Bütün yollar eşqdən keçir
Leyla Əliyevanın "Dünya
yuxutək əriyir" şeirlər kitabı haqqında
Gənc və istedadlı şairə Leyla
Əliyevanın "Dünya yuxutək əriyir"
kitabında toplanmış şeirlərini dilimizə rus
dilindən Xalq yazıçısı Afaq Məsud
çevirib. Volter vaxtilə yazırdı ki, tərcümə elə
bir qadına bənzəyir ki, sədaqətli olanda gözəlliyi,
gözəlliyi olanda isə sədaqəti olmur. Yəni bu ikisini bir yerə
sığışdırmaq mümkün deyil, gərək
ikisindən birini seçəsən. Tərcüməçi
orijinala sədaqəti əsas götürüb və məncə,
düz eləyib. Çünki oxucu məhz bunun
hesabına Leyla Əliyevanın fikir və duyğuları,
metaforik dünyası ilə yaxından tanış
ola bilir. Kitabı oxuduqca şairin
obrazının əsas cizgiləri onun təsəvvüründə
tədricən formalaşır və son səhifəni
çevirəndə bu obraz da tamamlanır.
Leyla
Əliyeva həm də rəsmlər çəkir və yəqin,
buna görə onun şeirləri bəzən rəssam
işi qədər əyani, vizual təsir
bağışlayır:
"Qırıq
misralarımın içindən düşdü ürək..."
Bu sözləri oxuyanda göz önünə bir
natürmort gəlir. Özü də bu natürmortun mərkəzi
fiquru hansısa meyvə, yaxud gül-çiçək deyil.
Bu, psixoloji natürmortdur: masanın ortasına qoyulan şam əriməkdədir;
şamın bir tərəfinə lələk, o biri tərəfinə
isə əzik vərəqlər atılıb; yanan şam vərəqlərin
ortasında düşüb qalmış ürəyi
işıqlandırır; vərəqlərdən şairənin
misraları oxunur və bu misralar mürəkkəblə yox, ürək
qanı ilə yazılıb...
Hər şairin bir şeiri, bəndi, beyti və ya
misrasını onun bütün
yaradıcılığına epiqraf seçmək olar. Məncə,
yuxarıdakı misra öz müəllifinin poetik
yaradıcılığının epiqrafı seçilə
bilər. Çünki Leyla
Əliyevanın şeirlərinin ana mövzusu - sevgi, baş qəhrəmanı
- ürək, əsas ritmi - şair ürəyinin
döyüntüləridir. Mövzusundan
asılı olmayaraq, bu şeirlərin hamısında mərhəmət
və sevgi dolu ürək çırpınır. O,
bütün qəlbi, varlığı ilə yazır və
oxucunu da yaratdığı poeziyanın səmimiyyətinə
inandıra bilir:
"Gedim
bir az ağlayım..."
Bu sözlər də Leyla Əliyevaya məxsusdur. Və ilk
baxışdan qəribə görünən bu sözlərə
hərə bir cür yozum verə bilər. Bəlkə, müəllif bu sözlərlə
müasir həyat tərzinin yaratdığı gərginlik,
qaçaqaç içində ən adi insani tələbata -
ağlamağa vaxt qalmadığına ironiya edir? Məncə, bu daha çox sevgidən doğan
ağlamaqdır. Vidadi demişkən,
ağlamaq ki, vardır, məhəbbətdəndir. Şairin ağlamaq üçün özəl bir
yerə çəkilməsi, bu müqəddəs hissi yad
gözlərdən qorumaq ehtiyacı da, yəqin ki, bundan irəli
gəlir.
Yazımın əvvəlindəcə klassik
şeirimizin ünlü isimlərindən biri olan Vidadidən
sitatı boşuna çəkmədim. Çünki şairənin
poetik dünyagörüşünü formalaşdıran iki əsas
mənbə var. Bunlardan birincisi gümüş dövr rus
poeziyası, özəlliklə də Aleksandr Blok, Andrey
Belıy və digərləri ilə təmsil olunan rus
simvolist poeziyasıdır. İkincisi isə
Vidadi də daxil olmaqla klassik Azərbaycan və Şərq
şeiridir. Bunlardan birincisi ilə əlaqə
zahiri, ikincisi ilə daxili qatdadır.
