Formanın
müqəddəs sirri
Məmləkətin
ilk və son şairi - Bəxtiyar
1
Hər bir şair dünyanın və
özünün xəyali son nöqtəsindən
başlayır; bunu
bilməsə də, şüuraltı
yaşayır, amma ifadə edə, fikir, ideya formasına sala
bilmir, aradan zaman keçməli, vaxt (qurşağı) dəyişməlidir
ki, həmin ideya səs-səs, heca-heca və söz-söz
yaransın, burda bir ömür boyu kiminçünsə bir səs,
kiminçünsə bir heca, ən azman sənətkarlar
üçünsə bircə söz yaranır və beləliklə
dünya, yerlə göyün arası bircə sözə
sığışır (sığınır).
Özünün və dünyanın son nöqtəsindən
gələn şair özünün və dünyanın əvvəlinə
qayıdır və yenə eyni hadisə baş verir: fərağın
oduna yanıb min bir əziyyətlə tapdığını
sözə çevirə bilmir. Müəllifdən
fərqli olaraq bəzi oxucular bu sözü oxuyur və həyatın
nə qədər faciəli və mənasız,
yaşamağın nə dərəcədə bihudə
olduğunu dərindən hiss edir və sarsılırlar.
Deməli, oxucu həm də müəllifin və daha çox
onun yazdığı bədii mətnin davamıdır...
Uilyam Bleykin şeirlərində məhz buna görə
bütün dünya bir qum dənəsinə,
əbədiyyət isə bir əlin ovcuna sığır... Şekspirin sonetləri məhz bu səbəbdən
bir neçə əsas mövzunun zirvəsinin fəthi anlamına
gəlir və bu məqamda həmin sonetlər şeir olmaqdan
çıxıb teatr səhnəsində kölgələrin
oyununa çevrilir, ancaq bunun müəllifə yox, oxucuya dəxli
var, müəllifin yazdığını oxucu ondan fərqli
görməzsə, şeir küydən boğular.
O
başqa məsələ ki, bizdə çox-çox küydən
boğulan şeirlər var və biz onları sevirik,
çünki insan daha çox bilmədiyi,
tanımadığı şeyi sevər, aldanışdan
doğruya sarı addımlar, qorxa-qorxa... Şairlərsə
qorxunu ancaq son anda - ölüm ayağında hiss edərlər...
Dünyanın
son nöqtəsindən başlayan şair daim özüylə
dünya, Allah, ölüm və eşq arasındakı sərhədi
keçməyə can atar, ancaq həmişə sərhəddə
saxlanılar, tutular və elə o sərhədin
torpağına gömülər, sönməkdə olan
şüuruyla keçdiyini xəyal edər, son dəfə...
Bleyk buna görə deyirdi ki, sonsuzluq bircə qum
dənəsinin içindədi.
2
Bəxtiyarın poeziyası narahat və
ağrılı suallarla doludur, belə təsəvvür etmək
olar: sanki illər, əsrlər boyu içində
qarışmış yumağı səbrlə
açmağa çalışır, hər dəfə ipi
açdıqda yeni laylar qarşına çıxır, yəni
Bəxtiyar dünyanı əkslərin mübarizəsində,
onların dialektik şəkildə bir-birinə keçməsində
görürdü, özü belə deyirdi: həsrətin
ilkidir həsrətin sonu, sonra: görüş bitən kimi həsrət
başlayır...
Bəxtiyar poeziyasında nigaranlıq xronotopu həyatdan
doymamaq məsələsini qabardır, duyğunun, dünya və
həyatı faciə ilə, dərdlə sevincin qəribə
və çox təzadlı kəsişmə nöqtəsində
dərk edən şairin xəyalı yerlə göyün
arasında cövlan edir, Bəxtiyar poeziyasını anlamaq cəhdi
daim bu xəyal haqqında düşünməyi zəruriləşdirir.
Sevgidən
gəlirik bu dünyaya biz,
Doymamış
gedirik,
Belədi qayda.
Sevgi
şeirlərində də bitib-tükənməyən bir
narahatlıq var:
Mən
bir qəm daşıyam,
Qəlbinə
dəydim,
Nə imiş bu dünya qəmsiz, kədırsiz?
