Frans Kafka Azərbaycan dilində

 

Azərbaycan Dövlət Tərcümə Mərkəzi dünya şöhrətli yəhudi  yazıçısı Frans Kafkanın ikicildlik "Seçilmiş əsərləri"ni nəşr etmişdir ki, birinci cildə yazıçının  tərcümeyi-halını (və buradan irəli gələrək yaradıcılığının sosial-psixoloji köklərini) bütün genişliyi ilə anlamağa imkan verən "Atama məktub"u, hekayələri, pritçaları, eləcə də gündəlik, söhbət və haqqındakı xatirələrdən örnəklər; ikinci cildə isə "Məhkəmə", "Qəsr" romanları və "Vəsiyyəti" daxildir.

 

Kifayət qədər gənc yaşlarında vərəm xəstəliyinə tutulan Frans Kafka çox yaşamamış, 1924-cü ildə dünyadan köçmüş və doğulduğu Praqa şəhərinin qədim yəhudi qəbiristanlığında dəfn olunmuşdur. Və yazıçının əsərləri, əslində, öz müəllifinə dünya şöhrətini onun ölümündən sonrakı 1925, 1926, 1927-ci illərdə nəşr edildikcə qazandırmışdır.

 

"Seçilmiş əsərlər"i azərbaycancaya Vilayət Hacıyev, Çərkəz Qurbanlı, Cəfər Bağır, Arif Əmrahoğlu, İqrar Cəfəroğlu, Saday Budaqlı, Paşa Əlioğlu, Mahir Qarayev, Tahir Kazımlı, Yusif Savalan və Azər Qaraçənli çevirmişlər. Tərtibçi Mahir Qarayevdir.

 

Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, böyük yazıçının Azərbaycan oxucusuna bu həcmdə təqdim olunmasının özü çox mühüm ədəbi-mədəni hadisədir. Digər tərəfdən isə məmnuniyyətlə əlavə eləmək olar ki, tərcümələr ümumən yüksək peşəkarlıq səviyyəsində olmaqla Frans Kafkanın xeyli dərəcədə mürəkkəb (özünəməxsus simvolik) bədii təfəkkürünü həm adekvat, həm də aydın bir şəkildə əks etdirir. Və orası da maraqlıdır ki, tərcümələr üslubca hər nə qədər bir-birindən fərqlənmiş olsalar da, böyük yazıçının təfəkkür (təhkiyə) tərzinin aurası həmin üslub fərqlərini, demək olar ki, aradan qaldırmışdır.

 

"Atama məktub", artıq qeyd etdiyimiz kimi, Frans Kafkanın yaradıcılığının  psixoloji-estetik dərinliklərinə enmək üçün ona görə çox əhəmiyyətli bir əsərdir ki,  o, az qala bir uşaq səmimiyyəti ilə qələmə alınmış, müəllif öz doğma atasına, eləcə də ümumən ailəsinə münasibətini oxuculardan gizlətməməklə, əslində, ilk növbədə sonuncuların hüsn-rəğbətini qazanmaq üçün cəsarətli (və nəticə etibarilə uğurlu!) bir riskə getmişdir. Üç bacının yeganə qardaşını özü kimi tacir görmək istəyən atanın mövcud ictimai-iqtisadi şərtlər daxilindəki tərbiyə dərslərinə hər hansı neytral mövqedən haqq qazandırmaq mümkün olsa da, oğulun gətirdiyi dəlillər bütün subyektivliyi ilə yanaşı, həm də ona görə təkzibedilməzdir ki, onun (oğulun) seçdiyi yol dünyaya möhtəşəm bir yazıçı-mütəfəkkir bəxş etmişdir.

 

"Məktub"da deyilir:

 

"Bəzən dünyanın xəritəsini, sənin də onun üstündə uzandığını təsəvvürümdə canlandırıram. Onda mənə elə gəlir ki, yalnız sənin altında qalmayan və ya əlin yetməyən yerlərdə yaşaya bilərəm. Lakin sən o qədər böyüksən ki, orda yer lap az qalır...".