Fəlsəfi
idealizmə meyil, sənətin məqsədini dünyanı və
özünüdərkdə görmək, insanın
könül aləmini başlıca bədii araşdırma
predmetinə çevirmək, hansısa bir olayın yox, ruhun,
fikrin, duyğunun süjetini vermək, simvolları estetik yox,
dini-fəlsəfi planda qəbul etmək kimi məqamlar gənc
şairəni rus simvolistlərə
yaxınlaşdırır. Belə bir yaxınlıq təbiidir:
o, Moskvada doğulub, ali təhsilini Avropada
alıb, ana dili ilə yanaşı, ingilis və rus dillərini
də mükəmməl bilir...
Gümüş dövr rus poeziyası ilə Leyla
Əliyevanın şeirləri arasındakı əlaqə
düşüncə qatında baş verir və demək, təsirlənmə
burda zahiridir.
Füzuli demişkən, "əql tədbiridir
ol, sanma ki, bir bünyadı var". Odur
ki, məqalədə əsas vurğunu gümüş
dövr rus poeziyasının üzərinə gətirmək
fikrində deyilik. Bizi maraqlandıran məsələnin
zahiri yox, batini qatı, ilk baxışdan gözlə
görünməyən tərəfləridir. Amma fikrimiz mücərrəd olmasın, konkret
faktlara söykənsin deyə, rus simvolist şeiri ilə Azərbaycan
şairəsinin poeziyası arasında paralel aparmalı olacam.
Gümüş
dövr poeziyasının ünlü təmsilçilərindən
olan Blok özünün ən səciyyəvi şeirlərindən
biri və ümumən rus simvolist şeirinin proqram-manifesti
sayıla biləcək "Fanar" şeirində
yazırdı:
Gecə,
küçə, aptek, fanar,
Zərif, gücsüz, dumanlı nur.
Min il yaşa - nə xeyri var?
Bir axırı - sonu yoxdur.
Ölüb
getsən -
Yönün
bir də düşər geri,
Olar yenə
hər şey təkrar:
Kanalın
buz ləpələri,
Gecə, küçə, aptek, fanar.
(tərcümə Cabir Novruzundur)
Burada fanar simvoldur və öz kiçik
ağlının nuru ilə varlığın sonsuz
qaranlığını işıqlandırmağa gücü
yetməyən aqnostik insanı işarələyir. Rus şairinə
görə, dünya hər şeyin neçə milyon illərdir
ki, anlaşılmaz yerə təkrarlandığı bir
labirint, bir fəna mülküdür. Bu
labirintdən yalnız və yalnız bir
çıxış yolu var - ölüm. Beləliklə, gecədən, küçədən,
fanarlardan, aptekdən ibarət adi şəhər mənzərəsi
dünyaya rəmzi işarələr sistemi kimi baxan, gerçəkliyi
səma amfiteatrından seyr edən Blokda qlobal və bədbin
fəlsəfi ovqat doğurur.
Leyla
Əliyevanın da eyni mövzuda şeiri var -
"Fanarlar":
Qaranlıq
küçədə yanır fanarlar,
Elə bil göylərdə ulduzdur onlar.
Görən gecə boyu nəyi dilərlər?
Bəlkə, fanarlar da sevmək arzular?
Sevgili qəlblərin
cüt döyüntüsü
Onların nuruna süzülür, dolur.
Bəlkə, təbiətdən gəlir bu bölgü?
Sevməyən həmişə sevimli olur.
Qaranlıq
küçədə yanır fanarlar...
Bu işıqlı nuru unutmaq olmaz.
Onlar
ürəklərə nur çilər, ancaq
Öz sınıq qəlbləri heç vaxt ovunmaz.
Burada, göründüyü kimi, Leyla Əliyeva
amfiteatrdan parterə enir. O, eyni mənzərəyə yuxarıdan yox,
aşağıdan - fanarların yanından baxır. Bəlkə də, bu səbəbdən küçə
fanarları - bu adi urbanistik rekvizitlər onun şeirində
insaniləşir, cəfakeş, təvazökar, tənha
insanın obrazına çevrilir.
