İnsan
taleyi
“Vəziyyət
ruscadır”
Sovet
hökumətindən qaçmış bir emiqrantın rus
yazıçısı kimi Nobel mükafatı alması
rejimin ürəyincə ola bilməzdi. Necə yəni, bu boyda xoşbəxtliyi qoyub getmək
olar?! Və sən xalqına (oxu: hökumətə) xidmət
etmirsənsə, sənətdən danışmağa
haqqın da yoxdu. Hər halda rejim "xalq"
deyə-deyə əhli-qələmin də, kütlənin də
zəif damarını tutmuşdu. İntəhası
deyilənlərin qəlblərə girməsi,
şüurların altına, üstünə təsir etməsi
üçün böyük istedadlara ehtiyac vardı. Ona görə istedadlı Qorkinin vətənə
qaytarılması və məhz onun vasitəsilə sənətkar-hökumət
münasibətlərinin tənzimlənməsi təsadüfi
deyildi. Böyük xalqın böyük ədəbiyyatı,
incəsənəti, mədəniyyəti olmalıdır.
Bu mənada Nobel mükafatı təkcə
dünyaya yox, həm də elə İttifaq xalqlarına
rejimin qüdrətini göstərmək üçün
vacib idi. Həm də emiqrant Bunindən sonra məhz Sovet
yazıçısının bu ada layiq görülməsi
lap hava-su kimi idi... Hətta deyilənə
görə, Sovet hökuməti İsveçdəki rəsmi
və qeyri-rəsmi nümayəndələrini Nobel komitəsinə
təsir göstərmək və verilən qərarı dəyişmək
üçün səfərbər edibmiş,
alınmayıb. Bunin mükafatını alıb, sadəcə
"xeyirxahlarının" sayəsində mətbuat soyuq
yanaşıb bu hadisəyə, haqqında çox az yazılıb. Və
bütün çabalara baxmayaraq, Maksim Qorkiyə Nobel verilməyəndə
hökumət başqa variant üzərində
düşünməli olub. Buninin Nobelindən
30 ildən çox zaman keçəndən sonra 1965-ci ildə
Mixail Şoloxov bu mükafata layiq görülüb. Nobel
komitəsi "Sakit Don" romanı müəllifini
"Rusiya tarixi üçün mühüm dövrdə Don kazakları haqqındakı eposun mükəmməlliyinə
və bədii təsir gücünə görə"
ödülləndirib. Əsərin bədii və ictimai dəyəri,
yazıçının ustalığı, bu ali
mükafata layiq olub-olmaması kifayət qədər
müzakirə edilib. Mixail Aleksandroviçi plagiatda
suçlayanlar da az olmayıb. Hətta özündən
beş il sonra Nobel mükafatı alan
A.Soljenitsını sovet həqiqətlərinin təhrifinə
görə tənqid edəndə o, da borclu qalmayıb,
Şoloxovu ədəbi oğru adlandırıb "Sakit
Don"un həqiqi müəllifinin Fyodor Kryukov olduğunu
deyib. Bu məsələdə Soljenitsınla həmrəy
olanlar da az deyildi. Bu əsərdən
sonra Şoloxovun bu səviyyədə, ya ona yaxın
çoxqatlı, parlaq, qeyri-adi nə isə qələmə
almaması ittihamları inandırıcı da edirdi.
Lakin 70-ci illərdə fin slavyanşünası Qyer Xetsun
kompüter təhlilləri ilə romanın Mixail Şoloxov tərəfindən
yazılmasının heç bir şübhə
doğurmadığını təsdiqlədi. 1987-ci
ildə üzə çıxarılan müəllif əlyazmaları
isə bu mövzunu birdəfəlik bağlamağa
yardımçı oldu.
