Azərbaycan-tatar
ədəbi əlaqələrinin pasportu
Akademik
İsa Həbibbəyli və filologiya üzrə fəlsəfə
doktoru, dosent İsmixan Osmanlının müəllifi
olduqları "Qabdulla Tukay və Azərbaycan"
monoqrafiyası Azərbaycan-tatar elmi-ədəbi əlaqələri
kontekstində yazılmış, Qabdulla Tukayın həyatı
və Azərbaycanla əlaqələrini bütün cəhətləri
ilə əks etdirən monumental əsərdir. Əsər
görkəmli Azərbaycan yazıçısı, dramaturqu Nəriman
Nərimanovun (1870-1925) anadan olmasının 150 və onun dostu,
tatar ədəbiyyatının klassiki Qabdulla Tukayın
(1886-1913) isə 135 illiyinə həsr edilmişdir.
Azərbaycanda, xüsusən də ölkəmiz yenidən
dövlət müstəqilliyinə qovuşduqdan sonra Türk
xalqları ədəbiyyatı ayrıca bir istiqamət olaraq
inkişaf etməyə başlamışdır. Ayrı-ayrı
türk xalqlarının ədəbiyyatı və bu ədəbiyyatların
görkəmli yaradıcıları haqqında tədqiqatlar
aparılmış, əsərlərindən tərcümələrin
edilməsi prosesi sürətlənmişdir. Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda da
Türk xalqları ədəbiyyatı istiqaməti
bütün cəhətləri ilə inkişaf etməkdədir.
Bu istiqamətdə institutda iki şöbə: Türk
xalqları ədəbiyyatı və Azərbaycan-Türkmənistan-Özbəkistan
ədəbi əlaqələri şöbələri fəaliyyət
göstərir. İnstitutun direktoru akademik
İsa Həbibbəylinin bu sahədə müəyyənləşdirdiyi
və bir neçə ildə uğurlu nəticələr verən
prioritet ondan ibarətdir ki, hər bir türk xalqının
İnstitutda ayrıca tədqiqatçısı, doktorant və
dissertantı olmalıdır. Akademik
İsa Həbibbəylinin rəhbərliyi ilə aparılan
ardıcıl fəaliyyət, ayrı-ayrı türk
xalqları ilə bağlı keçirilən konfranslar,
çap olunmuş kitablar, yerinə yetirilmiş və ya
prosesdə olan dissertasiya işləri bu prioritetlərin
uğurla həyata keçməsinə xidmət edir.
Əminliklə deyə bilərik ki, Ədəbiyyat
İnstitutunda bu gün Türkiyə, Özbəkistan,
Qazaxıstan, Türkmənistan və Qırğızıstan,
Tatarıstan və digər türk xalqlarının ədəbiyyatı
ilə bağlı qarşılıqlı əlaqələrimizi
yüksək səviyyədə təqdim və təbliğ
edə bilən işlər ortadadır.
Akademik
İsa Həbibbəylinin və filologiya üzrə fəlsəfə
doktoru, dosent İsmixan Osmanlının müəllifi olduqları
və tatar ədəbiyyatının görkəmli klassiki, əsas
siması sayılan Qabdulla Tukaya həsr edilən "Qabdulla
Tukay və Azərbaycan" monoqrafiyası Azərbaycan-Tatarıstan
ədəbi əlaqələrinə yüksək səviyyədə
xidmət edən, qarşılıqlı elmi-ədəbi əlaqələrimizin
pasportu hesab edilə biləcək monumental əsərdir. Monoqrafiyanın iki dildə, Azərbaycan və rus
dillərində yazılması bu tədqiqatın daha
geniş auditoriyada yayılmasına xidmət edən
mühüm amildir.
