Dağlar
başında yaşayan şair
Ağasəfa
Hər
bir şairin elə öz sağlığında
yazdığı "vəsiyyət" şeirləri olur,
biri yazır ki, məni doğma kəndimdə, yol kənarında
dəfn edərsiniz, birisi də yazır ki, son günlərimi
kənddə, bir bulaq kənarında keçirmək istəyirəm
və s. Başqa bir şair isə kəndə
atasının, ya da anasının ölüm xəbərini
eşidəndə yüyürür.
O şairləri
titrədən doğma kəndlərinin,
doğulduqları yerin, məkanın həsrətidir. Ağasəfa
də vaxtilə belə bir şeir yazmışdı:
Hər
gecə yuxuma girdi dağ-dərə,
Hər
gecə ulduzlar çağırdı məni...
Bu
çılğın şəhərdə azı yüz kərə,
Tale yapdı məni, yoğurdu məni.
Üzü
dağlaradır hər gün maşın da...
Bir
ümid qaynayar, çağlar başımda:
Harda öləcəyəm, mən bu yaşımda?
Harda öləcəyəm?
Dağlar
başında...
İndi Ağasəfa
elə o dağlar başındadır və Xızının
Qarabulaq kəndində doğulan Ağasəfa imzalı o
şeirlərdə daha vəsiyyət ovqatı da çəkilib
gedib, Qarabulağın dumanına qarışıb. Bir
yoxsul komaya sığınıb sərin dağ
havasını udasan, hər gün gördüyün
çiçək ola, gül ola, gözün dolusu sevdiyin o gözəl mənzərələri
seyr edəsən, heç ölüm barədə fikirləşməyə
dəyərmi? Bu elə bir kənddir ki,
oranın görkəmi çox-çox kəndlərdə
gördüyümüz müasir sivilizasiynın
görüntülərindən uzaqdır. Səksən yaşına doğru yürüməkdə
olan Ağasəfa bu kəndin ağsaqqallarından
sayılır. Dağ kişilərinin görkəmini,
cüssəsini, adətən palıda bənzədiblər və
kökü dərinliklərə, yaşı yüzdən o tərəfə
gedib çıxan palıdlarla dağ kişilərinin,
doğrudan da, bir bənzəyişi var. Amma Ağasəfa o
dağ kişilərinə və palıdlara heç
oxşamır, arıq, cansız bir adamdır. Amma
bu arıq adamın içi, mənəvi dünyası
dopdoludur, o arıq sinənin altındakı ürəkdə
hər gün gördüyü, tamaşasından
doymadığı dağların bulaqları
çağlayır.
Dərələr keçmişəm,
dağlar aşmışam,
Küləklər o ki var dəyib sinəmə.
Dağlara
şirincə layla qoşmuşam,
Dağlar da başını əyib sinəmə.
Almışam
döşümə ildırımları,
İndi bilmişəm ki, canım poladdır.
Hələ
yol gedirəm Günəşə sarı,
Mənə torpaq arxa, səma qanaddır.
İşığın
eşqi var dəli başımda,
Qəlbimi Günəşdə yoğuracağam.
Lap son nəfəsimdə...
Zirvə
qaşında
Bir papaq qar kimi ağaracağam.
Ağasəfa
Yəhyayev çox təvazökar insandır, heç bir fəxri
adı da yoxdu, müəllimlik məvacibiylə dolanıb, həyətində
bağ-bostan da becərir.
Və onun təvazökarlığı şairliyində də hiss
olunur, bəzi üzdəniraq həmkarları kimi
yazıları barədə tənqidçilərdən, ya
şair dostlarından tərif
ummur. O bilir ki, bu poeziya ümmanında bir zərrə
olmağı da yetər, təki bu zərrədə bir dəniz
saflığı olsun.
Ağasəfanı "təbiət şairi",
"torpaq şairi" kimi ənənəvi ifadələrlə
təqdim etmək istəməzdik. Ancaq onun şeirlərində təbiətin
təsviri, peyzaj lövhələri, insan-təbiət
münasibətləri özünəməxsus poetik zərifliklə
işlənib və bunları oxuduqca fikirləşirsən
ki, qırx il şəhərdə
yaşasa da, təbiət, doğulduğu kənd onun
içində olub.
Sağ tərəfin dərin dərə,
sol qaya,
Yol keçilməz, yol sıldırım, yol qaya.
Başın
üstə çətir tutsun sal qaya,
Səpələnsin
yaz yağışı dağlara...
***
Bəyaz
qar, yumşaq qar, xoş gördük səni,
Körpə qar, uşaq qar, xoş gördük səni.
Büllur
qar, işıq qar, xoş gördük səni,
Torpağa aşıq qar, xoş gördük səni.
***
Şimşəklərin
bənzəri var qılınca,
Ağ
buludu oxşatdım ağ balınca.
Qara bulud ağ buludun dalınca
Bu zirvədən o zirvəyə at çapır.
Hər bir oxucunun istənilən
bir şairdən öz zövqünə görə
seçdiyi, bəyəndiyi şeirlər olur. Əgər bizdən soruşsalar, Ağasəfanın
hansı şeirini daha çox bəyənirsən.
Cavabımız bu olar ki, onun sərbəst vəzndə
yazdığı "Ay işığında Qarabağ
etüdləri" şeirini... Bu, Ağasəfanın
ən "romantik" şeiridir deyərdik.
Süzülür
süzüm-süzüm
Quş nəğmələri
Arı
şanından süzülən bal kimi.
Oxuyur
quşlar... Yellənir, sallanır Ay
Ana
laylasından
Uşaq yuxusuna girən qoğal kimi.
