Puç
olan simfoniyalar
Ərtoğrol
Cavidin əziz xatirəsinə
Borana
düşmüş tumurcuqtək
Yarımçıq qaldı not, yazılar.
Sanki
uyuyur torpaq altda
O
puç olan simfoniyalar...
1943-cü ilin sentyabr ayı idi.
Ətrafda payızın sərin nəfəsi duyulurdu. Yarpaqların
xışıltısı sanki onların həzin bir
"payız nəğməsi" oxuduğundan xəbər
verirdi.
Ərtoğrol armud ağacının altında əyləşib
fikrə getmişdi. Canı çox sıxılırdı.
Həyatda ailəsinin başına gələnləri
düşünürdü. Atasına
"xalq düşməni" adı verilməsi, ailəsinin
çətin vəziyyəti, bir tərəfdən də hər
gün halını ağırlaşdıran xəstəlik
onu çox üzürdü. Ancaq
sağalacağına çox böyük ümid edirdi.
Ərtoğrol atasına verilən "xalq düşməni"
adına görə əsgərliyə
Gürcüstandakı fəhlə batalyonuna göndərilmişdi.
Bu iş Ərtoğrol üçün çox ağır
idi. Onun ciyərləri soyuqladığından
ağır xəstəliyə tutulmuşdu. Ona görə də onu əsgərlikdən azad
etmişdilər. Yaxşı qidalanmaq
üçün anası Mişkinaz xanım məsləhət
görür ki, Naxçıvana qohumlarının yanına
getsin. Ərtoğrol anası və
bacısına görə çox narahat idi. Amma
arxayın idi ki, Üzeyir bəydən xahiş edib
bacısına iş düzəldəcək. Elə
bunları düşünə-düşünə ondan
nigaran qalan ailəsinə məktub yazmağa başladı.
Bu vaxt həyətin qapısı
açıldı. Gələnlər
Ərtoğrolun əmisinin həyat yoldaşı Zərri
xanım və əmisinin kiçik qızı, 6 yaşlı
Gövhər idi. Onlar tez-tez
Ərtoğrola baş çəkməyə gəlirdilər.
Zərri xanım Ərtoğroldan soruşur:
- Ərtoğrol, indi vəziyyətin necədir?
Ərtoğrol:
-
Halım yaxşı deyil.
- İnşaallah, sağalacaqsan. Hər şey
yaxşı olacaq-deyə Zərri xanım cavab verir.
6 yaşlı balaca Gövhər Ərtoğrolun geyiminə
diqqətlə baxırdı. Həmişə onun səliqə
ilə tikilmiş geyimləri Gövhərin diqqətindən
yayınmırdı. Onun geyimlərinin əksəriyyətini
anası Mişkinaz xanım tikirdi.
Ərtoğrol:
- Gövhər,
sənə simfoniya yazacam.
Ərtoğrolun arzusu uşaqlar üçün simfoniya
yazmaq idi. Gövhər bu sözü eşidib çox sevindi.
Onun sevincinin həddi-hüdudu yox idi.
Gövhər:
- Nə
vaxt yazacaqsan?
Ərtoğrol:
-
Sağalanda...
Sonra Zərri
xanıma sarı çevrilib:
- Vəziyyətim
günü-gündən ağırlaşır. - dedi. baxışlarıyla balaca Gövhərə
sarı işarə etdi: - Uşağı gətirmə. Xəstəliyim ona keçər. Ümumiyyətlə, həyatda hər zaman təmkinli
olun. Haqq-ədalət bir gün öz
yerini tapacaq. Mən buna çox
inanıram.
Ərtoğrol gənc və çox istedadlı bəstəkar,
dahi Üzeyir Hacıbəyovun tələbəsi idi. Ərtoğrol
hələ tələbə ikən atası Hüseyn Cavidin
"Şeyx Sənan" əsərinə opera yazmağa
hazırlaşmış və qeydlər aparırmış.
Amansız xəstəlik onu gündən-günə
haldan saldı. 1943-cü il 14 oktyabrda
Əroğrol gözlərini əbədi yumdu. Onun
tək həyatı deyil, gələcək arzuları,
simfoniyaları da puç oldu. Ərtoğrol
sanki xalqının musiqisini daha da zənginləşdirən
neçə-neçə əsərləri özü ilə
birlikdə məzara apardı. Ərtoğrol
yaşasaydı atasının əsərlərinə opera
yazardı.
İllər keçdi, Ərtoğrolun
düşündüyü kimi haqq-ədalət öz yerini
tapdı. 83 yaşlı Gövhər hələ də
Ərtoğrolu və onun simfoniya yazmaq barədə verdiyi vədi
dərin təəssüf hissi ilə xatırlayır.
"Babam Hüseyn Cavid bir Günəş idi. Yüksəldi,
parladı, yarasaların gözünü kor etdi. Lakin
dumanlar onun qarşısını aldılar... Ərtoğrol
Cavid"
Əziz
Ərtoğrol! Baban Hüseyn Cavid yenə bir
sönməyən Günəşdir. Parlayır,
işıq saçır. Adı yeni planetə
verildi. Gözünü kor etdiyi yarasalar "İblis"
kimi yaşayacaq. Qarşısını alan
dumanlar isə əbədi yox oldular.
Sən
işıqlı bir gələcək,
İstedadlı bəstəkardın.
Çaldığın
nəğmələrinlə
Parlayacaq bir ulduzdun.
Bəstələdiyin
nəğmələr
Ürəyə rahatlıq verər.
Hara getdi o sənətkar?
Pianino da
dillənər...
Musiqi də
həsrət qaldı
Səntək gənc bir bəstəkara.
Kim
yazacaq, kim çalacaq?
Bu səs çatarmı haraya?
Mişkinaztək
bir ananın
Ürəyində bir dağ oldun.
Bacın
Turanın əlində
Sən bitməyən əsər oldun.
Yaşadığın
az ömründə
"Leylanın vəsfi"n yaratdın.
Yazılmamış
simfoniyan
Həyatıntək yarım qaldı.
19.03.2020
Aytac BABAYEVA
Ədəbiyyat qəzeti.-
2021.- 19 iyun. S. 19.