Düzqırıxlıdan
başlanan yol
Ulu
Tanrının ona bəxş etdiyi, ləyaqətlə
yaşanmış ömrün müdriklik zirvəsindən
yaddaş kitabını vərəqləyən, vətənində,
vətən qədər ona doğma olan Kərkük ellərində
qüdrətli alim, ağsaqqal kimi etiraf olunmuş Qəzənfər
müəllimin oğuz mahalı Tovuza bir neçə il
öncəki səfəri gözlənilməz məqamlarla,
kövrək xatirələr, unudulmaz görüşlərlə
bitib-tükənmirdi. Elə bil hər xeyirində-şərində
başda oturan doğma Tovuza uzun illərdi gəlməmişdi.
Kiçik Qafqaz yaylalarından Kürə
doğru uzanan, Düzqırıxlıdan Ceyrançölə
doğru yönələn bu mahala tuşlanan
baxışlarında sezilən fərəh dolu bir
nigaranlıq, kövrəklik vardı. Acılı-şirinli
günlərlə dolu, mənalı yaşanmış
böyük bir ömrün bitib-tükənməyən
anları elə bil onun sinəsinə sığmırdı.
Öz həyat dərslərini bölüşmək
istəyirdi. Bu dərslərin hər
birinin öz başlanğıcı və sonu vardı.
O, dünyanın ən uzaq məkanlarına bu elin bəxş
etdiyi mənəvi enerji ilə yollanmışdı. Düzqırıxlı məzarlığında
uyuyan doğmalarının ziyarətinə
alnıaçıq gəlmişdi. O, dünyanı fəth
eləyib bu obaya qayıdarkən uşaqlığın da,
ahıllığın da beşiyini burada görürdü.
Gənclik eşqi, yaşamaq-yaratmaq ehtirası ilə
ömrünün 84-cü baharını qarşılayan Qəzənfər
müəllim heç kimə həsəd aparmır. Amma onun
ömür yolunda öyrəniləsi, xoş niyyətlə həsəd
aparılası elə məqamlar var ki, Tanrı onu hər bəndəsinə
layiq bilmir.
Qəzənfər müəllim bu gün doğma Vətənində
olduğu kimi, dünyanın çeşidli ölkələrində
də dilçi, ədəbiyyatşünas, mətnşünas,
folklorçu, etnoqraf kimi etiraf olunmuş alim, pedaqoq və
ictimai xadimdir.
Qəzənfər müəllimi müasir
humanitar fikrimizin səlahiyyətli söz sahibi etmiş on
cildlik "Seçilmiş əsərləri" onun elmi
maraq dairəsinin hüdudlarını, mövzu və mətləblərini,
müəllifin vətəndaşlıq mövqeyini
özündə ehtiva edir.
Doyunca ana nəvazişi görməmiş Qəzənfər
müəllim bu gün böyük bir nəslin
ağsaqqalı, himayədarıdır. Arəstə xanımın
ona bıxş etdiyi beş övladın hər
biri ata nəvazişi ilə böyüyüb, iş-güc
sahibi olublar.
Qədim sazın tisimi ilə boy atmış Qəzənfər
müəllimi Düzqırıxlıda Kərkük
mahnıları ilə salamlayırdılar. Bu iki doğma eli bir-birinə qovuşduran böyük
ziyalının qürur duyduğu, uzun illər çəkdiyi
zəhmətin bəhrəsindən məmnunluğu onun
çöhrəsinə, səsinin ahənginə hopmuşdu
və çoxlarının gözündən
qaçmadı. Qəzənfər müəllim
yaxın-uzaq ellərdə Kərkük-Azərbaycan birliyinin
yaradıcısı kimi təsdiq və etiraf olunub.
Düzqırıxlıdan
Bakıya beş-üç dərsliklə
yollanan Qəzənfər müəllimi doğma məktəbində
qarşılayan şagirdlərin say sırasını onun
söz sırasıyla dolu kitabları bəzəyirdi. Hər məktəblinin qürurla başı üzərinə
qaldırdığı kitablar doğma yurda, doğma məktəbə
qayıdış idi. Özü də
dünyanı fəth etmiş bir alimin qayıdışı.
