Sabir
Rüstəmxanlı: portretə cizgilər
Bu
günlər Azərbaycanın ədəbi çevrəsi,
aydınları, geniş oxucu kütləsi
xalqımızın sevimli qələm sahibi, ictimai-siyasi xadimi
Sabir Rüstəmxanlının 75 illiyini qeyd etdi, ədəbi
fikirlərimizin güzgüsü "Ədəbiyyat qəzeti"
bu münasibətlə çox sevindirici,
düşündürücü, kövrəldici ayrıca say
buraxdı. Yüzlərdən biri kimi özümə dost
saydığım, ilk gənclik illərindən təmasda
olduğum bu böyük Yurddaşın, şair,
yazıçı, publisist, ictimai-siyasi xadimin keçdiyi
sayqılı yaşam yolu gözlərim önündən
keçdi... Qələmi bir neçə kərə
götürüb qoydum. Sadə olduğu qədər
də böyük olan, XX yüzilliyin başından ədəbiyyatımızın
nəhəngləri, ictimai-siyasi xadimləri ilə
tutuşdurula bilən Sabir Rüstəmxanlı haqqında
yazmaq kolay deyildi. Zira dağlardan, dərələrdən,
süni və təbii maneələrdən keçərək
zirvəyə ucalmış bu bənzərsiz şəxsiyyət
haqqında çox yazılıb deyilmişdir. Amma böyük Heydər Əliyevin, Bəxtiyar
Vahabzadənin, Əbülfəz Elçibəyin, yüzlərlə
tanınmışların fikir söylədiyi Sabir Rüstəmxanlı
haqqında "demək olar ki, hər şey
deyilmişdir" düşünmək, yanlış
olardı. Biz yalnız Ayın görünən
üzünü görə bilirik...
Bizlər - ötən yüzilliyin 60-cı illərinin
yeniyetmə gəncləri dörd manatlıq ucuz çamadanla
kənddən Bakıya gəlmiş, yüksək balla Azərbaycanın
tək universitetinin astanasından içəri keçə
bilmişdik. Sabir də, mən də sənədlərimizi
filoloji fakültəyə vermişdik. Şərqşünaslıqda
16 nəfərlik ərəb dili tərcüməçiliyi
şöbəsində on nəfər imtahanlardan kəsilmişdi,
filologiyada isə konkurs gözlənilirdi. Şərqşünaslığın
dekanı, ümumi razılığa əsasən, şəxsən
özü baxıb, seçib on nəfərin şəxsi
işini götürmüşdü. Onların
arasında biz də vardıq. İlk
tanışlıqdan ədəbiyyat sevgisi, yazıb-yaratmaq həvəsi
bizi yaxınlaşdırdı, bir partada oturduq. Bəlkə də universitet auditoriyasında Sabirin
şeirlərini oxuduğu ilk adamlardandım. Orta məktəbi 16 yaşımda bitirmişdim,
rayonlararası qəzetdə korrektor işləmişdim,
yazılarım burada dərc olunmuşdu. Sabirin
vətənpərvərlik mövzusunda şeirini Cəbrayılın
indi "Xudafərin" adlanan qəzetinə göndərdik.
Çox keçmədi şeir dərc
edilmiş qəzeti bizə göndərdilər. Bu, Sabir
üçün sürpriz oldu: ilk dərc olunmuş
şeirini Cəbrayıl, Füzuli, Zəngilan və
Qubadlının tələbkar oxucuları oxumuşdular.
Ərəbcə öyrənmək böyük vaxt, diqqət
tələb edirdi. Universitetə ədəbiyyat sevdası ilə
gəlmişdik. Amma 1-ci sinifdəki təki
əlifba öyrənmək, söz əzbərləmək
döşümüzə yatmırdı. Mən
bədii nəsrə, Sabir poeziyaya meyilli idi, hər gün təzə
şeir yazırdı. O, qaynar bulaq idi, kükrəyirdi. (Ancaq bu qaynar bulağın özəlliyini, mahiyyətini
tam şəkildə sonralar anlayacaqdım). Başa düşəcəkdim ki, təzyiqlə
kükrəyən bu bulağın gözünü
bağlamaq olumsuzdur.
Bu bulaq məni də öz axarına aldı. Dərs
vaxtı pıçıldaşmağımızı ərəb
dili müəllimimiz irad tuturdu. Qərara
aldıq ki, filologiya fakültəsinə keçək. Jurnalist bölümünə rəhbərlik edən
tanınmış qələm sahibi Nurəddin Babayev bizə
qayğı göstərdi, kiçik sorğu-sualdan sonra ərizə
yazdıq. Ertəsi gün Şərqşünaslığın
dekanının yanına gedib şəxsi işimizi
götürməliydik. Axşam atamla məsləhətləşdim.
