Şuşa
Pənahəlidən İlham Əliyevə qədər
Təməli
Qarabağ hakimi Pənahəli (xan) tərəfindən
qoyulmuş Şuşa qalası Prezident
İlham Əliyev dönəmində öz tarixinin yeni
dirçəlişini yaşayır. Molla Pənah Vaqifin
timsalında "Azərbaycan intibahının" (mən
akademik Nizami Cəfərovun elmə gətirdiyi bu fikirlə tam
razıyam) beşiyi olan bu şəhər, Türk
dünyasının kültür mərkəzlərindən
birinə çevrilməkdədir, çünki Qarabağ
torpağının Tanrıya yaxın qayalı bir zirvəsində
zühur eləmiş "poeziya və musiqi ruhu", uzun illik
əsrlikdən sonra şüşədən çıxan
bir cin sayaq, yenidən Azərbaycan üzərində pərvaz
elədi. 15 iyun 2021-də, Azərbaycan dövlətinin
"Dirçəliş günü"nü
kutladığı bir gündə, "səkkiz qırlı
qızıl daylaq" prezidentlərimiz İlham Əliyev və
Rəcəb Tayyib Ərdoğanı Xan qızının
türbəsinə apardı. Hələ 20 il
öncə, mən "Şuşa həsrəti"
şeirini yazanda bütün bunlar yalnız bir şairin
arzuları idi. "Xan qızının türbəsinə
apar məni qızıl daylaq" - deyirdi o zaman içimdəki
duyğular. Amma arzuların reallığa
çevrildiyi günləri öz gözlərinlə görəndə
bu duyğular sınırsız bir atəşfəşan
övqatı oyadır səndə. Azərbaycan
və Türkiyə prezidentlərinin Şuşada
keçirdikləri rəsmi görüş bütün
dünyanın nəzərlərini Azərbaycan mədəniyyətinin
"Panteonuna" yönəltdi. On illər
idi ki, ulularımızın teyfləri dolaşırdı bu
qayaların qoynunda. İndi isə Molla Pənah Vaqifin,
Xurşidbanu Natəvanın və Üzeyir Hacıbəyovun məzarlarını
ziyarət edən iki türk lideri, burada "Şuşa
müqaviləsi"ni imzalamaqla yeni bir tarixi səhifə
açdılar.
Mən bu
müqavilənin məzmunu ilə tam tanış
olmasam da, onun mistik gücünü hiss edirəm. Prezidentlərimizin göy səma altında qəddini
düzəldib şeşələnən gözəl
Şuşaya səfər etdiyi bu tarixi gün, yeni bir
dirçəliş dönəminin təməlini qoydu. Mən həmişə inanmışam ki, cənabi
Allah bir qövmü yüksəltmək istəyəndə,
onu qazanmadan-qazanmaya aparmaq üçün bir kılavuz
göndərir. Sözün düzü, bəşəriyyət
tarix boyu bu qayə ilə yaşayıb. Müxtəlif
xalqlar, müxtəlif cəmiyyətlər bir xilaskar, bir
kılavuz gözləyişində olublar həmişə,
onlar arzularının səmasında pərvaz edən bu
kılavuzu fərqli adlarla çağırıblar. Biz türklər ona Göy Börü demişik,
onun gəlişini elə olub ki, yüz illər boyu gözləmişik.
Bu ülkü, bu qayə İstəminin, Baburun,
Osmanın və neçə-neçə Tanrı
çeçkininin ordularının önündə gedib,
tarix kitabının səhifələrinə öz
möhürünü vuran neçə şanlı səltənətin
bərqərar olmasına vəsilə olub.
Bir zamanlar bu qayə Oğuz tayfalarını ətrafına
toplayıb müqəddəs yürüşı başlayan
Şah İsmayıl Səfəvinin ordusunun uranı olaraq,
onları böyük bir səltənət qurmağa sövq
etdi. Geniş ərazilərdə qurulan və "Sufilər
dövləti" kimi tanınan bu səltənət
zamanında bu gün Azərbaycan türkləri kimi tanınan
türk tayfaları bir bayraq altında birləşdilər.