Bu iki şeir arasında predmet oxşarlığı
var. Amma oxşarlıq bununla da bitir və fərqlər
başlayır. Klassik rus şairi idrak, çağdaş
Azərbaycan şairəsi isə sevgi haqqında yazıb.
Bu, iki şeir arasındakı mövzu fərqidir.
Rus şairinə görə, insan ağlı
dünyanı dərkə qadir deyil. Gənc şairə isə
əsl aşiqin fədakarlığı, həqiqi sevginin təmənnasızlığından
danışır. Bu, iki şeir
arasındakı ideya fərqidir.
Rus şairi "küçə" deyəndə
ümumən məkanı, "gecə" deyəndə
zamanı, "fanar" deyəndə insanı göz
önünə gətirir, amma onların adlarını
çəkmir. Söhbətin kimdən və nədən
getdiyini oxucu özü müəyyənləşdirir.
Gənc şairənin şeirində isə fanarlar insana məxsus
özəlliklərin daşıyıcısıdır -
onların da qəlbi və taleyi var, onlar da sevir və xiffət
çəkirlər... Yəni şeirdə
insanın adı çəkilməsə də, ona məxsus
özəlliklər bədii yöndən əks olunur. Odur ki, Blokun şeirindən fərqli olaraq, burada
fanar və insan arasındakı əlaqə simvolik yox,
metaforik xarakterlidir. Bu isə iki şeir
arasındakı bədii-estetik fərqin göstəricisidir.
Nəhayət,
fanarları nəzərdə tutaraq, "onlar ürəklərə
nur çilər, ancaq öz sınıq qəlbləri
heç vaxt ovunmaz", - deyən şairə
"çıraq öz dibinə işıq salmaz" Azərbaycan
atalar sözünə istinad edir və şeirin final akkordunu
milli bədii düşüncə notları üstündə
vurur.
Bu fikirləri Leyla Əliyevanın təkcə bir
şeiri yox, təxminən bütün poeziyasına şamil
etmək olar.
Amma "Fanarlar" şeirində həm
gümüş dövr rus poeziyası, həm də milli bədii
düşüncə ilə əlaqə özünün daha
aydın ifadəsini tapır. Şairənin
yaradıcılığında ümumbəşəri və
milli bədii düşüncənin vəhdətinə
"Fanarlar"ın işığında
baxmağımız bu səbəbdən təsadüfi deyil.
Leyla Əliyevanın şeirlərinə milli ədəbi
qaynaqlara istinad baxımından yanaşılanda, onların
öz mövzusu, fəlsəfəsi, obrazlar sistemi ilə
çağdaş şeirimizdən daha çox klassik divan ədəbiyyatı
ilə səsləşdiyini görürük. Və bu, ilk
baxışdan qəribə təsir bağışlaya bilər.
Müasir, urbanistik düşüncəyə
malik gənc şair və klassik Azərbaycan şeiri. Çağdaş zamanın başgicəlləndirici
surəti və orta yüzil təkyələrinin səssiz,
qaranlıq, dar hücrələrində yaranan sufiyanə
idrak. Bu müəmmanı yalnız
psixoanalitik yanaşma ilə çözmək olar. Yəni şairənin orta çağ milli şeir və
ümumən Şərq poeziyası ilə
bağlılığı sadəcə mütaliə yox,
genetik və ruhi əlaqə müstəvisindədir. Burada genetik əlaqə şüuraltı, ruhi
bağlılıq isə şüurüstünə uyğun
gəlir.
Gənc şairənin klassik şeirlə əlaqəsinin
ilk baxışdan gözlə görünməyən bir səbəbi
də var. Belə ki, onun poetik
dünyagörüşünün formalaşmasına bilavasitə
təsir edən gümüş dövr rus poeziyası ilə
klassik Şərq şeiri arasında ümumbəşəri
doğmalıq mövcuddur. Fransız simvolistləri - Pol Verlen,
Artur Rembo, Şarl Bodlerin irsiylə bütün əlaqələrinə
baxmayaraq, gümüş dövr rus şeiri öz mənşəyi
etibarilə Qərb yox, Şərq hadisəsidir.
