Qoca
babam və Füzuli
Ailədə
hamımızın "Qoca Baba"
adlandırdığımız ulu babam Molla Həmzə
müharibədən əvvəl İrəvanın məşhur
Göy məscidində dini təhsil alan
alimlərdən biri idi. Biz uşaq olanda doxsan
yaşındaydı və xəstəliyi səbəbilə məscidə
gedə bilmir, evə gələn insanlarla söhbət edirdi.
Oturduğu yastığın arxasındakı
divarın taxta rəfləri əlyazmalarla dolmuşdu. Bəzi kitablarda miniatürlər də
görmüşdüm. O, vəfat etdikdən sonra kitabların
necə itdiyini anlaya bilmədik.
İbtidai məktəbə getdiyim vaxtlar idi. Məktəbdən sonra
yanına gedəndə Qoca Babam aradabir mənə: "Oradan qara
üzlü qumruyu ver" - dediyində kitabı rəfdən
alıb ona verərdim. Kitabı
götürüb oxuyanda gah gülümsəyir, gah da
ağlayırdı. Bir gün
maraqlandım və kitabda nə yazıldığını
soruşdum. "Bu, Füzulinin kitabıdır, eşqdən
bəhs edir" - dedi. O yaşda nə Füzulini
tanıyırdım, nə də onun eşqini...
İbtidai sinif müəllimimiz dərslərindən
sonra yaxşı əhval-ruhiyyədə olanda bizə bir
neçə şeir oxuyub, "bu şeir Bakinin, bu şeir
Füzulinindır" deyərdi. Dili bizim
üçün çox ağır olan şeirləri
başa düşmür və həzz ala bilmirdik. Bir gün müəllimə Qoca Babamın Füzuliyə
məxsus "Qumru" kitabından danışdım.
Bir az düşündü və
Füzulinin "Qumru" adlı bir kitabı
olmadığını dedi. Mən isə Qoca
Babamın belə bir kitabının olmasına təkid etdim.
Sonra evə gələndə vəziyyəti Qoca Babama dedim. Güldü. "Gəncdir, bilmir" - dedi.
Sonra saçlarımı sığallayıb "yanımda
otur" dedi. Yastığın bir ucunda oturdum.
Gözlərimin içinə baxdı. Gözləri balaca və qara idi. Ancaq diqqətlə baxanda sanki qaranın içərisində
mavi bir işıq var idi. Və o
işıq, nədənsə, insanın ruhunu çəkib
özünə aparırdı. Mavi
işığın məftunu olaraq onun qarşısında
oturdum. Davamlı hərəkət edən
nazik dodaqlarına baxdım. İlk əvvəl
bir sual ilə başladı.
"Qumru quşunu heç eşitmisənmi?" - deyə
soruşdu.
"Eşitmədim"
- dedim.
"Qumrular
göyərçin kimidir", - dedi və davam etdi:
"Qumruların
ağı, mavisi, hətta qəhvəyi rəngdə olanı
var. Bəzən adına kiçik qumru, meşə
qumrusu, ya da gülümsəyən qumru deyərlər. Bəziləri buna "Yusufçuk" da deyirlər.
Bu quşlar çevik quşlardır. Yuvalarına bağlıdırlar, həç nədən
şikayət etmirlər. Və onlar bizim
kimi uzun yaşamırlar. Onların
ömrü yalnız bir ildir. Buna görə
dərhal bir yoldaş taparaq, birlikdə gözəl
övladlar dünyaya gətirirlər.
Bir gün sərv ağacında tək yaşayan bir
qumru sərv ağacına aşiq oldu. Bu sərv
ağacı kiçik bir kənddə dağın kənarına
söykənib parıldayan bulağın yanında idi. Uzun, arıq və çox cazibədar idi. Yayda və qışda yaşıl budaqları ilə
göyə çataraq hamının ona heyranlıqla
baxmasına səbəb olardı.
Budaqları arasında yaşayan qumru onun başına
dörd dönərdi. Yazıq quş bütün günü sərvin
zərif bədənini qucaqlayar, dimdiklərini budaqlarına
sürtər, yarpaqlarının qoxusunu alar və sərv
ağacına öz dilində bir şey söylərdi.
Sərv isə əsən küləkdə yumşaq bir
şəkildə yellənərkən, yanından keçən
sərnişinlərə məhəl qoymadan, həmişə
yaşıl gözləri ilə səmaya baxan və hətta
qumruya əhəmiyyət verməyən kimi səslər
çıxarardı. Qumru sərvin yanında yaşasa da
darıxırdı. Uzun müddət onu
iylədi, qoxusundan doymadı. Kiçik
qanadları ilə sərvi qucaqlayır, istiliyinə
sığınır və yenidən isinə bilmirdi. Sərv ağacına öz dilində "Nədir,
bir dəfə qayıt, mənə bax, gülümsə"
deyirdi, amma sərv ağacı da onu dinləməzdi. Ancaq sərv bir dəfə qumruya baxsaydı,
budaqları oxlara çevrilib qumrunun sinəsinə batardı.
