Quyunun dibindən atama yazdıqlarım...
Bir gün hər kəsin həyatında Şəmsini
itirmiş Mövlana,
Yusifini itirmiş
Yaqub mərhələsi
başlayır...
Səni xəstəxanaya aparan maşın həyətdən
çıxan kimi vidalaşdım səninlə. Çünki dönüşü olmayan
gedişləri çox
yaxşı tanıyıram,
Ata. Sən də gedirdin,
dönməmək üzrə
gedirdin. Gözlərimi
yumdum, bütün xatirələrimizi keçirdim
ağlımdan... Hamısını
bir-bir yenidən yaşadım... Həyatda
bundan gözəl bacardığım iş
yoxdur, Ata. Xatirələrlə ovunmaq, şaxtadan
qorunmaq üçün
ötən günlərin
istisinə sığınmaq.
Sonra başımı
səmaya qaldırıb
nə qədər çətin olsa da gülümsədim:
"Mən səni həmişə gözəl
xatırlayacam, yaraşıqlı
oğlan" dedim və səninlə sağollaşdım. Amma ruhunla
deyil, cisminlə.
Əllərinlə, baxışlarınla,
mənə sevgi ilə baxan gözlərinlə, qucağınla,
gülüşünlə... Mən ayrılığa gülümsəməyi
çoxdan öyrənmişəm,
Ata. Anamdan soruşurmuşsan
ki, qızım necə belə dərin yaza bilir, sanki min ildir dünyanın kədərini daşıyır
özüylə... Həə, ata.
Düz bilmisən.
Mən min ildir dünyanın
kədərini tanıyıram,
tanımasam, gedişini
bu qədər sakit qarşılaya bilməzdim.
Tanıdığım hər kəs çiynimə toxunub
"nə yaxşı
sakitsən, kədərə
yenik düşməmisən,
sınmamısan" deyir. Buna da gülümsəyirəm,
məgər kədərə
yenik düşmək,
sınmaq zahirən görünə bilir ki? İnsan yıxılanda içindən
yıxılmır ki?
Əgər elədirsə, hə,
kədərə yenilməmişəm.
Hə, Ata, ağlamadım.
Sadəcə var gücümlə qışqırdım...
"Ata, ata" deyə hayqırdım.
Ona görə ki, artıq öyrənmişdim
göz yaşları heç nəyi dəyişə bilmir.
Nə qədər ağlayırsansa
ağla, gedənlər
qayıtmır. Amma deyilənə
görə, səs dalğaları kainatın
bir yerlərində əbədilik qalır, sonsuzadək. Təsəvvür
edirsən, bizim bütün danışıqlarımız, sevdiklərimizi
mənalandırmaq üçün,
sevgimizi ifadə etmək üçün dediyimiz bütün sözlər orada - uzaqlarda yaşamına davam edir... Buna görə "Ata" deyə
qışqırdım... Axı
sən də ordasan, bəlkə bir gün mənim
səsimlə rastlaşarsan,
"Ata" deyişimi özünə
götürüb mən
gələnə qədər
onunla ovunarsan sən də...
Heç
nə dəyişməyib
sən gedəndən...
Həyat
təxmin etdiyin kimi öz qaydasıyla
davam edir. Bu il
də yaz gəlib, çiçəklər
açılıb, quşlar
heç nə olmamış kimi uçur, ağaclar da yerini dəyişməyib.
Olduqları yerdə dayanıblar.
Belə də olmalı deyildi ki? İstəyirəm biləsən, mən
sənin üçün
hamı kimi yas saxlamıram. Rəngarəng paltarlar da geyinirəm, şən musiqilər də dinləyirəm, gülümsəyirəm də...
Sadəcə, şair demiş,
"dəyişən içimin
əynidi". Ürəyimdə
getmə ehtimalı olan bütün qatarları yola salmışam, indi boş qatar
stansiyası kimi dayanmadan təkrarlayıram:
"Qatar
gedir, sən gedirsən, bütün stansiya gedir...".
Sevdiyin filmlər, musiqilər, şeirlər və sənə olan heyranlığım - hamısı
mən ölənə
qədər ağlımda,
öləndən sonra
isə ruhumda qalacaq... Bir də ki, yağış
bütün izləri
yumurmuş, Ata...
Səsin
üçün çox
darıxıram... "Qızım"
deməyindən ötrü...
Amma kaş ki, bilsən, Ata, sənin ayrılığın
da möhtəşəmdir...
öyrədən, sakitləşdirən,
böyüdən...
Məni böyütdün, Ata. Gedişin mənə
qaranlığı və
işığı göstərdi.
İndi ithürən tərəfi
də, işıq gələn tərəfi də yaxşı bilirəm, tanıyıram.
Orada məni gözləyənləri
də. Bu dünyanın süzgəci
kədər imiş, sən demə. Qəlbin ağrıyanda, ruhun qanad çalmağa
güc tapmayanda boylanırmışsan ətrafa...
Onda görürmüşsən
sənə uzanan əlləri... Onda görürmüşsən səni quyunun dibində tərk edib gedənləri və ya sadəcə
durub seyr edənləri. Onda ağrıya-ağrıya
gülümsəyirmişsən. Onda anlayırmışsan, Günəş
qaranlıq yerləri ancaq işıqlandıra bilər, onlara işıq bağışlaya
bilməz. Bax onda çəkilib, quyunun bir dibində otururmuşsan, Ata. Heç kimdən
heç nə ummadan. Tanrının
uzadacağı əli
gözləyirmişsən... O əl ki səni
heç vaxt buraxmayacaq...