Belə
ki, rus fəlsəfi-estetik fikrinin patriarxı, ünlü
filosof Vladimir Solovyov "ilahi çağırış"a
cavab olaraq, Şərqə üz tutmuş, "Tövrat"
coğrafiyası ərazilərini, xüsusən də
Beytül-Müqəddəsi ziyarət etmiş, Misirdə
olmuş və bu zaman mistik-səmavi görüntülərlə
üzləşmişdi. Gümüş
dövr rus poeziyasının fəlsəfi-estetik əsasları
məhz bu görüntülərdən yaranıb. Odur ki, Leyla Əliyevanın şeirlərində
Şərq bədii düşüncə elementlərinin
varlığı qanunauyğundur. Ünlü alman
filosofu Osvald Şpenqler yazırdı: "Hər bir mədəniyyətin
yalnız bütün ruhu ilə bu mədəniyyətə mənsub
olanlara sonacan açılan sirli dünyaduyumu var". "Dünya yuxutək əriyir" kitabı gənc
şairənin Şərq dünyaduyumunun sirrinə ən
azı, duyğu planında vaqifliyini göstərir. O, Qərb
və rus poeziyasından yaradıcı şəkildə bəhrələnsə
də, ağlı ilə Qərbə, qəlbi və ruhu ilə
isə Şərqə məxsusdur.
***
"Dünya yuxutək əriyir" kitabını
oxumağa başlayanda qlobal səciyyəli şeirlərlə
rastlaşacağımı düşünürdüm və
gümanımda yanılmadığımı gördüm. Bu qlobalizm ilk
öncə zaman anlayışına yanaşmada
özünü göstərir. Kitabın
müəllifi hər şeyi aman vermədən vurub keçən,
həyatı süni qaçaqaça çevirən
zamanın ağrılarını dərindən duyur. O
qədər dərindən ki, zaman onun şeirlərində
gözlə görünəcək qədər əyaniləşir,
əllə toxunulacaq qədər maddiləşir, həyatın
nəsə yardımçı elementi, kənar atributu yox,
canlı subyekti, fəal iştirakçısı, hətta bəzən
mənfi qəhrəmanı kimi çıxış edir:
"Zamanla
döyüşə girirəm yenə"
Zamanla
döyüşə girirəm yenə,
Xəsis saatları lənətləyirəm.
Qırıb
dağıdıram saniyələri,
Qaçır dəqiqələr, yoxa çıxır
qəm.
Dağıdıb
yüzlərlə daş divarları,
Yaxşı,
buraxıram mən səni, Zaman!
Amma yeni
günü, yeni sabahı
Bil ki,
gözləyirəm mən usanmadan!
Gənc
şairənin poeziyasında məkan da qlobaldır -
dumanlı London, qədim Roma, doğma Bakı, yəni
bütöv bir planet: "London yorulmayıb, sükut
içində səslənir...", "Romada bulaşıq
bir skamyada..." və sair kimi fərqli şeirlərdən gətirdiyimiz
bu misralar da fikrimizi təsdiq edir. Amma bütün
planetarlığına baxmayaraq, şairənin
poeziyasının ana məkanı məhz Bakıdır:
"Bakı"
Xəzərin
qoxusu, İçərişəhər...
Abşeron
bürküsü, xəzri, gilavar...
Qəfil
qonaqların səsi, hay-küyü...
Mənim
doğma Bakım,
Darıxdım
yaman...
Hər nələrin
varsa, onlardan ötrü...
Göründüyü kimi, Leyla Əliyevanın
qlobalizmi daha çox görüntüdür. Gənc
şairənin poeziyasının batini qatında təkcə məkan
yox, zamana münasibət də milli və Şərq
poeziyası ənənələri ilə səsləşir.
Füzuli
yazırdı:
Ey
Füzuli, olubam qərqeyi-girdabi-cünun,
Gör nə qəhrin çəkirəm, dönə-dönə
dövranın.
Zaman fasiləsiz dövr edir və şairlər həmişə
bunu onun dönüklüyü kimi qavrayıb, sonsuz dövretmələrdən
qurtulmanın yolunu əbədi dəyişməzliyin hökm
sürdüyü metafizik aləmə yetməkdə, öz fərdi
"mən"indən keçərək Tanrıya
qovuşmaqda görüblər. Şərq şairi
dünyaya bir ayrılıq gecəsi ("şəbi-hicran")
kimi baxıb. Onun düşüncəsində
zamanın dövr etməsi ölüm, bu dövriyyədən
çıxmaq əbədiyyətdir.