Şoloxovun Nobel nitqi qapalı bir ölkənin
yazıçısının dünya mükafatına layiq
görülsə belə, yenə də dörd dövrəsinə
boylanaraq danışdığını göstərir. Mükafatı sovet, rus
yazıçılar ordusunun nümayəndəsi kimi
almasından məmnunluğunu ifadə edən Mixail Aleksandroviç
xalqa xidmətin də vacibliyini vurğulamağı unutmur:
"Doğma xalqımın tarixi həyat yolu heç də
hamar olmayıb. Bu, həyat pionerlərinin - birincilərin
yolu olub. Mən yazıçı kimi
öz vəzifəmi bütün yazdıqlarımda və
yazacaqlarımda heç vaxt kimsəyə hücum etməmiş,
amma öz şərəfini və azadlığını,
öz gələcəyini şəxsi seçiminə
uyğun olaraq qurma haqqını ləyaqətlə qorumuş
bu zəhmətkeş xalqa, qəhrəman xalqa, qurucu xalqa təzim
etməkdə görürəm və görməkdəyəm.
İstərdim ki, kitablarım insanlara daha
yaxşı olmaq, qəlbən daha təmiz olmaqda kömək
eləsin, onlarda insana sevgi, bəşəriyyətin tərəqqisi
və humanizm ideallarına inam aşılasın. Əgər mən bunu azacıq da olsa
bacarmışamsa, xoşbəxtəm".
Məsələ
bundadı ki, sənət elə zatən də insanın-insanlığın
yetişməsi, sevinci, səadəti, problemlərinin,
ağrılarının ifadəsinə xidmət etməlidir.
Bəli, "qəlbən daha saf olmaq",
"insana sevgi" ilə yaşamaq xoşbəxtliyə
aparan yolda çox vacibdi. Ancaq rejimin tələbi
başqa idi axı, zəhmətkeş xalq yox, zülmü
xoşbəxtlik kimi yaşamalı olan kütlə tərənnüm
edilməli idi... Həm də son dərəcə böyük
istedadla... Təsadüfi deyil ki, hələ 1954-cü ildə
Şoloxov SSRİ Yazıçılarının II
qurultayındakı çıxışında bu məqamlara
ciddi və tarixi aydınlıq gətirmişdi:
"Xaricdəki pis niyyətli düşmənlər
Sovet yazıçılarının partiyanın diktəsi ilə
yazdıqlarını deyirlər. Vəziyyət bir qədər fərqlidir:
hər birimiz ürəyimizin əmri ilə yazırıq,
ürəyimiz isə sənətimizlə xidmət etdiyimiz
partiyaya və doğma xalqımıza məxsusdur".
Bu
sözlərdən sonra kim nə deyər
ki?! Nə yuxarıların, nə də qara camaatın bu
sözlərə hansısa şərhi ola
bilər... Uşaqlığı, yeniyetməliyi Birinci
Dünya müharibəsinə, İnqilab illərinə təsadüf
edən, artıq məşhurluğa çatandan sonra da
"Pravda" qəzeti müxbiri kimi İkinci Dünya
müharibəsində cəbhədə işləyən
yazıçı həyatın hər üzünü
görmüşdü, elə "Sakit Don", "Don hekayələri",
"Oyanmış torpaq", yaxud yarımçıq
qalmış "Onlar vətən uğrunda
döyüşürdülər" əsərləri dəqiq
müşahidələrinə, həyatdan gələn təsvirlərinə
görə sevilirdi. Doğrudur, bir qayda olaraq, hər yeni
çıxan mətn
hökumət tərəfindən tərifi gəlməmiş
tənqid də edilirdi, təftiş də, amma hər halda bu
qədər zaman keçəndən sonra da sevərək
oxunan əsərlər klassika kimi təsdiqini tapıb.