İndiki Əfqanıstanı, İranı,
Qafqazı əhatə edən bu səltənətdə
müxtəlif inzibati ərazilər vardı, onlardan biri də
Qarabağ bərlərbəyliyi idi. Mərkəzi
Gəncədə olan bu bəylərbəylik Araz
çayı sahillərindən Qori sınırlarına qədər
uzanırdı. Onda qədim Albaniya-Girdman
torpaqlarının böyük bir hissəsi Qarabağ bəylərbəyliyinə
daxil idi. Əlbəttə, Səfəvi
hakimiyyəti inzibati əraziləri elə-belə, havadan
yaratmırdı, bu qurumlar tarixi bağları olan ərazilərdə
yaradılırdı. Səfəvi
sülaləsinin hakimiyyətinə son qoymuş Nadir xan
Avşarın ölümündən sonra başsız qalan səltənət
dağıldı və imperiyanın hər yerində ərazi
hakimləri özlərini xan, yəni Avropa dililə desək,
kral, müstəqil hökmdar elan etdilər. Nadir şah ordusunun qoşun
başçılarından olan Pənahəli bəy
Cavanşir də öz dəstəsi ilə Qarabağa gələrək
özünü xan elan etdi. Buradan belə
bir sual çıxır ki, nəyə görə məhz
Qarabağ? Onsuz da hər yanda dərəbəylik
idi və bir neçə yüz əsgəri olan hər bir kəs
özünü xan elan edə bilirdi. Həmin
dövrdə özünü hökmdar elan etmək elə də
çətin deyildi, ən çətini bu hakimiyyəti
saxlamaq idi. Ərazi üzərində yerli
əhalinin və oradakı tayfaların dəstəyini almaq
üçün iddialarının qanuniliyini ortaya
qoymalıydı. Buna görə, Pənahəli
bəy Cavanşir öncə xristian məliklərinin
yaşadığı əraziyə gəldi və
iddialarını ortaya qoydu. Xristian məlikləri
Albaniyanı idarə etmiş Mehranilərin soyundan idilər və
müsəlman hökmdarlar həmişə icma daxilində
onların muxtariyyətini saxlamışdılar. Bu o zamanlar idi ki, Rus imperiyası hələ
Qarabağı ermənilərlə məskunlaşdırmamışdı,
xristian əhali də hələ türk dilində
danışırdı. Onların
aşıqları da, şairləri də türkülərini
türk dilində deyirdilər. Şəcərəsi
Mehranilərin ən böyük nümayəndəsi
Cavanşirə uzanan Cavanşirlər nəsli müsəlman
olsalar da, ortaya iddia qoyduqda xristian məliklərin çoxu,
xüsusən məlik Şahnazar onların iddialarını dəstəklədi.
Mehranilər Parfiya əsilli olsalar da, Xəzər
xaqanları ilə, Albaniya tarixçisi Kalantuklu Moiseyin dili ilə
desək, "türklərlə qohum idilər". Mehranilər sülaləsinin qurucusu Mehran Sasani
sarayından qaçanda Xəzər xaqanına pənah
apardı, öz qızını ona verən xaqanın dəstəyi
ilə Azərbaycan ərazisində Qardman (Girdman) dövlətini
qurdu. Xazər xaqanlarının himayəsi
Sasaniləri Mehranilərin hakimiyyətini tanımağa məcbur
etdi. Müsəlmanlığın gəlişindən
sonra Mehrani hökmdarlarının ən qüdrətlisi
Cavanşir müsəlmanlarla dostluq sazişi bağlaya bildi və
müsəlman hökmdarlar uzun əsrlər boyu onun nəslindən
olanların hüquqlarını tanıdılar.