Həyatda hamının qəbul etdiyi, tarixin
sınağından çıxmış bir qəribəlik
var. Uşaqlıq, yeniyetməlik doğma məkana
sığmır. Daha böyük üfüqləri fəth
etmək, boy göstərmək istəyirsən. Romantik həyat arzuları gənc Qəzənfəri
Düzqırıxlıdan pərvazlandırıb ona əlçatmaz
görünən ölkələrə, bu ölkələrin
tarixini, yaddaşını yaşadan universitetlərə,
böyük mədəniyyət ocaqlarına, dünyanın zəngin
kitabxanalarına apardı. Damla-damla
topladığı biliklərlə, öz xalqının mədəniyyətinin
görünməyən tərəflərinə işıq
saçan xatirələrlə, tədqiqatlarla, bədii və
elmi faktların cəm olduğu mənəvi sərvətlərlə
qayıtdı.
Qəzənfər
müəllimə tanrı mənəvi bütövlüyə
bahəm, kişi gözəlliyi, sağlam
ruh bəxş edib. Səksən dörd yaşlı bu
müdrik insanla ayaqlaşmaq, onun yaşam tərzinə
uyğunlaşmaq hər həmkarına, dostuna çətin nəsib
ola. Qəzənfər müəllimin
ömrü xalqın ömrüdür. Xalq
mücərrəd məfhum deyil. Xalq hər
kəsin doğmalarıdır, həmkarlarıdır, həmvətənləridir.
O, kiməsə əl tutmaqdan zövq alır, bundan mənəvi
rahatlıq tapır.
Qəzənfər müəllim ziyalı ömrü
yaşayır.
Onun ünsiyyət, yaşam fəlsəfəsinin
mayasında xalq müdrikliyindən gələn sadəlik,
dözümlülük, uzaqgörənlik dayanır.
Onun cild-cild kitablarını yaşadacaq bir meyar var: vətəndaşlıq.
Alim vətəndaş deyilsə, onda milli qeyrət
yoxdursa, yazdıqları da zamanın sınağından
çıxmayacaq.
Qəzənfər Paşayev yarım əsrdən
artıqdır ki, o taylı-bu taylı Azərbaycanda humanitar
fikrin müxtəlif sahələrində
çalışır, ədəbi-ictimai fikirdə kifayət
qədər hörmət və nüfuz sahibidir. Gördüyü
işlər yetərincə dəyərləndirilib. Azərbaycanın,
Türkiyənin, İraqın, İranın mötəbər
elm adamları, ictimai xadimlərinin
yaradıcılığı, ictimai fəaliyyəti
haqqında ürək dolusu danışıb, aforizmə
çevrilmiş mülahizələr söyləmişlər.
İki kitaba sığmayan, irili-xırdalı
bu yazıların, onların say-seçmə müəlliflərinin
zəhmətinə, qayğı və diqqətinə
böyük ehtiramımızı bildiririk. Bu yazılardakı səmimiyyətin ünvanı
sayılıb-seçilən bir alimin, ictimai xadimin
gördüyü işlərin, ədəbi ictimai fikrimizdə
özünə sərfəli yer tutmuş qələm əhlinin
doğma xalqına bəxş etdiyi cild-cild əsərlər,
xeyirxah əməllərdir.
Şair qəlbli, sözü-söhbəti poeziya ilə
başlayıb poetik sözlə yekunlaşan Qəzənfər
müəllimin yaradıcılıq yolundan danışarkən
sırf nəzəri üslubdan bəlkə də ilk dəfə
imtina etməli oldum. Bunu onun yaradıcılığı ilə
şəxsiyyətinin harmoniyasından doğan ovqat
yaratdı. Üç il öncə
çap etdirdiyim məqalədə həcm məhdudiyyəti
ucbatından deyə bilmədiklərimin məqamıdır.
Necə dağlar;
Qarşıda
necə dağlar,
Yetim
yanağı bilir
Göz yaşı necə dağlar.
Hər dəfə bu xoyratı söyləyərkən
Qəzənfər müəllimin gözlərinin dərinliyində
bir kədər görünür. Özü də
qürbətdə yaşadığı illərdən
danışarkən. Qürbət
sıxıntısı ilə ana nisgili, bu
görüntünün dərində olan qatlarıdır.
Kərkük bayatısında öz
uşaqlıq nisgili ilə "ünsiyyəti", orada
özünü tapması əslində, eyni bədii
düşüncənin ortaq qaynağından soraq verir.
