Anı yaxala

 

XX əsr ABŞ ədəbiyyatı

 

Sol Bellou (1915-2005) - yəhudi mənşəli ABŞ yazıçısı, görkəmli esseist, pedaqoq. "Oqi Marçın sərgüzəştləri", "Hersoq", "Mister Simmlerin planeti", "Humboltun

hədiyyəsi", "Anı yaxala"  və başqa bir-birindən maraqlı romanların müəllifidir.

Yeganə ABŞ yazıçısıdır ki, üç dəfə Bədii Ədəbiyyat üzrə Milli Kitab Mükafatına layiq görülüb. Bellou, eyni zamanda Pultser mükafatının, ABŞ-ın incəsənət üzrə Milli

medalının, habelə Ədəbiyyat üzrə Nobel mükafatının (1976) sahibidir.

 

 

Anı yaxala

 

Romandan fraqment

 

Öz qayğılarını gizləməyə gəlincə, Tommi Vilhelmin bacarığı yetərincəydi, nəyi də olmasa o bunu başqalarından pis  bacarmırdı. Hər halda belə düşünürdü və hər necəsə, bunu sübut da eləyə bilərdi. Bir vaxtlar aktyordu - tamam-kamal deyildi, düzdür, statistdi, amma bəzi fəndlərə birtəhər-birtəhər bələddi. Üstəgəl, siqar çəkirdi, siqar çəkəndə isə adam, hələ bir şlyapa da qoyubsa... di gəl, onun hisslərindən baş çıxart. Səhər yeməyindən qabaq poçt üçün iyirmi üçüncü mərtəbədən beletaja düşürdü, fikirləşirdi, əslində daha çox ümid edirdi ki, ümumiyyətlə, elə də pis görünmür, görünüşü uğursuz birinin görkəmi deyildi hər halda. Amma ümid elə-eləmə, işləri daha yaxşı ola bilərdi. Atası da içəri girəcək deyə, on dördüncü də qurcalandı. Sabahları liftdə, səhər yeməyinə gedəndə tez-tez rastlaşırdılar. Xarici görkəmindən ötrü narahatlığı da əsasən qoca atasına görə idi. On dörddə dayanmadılar, odur ki, lift endi, endi, sonra da səssiz qapı kənara çəkildi, hollun tünd-qırmızı dalğavari böyük xalçası Vilhelmin ayaqları altına açıldı. Hollun liftin qarşısındakı hissəsi qaranlıqdı, yuxuluydu.Yelkənvari yığma pərdələr gün işığını buraxmırdı, amma üç uzunsov pəncərə taybatay açıqdı və Vilhelm bir göyərçinin  beletajın düz  altındakı  kino çadırını saxlayan böyük zəncirə mavilikdə necə can atdığını gördü. Qanadlar bərkdən çırpıldı və o saat da susdu.

 

"Qlorian" mehmanxanasında əsasən təqaüd yaşındakı adamlar qalırdılar. Çoxsaylı Nyu-York gocalarının əksəriyyəti Brodvey boyu Yetmişinci, Səksəninci, Doxsanıncı  rayonlarda  məskunlaşmışdı. Nisbətən isti və quru havalarda onlar Verdi meydanından Kolumbiya Universitetinə qədər uzanan yeraltı keçidin dəmir hasarı boyunca və çəpərə alınmış kiçik bağçalardakı oturacaqlarda saatlarla yapışıb qalır, dükanları, kafeləri, çörəkçi, çayxana və gözəllik salonlarını, qiraətxana və klubları zəbt edirdilər. Bu qoca-mocaların arasında Vilhelm özünü yaxşı hiss etmirdi. Qırxı adlasa da, hələ nisbətən cavan, iri, enlikürək sarışın kişiydi: arxadan sağlam və möhkəm görünürdü, hərçənd bir az bükülmüş və ağırlaşmışdı. Səhər yeməyindən sonra qocalar holldakı yaşıl dəri üzlüklü divan və qoltuqlarda yayxanır, qeybət edir, qəzetlərə baxırdılar; başlıcası günü keçirməkdi, başqa bir işləri yoxdu. Vilhelm isə aktiv həyata öyrəşmişdi, səhərlər yerindən gümrahca sıçrayıb qalxmağı xoşlayırdı.  Son ayları işə getməsə belə, özünü boş buraxmır, tez dururdu; saat səkkizdə üzü qırxılmış halda hollda olurdu. Atasıyla bərabər səhər yeməyi yeməmişdən əvvəl qəzet və bir neçə siqar alır, bir-iki stəkan kola içirdi. Səhər yeməyindən həmən sonra  işlə məşğul olmaq, çölə çıxmaq, gəzmək, getmək və getməkdi fikri-zikri. İş isə elə bu gəzintilər deməkdi. Amma o da anlayırdı bu, uzun müddət belə davam edə bilməz və bu gün nədənsə qorxdu, hiss elədi ki, çoxdandı yığılıb qalan, dəhşətli şeylər, pis hadisələr, necəsə elə indilərdə onun üzərinə töküləcək. Axşama qədər hər şey həll olunacaq.

