Sükut
Monoşeir
Kitablardan
oxumuşam ki,
analar layla çalır uşaqlarına
körpə olanda.
Bilmirəm,
mən ana səsi eşitməmişəm
axı,
heç anam da mənim səsimi
eşitməyib.
Anadangəlmə lal-karam mən
kitablardan oxumuşam
ki,
dünyada müxtəlif
səslər var -
quş səsi,
heyvan səsi,
su səsi,
külək səsi,
bir də adam səsi.
Hə hə
hər adamın öz səsi olur, deyirlər
deyirlər deyəndə
ki,
yazırlar.
Birinin səsi xırıltılı
olur,
birininki cır,
o birininki məlahətli,
başqa birininki
də başqa cür.
Adamlara baxanda
səslərini təsəvvür
etməyə çalışıram
üz quruluşlarına
görə.
Məsəlçün,
bu adama məlahətli səs yaraşar,
bu birisinə gur
onun səsi cır olar,
o birisininki bir başqa cür.
Bir də onu oxumuşam
ki,
dünyada musiqi deyilən bir şey var
oxumuşam haqqında,
amma heç eşitməmişəm.
Deyəsən, adamlar danışmayanda,
sakit oturanda
buna sükut deyirlər,
yəni səssizlik,
yəni mənim gündəlik həyatım.
Ətraf
mühitlə əlaqəm
ancaq gözlərimlədi
mən gözlərimlə
yaşayıram,
mən gördüklərimlə
yaşayıram.
Uğultu
içindəyəm daim
(adətən kitablarda bunu
nəyləsə müqayisə
edirlər
mən başqa heç bir səs eşitmədiyim üçün
bilmirəm hansı
səslə müqayisə
edim),
nə yaxşı heç olmasa ürəyimdə danışa
bilirəm.
Qəzet
köşkündə işləyirəm
indi
əslində, adı
qəzet köşküdü
qəzetdən başqa,
hər şey satırıq
siqaret,
alışqan,
sərin sular,
ucuz şirniyyat,
alışqan qazı,
qəlyan tütünü,
təsbeh,
brelok,
oyun kartı
və bu kimi xırda-xuruş şeylər.
Çox
incidir məni adamların
lal-kar olduğumu bilən kimi
almaq istədiyi şeyi işarəylə
başa salmağa çalışması.
Axı mən də məktəb oxumuşam
adi məktəb yox, xüsusi məktəb.
Mənə orda dodaqdan oxumağı
da öyrədiblər.
Danışın mənimlə
başa düşəcəyəm
sizi
eşitməsəm də.
Təki
siz danışın,
danışın.
Həmid PİRİYEV
Ədəbiyyat qəzeti.-
2021.- 19 iyun. S. 23.