İşıq adam
Qərib Mehdi -
85
Adətən yazıçılar iki qisim olur:
yazdıqlarının kəmiyyəti
çox, keyfiyyəti
aşağı olanlar
və ya keyfiyyəti yüksək,
kəmiyyəti az olanlar. Ustad yazıçı Qərib
Mehdiyə isə Tanrı daha çox lütf edib; onun yazdıqları
kəmiyyətcə də,
keyfiyyətcə də
bir-birini tamamlayır.
50-yə yaxın kitabı işıq üzü görən məhsuldar yazıçının
bir sətirlik, bir kəlməlik essesindən tutmuş, irihəcmli romanlarına, povestlərinə kimi hamısı həyatidir, fəlsəfidir, əsl sənət nümunəsidir.
Onun: "Döyüşə
girən cəngavərin
silahları cəsarətdən,
atdan və qılıncdan ibarətdir.
Mənim
də silahlarım qələmim, mövzum və üslubumdur" - deməsi heç də təsadüfi deyil. Çünki Qərib Mehdi
öz "silahları"
ilə hər zaman oxucusunu təəccübləndirməyi, qələminin qüdrətini
göstərməyi bacarıb.
Bənzərsizliyi, özünəməxsusluğu,
yenilikçiliyi ilə.
O, titullarının sadalanmasından
xoşlanmır. Amma bir şagirdi kimi ustadımın titullarını
böyük qürur hissi ilə xatırlatmağı lazım
bilirəm. 1991-ci ildə
H.Zərdabi, 1994-cü ildə
Məmməd Araz mükafatlarına, 2009-cu ildə
Əməkdar jurnalist
adına və müddətli Prezident təqaüdünə, 2010-cu ildə
BMT-nin ədəbiyyata
səmərəli xidmətə
görə "Şərəf
və vicdan" ordeninə, 2013-cü ildə
Türk Dünyası
Araşdırmaları Beynəlxalq
Akademiyasının fəxri
doktoru adına və "Altun yıldız" medalına,
2016-cı ildə Sergey Yesenin adına "Qızıl payız" ordeninə və Türk Dünyası Araşdırmaları
Beynəlxalq Akademiyasının
fəxri professorluğuna
layiq görülüb.
Həmçinin 1980-2000-ci illərdə fəaliyyət göstərmiş
rəhbərlik etdiyi
"İlham" əbədi
birliyində istedadını
cilalayıb yetişdirdiyi
onlarca qələm əhlinin mənəvi müəllifidir. Nə xoş
ki, onlardan biri də məhz
mənəm.
Qərib Mehdi uzun illərdir
ki, Azərbaycan Yazıçılar Birliyinin
(1968) və Azərbaycan
Jurnalistlər Birliyinin
(1978) üzvüdür. Hər iki
təşkilatın əksər
qurultaylarının iştirakçısı
olub. AYB-nin Hərbi Vətənpərvərlik Bölümünə
üzv seçilib.
Qərib Mehdinin əsərləri kimi ömür yolu da rəngarəng,
enişli-yoxuşlu, cazibədardır. O, 1955-1957-ci illərdə
Gəncə şəhər
Rabitə şöbəsində
poçtalyon işləyəndə
də, Gəncə Dövlət Dram Teatrının
kütləvi səhnələrində
aktyorluq edəndə də, 1959-1965-ci illərdə
Dəmir-Beton Məmulatları
Zavodunda armaturçu işləyəndə də,
1965-1971-ci illərdə orta
məktəbin müəllimi
olanda da, 1971-ci ildən bəri "Yüksəliş" qəzetinin
baş redaktoru vəzifəsində çalışanda
da məhz yazıçılığa xidmət
edirdi. Arı şirə toplayan
kimi, qarışqa ruzi yığan kimi, kəpənək çiçəklərin rənginə
bələnən kimi
hər sahədən yazıçılığının yükünü tuturdu Qərib Mehdi. Hər gün, hər saat, hər an məqsədinə doğru
can atdı. Tək köməyi
yerdə zəhməti,
göydə Tanrısı
oldu. Və Tanrısının köməyi ilə bu gün 48 kitabın, Gəncə Dövlət Dram Teatrında
tamaşaya qoyulmuş
"Oxşarlar" pyesinin
müəllifidir. Azərbaycanda,
Türkiyədə, Rusiyada,
Ukraynada çıxan
10 almanax və antologiyada təmsil olunub. Əsərlərinin bir qismi 18 xarici dilə tərcümə edilib.
50 ölkədə (xüsusən ingilisdilli ölkələrdə) əsərləri
oxunur.
Ailədən söz düşəndə:
"Bir qadınım,
altı övladım,
on üç nəvəm,
üç nəticəm
var" - deyir. Amma mənəvi atalıq edib əlinə qələm verdiklərinin
sayı daha çoxdur. Bu gün Qərib Mehdi yaşının da, qələminin də bəxş etdiyi səlahiyyətdən
istifadə edərək
dönüb geri baxanda qürurlanmağa haqqı çatan sənətkardır.
Bir vaxtlar
Martin İden ömrü
yaşadığı üçün
Cek Londona bənzətmişdim onu. Daha sonra
Mirzə İbrahimovla
müqayisə etmişdim.
Amma illər sonra dərk elədim ki, Qərib Mehdi qələmi təkcə özünə
bənzəyir, təkcə
öz ömrünü
yaşayır. Öz böyüklüyünün
içində itib-batdığından
isə xəbəri yoxdur. Hələlik sonuncu olan kitabının adı Məhəmməd Füzulinin
"Canı canan diləmiş, verməmək
olmaz, ey dil" misrasına istinadən "Canı Vətən diləyibsə"dir.
Ad seçimində belə
əvəzsizdir ustad.
Amma bir məqama diqqət çəkmək
istəyirəm. Yazıçının ilk
kitabı "İşıq"
adlanır. Bu "İşıq" yazıçı
ömrünün əsl
işığına çevrildi.
İlk gündən sənət yoluna işıq tutdu. Onu qaranlıqdan qorudu,
yolunu azmağa, yolundan sapmağa imkan vermədi. Beləcə,
bu işığa üz tutub qələmi
ilə addımladı
Qərib Mehdi. Və "Canı Vətən diləyibsə", verməmək
olmaz deyərək fəda olmağın üstünlüyünü gördü
bu "İşıq"da.
Siz onsuz da ömrünüzü qələmə fəda etmiş fədakarsınız,
ustad. Sizin fəda olmağınız
elə yazıb-yaratmağınızdır.
Yazın, yaradın! Tanrı qələminizi kəsərdən, düşüncənizi
sənətdən, qəlbinizi
təpərdən salmasın!
100-ə nə qalıb ki?! Vur-tut 15 il.
15 il, ən
azı, 15 kitab deməkdir. 48+15=63. Pis rəqəm
deyil. Həmin kitabın adını
qoymağı mənə
həvalə etsəniz,
sizə minnətdar olaram. O kitabın adını "100 ildən
sonrakı həyat"
qoymaq istəyərdim.
İnanıram ki, belə də olacaq!
Fərruxə UMAROVA
Ədəbiyyat qəzeti.-
2021.- 19 iyun. S. 20.