Ağasəfa həm də
satirik təbli şairdir. Kitablarındakı
şeirlərin bir qismi həmişə satirik şeirlər
olur. Böyük Sabirdən, bizim satirik şeirin ənənələrindən
süzülən işıq bu şeirlərdə
açıq hiss olunur. Bu satirik şeirlərdə
günümüzün, çağımızın artıq əngələ,
maneəyə çevrilmiş mənfi, neqativ halları tənqid
atəşinə tutulur. Bu şeirlərin bir qismi
(hansı ki, iki, üç, dörd misradan ibarətdir) hədəfi
daha düzgün nişan alan snayper
güllələrini xatırladır. Lap ulu Sabirin kiçikhəcmli
taziyanələri kimi. Deyir ki: "Bir əl gördüm, Uzanıb məzardan
çölə. Öyrəncəli əldir,
Alacağı qalıb, Rüşvət gözləyir hələ". Deyir ki: "Kağız-kuğuz Qalaq-qalaq,
"papka-papka". Əvvəl daşbaş
alırdılar, İndi "şapka".
Çoxlu satirik şeirlərin müəllifi olsa da,
Ağasəfa lirik şairdir və bu lirika onun son iki
kitabında toplanan səkkiz poemasında da aşkar nəzərə
çarpır. Lirik qəhrəmanın düşüncələri
formasında qələmə alınan bu poemalar Ağasəfanın
həyata, gerçəkliyə daha geniş, daha əhatəli
münasibətini ifadə edir. Məsələn,
çoxdan yazdığı "Yarpaqlar tökülür"
(Meşəbəyinin düşüncələri) lirik
poeması insan və təbiət
doğmalığını əks etdirir. Nakam bir eşqin faciəsini yaşayan meşəbəyi
sevdiyi qızın bu meşədə qoyub getdiyi izlərinin
xatirəsilə yaşayır, birisi kəkliyə güllə
atanda, birisi nərgizi tapdalayanda, başqa birisi bir quşa qəsd
edəndə o qızı xatırlayır. Bu poema dərdin, kədərin içində
işıq, sevinc, səadət axtarışına həsr
olunmuşdu. "Günəşin
dalınca gedən oğullar" adlı poemasında isə
Ağasəfa müharibədən qayıtmayan oğulları
yad edir, anaların intizarını lirik, həzin misralarla əks
etdirirdi.
Ağasəfanın şeirlərində bir şair
obrazı var - Müşfiq. O, Müşfiqi çox sevir. Bu sevgini izhar eləmək üçün təkcə
ithaf, tərənnüm şeirləri yazmaq, ya da
Müşfiq sənətinin gözəllikləri ilə
öyünmək azdır. "Qanlı
imza" poemasında Ağasəfa 37-ci ildə Müşfiqi
bada verənlərdən birinin ölümünü təsvir
edir.
Orada, o
dağlar qoynunda
şəhərdən, qaynar ədəbi mühitdən
çox-çox uzaqda da əsl poeziya yaratmaq olar. Orada "çeşmələr
önündə qocaman dağlara baş əyib kasıb sərçələri
dənləmək", bir komaya sığınıb gecələr
Ay işığını doyunca seyr eləmək nə
böyük səadətmiş. Amma heyif ki,
çoxumuz bu səadətdən məhrumuq.
Quzeydə qar xonçası,
Güney yaşıl səməni.
Sil qəlbimdən
bu yası,
İlahi,
bu gün məni
Pərvazlanan quş elə.
Ağasəfa, əgər belə
demək mümkünsə, Musa Yaqub tipli bir şairdir, o mənada
ki, kənddə yaşasa da, qaynar ədəbi mühitdən
heç də uzaqlaşmamışdır, qəzet və
jurnallarda yeni şeirləri ilə diqqəti cəlb edir.
Şeirlərində lap Musa Yaqubda olduğu kimi, qətiyyən
geriləmə və "qocalıq" hiss olunmur. Əvvəlki illərdə olduğu kimi, Ağasəfa
hər şeirində yeni söz deməyə, müraciət
etdiyi mövzuya poetik rəng qatmağı bacarır.
"Oyandı qoca vulkan" şeirini Məmməd Arazın
"Nə yatmısan, qoca vulkan, səninləyəm"
çağırışına cavab kimi qələmə
alıb. M.Araz "Ayağa dur, Azərbaycan" şeirində
xalqı, Azərbaycan oğullarını mübarizəyə
səsləyirdi, Ağasəfa isə artıq qoca vulkanın
oyandığını car çəkir:
Oyandı
qoca vulkan,
Çıxdı
alov içindən
İgidlər simurq kimi.
Azərbaycan
göründü
Havada yumruq kimi.
Oyandı
qoca vulkan,
Oyandı Məmməd Araz.
Şəhidlərin
qanından
Qarabağ
başlan-başa
Çiçəkləyəcək bu yaz.
Yeni şeirləri də göstərir ki, Ağasəfa
öz şairlik kredosuna sadiq qalır - nədən
yazır-yazsın, şair poeziya dilində
danışmalıdır, şeirə həyat həqiqətinin
poetik ifadəsi kimi yanaşmalıdır. Ağasəfa bu həqiqəti
son illərdə yazdığı "Ən sonuncu
partlayış", "Qarabulaqda səhər duamı",
"Ağacların vəfatı", "Gecə doğulan
şeirlər", "Kiçiklərin
böyüklüyü" və s. şeirlərində də
ifadə edir.
Beləliklə, mən sizə Xızı rayonunun
Qarabulaq kəndində, uca dağlar qoynunda yaşayan gözəl
bir şair haqqında söz açdım. O şair - Ağasəfa
müasir poeziyamızda da öz səsi, nəfəsi və
tükənməz yaşam enerjisi ilə seçilir.
Vaqif YUSİFLİ
Ədəbiyyat qəzeti.-
2021.- 15 iyun. S. 7.