Azərbaycan Dillər Universitetində ingilis və Azərbaycan
dilləri ixtisasına yiyələnməsi, uzun illər xaricdə
rus və ingilis dilləri üzrə tərcüməçi
işləməsi, İraqda işlədiyi müddətdə
ərəb dünyası ilə yaxından
tanışlığı onun elmi tədqiqatları
üçün ədəbi-tarixi zəmin yaratdı. Altı ildən
çox İraqda tərcüməçilik fəaliyyəti
dövründə müşahidə və elmi
axtarışları əsasında yazdığı
"Altı il Dəclə-Fərat sahillərində" əsəri
bu illərin bəhrəsi olmaqla yanaşı, onun sonrakı fəaliyyətinin
də bütün istiqamətlərini müəyyən etdi.
Hələ ötən əsrin 60-70-ci illərində
uzaq ölkələr haqqında yazarlarımızın,
ictimai xadimlərimizin xatirə və təəssüratları
ədəbi ictimaiyyət, həmçinin geniş oxucu
kütləsi böyük maraqla izləyirdi.
Mövcud dərsliklərin, elmi-populyar kitabların məğzində
dayanan quru rəqəmlər, statistik informasiya xarici ölkələr
haqqında təsəvvürləri az-çox artırsa da,
sovet ölkəsinin üstünlüklərinin təbliğinə
həsr olunurdi və bu yeknəsəqlik oxucunu bezdirirdi. Hər səfər
təəssüratının necə başlayıb hansı
qurtaracağı bu yazıların oxşar cəhəti idi.
"Bakı" qəzetinin səhifələrində xaricdə
ezamiyyətdə olmuş qələm əhlinin, ictimai-siyasi
xadimlərin yol qeydlərindən, səfər təəssüratlarından
Vətənimizdən uzaqlardakı ölkələr, şəhərlər,
xalqlar, insanlar haqqında təzə nəsə görəndə
xəyalən o yerlərə səfər edir bu müəlliflərin
imkanlarına həsəd aparırdıq. M.İbrahimov,
M.Hüseyn, R.Rza, N.Xəzri, Q.Qasımzadə, R.Əliyev, M.Araz,
Anar, Elçin, S.Əhmədov kimi
yazıçılarımızın xarici ölkəyə səfərləri
əsasında yazılmış məqalələr ədəbi-mədəni
həyata yeni nəfəs verirdi, publisistikanın hər
yazıçının yaradıcılıq imkanları
müqabilində təzə ifadə imkanları üzə
çıxırdı.
Hələ gənclik illərində İraq deyəndə
romantik bir ovqata köklənirdik. Aşıqların söylədiyi
"Koroğlunun Bağdad səfəri", "Min bir gecə
dastanları"nın bitib-tükənməyən
real və irreal həyat lövhələri məsafəcə
bizə o qədər də uzaq olmayan bu ölkə
haqqında hərənin bir İraq, Bağdad obrazı
yaradırdı. Hələ bu ölkədə
bizim dildə danışan xalqın varlığından xəbərsizdik.
Füzulini yetirən, Gəncədən,
Qarabağdan perik düşmüş
doğmalarımızın taleyi, indisi haqqında təsəvvürümüz
Bağdad ellərinin ilğımına bənzəyirdi.
"Altı il Dəclə-Fərat sahillərində"
ötən əsrin 80-cı illərində Azərbaycan ədəbi-mədəni
həyatında gözlənilməz, ilğıma
bürünmüş xəyallarımızı gerçək
edən hadisə oldu. Tələbəlik illərindən tanış
olduğum bu kitabı yenidən oxudum. Vaxtilə
əldən-ələ gəzən bu əsərin 70-ci illərdə
necə sevildiyinin şahidi kimi çağdaş günlərimizdə
yaşarlığının sirrini bilmək istədim. Çağdaş ədəbi-mədəni zəmində
əsərin janrına yenidən qayıtdıqda burada
yazıçı təfəkkürünün
reallaşdırdığı, ədəbi-tarixi
sinxronluğun vəhdətini ehtiva edən roman
poetikasının şahidiyik. Uzaq və
yaxın tarix, mif, folklor, təbiət haqqında Q.Paşayevin
müşahidələri, bədii qavrayış yetkinliyi
müəllif təhkiyəsinin poetik həndəvərindədir.
Xatirə, məktublaşma, müxtəlif tipli
görüşlərə verilən bədii yozumlar əsərə
bir tamlıq gətirir.
Bu gün "Altı il Dəclə-Fərat sahillərində"
əsərini yaşadan müəllif təhkiyəsinin bədii
tutumu, orijinal ifadə sistemidir. Təhkiyənin poetik
funksiyaları əsər boyu bir-birini tamamlayır. Müəllif obrazı yaddaş və hadisələrin
bir-birini tamamlayan düzümünə emosional münasibəti
ilə yaranır.