Leyla Əliyevanın şeirləri üçün səciyyəvi
olan metafizik aləmə meylin əsasında da əzəli
insani istək - əbədiyyət duyğusu dayanır. Bu duyğu
olmayan yerdə isə hansısa sənətdən
danışmaq ümumən mümkünsüzdür. Təsadüfi
deyil ki, Afaq Məsud "Dünya yuxutək əriyir"
kitabına "Buludlardan yuxarı" adlı ön
sözündə yazır: "Gənc şairənin
şeirlərinin əsas qəhrəmanı Yer üzünə
atılmış tənha mələkdir". Yazıçının
müşahidəsi dəqiqdir. Çünki
yüksək materiyadan bəhs edən, yerdənkənar duyumla
yazılmış bu şeirlərin əsas qəhrəmanı
da elə məhz metafizik varlıq - mələk
olmalıdır. Və bu qəhrəman tənhadır,
çünki cismən bu dünyada, ruhən metafizik aləmdə
yaşayır. Lakin mənəvi tənhalıqdan,
daxili yadlıqdan, ekzistensial ögeylikdən doğan
bütün kədəri ilə birlikdə o, bədbin deyil.
Çünki onun üz tutduğu son ünvan, söykəndiyi
istinad nöqtəsi var. Bu, Tanrıdır...
"Gecə
Günəş səni tərk eləyəndə..."
Bu
kiçik dünyada tənha da olsan,
Qalsan da
dalanla yolayrıcında,
Görsən
kimsə yoxdu,
bomboşdu dünya,
Bil ki, tək deyilsən, O var yanında.
Tənhalıqdan çıxış üçün
içindəki zərrəyə çevrilməli və
ilahi ümmana qovuşmalısan. O zərrə apriordur, yəni əzəldən
insanın ruhuna qoyulub. Bu zərrəni taparkən
hamıyla və hər şeylə bir olduğunu
anlayırsan, çünki o, hamıda və hər şeydə
var. Lakin bu zərrəni rasional məntiqlə dərk etmək,
adi gözlə görmək olmaz. Bunun
üçün irrasional məntiqə keçməli,
gözlərini dünyaya qapamalısan. Yalnız bu zaman
könlünün gözü açılar, ilahi zərrəni
görər və özünü dərk edə bilərsən:
"Gözlərim
kor olub"
Tutulub
gözlərim... amma görürəm,
Hansı parlaq rəngdi, hansıdı qara.
Görmürəm...
həm də çox yazığım gəlir,
Qəlbləri kor olmuş bu insanlara.
Könlün gözünün açılması ilahi
sevginin oyanmasıdır. Bu oyanışla möcüzə baş verir - ilahi zərrə
qopub gəldiyi başlanğıcı duymağa
başlayır, insan özünü dünya, kosmos, Tanrı
ilə vəhdətdə görür:
Onlar hiss
etməzlər,
heç
vaxt duymazlar,
Sevgi nəfəsinin oyanışını.
Tutulub
gözlərim... amma olur ki,
Görürəm dünyanın lap o başını.
Allaha lap
yaxın olan vaxtlarda,
Göyləri ovcumla sığallayıram.
O an unuduram hiss-həyəcanı,
Möcüzə olanı mən anlayıram.
Şeir klassik irfan poeziyasının ana mövzusu olan bəsirət
gözünün açılması, özünü və
Tanrını dərkə həsr olunub. Ünlü bir aforizmdə
deyildiyi kimi, özünü dərk et ki,
Tanrını da dərk edəsən. Bu proses üç əsas
mərhələdən keçir: cəmiyyətlə olmaq;
özünlə olmaq; Tanrıyla olmaq. "Gözlərim
kor olub" şeirindəki insan artıq cəmiyyətdən
ayrılıb, amma hələ Tanrıya da qovuşmayıb.
O, indi özü ilə dialoqdadır və Tanrıya ən
qısa yol məhz burdan keçir. Rus filosofu
Vasili Rozanovun dediyi kimi, "təklik xoşdur, çünki
tək olanda Tanrıyla oluram".