Əslində, Şoloxovun rejimin, yoxsa xalqın
yazıçısı olması məsələsi hələ
də bir çox müzakirələrə, polemikalara yol
açır... Mənə görə bu
sualın ən ciddi və birmənalı cavabı
"İnsan taleyi" əsəridir. 1956-cı ildə
7 günə yazılan və "Pravda" qəzetində dərc
edilən hekayə yarım əsrdən çoxdur ki, maraqla
oxunur... İnanmıram ki, kimsə bu əsəri
göz yaşlarsız mütaliə edə bilsin. Hələ Sergey Bondarçukun əsər əsasında
ekranlaşdırdığı eyniadlı filmin bu gün də
hansısa kadrları sosial şəbəkələrdə
tirajlanır, hətta əsərdən xəbəri olmayan
yeni nəsillər də təsirlənirlər. Axı
mövzu müharibədirsə, ailəsini, övladlarını
itirmiş insan varsa, göz önündə və onun əsirlikdə
çəkdiyi zülmlər, sağ qalmaq üçün
keçdiyi dəhşətlər iri plandadırsa, necə
biganə qalmaq olar?! Əsərin qəhrəmanı - az qala
möcüzə nəticəsində sağ qalmış
Andrey Sokolov başına gələnləri, faşist əsirliyində
yaşadığı müsibətləri təsadüfən
gördüyü adama danışır və balaca Vanya
bütün bu böyük faciənin təsviri içərisində
"kiçik epizoddu"... Amansız
müharibədə ən çox günahsız körpələr
əziyyət çəkir. Və mənə
görə yazıçının hər incəliyinə
kimi göstərməyə çalışdığı
müharibə dəhşətləri məhz kimsəsiz
qalmış uşağın - Vanyanın sayəsində
bütövləşir. Yeməkxanalar ətrafında
var-gəl edib bir qarın yeməkdən ötrü xeyirxah
adamların münasibətini gözləyən körpə
birdən-birə "atasına" qovuşur. Düşünürəm, əgər Sokolov
sağlamlığını, evini, ailəsini,
övladlarını müharibədə itirəndən sonra
qayıdıb gəlib vətənə xidmət etsəydi, bu
olardı sosializm-realizmi. Yaxud da son anda yeganə sağ
qalmış oğlu döyüşdə həlak olanda
Sokolov gicgahına güllə sıxsaydı, bu, sentimentalizm və
hətta hind filmi estetikasına dönərdi. Yazıçı
müharibənin öldürdüyü və ordan sağ
çıxmış adamları eyniləşdirir, ümumiləşdirir.
İnsan insandı və müharibə onun xislətini
üzə çıxarmaq üçün ən münbit
şəraitdi. Hekayədə olduğu
kimi - bir faşist həkim kömək edib olmazın əzabdan
qurtara bilər, özününkü
satqınlığından qalmaz. Və gerçək sənət
də məhz bu həqiqəti deməli, anlatmalıdı...
XX əsr
Sovet ədəbiyyatının əsas mövzusu elə
müharibədir... K.Simonovun "Dirilər və
ölülər"i, "Gözlə məni" şeiri,
A.Tvardovskinin "Vasili Tyorkin" poeması, B.Polevoyun
"Əsl insan haqqında povest"i, Y.Bondarevin "Qaynar
qar" romanı, V.Astafyevin "Lənətlənmiş və
öldürülmüş" əsəri ağır
müharibənin hər üzünü bədii sözlə əbədiləşdirib.
Bu mənada bizim ədəbiyyatımızda
H.Abbaszadənin "General", Əbülhəsənin
"Dostluq qalası" əsərləri xüsusi qeyd
olunmalıdır. Və qəribədir ki,
bütün böyük qələbəyə baxmayaraq bu əsərlərin
bir çoxunda müharibənin ağrısı,
acısı, qəddarlığı ön plandadır.
1942-ci ildə Rəsul Rza Krım cəbhəsindən (ora
müxbir kimi ezam olunmuşdu) Nigar xanım Rəfibəyliyə
məktubunda yazırdı:
"Yanmış evin qapısında palçığa
batmış uşaq oyuncağı, dəmir pilləkənin
yanında dəlik-deşik olmuş papaq görmək olur. Gecələr
küçəyə çıxanda adama elə gəlir ki,
bütün dünyanın ən qaranlıq yeri buradır.
Zülmət o qədər qatıdır ki,
ixtiyarsız ağaca, daşa deyil, bu zülmətin
özünə dəyib əzilməkdən, yaralanmaqdan
qorxursan.