Artıq İraqa hər kəsin gediş-gəlişi
üçün qadağaların olmadığı bir vaxtda
bu əsərin müasir elmi mənasını
reallaşdıran nədir? Bu sətirlərin
müəllifi də 1994-cü ildə Füzulinin yubileyi ilə
bağlı İraqda səfərdə olmuşdur. Şübhəsiz, böyük nümayəndə
heyətinə daxil olan elm və sənət adamlarının
hər birinin bu ölkə haqqında öz xatirələri,
təəssüratları vardır. Çoxsaylı
gediş-gəlişlərə və nəşrlərə
baxmayaraq bu əsər yenə də İraq haqqında ən
dolğun elmi-bədii biçimdə informasiya qüdrətinə
malikdir. Bu əsər İraq haqqında,
bu ölkədə yaşayan türkmanlar haqqında bir müəllif
tərəfindən yazılacaq ədəbiyyatşünaslıq,
dilçilik, folklorşünaslıq, etnoqrafiya, tarix səpkili
çoxçeşidli əsərlər silsiləsinin təməl
daşlarıdır. "Altı il Dəclə-Fərat
sahillərində" ədəbi-bədii fikrimizə milli
bir ovqat bəxş etdi, eyni kökə bağlı Kərkük
və Azərbaycan türklərinin uzun əsrlərin
sınağından keçən "bayatı",
"xoyrat" yaddaşının birliyini, eyniyyətini ortaya
qoydu.
Ötən əsrin 60-70-ci illərində ədəbi
prosesdə mifə, folklora qayıdış məqamında
"Altı il Dəclə-Fərat sahillərində"
kitabı ədəbi-bədii fikrin türk bədii
düşüncəsinin estetik
daşıyıcılarına qayıdışda təkan
oldu. Bu əsərə qədər Qəzənfər
Paşayevin nəşr etdirdiyi "Kərkük
bayatıları" (R.Rza ilə birgə, 1968), "Kərkük
mahnıları" (1971) kimi kitablar, onlara yazılmış
müqəddəmə və şərhlər, folklor
biçimində olan janrların yaşamaq haqqını təsdiq
etməklə yanaşı, unudulmaqda olan poetik ənənələrə
marağı artırdı. Kərkük xoyratları
Qurbani, Xəstə Qasım, Sarı Aşıq, Aşıq
Ələsgər ənənələrinin ölməzliyini,
təravətini təsdiq etdi, 70-ci illərin ədəbi
prosesinə yeni bir ovqat gətirdi. Azərbaycan folklorunun
toplanması, tədqiqi və təbliği geniş intişar tapdı. Dil, obraz, bədii
deyim daşıyıcıları xalqın unudulmaqda olan milli
yaddaşını ədəbiyyata gətirdi. "Bəlkə də bu kitab olmasaydı mən
1969-cu ildə radioda "Bulaq" verilişini
yaratmazdım" (Mövlud Süleymanlı).
Qəzənfər
Paşayevin yaradıcılıq imkanları bu əsərdə
bir məqsədə xidmət edir: İraqda yaşayan, dili,
inamı, varlığı bizimlə bir olan Kərkük elləri
ilə uçurulmuş mənəvi körpüləri bərpa
etmək. Mübaliğəsiz demək olar ki,
ömrünün yarım əsrini Kərkük
türkmanlarının ədəbi-mədəni həyatının
keçmişi və indisinə həsr etmiş Q.Paşayev
böyük elmi toplumun görəcəyi işi
görmüşdür. "Bizim
üçün İraq Füzulidən, Füzuli Kərbəladan
başladığı kimi, Kərkük də Qəzənfər
Paşayevdən başlayır" (Yaşar Qarayev).
Mübaliğəsiz demək olar ki, M.Şəhriyarın
"Heydərbabaya salam"ı bizi Cənubla yeni bir vüsətlə
doğmalaşdırdığı, ədəbi fikrə milli
ovqat bəxş etdiyi kimi "Altı il Dəcla-Fərat
sahillərində" milli yaddaşımızın
"bayatı-xoyrat" qatını açdı. Eyni kökə
bağlı iki xalqın uzaq əsrlərin
sınağından keçən poetik yaddaş
qaynağının birliyini, eyniyyətini ortaya qoydu.