Bu mənada istənilən çağdaş şairin,
o cümlədən də Leyla Əliyevanın klassik
mövzulara, eləcə də daxili məniylə dialoq
mövzusuna müraciəti milli poeziyamızın məntiqi ilə
təsdiqlənir.
***
Eşq insanın içindəki ilahi zərrənin
oyanışıdır və bu üzdən onun subyektinin
ilahiləşdirilməsi məntiqidir. Eşq
möcüzədir və bu üzdən "niyə",
"nəyə görə" tipli məntiqi-rasional suallar
çərçivəsinə sığmır. Eşq alın yazısıdır və bu üzdən
hər cür fərdi seçimin xaricindədir. Eşq şüuru rədd edir və bu üzdən
aşiqin "sevgi şərbətindən sərməst"
olması təbiidir. Bütün bu özəlliklər
gənc şairənin sevgi şeirlərini klassik eşq
poeziyası ilə doğmalaşdırır:
"Sənə
vurulmuşam"
Bütün
varlığımla sevirəm səni,
Axı nəyə görə... demə nahaqdan.
Sənə
ilk baxışdan vurulmuşam mən
Başqa cür vurulmur insana insan.
İstəyirsən
ağla, mən də ağlayım,
Gülmək istəyirsən, birlikdə gülək.
Sevgi
şərbətindən sərxoşam indi,
Zülmətdən
həzz alan süd rəngli Aytək.
Leyla Əliyevanın orta çağ poeziyası ilə
ortaq və fərqli cəhətləri "Pərvanə"
şeirində daha qabarıq görünür. Pərvanə
klassik Şərq şeirinin gül, bülbül, şam və
sair kimi ən səciyyəvi obrazlarından biridir. O
özünü sevgisi uğrunda oda yaxan fədakar aşiqin rəmzidir.
Füzuli yazırdı:
Eşq rəsmin
aşiq öyrənmək gərək pərvanədən,
Kim göyər gördükdə şəmin atəşi-suzanına.
Çağdaş şairənin də şeirində pərvanə
və onun fədakarlığı təsvir olunur. Amma
çağdaş insanın sevgiyə münasibəti dəyişdiyi
kimi, çağdaş şairin də pərvanəyə
yanaşması fərqlidir. Klassik şair
özünü eşq yolunda pərvanə kimi oda
yaxmağı eşqin qızıl qaydası, müqəddəs
ehkamı hesab edir. Burda ikinci söz ola
bilməz. Çağdaş şairə isə, əksinə,
pərvanəni öz təhlükəli sevdasından əl
çəkməyə çağırır:
"Pərvanə"
Dayan, dur,
pərvanə, qanad saxla bir!
Niyə
can atırsan sən o işığa?..
Geri
dön, pərvanə, qorx ki o səni,
Sübh açılanacan yandırıb yaxa.
Qanadların
ipək, incə məxmərdən,
Görənlər vurular, heyran qalarlar.
İşıq
məkrlidi bu dünya kimi,
Bizi həm yaradar, həm də yandırar.
Klassik düşüncə ilə müasirimiz
arasında pərvanəyə münasibətdə ən
böyük fərq şeirin son bəndində üzə
çıxır. Gənc şairə min illərin aşiqi
olan pərvanəni öz sevgisini yaradıcılıq enerjisinə
çevirməyə çağırır.
Sən gəl
ayrı səmtə qanad çal, dostum,
Bilsən də, canını alov yaxacaq.
Bizə
misra dolu şeirlər bəxş et,
Məxmər qanadını qırma sən ancaq.
Əgər şairənin bu arzusu baş tutsa, təbii
instinkt etik don geyər, sivil forma alar, fərdi olay ictimailəşər,
ölüm təhlükəsi aradan qalxardı. Bu zaman pərvanə
özünü sözdə oda yaxar, həyat faktı sənətə
sublimasiya olunardı. Hər şeyin
simulyakra çevrildiyi postmodern erada pərvanəliyin yeganə
məkanı sənətdir. O, daha şamın alovu yox,
şairənin gecə lampasının başına
fırlanacaq, özünü oda yaxmaq istəsə belə, hər
dəfə lampanın ipək örtüyünə dəyib
yerə düşəcək və hər şey yenidən
başlayacaq.