Gördüyün
yuxunu mən də görəydim
Səninlə bərabər, səndən xəbərsiz.
3
Bəxtiyar bütün
yaradıcılığı boyu ən müxtəlif mənbələrdən
öyrənib, onun şeirlərinin materiyasında şübhəsiz
ki, didaktika da var, xüsusən 1943-cü ildən başlayan
ilkin mərhələdə, daha sonrakı, yəni 60 və
70-ci illərdə fərd və zaman, şəxsiyyət və
dünya qarşıdurması dəyişir, artıq 80-ci illərdən
başlayaraq şair necə deyək, içinin ənginliyini
ölçməyə, daha qəliz və bəlkə də
cavabsız suallara cavab axtarır. Bu məlum mənbələr
içində biri daim Bəxtiyar poeziyasının
identifikasiya göstəricisi olub: Məhəmməd Füzuli,
Ya Rəbb,
bəlayi-eşq ilə qıl aşina məni,
Bir dəm bəlayi eşqdən etmə cüda məni.
Ancaq bu hadisə bəzən deklarativ formada əyaniləşir,
çünki ardıcıl şəkildə, nəfəs dərmədən
çox zəngin və tam olaraq bilinməyən mənbədən
öyrənməyin bu kimi fəsadları da olur. Bədii mətnlərində
Məhəmməd Füzulini "yenidən yaratmaq" cəhdləri
ən mükəmməl formada yəqin ki, "Muğam"
poemasında əksini tapıb, çünki Bəxtiyar
Vahabzadə poeziyası daha çox lirik ricətlərə
gediləndə, fikirlə hissin (hiss, duyğu
yanğınlarının -!) gözlənilmədən
qovuşduğu anda boyaboy görünür. Həm
də qəribədir, Füzuliyə ən çox (maksimum)
"yaxınlaşdığı" məqamların mətnləri
əruzun intəhasız ərazisində daha gözəl
görünür. Bunu, yəni bədii mətnlərində
Füzuli fərağının obrazını
yaratmağın nə olduğunu Bəxtiyar çox
yaxşı bilirdi və buna görə özünün
şərti ilə ölümündən sonra efirə gedəcək
son müsahibəsində jurnalistin sualına "Yox, mən
böyük şair deyiləm, mən adi bir şairəm,
heç zaman öyrənməkdən usanmadım,
hamını, hər şeyi sevdim, bircə özümə həsrət
qaldım", - deyir. Bu anlamda Bəxtiyarın lirik qəhrəmanı
həyatı həsrətdən öyrənir, "həsrətə
möhtacam" deyir, onun fikrincə, toyun, büsatın rəngi
və dadı birdir, yəni toydu çalınıb
keçir, həsrətsə gözlərimizə min rəng
çəkir, sevgilisinə deyir ki, yaxşı ki,
ayrıyıq, bu dərd bizə həyatın dərin
qatlarını göstərir. Böyük bir ustaddan bir
ömür boyu öyrənib onun gülüstanına bir
barmaq rəng qata bilməmək də səadətdir!..
Bəxtiyarın
ədəbi özkeçmişində bir maraqlı nüans
da var: Səməd Vurğunu sevib (dəlicəsinə) ondan
ayrılmaq istəyi və bu istək əvvəl-axır
baş tutur. Çünki sevmək və
vurulmağın tərkibində o munis nəsnədən daim
qopmaq istəyi də yaşayır. əks
təqdirdə, cazibə yoxa çıxardı. Buna görə keçən əsrin
altmışıncı illərində poeziyanın
üfüqlərində yeni bir Bəxtiyar göründü.
Yanımda olanda uzaqdasan sən,
Mən səni görmürəm olduğun kimi.
Səndən
ayrıldımmı,
Hər
yerdə sənsən,
Mən görə bilmirəm, vallah heç kimi.