 

Buna baxmayaraq hər günkü səmti üzrə hollu  keçdi.

 

Qəzet köşkündəki Rubinin gözləri zəifdi, bəlkə heç deyildi,  amma qırışmış göz qapaqlarının künclərdəki büküşlərinə görə məhz belə görünürdü.Geyinib-kecinməyi yaxşıydı. Hərçənd bütün günü piştaxta arxasında dayanacaqdınsa, soruşan lazımdır, nəyə görə... amma doğrudan da, yaxşı geyinirdi. Bahalı qəhvəyi kostyum; ensiz biləklərinin tükləri də manjetlərlə örtülü. Bir də "Qrafini Mari"dən naxışlı qalstuk. Rubin, Vilhelmin ona necə yaxınlaşdığını görmürdü; baxışları burdan bir neçə məhəllə o yandakı, köşkdən aydın görünən "Ansoniya" mehmanxanasında ilişib qalmışdı. "Ansoniya", bu yerli memarlıq gözəlini Stenford Uayt tikmişdi. Münhen və Praqanın barokko üslubundakı saraylarına bənzəyirdi, amma yüz dəfə böyüdülmüşdü, qüllələri, günbəzləri yaşıllaşmış metaldandı, dəmir şəbəkəli və naxışlı. Girdə zirvələrini alaq kimi sıx televiziya məftilləri basmışdı. Hava dəyişəndə "Ansoniya" mərmər  kimi, dəniz suyu kimi başqalaşırdı;  dumanda daşqələm kimi tündləşir, əhəngdaşı kimi ağarırdı günəşdə.

 

Bu gün dərin sularda öz əksi kimi görünürdü bina: başı burum-burum bulud topası, ayağı mağara kimi zil qara. İkisi də binaya baxırdı. Bir az sonra Rubin dilləndi:

 

- Sevimli atanız səhər yeməyi üçün keçib getdi artıq.

 

- Həə? Bu gün məni qabaqlayıb?

 

- Köynəyiniz  əladır. Hardan almısız? "Saks"dan?

 

-Yox,  "Cek Faqman"dı. Çikaqo.

 

Vilhelm, hətta ovqatının pis vaxtı belə alnını mehribanlıqla qırışdırmağı hələ unutmamışdı. Sifətinin bəzi sakit, güclə sezilən hərəkətləri valehediciydi. Sanki öz köynəyinə aralıdan tamaşa edəcək deyə, bir addım geri çəkildi. Elə bil öz səliqəsizliyini qiymətləndirib təbəssümlə baxdı. Yaxşı geyinməyi xoşlayırdı, amma seçə bilmirdi geyimləri, həmişə nəsə bir uyğunsuzluq olurdu. Gülümsəyərkən Vilhelm yüngülcə tıncıxdı da; dişləri xırdaydı; yanaqları belə gülümsədiyi vaxtlarda  allanır, yumrulanır və bir andaca təəccüblü şəkildə cavanlaşırdı. Bir vaxtlar, onda Vilhelm kollecə təzə daxil olmuşdu, saçının qızılı qomu üstündə piroq kimi görünən şlyapa və yenot xəzindən  kürk geyinirdi, atası deyirdi ki,  bu nəhəng oğlan görəsən kimin ağlını almaq istəyir. Vilhelmin cazibəsi indi də bəs edirdi.

 

- Xoşuma gəlir bu tünd-göy rəng - mərhəmliklə, mehribanlıqla dedi. - Yumaq olmaz. Yalnız camaşırxanaya.  Ordan sonra düzdür, ətri tamam dəyişir. Amma yaxşı köynəkdi. On səkkiz gümüşədi.

 

Vilhelm köynəyə pul verməmişdi, müdirinin, söyüşdükləri sabiq şefinin hədiyyəsiydi. Bunları Rubinə məruzə eləməyə borclu deyildi. Hərçənd ola bilsin, Rubin bunu onsuz da bilirdi, çünki o elə adamlardan idi ki, demək olar hər şeydən, bütün hər şeydən xəbərdardı. Vilhelm də Rubin haqqında, Rubinin arvadı haqqında, Rubinin işləri və sağlamlığı haqqında nələrisə bilirdi. Nə ona, nə buna, nə də üçüncü bir şeyi xatırlamağa ehtiyac yoxdusa da toxunulmayan şeylər ağırlıq yaradır, söhbət üçün demək olar, yer qoymurdu.

 

Rubin:

 

- Bu gün doğrudan da əla görünürük - necə lazımdır, - dedi.

 

Vilhelm sevincək səslə:

 

- Yaxşı görüm! Ciddisiz? - deyə cavab verdi.

