Başdaşın
– dəyirman daşı
İçəri "şəhər"dən
başlar hər ömür yolu, "sahil"də bitər.
Ağlı-qaralı hər şey
"gömgöy" olar bir gün.
Yamyaşıl vaxtlarım idi. Qısa məsafəyə yol
yoldaşı olduq bir kərə,-
"İçərişəhər"dən
"Sahil"ədək.
- Bilmirəm,
yadınızda qalmışam, tanıyırsınız, ya
yox?
- Niyə tanımıram, sənin bir
"Gömgöy" şeirin də var.
İki misrasını da söylədin.
Öz-özümə,
sevdiklərimə Sənin (O qədər mehribandı ki,
"Siz" deyilməyir Allaha) onlarca misranı yüz dəfələrlə
dedim, şair! Duya-duya, yaşaya-yaşaya dedim.
Bir görüşümüz 2016-nın 11 mayında
Yazıçılar Birliyində Sənə həsr
olunmuş tədbirdən sonra oldu, bir görüşümüz
də Aktyor evində 80 illik yubileyində.
Ən
çox sevdiklərimdən ən az
gördüyüm şair!
Məmməd Araz Poeziya gününün
açılışına dəvət etdim.
- Kənddəyəm,
elə şəhərdən təzə qayıtmışam.
Amma gəldin. Gəlişində "Göyərməz"in
"Göyərdi".
Xəstə yatdığını Qorxmaz
Şıxalıoğlunun şeirindən bildim. Yaradıcılığından
söz açdığım dərsdə könlünü
şad etmək üçün zəng etdim. Zəif gəlsə
də, səsin auditoriyanı işığa
bürüdü, - "Un işığı"na.
Kəndə Səni görməyə gəldim, amma
oğlun Şəhriyarla görüşdüm. Bir xeyli heyranlıqla cəh-cəhi,
pıçıltısı ətrafı bürüyən
"şeirləri"ni dinlədim.
Bu dəfə dəyirman daşı ilə
görüşəcəyəmmi? "Bu dünyanın
qara daşı göyərməz", bəlkə dəyirman
daşı göyərdi?!
"Və
başqaları"nda adın itməyəcək, şair!
Artıq nəinki bir ovuc torpağı artdı, ruhunla vətənin
göyləri genişləndi. Şeirlərinlə
isə, - ən azı bütün ömrüm boyu, -
İçəri "şəhər"dən sahilədək
yol yoldaşıyam.
QARDAŞXAN
Ədəbiyyat qəzeti.-
2021.- 15 iyun. S. 9.