***
Alman filosofu Vilhelm Dilteyin fikrincə, poeziyanın vəzifəsi
metafizika ilə cəmiyyət arasında körpü
salmaqdır. Metafizik sirlərin sosial təcəllası
baxımından Leyla Əliyevanın "Romada" şeiri
daha səciyyəvidir. "Pərvanə"də
cəmiyyətə çıxış sənət
hesabına baş verirsə, bu şeirdə həyat faktı
hesabına baş verir.
"Romada"
Romada
bulaşıq bir skamyada
Səssiz oturmuşam noyabr günü.
Böyrümdə
əyləşib miskin bir səfil,
Görən, nədi üzən onun könlünü?
Füzulidən
sonuncu sitatı çəkəcəm:
Mehri
könlümdə nihan olduğun ol mah bilir,
Kimsə bilməz füqəra sirri-dilin şah bilir.
Həqiqət o yerdə zahir olur ki, ən
aşağı ilə ən yuxarı, şahla füqəra
bir araya gəlsin. Onlar biri digərinin güzgüsündə
özünü görsün və dərk etsin. Füzuli bunu deyir.
Leyla Əliyevanın şeirində "şahzadə və
dilənçi" bir skamyada bir araya gəlirlər. Lakin klassik
şairdən fərqli olaraq müasir şair bu
görüşə ehkam kimi yanaşmır. O, bu
görüşün hansısa sirli mənası olduğunu
duyur. Amma bu, eləcə duyğu qatında da
qalır. Leyla xanımın şeirindəki
suallar da bu amillə bağlıdır. Klassik
şairdən fərqli olaraq, o, yad, uzaq bir şəhərdə
baş vermiş qəribə, sirli olay barədə hökm
yox, sadəcə, sual verir.
Skamyanın bulaşıqlığı burada təsadüfi
olmayıb, klassik şeirdəki "külxən", yəni
küllük obrazına uyğun gəlir. Külxən
maddi dünyanın acınacaqlı aqibətini, fənanı
işarələyir. O, hər şeyin sonu,
dünyanın dibi, axır məkandır. Hadisənin
məhz noyabr günü baş verməsini də eyni məntiqlə
yozmaq olar - payız ilin sonudur.
Beləliklə, adi bir payız günü, adi bir skamyada
baş verən bu görüşdə esxatoloji ruh, qiyamət
havası, qeyri-adi sirr var. Qiyamət ölüm yuxusundan
ayılmaq və öz əbədiyyətini görməkdir. Romadakı
görüşün başlıca sirri də məhz
bundadır.
Görüşün məhz Romada baş tutması da təsadüfi
deyil. Antik dövrdə özünü əbədi
tanrılar şəhəri elan edən Roma, orta çağda
dünyanın minillik külxəninə çevrilmiş və
İntibah səməndəri bu küllükdən baş
qaldırmışdı. Yəni
Romanın bulaşıq skamyası dünyanın
yuxarısı ilə aşağısının, bəqa ilə
fənanın vaxtaşırı görüş yeridir.
Ünlü bir aforizmdə deyildiyi kimi,
bütün yollar Romadan keçir.
Əski inanca görə, sözün sirri onun
anaqramında gizlənib. Roma sözünün anaqramı
"amor", yəni sevgi deməkdir. Belə
çıxır ki, "bütün yollar Romadan
keçir" ifadəsinin bir mənası da
"bütün yollar sevgidən keçir" kimi
anlaşıla bilər. Sözün
anaqramında gizlənən sirrin həqiqiliyi məsələsində
israrlı deyilik. Amma Leyla Əliyeva
poeziyasının sevgidən keçməsinə şübhə
yoxdur. Bu poeziyada hər şey - anilik və
əbədiyyət, ölüm və həyat, iblis və mələk,
şam və pərvanə... kimi əks qütblər və
bütün bunların vəhdəti kimi Tanrıya gedən
yol sevgidən keçir. Yəqin, buna
görə şairin kitabı "Mənə güc ver,
İlahi! Güc ver, insanları,
hamını sevim" misraları ilə başlayıb,
"həyatı sevirəm... dəlicəsinə"
sözləri ilə sona çatır.
Sevginin və
şeirin isə heç vaxt sonu olmur...
Əsəd
CAHANGİR
Ədəbiyyat qəzeti.- 2021.- 19 iyun.- S.14-15.