Gündüz gördüyümüz insan, insandır. Sən
heç bir zaman bu qədər bir-birinə bənzəyən
insanın olduğunu təsəvvürünə gətirə
bilməzsən. Bildiyin palçıq məhfumu
burda tamam başqa mündəricəyə malikdir. Buralar palçıqdır desəm, sənə
heç bir şey deməmiş olaram. Şəhərin
içi dizə qədər qara maye ilə doludur. Bəlkə də bu palçıqdır, lakin
insanları, atları, arabaları, ağacları,
daşları boyayan bu qara həlimin nə əvvəli var, nə
də axırı var".
Qəribədir
ki, Şoloxov "İnsanın taleyi"ndə məhz bu kiri
təsvir edir,
müharibənin sözün həqiqi və məcazi
mənasında iyrəncliyini, çirkini, "nə əvvəli,
nə də axırı olmayan" eybəcərliyini göstərir.
Amma bütün bu çirkinliyin, kifirliyin
içərisində pak olan Vanyadır, elə Sokolov da əslində,
Vanyanın yaşaması üçün sağ qalıb.
"Aman Allah, bu vaxt heç bilirsən nə oldu?! O, boynumu qucaqladı,
üzümü, gözümü, dodağımı,
alnımı öpməyə başladı, özü də
ardıcquşu kimi elə nazik səslə
çığırdı ki, kabinədə ayrı heç
bir səs eşitmək olmadı. Dedi ki: "Atacan, əzizim!
Mən bilirdim! Mən bilirdim ki, sən məni tapacaqsan! Hər
necə olsa tapacaqsan! Mən səni çox gözlədim,
deyirdim, görəsən, sən məni haçan tapacaqsan!". O mənə
sıxılmışdı, bütün bədəni, küləkdə
əsən xırdaca ot kimi titrəyirdi. Mənim
də bütün bədənim titrəyirdi, əllərim əsirdi,
gözlərimə elə bil duman
çökmüşdü... Onda necə oldu ki,
maşının sükanını əlimdən
buraxmadım, buna ancaq təəccüb etmək olar!".
Vanya, onun
inamı, bapbalaca ürəyinə yerləşən
böyük ümidləri, "bilirdim" demək qeyrəti
müharibədən sonra da həyatın davam etməsi
üçün təməldi, qığılcımdı,
başlanğıcdı... Yazıçının
əsirlikdən xilas olmuş adamın sonrakı taleyini bu yerə
gətirib çıxarması boşdan deyildi. Axı Stalinin ölümündən sonra əsirlər
haqqında yeni qərar qəbul edilənə kimi bu cür
adamlar, faşist əsirliyindən xilas olanlar öz vətənində
sürgünə məruz qalır, cəzalandırılırdı.
Rejimin simasını göstərən, qəddarlığını
ifadə edən ən dəqiq detallardan biridir bu... Vətən uğrunda döyüşən,
olmazın zülmlərdən keçib hansısa
möcüzə ilə sağ qalan, düşmən işgəncələrindən
zorla qaçıb qurtulan adamı öz doğma yurdunda da cəzalandırırmışlar.
Şoloxov bu əsəri ilə məhz əsir
taleyinə diqqət çəkməyə
çalışırdı. Özü də ovda olarkən,
1946-cı ildə təsadüf nəticəsində tanış olduğu adamdan eşitdiyi bu həyat
hekayəsini on il sonra qələmə alması təsadüf
idimi?! Məncə, yox, 1953-cü il Stalinin
ölümü və burdan başlanğıc götürən
mülayimləşmə belə mövzuların
yazılmasını zəruri edirdi...
Ümumiyyətlə,
müxtəlif yazıçıların tarixi şəraiti
izləmək, vəziyyəti müşahidə etmək və
mühüm olanları yazıb əbədiləşdirmək
məsələsinə yanaşmaları fərqli idi... Gələn
yazıda fərqlər haqda...
PƏRVİN
Ədəbiyyat qəzeti.-
2021.- 15 iyun. S. 13.