İslamı qəbul edən Mehranilər ümmətin
üzvi, bir hissəsi oldu, xristianlığı saxlayanlar isə
ümmət içərisində daxili muxtariyyət
aldılar...
Buna görə Pənahəli Cavanşir ortaya iddia qoyub
özünü xan elan edəndə yalnız Qarabağın
müsəlman və xristian əhalisi deyil, qədim Girdman
torpaqlarının digər yerlərində də dəstəkləndi. Borçalı, Qazax, Tovuz,
Şəmkir, Gəncə kimi yerlərdən xeyli insan yeni
yaranmış xanlığın ərazisinə, xüsusən
onun yeni inşa edilmiş paytaxtına, Şuşa
qalasına köç etdilər. Bu
köçün ən böyük nümayəndəsi isə
adını Azərbaycanın tarix kitabına qızıl hərflərlə
yazdırmış böyük şair Molla Pənah Vaqif oldu.
Qarabağ torpağında, qayalar zirvəsindən səmaya
boylanan Şuşa qalasında qılınc və qələmin
ittifaqından böyük bir mədəniyyət toxumu cücərdi
və Azərbaycanın Təbriz, Şamaxı, Gəncə
kimi qədim mədəniyyət mərkəzləri ilə
yanaşı, yeni bir mədəniyyət ocağı zühur
elədi. Qamlardan gələn türk dastan
ruhunun və Parfiya maqlarının bəşəriyyətə
töhfə verdiyi bir sənətin sintezindən yeni bir mədəniyyət
gəldi ortaya - kökü qam və maqlara dayanan Azərbaycan
mədəniyyəti.
Bizim Molla Pənah Vaqifin həyat və fəaliyyəti
barədə bilgilərimiz əsasən Yusif Vəzir Çəmənzəminlinin
və Səməd Vurğunun əsərlərinə
dayanır. Bədii əsərdə təsvir olunan obrazın
reallığa nə qədər yaxın olduğunu yalnız
güman etmək olar. Amma bir şeyi dəqiq deyə bilərik:
Çox qısa zaman kəsiyində varlığını
sürdürmüş Qarabağ xanlığı, əsasən
də onun paytaxtı Şuşa şəhəri ərazisində
baş vermiş mədəniyyət intibahının meydana gəlməsində,
elə bu xanlığın ömrü qədər onun
baş vəziri, indiki dillə desək baş naziri olmuş
Molla Pənahın tarixi rolu hələ də lazımi dəyərini
almayıb. Deyirlər, el gözü tərəzi olar,
şairin ilk dəyəri də elə eldən gəlib:
"Hər oxuyan Molla Pənah olmaz". Tariximizdə
heç bir şəxsiyyət haqqında mən buna oxşar
ifadəyə rast gəlməmişəm. Gərək ki, elin gözündə elə əməllərin
sahibi olasan ki, insanlar səni elmin simvolu olaraq görsünlər.
Mən Molla Pənahın tarixi missiyasını belə
görürəm: O, ölməz şeirləri ilə
yanaşı, daha bir ölməz əsər qoyub, bu da onun
formalaşdırdığı Şuşa
mühitidir. Bu mühitin xanlığını
rus general-mayorluğuna dəyişmiş İbrahim Xəlil
xan Cavanşir tərəfindən
formalaşdırıldığını iddia etmək isə
sadəcə gülünc olardı. Mən
indi, bu sətirləri yazarkən Heydər Əliyevin
müdrikliyinə bir daha heyran qalıram. O hələ
Sovetlər dönəmində M.P.Vaqifin məzarı üzərində
türbə yapdırmışdı. "Azərbaycan
intibahı" ideyasını ortaya qoyaraq onun ciddi elmi əsaslarını
ortaya qoyan akademik Nizami Cəfərovun da uzaqgörənliyini
qeyd etməyə bilmərik...