Bakıya qayıdıram, Ata. Xəzəri görürəm. Mən Xəzəri sevirəm, izaholunmaz dərəcədə.
Bakının bozluğundan sıxılanda
Xəzərin sahilinə
qaçıram, dərddaşım,
sirdaşımdır o mənim.
Baxıram, yenə bütün maviliyi ilə uzanıb gedir sonsuzluğa... Onu nə qədər sevdiyimi, onda nə qədər rahatlıq tapdığımı
hiss edirəm. Qəfildən ətrafına çəkilmiş
divarlar, hasarlar başlayır. Daha Xəzər görünmür...
Heç
vaxt olmamış kimi yoxa çıxır.
Divarların arxasında gözdən
itir. Amma bu onun olmadığı anlamına
gəlmir. Həyatımın sonuna qədər bu hasarlar bitməsə
də bilirəm ki, mənim sevdiyim o hasarın arxasındadır - həmişə
olduğu yerdə.
Bütün maviliyi və
əzəməti ilə
oradadır. Sevdiyimiz insanlar
kimi. Bəlkə
də həyatımız
doğmalarımızla aramıza
çəkilən hasarlar
arxasında keçəcək,
sevdiklərimizi bir də görməyəcəyik,
amma onların həmişə var olduğu hissi ürəyimizi təsəlli
edəcək... Əlbət,
bir gün biz də o hasarı adlayıb doğmalarımıza
qovuşacağıq... sonsuzluğa
uzanan mavilik kimi...
Həsrət bu boz şəhərin
küçələrində qəfildən çaxan ildırım kimi tutur adamı, Ata. İstəyirsən
qaçıb bir yorğanın altında gizlənəsən və
qışqırasan: "Qorxuram,
çox qorxuram...".
Hər dəfə
oxuduğun universitetin
qarşısından keçəndə
səni orada xəyal edirəm. Sonra sən də mənə qoşulursan, birlikdə gəzirik Bakının bu boz, rəngsiz küçələrini... İndi sən,
Bakının hər yerindəsən, Ata. Daha cavan,
daha şən, daha yaraşıqlı, daha həyat dolu. Biz indi səninlə həm də yoldaşıq, dostuq...
Bilirəm, yol gedərkən üzümə toxunan külək, əlimə düşən yarpaq, başımın üzərindən
keçən bulud sənsən, Ata.
İndi
daha çox mənimsən, indi daha çox mənsən, Ata...
Və həyat yenə də gözəldir... Bizim ağrılarımıza
və itkilərimizə
rəğmən həm
də... Bizim ahımız, fəryadımız
min illərdir həyatın
gözəlliyinə heç
bir təsir göstərmir. Göstərə bilmir. Minillərdir insanlar mahnılar oxudular, şeirlər yazdılar, savaşdılar,
öldürdülər, öldülər,
ağlarkən güldülər,
səbəbsiz inandılar,
bir şeyin olma(ma)sı üçün yalvardılar,
kəşflər etdilər,
sevdilər, yaşadılar,
ayrıldılar, itirdilər,
amma həyat yenə də bütün əzəmətiylə
gözəl olmağa
davam etdi... Edəcək
də. Həyətimizdəki heyva ağacına
baxıram. Mən bu
heyva ağacının
yarpaqlarını tökdüyünü
də görmüşəm,
qışın şaxtasında
necə yalnız qaldığını da.
Amma hər dəfə yenidən çiçək
açıb. Və göstərib
ki, yaşamaq hər şeyə rəğmən yenidən
başlamaqdır. Yenidən
inanmaq... Hər şeyin sadəcə
bizim həyatımızdan
ibarət olmadığını
demək üçün.
Bu gün heyva ağacının bütün
itirdiyi yarpaqlarına rəğmən yenidən
çiçək açaraq
mənə ötürdüyü
mesajı mən də bütün ağrılarıma rəğmən
insanlara ötürürəm:
Həyat gözəldir!
Nə olur-olsun!
Yaxşıya inandıqca, ümidli
olduqca, hər şeyin (sevincin də, kədərin də) sadəcə, bizim üçün var olduğunu düşünmədikcə,
bizim dərdlərimizi nemət
sayan insanların varlığını xatırladıqca,
həyatdan küsüb
bir addım belə atmaq istəmədiyimiz halda, bəzilərinin o bir addım üçün nələrdən keçə
biləcəyini, bütün
həyatı boyu o bir addıma həsrət yaşadığını
bildikcə, ata itkisi ilə gecə-gündüz yanıb
yaxılarkən dünyaya
gəlmədən atalarını
itirən Şəhid
körpələrini unutmadıqca...
"Bu dünyada hər şey keçicidir, heç nə daimi deyil, kədər
də, sevinc də" sözlərini
hər gün təkrarladıqca...
dayanmadan təkrarlanan
dövranın bir zərrəsi olduğumuzu
bildikcə,
mərhəmətli olduqca,
təmənnasız sevdikcə,
həyatı başqaları
üçün gözəlləşdirməyə
davam edəcəyik.
Və həyat biz xoşbəxt olanda yox, başqalarını
xoşbəxt edəndə
gözəlləşir...
Cahan SEYİDZADƏ
Ədəbiyyat qəzeti.-
2021.- 19 iyun. S. 22.