 

Nədənsə, inanmağı gəlmirdi. Siqar qutularının, brelok və bıçaqların, Qarsiya, VI Eduard, Böyük Kir kimi dövlət kişilərinin qızıl çərçivəli portretlərinin növbələşdiyi vitrində görmüşdü öz əksini. Əlbəttə, şüşə bir az tutqun və hamar deyildisə də, görkəmi haqqında çətin ki, yaxşı demək olardı. Alnındakı enli qırış əliaçıq mötərizəsiylə sarısaçlı birinə görə daha tünd olan dərisindəki ləkələri, qaşlarının birini digərindən ayırırdı. O özü bu heyrət dolu, tələbkar, vurnuxan gözləri,  bu burun pərələrini və dodaqları görüb gülüşünü  güclə saxlamışdı. Sarışın hippopotam - bax, sənin həqiqi adın budur! Girdə, iri fizionomiya, al-qırmızı ağız, yeyilmiş dişlər. Bir də şlyapa və siqar, necədir sizinçün. Ömrü boyu ağır işlə məşğul olmalıydım mən. Yorulub çarpayıya tirtap düşəcəyim ağır, halal zəhmətlə. Belə bir işə öyrəşsəydim, enerjim də canımdan çıxardı, yüngülləşərdim. Amma yox, lotuluğu kim edəcəkdi, bəs, - və budur, hələ də davam eləyir...

 

Nə qədər güc sərf etmişdi o, amma buna ağır zəhmət demək olardımı? Soruşan lazımdır, puç olmuş gənclik illəri nəyə xərclənmişdi? - hamısı eynən o fizionomiyaya görəydi. Otuzların əvvəlində onu bu valehedici xarici görkəmə görə az qala potensial kinoulduz hesab elədilər deyə, Hollivuda soxulmuşdu. Yeddi il  hamını dəng elədi orda, ekrana can atdı. Arzuydumu, aldanışdımı, vaxtından əvvəl tükəndisə də qüruru üzündən, bəlkə də tənbəllikdən hələ də Kaliforniyada veyillənirdi. Nəhayət, başqa cəhdlər elədi, amma yeddi illik uğursuzluq və sırtıqlıq üzündən işgüzar bacarığını da itirdiyindən hər hansı başqa peşəyə yiyələnmək artıq gec idi. Ruhdan düşmüşdü, sınmışdı, həyatdan geri qalmışdı, enerjisini sərf etməyə yer tapa bilmirdi ki, bütün bəlaların da burdan gəldiyinə şübhə eləmirdi.

 

Rubin:

 

- Nədənsə, dünənki kartı ötürdünüz, - dedi.

 

- Hə, gələ bilmədim. Necə oynadılar?

 

Artıq bir neçə həftəydi Vilhelm az qala hər axşam cin oynayırdı, amma dünən anladı ki, bundan artıq uduza bilməz. O, heç vaxt udmurdu. Həyatda da.  Hətta ən kiçik məğlubiyyət belə uduş sayılmır, düz deyil? Məğlubiyyət məğlubiyyətdi. Uğursuzluq, bütün bu dəstə onu boğaza yığmışdı, odur ki, həmin axşamı təkcənə kinoya getmişdi.

 

Rubin:

 

- Hər şey qaydasındadır, - dedi. - Karl qızığınlıq edirdi, hamının üstünə bağırırdı. Amma doktor Tamkin onu yerində otuzdurdu. Psixoloji səbəbləri anlatdı ona.

 

- Və nə idi səbəblər?

 

Rubin:

 

- Olduğu kimi deyə bilməyəcəm... Siz ki Tamkini tanıyırsınız, heç soruşmayın. Mümkün deyil. "Tribun" verim sizə? Sonuncu kurslara baxmaq istəyirsiniz? - dedi.

 

- Eee, bax, baxma, nə fərqi. Onsuz da dünən saat üçdə necə idi, bilirəm. Qəzet pis olmazdı amma, - deyə Vilhelm cavab verdi.

 

Nədənsə, çiyinlərini çəkməyi və əlini jiletinin cibinə salmağı vacib hesab elədi Vilhelm, yalnız həblərin, əzik siqaret qırıqlarının, dişlərinin arasında qalan yemək qırıntılarını çıxarmaq üçün istifadə elədiyi lülələnmiş sellofan lentlərin arasında eşələnəndə, az əvvəl bir neçə sent itirdiyini başa düşdü.

 

Rubin:           

 

- Həəə, belə-belə işlər... - dedi. İçindəki bütün yumoru güclə sıxıb çıxardısa da, səsi şüşə kimiydi, qöz qapaqlarının örtdüyü darıxqan gözləri kənara baxırdı. Heç nə eşitmək istəmirdi. Onunçün fərqi yoxdu. Bəlkə hər şeyi özü öyrənməşdi ona görə, axı, Rubin o kəslərdəndi ki, demək olar həmişə hər şeyi bilirdi.

 

 

Sol Bellou

Tərcümə Səlim Babullaoğlunundur

Ədəbiyyat qəzeti.- 2021.- 19 iyun. S. 26.