiyi mədəni və
sosial layihələr bu gün yaşayan İdealın
hüdudlarını və hüdudsuzluğunu görməyə
imkan yaradır.
Heydər Əliyevin istiqlal siyasəti böyük gələcəyə
ünvanlanmış, uzaqgörən və hədəfləri
olan dövlətçilik təliminin ana xətti, prioritet
istiqaməti idi. Yeni tarixi epoxanın reallıqları və
əldə edilən nəticələr də bu parametrlərə
istinadən var olmaqda, gerçəkləşməkdə və
davam tapmaqdadır.
"Yeni
Azərbaycan" qəzeti
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti.-
2021.- 15 iyun. S. 2-4.