İndi prezidentlərimiz İlham Əliyevin və Rəcəb
Tayyib Ərdoğanın Şuşaya etdikləri tarixi səfəri
seyr edərkən, Şuşanın Pənahəlidən
İlham Əliyevə qədər uzanan tarixi kino kadrları
kimi keçir gözlərim önündən. Bu səfərin
siyasi mahiyyətləri barədə hələ çox
yazılacaq, çox danışılacaq. Amma məni daha çox mənəvi aspektləri
maraqlandırır. Düşünürəm
ki, Prezident İlham Əliyev Şuşadan başlayan
İntibah ruhunu bütün ölkədə pərvaz etdirəcək.
Uzun illər ərzində etdiyim müşahidələrdən
belə bir qənaətə gəlmişəm: Cənab
Prezident hansı sahə ilə şəxsən özü məşğul
olubsa, orada böyük inkişaf baş verib. Sonuncu
dəfə biz bunu Vətən savaşı zamanı
gördük. Ordu cəbhədə
mücadilə edərkən, Ali Baş Komandan da informasiya
savaşında meydan cənginə çıxdı və
bütün düşmən ünsürləri pərən-pərən
elədi. Əlbəttə, bu elə də
yaxşı bir hal deyil, amma neyləyəsən ki, bəzi
tarixi məqamlarda bir şəxsiyyət cəmiyyətdən
bir baş yuxarı olur. Bu hal yalnız
bizim cəmiyyətə aid deyil və onun tarixi analoqları
çoxdur. Cəmiyyətdə
böyük reformlar həmişə böyük şəxsiyyətlərin
qətiyyəti sayəsində aparılıb. Mən
arzu edərdim ki, Prezidentimiz böyük Zəfərdən
sonra meydana gələn yeni reallıqda, hadisələrin
kölgəsində qalmış, Molla Pənah ruhunun
davamçıları, müstəqillik illərində
formalaşan ədəbiyyat nümayəndələri ilə
də şəxsən məşğul olacaq. Çünki
artıq qələm savaşının zamanı gəlir.
Mən bu
yazını, elə prezidentlərimizin Şuşa səfəri
günü çapdan çıxmış və Vətən
savaşı dövründə mətbuatda çap olunan
yazılarımdan ibarət "Ordu günü"
kitabımdan bir sitatla bitirmək istəyirəm. Bu
yazını Şuşa alınan
günü yazmışdım: "...Mən Pənahəli
xanı görürəm, Molla Pənah Vaqifi görürəm,
Xan qızı Natəvanı görürəm, Üzeyir bəyi
görürəm... və daha kimlər... kimlər. Onların şükranlıq baxışları
müzəffər ordunun üzərinə alqışlar səpələyir.
Bu ordu böyük ordudur, bu Komandan böyük
komandandır. Bu millət, onları
doğuran bu millət böyük millətdir. Millətimə
salam olsun!
Salam
olsun, İlham Əliyev! Azərbaycan xalqına
uzun illərdən sonra qələbə zövqünü
tamsındıran böyük Komandan. Əcdadlarımızın
şanlı ənənələrinin davamçısı.
Sən "Savaş ayələri"ni
gerçəkliyə çevirdin, Sən
babalarımızın öləziyən savaş ruhunu zəfər
atəşi ilə alovlandırdın. Sən
dünya boyu səpələnmiş 50 milyon Azərbaycanlını
bir bütövə çevirdin. Müsəlmanıyla,
xristianı ilə, yəhudisiylə... Hamısını.
Ellərimizi dərləyib bir bayraq altına
yığdın - böyük Eltəriş. Xəzər xaqanlığının əzəmətini
yüz illərdən sonra Azərbaycan torpağında
zühur elətdirdin.
Salam olsun, Rəcəb Tayyib Ərdoğan, İslamın
umudu, türklüyün qəlb odu. Əzilən hər
müsəlman, tacavüzə uğrayan hər türk
artıq bilir ki, o yalqız qalmayacaq.
Halal olsun! Halal olsun!
Elxan Zal QARAXANLI
Ədəbiyyat qəzeti.-
2021.- 19 iyun. S. 7.