Bəxtiyar
poeziyasında bir xətt var: özüm üçün
darıxmışam... Bu mətləb Bəxtiyar
poeziyasında aydınlaşdırıcı rakursdur, hər
şeyin, müvafiq kontekstdə araşdırılan məsələlər
üçün mərkəzi nöqtədir. Bütün kateqoriyalardan olan insanların zaman-zaman Bəxtiyar
şeiri üçün darıxması (məsələn, həyatda
başına hadisə gələn, yaxyd sadəcə həyatın
faniliyini dərk edən insan... ürəyini deşən
suallarla bağlı məhz şairin hansısa kitabında nələrinsə
olmasını zənn edir...) onu sxematik çərçivəli
filosof-şair olmaq qədərindən qurtarır. Bəxtiyar şeiri dünyaya açılan heyrətli
gözdür, daim özünü axtaran, ömründəki
parça-parça "mən"ləri qovuşdurmaq
yanğısıyla yaşayan şair həqiqətdən vaz
keçib heyrətin ilğımlarında qalması ən
çözülməz bir sirdir.
Kal alma kimi bir
üzü torpağa düşüncə
Gördüm
ki,
Yatır hər otun altında düşüncə.
Göylərdə
fələklər düşünür
Yerdə
çiçəklər
Gördüm
Düşünür güllərə qonmuş kəpənəklər.
Torpaq da,
Ağaclar
da,
Hər
şey yaranıb
Varlığa
çevrilmədən öncə
Başdan
başa mənalı, müəmmalı düşüncə...
Bu isə Çingiz Aytmatovun Bəxtiyara
yönəlik fikridir: ...sən övladı olduğun
xalqın nitq hissəsində fel olmağı bacarsan,
xalqın canlı dil memarlığına öz töhfəni
verə bilərsən...
4
Bəxtiyar şeirinin kompozisiyası necədir? Onun şeirdə
hifz olunan xarakteri bu suala cavabda gizlidir. Zənnimcə,
görünsə də, görünməsə də hər
bir şeirinin başında bir bayatı gəlir, məsələn,
"Üçüncü göz - könül
gözü" şeirində olduğu kimi:
Göy
üzü damar damar,
Göydən
yerə nur damar...
Bu niyə belədir? Yəqin ki, bunun bir əsası var.
Şair naturası etibarilə özüylə mübarizədən
və qanlı, ən amansız döyüşlərdən
yaranır, bir qolu S.Vurğun mənbəyindın
gələn Bəxtiyar var gücüylə bu ənənədən
qopmaq, çox orijinal, belə deyək, gözlərə
sürmə çəkən, ürəklərə od salan mətnlər
yaratmaq istəyib, həmişə də buna nail
olmadığını etiraf edib. Ancaq ənənədən
qopub orijinal üslub yaratmaq eşqi bircə an da olsun sönməyib,
imkanla imkansızlıq arasındakı bu mübarizədə
şübhəsiz ki, ənənə, özü də onun ən
zərif parçaları bədii mətnin alt laylarına
nüfuz edib, bu şeirləri oxuyanda mən həmişə
qəzada batacaq gəminin xilas olunmasının şahidi
oluram, xilas şübhəsiz ki, orijinal üslubda
görünmək cəhdləriylə bədii mətnin ən
dərin qatlarına nüfuz edən həmin zərif
parçaların bir məqamda qovuşmasıdır, bu
mühakimələr sırası göz açıb yumunca
gözəl bir zümzüməyə çevrilir.
Kompozisiyayla bağlı ikinci məsələ Bəxtiyarın
şeirlərindəki gizli epizm, yaxud daxili süjet xəttinin
daim izlənməsidir. Yuxarıdakı üçüncü göz şeirində
açıq aydın süjet xətti var, şeir bir tərəfdən
başda gələn bayatının açımına
dönür, digər tərəfdən isə bu şərh
olmaq "mərəzindən" imtina edərək əsas mətləbi
lirik düşüncə və təxəyyül
güzgüsündə göstərir, dünyanın
başdan-başa şeir, nəğmə olması
vurğulanır. "Gecikmə" şeirində
isə belə bir açıq süjet xətti yoxdur, şeirə
qədər başına gələn bütün əhvalatları
danışıb yorulan bir adamın etirafları səslənir.
Bəxtiyar bütün şeirlərində elə
bu gecikmədən bəhs edir, gah təəssüflə, gah
da içdən gələn kədərlə.