Kərkük xoyratları poetik düşüncəyə
elə hopdu ki, Azərbaycan sərbəst şeirinin əsasını
qoyan "Rəsul Rza da bayatıya qayıtdı". Çünki
bu nadir sənət inciləri sənət adamlarının,
xalqın geniş təbəqələrinin "sarı
simi"nə toxunmuşdu. Ədəbi
fikir tərənnüm, poetik çağırışdan
doymuşdu. Kərkük xoyratları
firtınanın gətirdiyi sel deyildi, dağların
köksündən, xalqın bağrından qaynayan həyat
çeşməsi idi.
Kərkük xoyratlarının xalqa bəxşi ədəbiyyat
aləmində unudulmaqda olan rübai-dördlük
formasının, cinaslı bayatıların yenidən
doğuluşuna zəmin oldu. "Qəzənfər
müəllimin Kərkük bayatılarına həsr
olunmuş kitabları mənim bayatı
yaradıcılığımda böyük bir
dönüş yaratdı. Bu doğma və
qədim şeir janrına məndə sonsuz inam hissi
oyatdı. Mən bu formada uzun illər ərzində
qələm çalsam da, kitablarım nəşr olunub bəyənilsə
də, bayatını vaxtı keçmiş bir janr hesab edən
bəzi ədəbiyyatçıların yanlış
mülahizələrinə görə çox narahat idim.
Qəzənfərin tədqiqatları əyani
şəkildə göstərdi ki, bayatı bütün
türk dünyasının ölməz şeiridir və
çağdaş şairlərin də bu biçimdə
yazıb-yaratması son dərəcə gərəklidir.
Yeddihecalı, dördmisralı bayatı, həm
də özünə şair deyənlərin sınaq
meydanıdır" (Hüseyn Kürdoğlu).
"Altı il Dəclə-Fərat sahillərində"
əsəri yuxarıda qeyd etdiyimiz kimi, müəllifin elmi və
bədii potensialının bütün
başlanğıclarını özündə cəmləşdirmişdir. Bu kitabın hər
oxucusunu ovsunlayan fərqli məqamlar var. Ədəbiyyat
adamları milli-bədii yaddaşımızın əsrarəngiz
bir xəzinəsinə qovuşdular. Bu istiqamətə
humanitar elm sahəsində çalışanlar üçün yeni
mövzu və mətləblər ortaya çıxdı. Geniş oxucu kütləsi İraqın tarixi, təbiəti,
indisi haqqında, özü də canlı həyat lövhələrinə,
tarixi faktlara söykənən zəngin bilgi əldə etdi.
Başqa tipli oxucular bu kitabdan ilk dəfə qoroskopla tanış oldular və deyərdim ki, bu
mövzu o dövrün müəyyən oxucusu
üçün Bağdadın sirli-sehrli tarixi və indisi qədər
cazibədar idi...
"Altı il Dəclə-Fərat sahillərində"
kitabında müəllif yönlü mövzular bu ölkənin
tarixi-coğrafı və maddi-mədəni sərvətləri
barədə dolğun portret yaradır. Bu əsərdə
müəllifin İraq sevgisi milyonların İraq, Kərkük
sevgisinə çevrilir. "Q.Paşayevin
şəxsi arxivində İraqda görüşüb
dostlaşdığı çox ağsaqqalın, şairin, gənc
ziyalının, ümumən neçə-neçə sadə
xalq nümayəndəsinin qiymətli ədəbi-bədii
materiallarla zəngin söhbətləri yazılmış
lentlər, həmçinin qalın-qalın dəftərlər,
nəhayət, məktublar vardır. Ancaq
görünür, bunların hamısından daha çox
ürəyinə, qəlbinə yazıb gətirmişdir"
(Ayaz Vəfalı).
Bağdad şəhərinin tarixi və indisi barədə
müəllifin elmi qaynaqlara əsaslanan çoxsaylı bilgilərlə
yanaşı, təsadüf etdiyi, ibrətamiz, dolğun məna
zənginliyi ilə yadda qalan görüşlər, talelər
bu kitaba bir-birilə ruhən bağlı bədii-fəlsəfı
ovqat, emosional tutum verir. Bu qədim şəhərdə mövcud olmuş
böyük mədəni sərvətlər, o cümlədən
elm, mədəniyyət ocaqlarının sayı və
sanbalı haqqındakı informasiya arxasında onun bir şərqli
kimi qürur duyduğu hər an hiss olunur...