Ədəbiyyat
İnstitutunda görkəmli ədəbiyyat nümayəndələrinin
həyat və yaradıcılığına yenidən
qayıtmaq zərurətindən yaradılan (akademik İsa Həbibbəylinin
rəhbərliyi ilə) "Sənətkarın elmi
pasportu" seriyası ilə çap olunmuş "Qabdulla
Tukay və Azərbaycan" monoqrafiyasında tatar klassik ədəbiyyatının
banisi hesab olunan Qabdulla Tukayın həyatının əsas məqamları,
xüsusən də Azərbaycanla əlaqəli dövrləri
incəliklərinə qədər elmi mənbələrə
istinad edilməklə təsvir edilmişdir.
Monoqrafiyanın
"Qabdulla Tukay və Azərbaycan mətbuatı" fəslində
qeyd olunur ki, Tukay hələ mədrəsədə oxuduğu
illərdə Məhəmməd Ağa Şahtaxtlı tərəfindən
çap edilən "Şərqi-rus", İsmayıl bəy
Qaspiralının "Tərcüman" qəzetləri ilə
yaxından tanış olmuşdur. Yazdığı əsərlərindən
də aydın görünür ki, o, "Şərqi-rus"
vasitəsilə Cəlil Məmmədquluzadə, Mirzə
Ələkbər Sabir, Əli Nəzmi, Məmməd Səid
Ordubadi və digər məşhur ziyalıların
yaradıcılığı ilə tanış olmuş,
oxuduqları onun yaradıcılıq yolunun
formalaşmasına təsir etmişdir. Azərbaycan
tənqidi realizm məktəbinin görkəmli
yaradıcısı Cəlil Məmmədquluzadənin baş
mühərriri olduğu "Molla Nəsrəddin"
jurnalı Qabdulla Tukayın yaradıcılığına
ciddi təsir etmiş və onun bir çox şeirlərində
həmin izləri görmək mümkündür. Təsadüfi deyil ki, Tukayın əlində
"Molla Nəsrəddin" jurnalı olan nadir fotosu bu
günə qədər gəlib çıxmışdır.
Məhz "Molla Nəsrəddin"in təsiri ilə
Tukayın özünün rəhbərlik etdiyi
"Uklar", "Yaşen" və "Yalt-yolt" satirik
jurnalları tatar dilində çap olunmuşdur. Hər üç jurnalda "Molla Nəsrəddin"
jurnalından da istifadə edilmişdir.
Akademik
İsa Həbibbəyli və dosent İsmixan Osmanlının
müəllifi olduqları "Qabdulla Tukay və Azərbaycan"
monoqrafiyasında Qabdulla Tukayla Azərbaycan satirik
poeziyasının görkəmli nümayəndəsi Mirzə
Ələkbər Sabirin yaradıcılıqları arasında
bir sıra əhəmiyyətli tipoloji paralellər
aparılmışdır. Mirzə Ələkbər Sabirlə
Qabdulla Tukayın qısa yaradıcı ömürlərinin təxminən
üst-üstə düşmüş (M.Ə.Sabir; 1903-1911,
Q.Tukay; 1905-1913) və ictimai-siyasi mühitin gərginlikləri,
problemləri hər iki şairin
yaradıcılığını bir-birinə
yaxınlaşdırmış və onun satira
yaradıcılığında M.Ə.Sabirdən ustalıqla
yararlanmasına, təsirlənməsinə şərait
yaratmışdır. Monoqrafiyada iki görkəmli şair
arasında əlaqələr, M.Ə.Sabirin Q.Tukayın satirik
yaradıcılığına təsiri həm Azərbaycanda,
həm də Tatarıstanda aparılmış tədqiqatlara
müraciət olunmaqla və müəlliflərin özlərinin
əldə etdikləri yeni elmi faktlar əsasında tədqiqata
cəlb edilmişdir.