 

Frans Kafka zəbt edilmiş dünyanın çox az qalmış ərazisinin yazıçısıdır. Və çox böyük haqqımız var deyək ki, onun "Atama məktubu" bu dünyanı qanadlar "altı"na almış maddi-fiziki güclərə (o güclərə ki, onlar üçün insanın mənəvi taleyinin heç bir dəyəri yoxdur!) müraciətindən başqa bir şey deyil. Və olduqca konkret, hətta hərfi-hərfinə təsvir etdiyi "ailə" də min bir tellərlə bağlı olduğumuz cəmiyyətin özüdür.

 

Frans Kafkanın hekayələrinin çoxu ideya-estetik enerjisinin miqyasına görə janrın hüdudlarından kənara çıxır. O mənada yox ki, həmin hekayələrin hər biri roman gücündədir, yaxud sadəcə bir pritçanın həndəvərində hərlənir, daha çox o mənada ki, janrın klassik təbiətinə özünəməxsus janr yaradıcılığı estetikası ilə nüfuz edir. Ancaq yazıçının bundan da böyük bir hünəri var ki, o, bütün ruhi tərcümeyi-halını ədəbiyyatın mənafeyi üçün sərf etməkdən çəkinmir, yəni "tədqiqat obyekti" kimi o baxımdan başqalarını yox, özünü seçir ki, hissi  yaşantılarının  laboratoriyasına daha məhrəm addımlarla daxil ola bilsin.

 

Hekayələrin tərcümələrinin uğurlu alınması ilə yanaşı, Mahir Qarayevin həmin hekayələrin bəzilərinə yazdığı ön sözlərin əhəmiyyətini də qeyd etmək lazımdır. Xüsusilə o mənada ki, bu ön sözlərdə məsələn, "Frans Kafka bu əsəri nişanlısı Felitse Baurə ithaf edib" tipli izahlar hekayənin hansı şəxsi hissiyyatlardan (göstərdik ki, Frans Kafka üçün şəxsi hissiyyatlardan kənarda ictimai hissiyyat, demək olar ki, yoxdur) nəşət etdiyini göstərir. "Hökm", "Çevrilmə", "Kənd həkimi", "Akademiya üçün hesabat", "Müğənni Jozefina", "Balaca qadın", "Cəza koloniyası" və s. hekayələrin hər biri şəxsiyyət-cəmiyyət münasibətlərində şəxsiyyətin cəmiyyətdən xilas olmasının elə bir ehtiraslı mübarizəsinə qalxır ki, bu mübarizədə məğlub olmağın özü də  "insan ləyaqəti"nin müdafiəsi naminə ədəbiyyatın qələbəsi sayıla bilər. Və nəzərə alsaq ki, ədəbiyyatın (eləcə də onun arxasınca gələn metafizikanın) qələbəsi həmişə cəmiyyətin çoxsaylı "fiziki" böhranlarından doğur, bu "məntiq"ə haqq qazandırmaq lazım gəlir.

 

Frans Kafkanın pritçaları yazıçının elə düşüncələridir ki, onları bədii əsərə çevirmək üçün özündən də böyük yazıçıya ünvanlamışdır.

 

"Seçilmiş əsərləri"nə müəllifin iki romanı daxil edilmişdir ki, birini Vilayət Hacıyev, ikincisini Çərkəz Qurbanlı tərcümə etmişlər... Hər iki əsər Azərbaycan tərcümə sənətinin (və tərcüməçi-müəlliflərin) uğuru sayılmağa tamamilə layiqdir.