İraqın
tarixi, bu ölkədə yaşayan xalqların həyat tərzi,
İraqın şəhərləri, əhalisinin
davranış özəllikləri, mətbəx mədəniyyəti
haqqındakı bilgiləri arxasında müəllifin
özünün etiraf etdiyi aşağıdakı məqsəd
dayanır: "İraqlıların iftixarla dediyi: "Kim Bağdadı
görməyibsə, dünyanın ən yaxşı guşəsini
görməyib" - sözlərini həmişə təkrar
etməyə hazıram".
"Altı il Dəclə-Fərat sahillərində"
deyəndə, şübhəsiz ki, Füzuli, Nəsimi, Kərkük
anlamı yada düşür və heç şübhəsiz
ki, belədir.
Həm də xalqımızın mənəvi
varlığının böyük, əvəzedilməz
parçaları olan bu sərvətlərin
açılmamış qatlarına enməkdə
coğrafı, tarixi və bədii-psixoloji
yardımçı olur.
"Altı il Dəclə-Fərat sahillərində"
əsərində elə hadisələrdən, talelərdən
bəhs edilir ki, onlar əsərin ümumi ruhu ilə, müəllifın
qəriblik sığıntıları ilə uyuşur. "Vətən
həsrəti, övlad dərdi", "Çöl ərəbləri"
fəsillərində Q.Paşayevin bədii müşahidə
fərdiliyi, nəyi görüb, nəyi seçməyin fərdi-psixoloji
zəmini, müəllif yaddaşına, onun
yaşantılarına uyuşan tərəfləri üzə
çıxır. Nəcəf şəhərində
taleyin hökmü ilə qəriblik ömrü yaşayan
bakılıb - içərişəhərli Abdulla kişi ilə görüş bir də ona
görə yadda qalır ki, müəllif vətən həsrəti
ilə yaşayır, bu diyarda doğma dilində eşitdiyi hər
kəlmə ona əzizdir. Aşağıdakı
parça bir qərib ömrünün yaşantılarıdır.
Kitabın bədii-emosional gedişatından kənarda
onun mahiyyətinə o qədər də varmazlar. Ancaq
Füzuli, Nəsimi, Kərkük xoyratları ilə köklənən,
bütün İraq boyu oxucusunu şəhər-şəhər
gəzdirən müəllifın aşağıdakı
görüşdən mütəəssir olması eyni dərəcədə
oxucunu da ovsunlayır. "Bir dəfə həmyerlilərimiz
Rza İmanov və Nəcəf Nəcəfovla Nəcəf
şəhərinə getmişdik. Üstündə
"Bakı məktəbi" yazılmış binaya
baxır və azərbaycanca danışırdıq.
Bir nurani
qoca bizə yaxmlaşdı:
-
Balalarım, hardansınız? - deyə azərbaycanca
soruşdu və yazıq görkəm aldı.
Dedik ki, Azərbaycandanıq.
- Azərbaycan
böyükdür. Onun hansı səmtindən
gəlmisiniz? Bakı şəhərini
tanıyırsınız?
Dedik ki,
biz də elə ordan gəlmişik...
...Çox
sevindi. Bakının tarixi yerlərindən
söz açdı. Ətraf kəndləri
saydı. İçərişəhərdən,
Bayıldan danışdı. Dedi: - Mən İçərişəhərdənəm.
Adım Abdulladır. Hacı Qasım oğlu
Abdulla Şəmsi. İçərişəhərdə
Hacı Zeynalabdin camisinin - məscidinin yanında olurduq. Əlaqəmiz yoxdur. Görəsən,
qohumlardan qalanları varmı? Sözünə davam etdi:
"Oğul, mənim kimi azərbaycanlılar burada çox
idi. İndi az qalıb. Biz
bura köçəndə mən dərdsiz-qəmsiz cavan
idim. İndi isə qəlbi nisgilli, vətən
həsrətli bir qocayam". Bu
parçanı bütövlükdə verməyə
kitabın doğurduğu Vətən nisgili vadar etdi. Torpaq qəribliyi insanın düçar olduğu ən
tragik yaşantıdır. Doğma el-oba,
yurd həsrətini heç nə ilə ovundurmaq, unutmaq
mümkün deyil. Abdulla kişini də
ömrün ahıl çağında İçərişəhər
həsrəti yandırır. Bu gün
elindən-obasından didərgin düşmüş minlərlə
həmvətənimiz üçün doğma torpağa
qovuşmaq ümidi qoca Abdullanın nisgili qədər
ağrılı-acılıdır.