Qumru da bunu bilirdi. Buna
baxmayaraq sərvin ona baxmasını istəyirdi. Sevgi belə qəribə bir şeydir. Qumru nə qədər sızıldasa və sərv
ağacının gövdəsini dimdiyi ilə vursa da, sərv
ağacı heç dönüb ona baxmadı. Qumru eşqini və dərdlərini axan bulağa
izah etməyə başladı. O içindən
yandıqca bulaq da içəridə kədərlənməyə,
qurumağa, azalmağa və sərv ağacının
köklərinə su verməməyə başladı. Qısa müddətdən sonra susuz qalan sərv də
qurumağa başladı. Quru bədəndən cod bədəni
çatladı. Yaşıl budaqları
saraldı və dik başı suya doğru əyilməyə
başladı. İndi sərv ağacı yaşlı
bir adam kimi əyilmiş, ikiqat
bükülmüşdü. Qumrucuk ilk dəfə
sevdiyi sərvin gözlərini o zaman gördü. Sərv ağacı quru budaqları ilə suya
yalvaranda, o vaxt qumrunun üzünə baxdı, ancaq artıq
yaşaya bilmədi və yerə yıxıldı. Qumru sərvinin qurumasına dözə bilmədi və
sərvinin quru budaqlarına özünü vuraraq bu həyatla
vidalaşdı. Ancaq onun bu sevgisi və duası
bütün qumrular arasında dildən dilə, ürəkdən
ürəyə söylənməyə başladı. Və ondan sonra da hər qumru aşiq olduqda sərv və
qumrunun sevgisini xatırlayaraq "hu huh" deyə nalə
çəkməyə başladılar. Qumruların
naləsini yalnız pirlərən əlindən şərab
içən sevənlər və şairlər eşidirdi.
Adı uzaq olan bir ölkədə yaşayan
Füzuli adlı bir şair həmin eşq şərabını
içərkən qumruların "hu" səsini eşitdi
və sərv ilə qumru hekayəsi haqqında şeir
yazmağa başladı. Budur,
"Qumru" kitabımdakı həmin şairin şeirləri".
Qoca Babam
hekayəni danışdıqdan sonra, bu eşq haqqında da
qısa bir şeir oxudu:
Sərvi
dikbaşlıq edər, qumru ona "hu" dedikcə
Gün gələr yerə düşər, yalvarar o
"su" dedikcə.
Qoca Babamdan qumru haqda
lazımi məlumatları aldıqdan sonra ilk fürsətdə
bir uşaq həyəcanı ilə eşitdiklərimi müəllimimə
söylədim və son şeiri Füzulinin şeiri olaraq ona
oxudum. Müəllim məni diqqətlə
dinlədi, sonra bərkdən güldü. O da başqa
bir şeir oxudu:
Serv
serkeşlük kılur kumri niyazından meger
Damenin duta ayağına düşe yalvara su.
Onun oxuduğu şeiri başa düşmədim. Ancaq o,
oxuduğu şeirdən mənə danışmağa
çalışmadı. "Qoca babanın sənə
izah etdiyi Füzuli daha doğrudur" dedi və ilk fürsətdə
gəlib Qoca Babamın əlindən öpdü. O gündən
sonra müəllimim demək olar ki, hər həftə bizə
gəlir və Qoca Babamla Füzuli barədə uzun söhbətlər
edirdi. Bu söhbətlər əsnasında Qoca
Babamın qara örtülü qumrusu kitabı əldən-ələ
gəzirdi. Kitabı onlara verərkən
kitabın üz qabığını əlimlə bir qumrunu
sığallayırmış kimi sığallayırdım.
O anda sanki qumrunun "hu" səsi kitabın içərisindən
qulağıma gəlir və suya meyil edən gözəl sərv
ağacını düşünəndə kədərlənərdim.
İllər keçdi. Qoca Babam bir qış
günü eynən o kiçik qumru kimi vəfat etdi. Dünyasını dəyişəndə ətrafdakılarla
söhbət edirdi. Əslində,
"Yasin"i oxuyan babam İbrahimə zaman- zaman xəbərdarlıq
edir və harada səhv etdiyini söyləyirdi. Sonra dərindən bir ah çəkdi və
dünyadan quş kimi ayrılıb getdi.
Qoca Babamın ölümündən sonra orta məktəbi
bitirdim və Müəllim məktəbini qazandım. Məktəbdə
ədəbiyyat oxuyurdum. Artıq divan ədəbiyyatını
anlamağa başlamışdım. Tətildə
bir gün ibtidai sinif müəllimimlə
görüşdüm. Qoca Babam, kəndimiz və
Füzuli söhbətlərini unutmamışdı.
"Mən
Qoca Babadan Füzuli haqqında çox şey öyrəndim"
- dedi. "Qoca Baba mənə Füzuli şeirlərinin
təsəvvüf dilindəki fəlsəfəsini və həqiqi
mənalarını izah etdi. Əslində, Füzulinin bəzi
qoşmalarını başa düşmədiyimi söyləyəndə
mənə "bunu demə" dedi və şeirləri ilə
bağlı sözlərini xatırlatdı:
"Rütbəm Kərbəla diyarı olduğundan
şeirlərimə çatdıqları yerdə hörmət
edilməlidir.
Mənim şeirim qızıl deyil,
gümüş deyil, inci deyil, qranat deyil, torpaqdır. Ancaq Kərbəla torpaqdır. Şükürlər
olsun ki, Kərbəla torpağının müsəlman
dünyası üçün dəyəri digər ölkələrdən
daha şərəfli olduğu bilinir və hər yerdə
şeirimin səviyyəsini yüksəldən bu mənadır".
Şeiri,
Füzulini və qumruyla sərv ağacının eşqindən
doğulan "hu" səsini ürəyimə əkən
Qoca Babamı xatırlayarkən Ustadın eşqi anladan
şeirini oxumağa məcbur qalıram:
Can verme gam-ı aşka ki aşk
afet-i candur
Aşk
afet-i can olduğı meşhur-ı cihandur
Aşk
içre azab olduğın andan bilürem kim
Her kimse ki aşıkdur işi ahu figandur.
Ger derse
Fuzuli ki güzellerde vefa var
Aldanma ki şa'ir sözi elbette yalandur.
Orxan ARAS
Ədəbiyyat qəzeti.-
2021.- 19 iyun. S. 31.