Qabdulla
Tukayın Sabiri "Şərqi-rus", "Həyat" qəzetləri,
"Füyuzat" və "Molla Nəsrəddin"
jurnalları vasitəsilə tanıması, "Boynuburuq"
imzası ilə yazdığı "Şikayət"
şeirini tatarcaya çevirərək "Mollanın
şikayəti" ("Mullanın zarı") adı ilə
nəşr etdirməsi kimi məqamlar monoqrafiyada yüksək
elmi yanaşma ilə öz əksini tapmışdır. Əsərdə M.Ə.Sabirin "Hop-hop"
imzasına hörmət əlaməti olaraq Q.Tukayın satirik
şeirlərinin bir neçəsini "Hüd-hüd"
imzası ilə yazması vurğulanmışdır. Sonralar M.Ə.Sabirin ilk kitabını azərbaycanlı
dostları vasitəsilə əldə edən Tukay
ömrünün sonuna qədər onun satirik şeirlərindən
faydalanmışdır.
Qabdulla Tukay Kazan Universitetində təhsil
aldığı və orada yaşadığı illərdə
bir çox azərbaycanlı tələbə və
ziyalılarla təmas qurmuş, onlarla yaxın dostluq
münasibətlərində olmuşdur. Monoqrafiyanın
üstün məziyyətlərindən biri də Tukayın
azərbaycanlı məslək dostları və onlarla nə
zaman, hansı şəraitdə əlaqələri ilə
bağlı mənbələrə əsaslanan məlumatların
verilməsidir. Monoqrafiyada Azərbaycanla
yanaşı, Tatarıstanda da aparılmış tədqiqatlara,
arxiv sənədlərinə əsaslanılması mahiyyətə
daha dəqiq elmi qiymətin verilməsinə xidmət edən
amildir. Azərbaycanın istiqlal mübarizəsinin
öncüllərindən olan Mir Hidayət bəy Seyidovun
Kazanda təhsil aldığı müddətdə Qabdulla
Tukayla olan siyasi əlaqəsi, dostluğu Lev Tolstoya
ünvanlanmış olan məktubla (hər ikisinin məktubda
imzası vardır) müəyyənləşdirilməsi
aparılmış tədqiqatın dərinliyindən və məzmunundan
xəbər verir. Xatırladaq ki, Mir Hidayət bəy
Seyidovun həyatı və fəaliyyətinə dair bir
çox faktlar əldə edilən sənədlər əsasında
ilk dəfə olaraq bu monoqrafiyada təqdim edilmişdir.
Və yaxud o zaman Kazan Universitetinin tələbəsi, sonralar
dövrünün görkəmli alimi Rəhimbəy Məlikovun
(Həsən bəy Zərdabinin qardaşı oğlu) Qabdulla
Tukayla münasibətləri ilə bağlı Azərbaycan və
tatar alimlərinin apardıqları tədqiqatlar, ortaya
çıxardıqları faktlar haqqında ümumiləşmiş
sözün deyilməsi, qarşılıqlı əlaqələrin
mənzərəsini tamlığı ilə
canlandırmağa xidmət edən məqamdır. Kazan Universitetinin Tibb fakültəsində oxumuş
və daha sonra amansız repressiyanın qurbanı olmuş
Əliabbas Qədimov da Qabdulla Tukayın tələbəlik
dostlarından biri olmuş və tədqiqat işində bu barədə
ətraflı yazılmışdır.
Azərbaycan-tatar ədəbi əlaqələrindən,
xüsusilə Qabdulla Tukay və Azərbaycan mövzusundan
danışarkən, görkəmli yazıçı,
dramaturq və publisist Nəriman Nərimanov faktoru diqqət mərkəzinə
gəlir. Monoqrafiyada Nəriman Nərimanov və Qabdulla Tukay
mövzusu xüsusi olaraq işlənmişdir. Bu mövzu gələcək böyük tədqiqat
işləri üçün də kifayət qədər zəngin
material verməkdədir.