Ümumiyyətlə, bu kitabda özünə yer
tapmış xatirə, təəssürat səpkili
bütün yazılar İraq haqqında təsəvvürü
zənginləşdirməklə yanaşı, Vətən
sevgisi, Vətən həsrəti köklənmiş bir əhval-ruhiyyə
ilə bir-birini tamamlayır. Buna görə də çöl ərəbləri
haqqındakı yazılarla Abdulla kişinin nisgili, vaxtilə
Rusiyada çalışmış Mahmudun acı taleyi, eləcə
də müəllifın İraqda tanış
olduğu dostları, həmkarları ilə məktublaşmaları
mahiyyət etibarilə bir-birini tamamlayır. Digər
tərəfdən, fərdlərin hər ibrətamiz taleyi
fonunda insan psixologiyasının görünməyən
qatlarının şahidi olur, yaxud onları yenidən dəyərləndiririk.
Az qala bir romanın mövzusu ola biləcək
Mahmudun ömür yoluna həsr edilmiş iki səhifəlik
yazıda müəllifın hadisəyə mənalı, bədii
şərh vermək istedadı, onu kitabın vahid emosional
gedişi ilə əlaqələndirmək ustalığı
ilə rastlaşırıq. İllər
keçsə də həyat tarixçəsi öz bədii təravətini
saxlamışdır. Oxuculara tanış
olan bu qəmgin hekayə ilə müəllifin durumu zaman və
məkan baxımından onun qəriblik illəri, digər tərəfdən,
kiçik yaşlarından ana nəvazişindən məhrum
olması ilə bağlıdır. Ən uğurlu yekun
sözünü də Qəzənfər müəllim
özü deyir: "Analıq hissinin hər şeydən
üstün olduğunu isə elə bil indi yenidən dərk
etdim".
"Altı
il Dəclə-Fərat sahillərində" kitabı ədəbi-elmi
konsepsiyası etibarilə bütöv əsərdir. Bununla yanaşı, yuxarıda bəhs etdiyimiz həyat
tarixçələri, xüsusən də "çöl ərəbləri"
müstəqil əsər təəssüratı yaradır.
İraqı tanıtma baxımından kitabdakı
bütün elmi-statistk faktların əhəmiyyətini
azaltmadan demək istərdim ki, "çöl ərəbləri"
İraq xalqının bizə çox az məlum olan
tarixi-etnoqrafık zənginliyi, qeyri-adiliyi haqqmda dolğun
elmi-publisistik oçerkdir...
"Çöl
ərəbləri"ni oxuduqca elə bil
sehrli bir dünyaya düşür, heyrət doğuran əxlaqi
meyarlar, yaşam vərdişləri ilə tanış olur,
XX əsrin sivilizasiyası fonunda sirli-sehrli bir aləmə
düşürsən. Qəzənfər müəllim
kitabın bu səhifəsində
etnoqraf-yazıçıdır. Çöl
ərəblərinin yaşadığı göllərin
bitki örtüyü, suyu, heyvanat aləmi elə təsvir
edilir ki, onların mənəvi və fıziki özəlliklərini
ehtiva edən müəllif qənaətinə qoşulmalı
olursan. Elçilik, toy mərasimləri,
qonaq qəbul etmək, qonağa ehtiram özəlliyi, ailədə
daşlaşmış mənəvi prinsiplər, dostluq və
düşmənçilik meyarları bütün təfərrüatı
ilə təsvir edilir. "Təbii şərait
onların təbiətlərinə, xasiyyətlərinə
möhkəm təsir göstərmişdir. Çöl ərəbləri təkəbbürlü,
vüqarlı, polad kimi əyilməzdilər. Eyni zamanda çox sadə, açıqürəkli,
zəhmətkeş və qonaqpərvərdirlər".
Yüz mindən artıq çöl ərəbinin
dünya haqqında uzun əsrlərdən süzülüb gələn
həyat vərdişləri, mənəvi-əxlaqi qənaətləri
varmış.
Qonaq bu tayfanın müqəddəs tutduğu
bir varlıqdır. Qonaq otağı - "muzif"
haqqında müəllifin müşahidələri ilə tanış olarkən bu gün erməni tapdağından
azad olunmuş Laçının füsunkar kəndi, doğma
Əhmədlini xatırladım. İki, üç otaqlı ev sahibələrinin ən səliqəli
guşəsi qonaq otağı idi. Qonaqdan başqa, bu otaqda
heç kim yaşamazdı. Hər
ailənin imkanları müqabilində qonaq otağı ən
qiymətli xalça-palazla bəzədilir, şaxı
sınmamış yorğan-döşək "öz
sahibini" gözləyirdi. 1979-cu ildə
elmi rəhbərim və dostum, dünyanın məşhur
estetiklərindən olan Yuri Borevi, onunla gələn digər
fılosofları çox şey heyrətləndirdi, o cümlədən
qonaq çağırdıqları evlərdəki qonaq otaqları.