 

Peşəkar hüquqşünas olan müəllifin cəmiyyəti "idarə edənlər"ə, "hüquq müdafiəçiləri"nə, ümumən hüquqa qarşı bu qədər amansız, bu qədər sərt mövqeyi nə təsadüfidir, nə də "qeyri-sağlam" düşüncənin ifadəsidir. İnsanla cəmiyyət  arasında son dərəcə "izaholunmaz" münasibətlər formalaşmışdır ki, yazıçının  fikrincə, hər cür insani təşəbbüsləri, geniş mənada yaradıcılıq cəhdlərini nəinki məhdudlaşdırır, hətta qanun cildinə bürünərək bütövlükdə cəmiyyəti elə bir mənəvi bataqlığa sürükləyir ki, həmin mühitdə ruhun "xilas"ından danışmaq mümkün deyil.

 

Frans Kafka klassikanı sevirdi. Və ona görə də gənc yazıçıya məsləhət  görürdü ki, "siz əski kitabları, klassikləri oxumağa çalışın. Məsələn, Höteni. Əski kitablar hər zaman öz gizli qiymətini - uzunömürlülüyünü üzə çıxarır, təzə kitablarsa - öz müvəqqətliyini. Bu təzə kitablar sanki sabah bütün gülünclüyü ilə üzə çıxmaqdan ötrü bu gün bütün parlaqlığı ilə peyda olurlar". Ekspressionist ədəbiyyata gəldikdə isə onun münasibəti obrazlı olduğu qədər də dəqiqdir:

 

"Şairlər görüşmək üçün insanlara əl uzadırlar, insanlarsa səmimiyyətlə uzadılan əllərin əvəzinə gözlərinə, ürəklərinə tuşlanan əsəbdən düyünlənmiş hiddətli yumruqlar görürlər".

 

Maksim Qorkiyə verilən ən gözəl xarakteristikalardan biri məhz Frans Kafkaya aiddir:

 

"Qorki hər şeyi qələmlə görüb, qələmlə duyur... Qələm yazıçının aləti yox, bədəninin bir üzvüdür".

 

Şairin milli mənsubiyyətinin onun təfəkkürünə (və yaradıcılığına) nə qədər dərindən (şüuraltı) təsir etdiyinə nümunə kimi Henrix Heynenin paradoksallığını nümunə göstərir:

 

"Bədbəxt adam! Almanlar onu yəhudilikdə günahlandırırdılar, o isə almandır axı, özü də yəhudiliyə zidd gedən cılız bir alman. Və ondakı tipik yəhudilik də məhz budur".

 

Frans Kafka "içində" olduğu ədəbiyyatla yanaşı, "kənardan" müşahidə etdiyi (və kataklizmlərlə dolu!) XX əsrin əvvəllərinə məxsus ictimai-siyasi hadisələri - "dünyanı sarsıdan inqilabları" da son dərəcə səmimi qiymətləndirirdi:

 

"Küçəni tutublar, buna görə fikirləşirlər ki, guya artıq bütün dünyanı ələ  keçiriblər. Amma bərk yanılırlar... İnqilab buxarlanır, yerində yeni bürokratiyanın  xıltı, lili, çöküntüsü qalır. Əzabkeş bəşəriyyətin buxovları dəftərxana kağızından düzəldilib".

 

"Biz həyatımızı qorumaqla başımızı itiririk" deyən yazıçı-mütəfəkkir ilk növbədə özünə, sonra isə bütün dünyaya hıçqırmışdı ki, "mən Frans Kafka kimi yalqızam!".

 

Frans Kafka bu dünyaya ona görə gəlmişdi ki, öz varlığını (!) ədəbi-ictimai bir metafora kimi təqdim etməyin çoxsaylı təcrübələrindən biri olaraq verməklə həmin təcrübələrin hələ də aktual olduğunu sübut eləsin. Tərcümeyi-halının ayrılmaz tərkib hissəsi olan tərəddüdləri də, əslində, həmin metaforanın (və aktuallığın) təzahürüdür. Və Kafka hiss etməmiş deyildi ki, nə qədər qəsdinə durmuş olsa da, onun əsərləri əlyazmasında yandırılmağa layiq deyil.

 

Nizami CƏFƏROV

Ədəbiyyat qəzeti.- 2021.- 15 iyun. S. 5.