Kitabın
bu hissəsində Nəriman Nərimanovla Tukayın qiyabi
tanışlıqları; Nərimanovun Kazanda geniş
yayılan mətbuat orqanlarında çap olunan
yazıları, onun Zaqafqaziya Müəllimlərinin I
Qurultayında dil uğrunda apardığı mübarizə və
Tukayın buna cavab olaraq 1910-cu ildə "Məktəbdə
milli ədəbiyyat dərsləri" dərsliyini yazması
məqamları vurğulanmışdır. İki
böyük şəxsiyyətin əyani
görüşü Həştərxanda baş tutmuş və
tədqiqat əsərində müxtəlif mənbələrə
istinad edilməklə bu görüşlər daha ətraflı
şərh olunmuşdur: "İki böyük şəxsiyyətin
- dramaturq-yazıçı Nəriman Nərimanov və
istedadlı şair-publisist Qabdulla Tukayın üzbəüz
görüşləri isə Həştərxanda baş
tutmuşdur. Əslində, hər ikisinin
görüşünə səbəb çar üsul-idarəsinin
zülmü olmuşdur. Onlardan biri - Nəriman Nərimanov
bu zülmə qarşı çıxdığına
görə polis və jandarmın gücü ilə məcburən
Həştərxana sürgün olunmuşdu, o biri - Qabdulla
Tukay isə həmin polis və jandarmın təqibindən
qaçaraq könüllü surətdə Həştərxana
"sürgün" olunmuşdur. Hər halda,
necə olursa-olsun, bu bir tarixi görüş idi".
Əsərdə ölkəmizdə Qabdulla Tukay irsinin tədqiqi,
tərcüməsi və təbliği işinin tarixinə nəzər
salınmış, demək olar ki, görülən
bütün işlərə layiqincə qiymət
verilmişdir.
Belə ki, sovet dövründə professor Pənah Xəlilovdan
başlayaraq Əziz Mirəhmədov, Əziz Şərif, Xəlil
Rza Ulutürk, Məmməd Araz, Anar, Vilayət Quliyev, daha
sonralar, müstəqillik illərində Mənzər Həsənova,
Paşa Əlioğlu, Ramiz Əskər, Nizami Tağısoy,
Arif Əmrahoğlu, Xuraman Hümmətova, Almaz Ülvi,
Eşqanə Babayeva, Fəridə Vəliyeva və başqa tədqiqatçıların
yazdığı məqalələr, toplama-tərtib işləri,
şairin yaradıcılığından edilən tərcümələrlə
bağlı elmi ümumiləşdirmələr
aparılmışdır.
Qabdulla Tukayın vaxtsız vəfatı Azərbaycan
ictimaiyyətini üzmüş, onun ölümünə həsr
edilmiş nekroloqlar mətbuatda çap olunmuşdur. Monoqrafiyada
şairin ölümündən sonra Azərbaycanda onun şəxsiyyətinə,
dərin məzmunlu yaradıcılığına olan
münasibət bütün cəhətləri ilə öz
dolğun əksini tapmışdır.
Monoqrafiyada
ciddi elmi-nəzəri ümumiləşdirmələr,
görkəmli tatar klassiki Qabdulla Tukayın
yaradıcılığına, onun Azərbaycanla əlaqələrin,
orijinal baxışı ifadə etməklə bərabər,
böyük qədirbilənliklə ona qədər həm Azərbaycanda,
həm Tatarıstanda aparılmış tədqiqatlara toxunmaq,
onlara münasibət bildirməklə dolğun mənzərə
yaradılmışdır. Heç şübhəsiz
ki, "Qabdulla Tukay və Azərbaycan" monoqrafiyası
müstəqillik işığında Azərbaycan-tatar elmi əlaqələrinin
yeni inkişaf mərhələsinə yüksəlməsinə
xidmət edən dəyərli elmi əsərdir.
Mehman
HƏSƏNLİ
Ədəbiyyat qəzeti.-
2021.- 19 iyun. S. 28.