Kişi və qonaq kultunun şahidi kimi onun fəlsəfi-etik
kökləri haqqında hey fikir mübadiləsi edirdilər.
Ana-ata nəvazişi ilə dolu 11 yaşına qədərki
uşaqlıq illərimin əziz günlərini
xatırlayanda evimizə qonaq gəlişinin məndə
doğurduğu fərəh hissinin "sirrini" öyrənmək
istədim.
İndi bu hiss mənə bir az da əlçatmaz
göründü. Min təəssüf ki, o mənəvi
"instikti" yaşadan auranı tale əlimizdən
aldı.
Qəzənfər müəllim çöl ərəblərinin
dünyası ilə XX əsr sivilizasiyası arasında elə
paralellər aparır ki, min illərin yaşam tərzinin təbiiliyinə
şübhə qalmır. "... Adam inana bilmir
ki, XX əsrin ikinci yarısında yaşayan insanlar
arasındadır. Bu yerlər
dünyanın ən böyük göllük sahələrindən
biridir. Yerli əhali buranı "geniş
dünya", "azad dünya" adlandırır".
Bu
"azad dünya"da öz qismətini aforizmsayağı -
"...Mənim işim dəvənin işinə bənzəyir
- yüküm xurma, yeməyim qanqal-tikan" kimi dəyərləndirən
alverçinin obrazı, o "azad dünya"dan daha geniş
məkana - şəhərə yolu düşən iki gənc
çöl ərəbinin başına gələn əhvalat
bir az gülüş doğurduğu kimi,
o qədər də mənəvi qənaətlərin
üz-üzə durması, qarşılaşması mənasında
kitabda yaddaqalan səhifələrdəndir...
...Qəzənfər
müəllimin son illər qələmə aldığı
Nəsimi, Əta Tərzibaşı və Hüseyn
Kürdoğlu haqqında monoqrafiyaları onun filologiya sahəsində
qazandığı böyük təcrübənin bəhrələri
kimi ədəbi ictimaiyyət tərəfindən yüksək
dəyərləndirilmişdir. Onun Nəsimi
araşdırmalarında öz elmi mövqeyini müdafiə və
təsdiq üçün yorulmadan apardığı
araşdırmaların şahidiyəm. Qəzənfər
müəllim hər tədqiqatçıya nəsib olmayan ədəbi-bədii
zövq sahibidir. Poetik duyum ona boy
atdığı məkanın bəxşişidir. Sözlə, sazla nəfəs alır, eyni zamanda
konkret faktlara söykənir.
Hüseyn Kürdoğlu haqqında monoqrafiyanı işləyərkən
şairin həyatı, mühiti, yaradıcılıq yolu haqqında
ən kiçik detalları da nəzərdən
qaçırmadı. Ailəsi bilirdi ki, onun respublika mətbuatında
ilk şeiri 1953-cü ildə "Azərbaycan gəncləri"
qəzetində dərc edilib. Arxivdən qəzetin
bu nömrəsini və 1958-ci ildə Bakı Dövlət
Universitetinin buraxılış venetkasını əldə
etdi, ailəsinə bağışladı. O, sevmədiyi
mövzuda nadir hallarda yazır.
Aşıq sənətinin, aşıq
poeziyasının bilicisi kimi son vaxtlar axtarışlar
aparır. Qarslı Aşıq Maqsudun ifasından kövrəldiyini,
bunu "qocalıq etirafı" kimi mənalandırmasını mən
başqa cür yozardım. Qəzənfər müəllim -
hiss, duyğu adamıdır, şeir yazmasa da qəlbən şairdir. Şairlər də
kövrək olur. Doxsana nə qalıb ki, Qəzənfər
müəllim! Tanrı bizə qismət eləsin
mənim doğma Laçınımdan, Molla Əhmədli kəndindən
torpaq gətirib Laçın həsrətinə dözməyib
dünyadan küsüb gedən qardaşınız qədər
sevdiyiniz Hüseynin məzarına səpək.
Şirindil ALIŞANLI
Ədəbiyyat qəzeti.-
2021.- 19 iyun. S. 24-25.