O, "Mən olsam, dəyişmərəm. Yazan harda
oxumağından asılı olmayaraq yazacaq"...
Sabirə təklif etdim ki, gəl dəyişməyək. Ərəb dili, ədəbiyyatı,
tarixi, bu ölkələrə səfərlər başqa aləmdir...
O, fikrindən dönmədi. Yollarımız
ayrıldı. Amma məslək dostu kimi
qaldıq. Çox illər keçəndən sonra Sabir
dedi ki, gərək fakültəni dəyişməyəydim.
Bildirdim ki, əgər o zaman ürəyinin sözünə
baxmasaydın, bugünkü Sabir Rüstəmxanlı
olmazdın, millətimiz, ədəbiyyatımız itirərdi...
Razılaşdı.
Biz ərəbşünaslar Moskvanın Yaxın Şərq
siyasəti üçün çox gərəkli idik, hərbi
və mülki tərcüməçilərə çox
böyük ehtiyac vardı. Şəxsən mən
1967-1973-cü illərdə Azərbaycana ancaq məzuniyyətə
gəlirdim. Sonrakı illər
başqa-başqa Şərq ölkələrini görmək,
işləmək həvəsi bizləri dartıb
aparırdı. Beynimizi, istedadımızı bizə gərək
olmayacaq sahələrə sərf edirdik... Sabirin
kitablarını oxuduqca düşünürdüm ki, nə
yaxşı o, içindən gələn istəyin
dalınca getdi... (Bəlkə də Uca Tanrının ona
verdiyi missiyanı yerinə yetirirdi)...
Sabir
üçün ən uca, qutsal sevgi Ana yurd (Vətən),
millət sevgisidi... O, qayğıkeş ata, qardaş, vəfalı
dost kimi çoxlarına örnək olmuşdur və olacaq. Tək onun yaxınları, çevrəsi deyil,
başqaları da ona baxıb düzlənmişlər, necə
ki, sıradakı əsgərlər başda duran 1-ci əsgərə
baxıb düzlənirlər. 70-si illərdən
sonrakı gənclərimizdə vətənpərvərlik
duyğularının aşılanmasında Sabir bəyin əsərlərinin
və şəxsiyyətinin önəmli rolu vardır:
O
qansızdan öcümüzü almasaq,
Vətən bizi "Oğul" deyib öyməsin.
Dur,
qardaşım, silahımız qeyrətdi,
Cənnət yurda iblis əli dəyməsin.
Yazarın şəxsiyyəti ilə yazdıqları
bir-birini tamamlayırsa, oxucuları onu sevəcək,
arxasınca gedəcəklər.
Hələ Sovetlər dönəmində mənsəbə,
var-dövlətə əli çatandan sonra səsini
içinə çəkmiş, məsləkindən
dönmüş bir çox "millətsevər qələm
sahiblərini" görmüşük. Sabir Rüstəmxanlı
vəsiləyə də, mənsəbə də
çatdı, şöhrətləndi, amma tutduğu yoldan
bir addım da çəkilmədi, əksinə, mənsəbindən,
şöhrətindən Vətəni və Milləti
üçün istifadə etdi.
Sabir Rüstəmxanlı əbədiyaşar qələm
sahibidir. Zira Ana yurd (Vətən), Millət sevgisi onun
üçün hər şeydən qiymətlidir, daima Vətəninin
gələcək taleyi, yurddaşlarının
qayğıları ilə nəfəs alaraq
yazıb-yaratmışdır. Xalq həmişə
belə dəyərləri özündə birləşdirənlərin
arxasınca gedibdir. 1988-1990-cı illərdə
xalq hərəkatı dönəmində Sabir
ölümü, həbsi gözünün altına alıb
meydanlara çıxdı. Döyüldü,
söyüldü, təhqir edildi, başı yarıldı.
Onun bu cəsarəti, əqidəsindən
dönməzliyi on minlərlə yurddaşımıza sirayət
etdi. Yüz minlərlə oxucu "Ömür
kitabı", "Qan yaddaşı", "Gəncə
qapısı", "Cavad xan", "Xətai yurdu",
"Bütövlük həsrəti", "Difai fədailəri",
"Sağ ol, ana dilim", "Bu sənin
xalqındır" kitablarının müəllifini
Bakının baş meydanında, auditoriyalarda, müxtəlif
tribunalarda od püskürən görürdü. Elə bu
kitabların adları quzeyli, güneyli Millət üçün
bir çağırış idi...
Fazil
GÜNEY
Ədəbiyyat qəzeti.- 2021.- 19
iyun. S. 13.