Bu
süjetli nəhrin sirri həm də adi səbəblə
bağlıdır: şair elə ilk misradan sırf
yaşantıya köklənir. Bu hisslər o qədər
dolu və rənglidir ki, onlar misralara düzüləndə
hekayə təsiri bağışlayır, sanki hansısa
olmuş əhvalat, hansısa nəsr fraqmenti şeirin dilinə
köçürülüb. Və məqsəd
aydındır: nəsr stixiyasını arxada qoymaq, onu
ötüb keçmək, elə bir ortam yaratmaq ki, hər
şey şeirin mistik tülünə (gecəylə
gündüzün tən ortasındakı duman...)
bürünmüş kimi olsun...
Yatmaq istəyirəm, sənsizliyini
Yuxu dənizində batırım deyə.
Yuxumsa
kölgəmi öz kölgəm kimi
İzləyir, qısqanıb səni hər şeyə.
Həsrətin
asılıb kirpiklərimdən
Yuxum da gəlmir
ki, heç olmasa mən
İtirim,
batırım səni yuxumda...
Yaşantı
o qədər dərindir ki, yaddaşı şırımlarla
yaşayır, hər şey mələs narı əllə
parçaladıqda ordan ağ köynəyə
düşən qan kimi diri və canlı, vizual və bitib
tükənməzdir:
Yoxluğun duz səpir yaramın
üstə
Yaddaşım
elə bir günəş ki, gün ki,
Dünəni
nur kimi görürəm aydın...
Bəxtiyar Vahabzadə əksər şeirlərində
"Mən kiməm?" sualına cavab vermək ümidiylə
sonda bundan vaz keçir, çünki zamanın yaradıb
ortaya atdığı ehtiyac elə zaman boyunca hər bir
şeirin içinə, qəlbinə kömülər. Atəşdən
köynək geyib soyuq, bumbuz iqlimin həsrətiylə
yaşamaq sadəcə qismət və taledir. Bütün ömrü boyu özünə, "mən
kiməm" nidasına mizan-tərəzi quran şair
bütövləşmə həsrətini yaşayır.
Hər bir şair
yaradıcılığının sonunda axtarıb
tapmadığı bir sözə dönür, bizim
yaddaşımızda konkret adla əbədiləşən
yazar üfüqlərin qaşında həmin o sözün
içindəki mənanı ifadə edir. Məsələn,
həsrət...
Mənim qismətimdir alatoranlıq
Gecəylə
gündüzün arasındayam,
Qurulur
içimdə mizan-tərəzi,
O gözlə,
bu gözün arasındayam.
Burada başqa, son dərəcə
maraqlı bir nüans da olmamış deyildir: bəlli konseptlərin
sınırlarını genişləndirmək cəhdi... Özünü bir neçə "kadr"da
görmək, bu kadrların bitişə bildiyi konturların
silindiyi ömür yolunda özünə həsrət qalmaq,
olmazın iztirab çəkərək özü
üçün darıxmaq... indi kəşf edilən bir
konsept deyildir. Ancaq bu konseptə dünyaya
indicə gələn məna kimi sahib durub onu içinin
bütün, bəlkə də ən qaranlıq dərinlikdəki
nöqtələrlə görüşdürmək arzusu məlum
olan, hər yandan görünən rəngi yeni, tam orijinal rəng
kimi görükdürür. Poeziya bu mənada
həm də məlumu naməluma, bilinəni bilinməyənə
çevirən bir "qurğudur".
Bəxtiyar, sinəndən neçə
"mən" keçir
Biri dərdli
keçir, biri şən keçir,
Məftilli çəpərlər sinəmdən
keçir.
Bakıyla
Təbrizin arasındayam...
Bəxtiyar şair
temperamenti, çılğınlığı, cavan vaxtı
çıxan kitablarındakı fotoları, ən uzaq və
ümidsiz arzulara çatmaq dəliliyi ilə və başqa nəhayətsiz
cizgiləriylə bu məmləkətin bəlkə də ilk
və son şairi idi.
Cavanşir
YUSİFLİ
Ədəbiyyat qəzeti.-
2021.- 19 iyun. S. 12-13.