"Ədəbiyyat
müstəvisində "vicdan" "zövq"ün
sinonimidir"
Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə
və Ədəbi Əlaqələr Mərkəzinin sədri
Səlim Babullaoğlu ilə 2021-ci ilin birinci yarısında Mərkəzin
işi, yarım ilin yekunları barədə
danışdıq.
- Gəlin Bədii Tərcümə və Ədəbi
Əlaqələr Mərkəzinin işindən, cari ilin
birinci yarısındakı fəaliyyətindən
danışaq.
Yarım il necə yadda qaldı?
- Əvvəla ordan başlayım ki, biz Mərkəzin
orqanı olan "Dünya ədəbiyyatı" dərgisinin
2014-cü ildən başlayaraq nəşr siyasətində
elan etdiyimiz kimi bəlli bir yol tutmuşuq. AYB sədri
hörmətli Anar müəllim təklif etmişdi ki, biz dərginin
hər bir sayını bir ölkənin ədəbiyyatına
həsr edək. Biz də bu maraqlı, eyni zamanda çətin
təkliflə razılaşmışdıq, hətta bu
ideyanı inkişaf etdirərək qərara gəlmişdik
ki, hər bir say ya bir xalqın ədəbiyyatına, yaxud bir
janra, hətta ola bilsin ki, dünyaca məşhur
bir ədəbi simaya və ya görkəmli ədiblərin tərcüməçilik
fəaliyyətinə həsr oluna bilər. 2020-ci ilədək
Ukrayna, Rusiya, Oman, İran, İngiltərə, Serbiya, Moldova,
Türkiyə ədəbiyyatları xüsusi sayları, eyni
zamanda "dramaturgiya", "esse", "ədəbi
söhbətlər", "elmi araşdırma"
sayları işıq üzü görmüşdü. Deyim
ki, sadaladığım hər bir say - istər bir ölkənin
ədəbiyyatına, istərsə də bir ədəbi
janra həsr olunmuş olsun, unikal və
yeganə mənbədir. Bizim hər bir sayı əlinə
alan oxucu həmin
ölkə ədəbiyyatının, yaxud bir ədəbi
janrın, hətta yüz ili əhatə edən bir dövrdə
qiymətli nümunələrini oxuya bilər, geniş təsəvvür
əldə edə bilər.
Son say, yəni
2021-ci ildəki ilk buraxılış isə Pakistan ədəbiyyatı
xüsusi sayı oldu ki, bu da zəngin və çoxdilli
Pakistan ədəbiyyatının Azərbaycanda ilk geniş və
sistemli təqdimatı kimi əlamətdar olmaqla yanaşı,
son 30 ildə, xüsusən 44 günlük Vətən
müharibəsi zamanı Azərbaycana, xalqımızın
haqq işinə açıq və davamlı mənəvi-siyasi
dəstək verən, çox cəsarətli, nəcib
mövqe nümayiş etdirən Pakistan dövlətinə və
xalqına kiçik bir təşəkkür ifadəsi, minnətdarlıq
jesti kimi düşünülmüşdü.
Doğrusu, bizim Pakistan ədəbiyyatı çap eləmək
niyyətimiz çoxdan vardı. Mən Pakistanın
nüfuzlu ədəbiyyat və mədəniyyət xadimi Fəxar
Zamanla bir müddət yazışmışdım da. Amma təəssüf ki, bəzi cari problemlər məsələni
lənigidirdi. Nəşriyyat
planımıza əsasən, biz Fransa ədəbiyyatı
sayı hazırlamalı idik. Amma 44 günlük
savaş və savaş müddətində Fransanın
qeyri-obyektiv davranışı bizi öz
planlarımızı dəyişməyə sövq etdi ki,
başqa cür də ola bilməzdi. Dərginin baş redaktoru Seyfəddin Hüseynli də,
mən də qərar verdik ki, fransız ədəbiyyatı
lazım gəlsə sonsuza qədər "gözləyə
bilər". Əvəzində Seyfəddin
Hüseynli öz təklifi ilə Pakistan ədəbiyyatı
ilə bağlı çoxdankı niyyətimizi aktivləşdirdi.
Və elə Fəxar Zamanla
yazışmamızın nəticəsində onun mənə
göndərdiyi böyük Pakistan ədəbiyyatı
antologiyası baza rolunu oynamaqla yola çıxdıq. Həmişə
olduğu kimi, Seyfəddin Hüseynli və komandası
yaxşı bir iş gördü. İndi
oxucular 44 Pakistan müəllifinin əsərini oxuya bilər dərgidən.
Bu sayı hazırlayan zaman biz ən yaxın şəkildə
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər
üzrə direktor müavini, tarix elmləri doktoru, Azərbaycanın
Pakistandakı keçmiş səfiri Eynulla Mədətli ilə,
daimi tərəfdaşımız və xeyirxahımız olan
AMEA Ədəbiyyat İnstitutu və akademik İsa Həbibbəyli
ilə uğurlu əməkdaşlıq etdik.
-
Başqa nəşrlər oldumu? Bir vaxtlar
"Dünya ədəbiyyatı" dərgisinə əlavə
kimi "DƏB" adlı bir kitab seriyası vardı, səhv
etmirəmsə.
-
Doğru deyirsiniz, 2004-2009-cu illərdə biz "DƏB"
seriyasından 18 kitab nəşr etmişdik. Amma
sonra müəyyən səbəblərdən fasilələr
yaranmışdı. Ötən ildən
etibarən biz həmin seriyanı "Yeni DƏB" adı
ilə bərpa etdik. Ötən il araya pandemiya
düşdü, cəmi 1 kitab nəşr edə bildik, professor
Cavanşir Yusiflinin tərcüməsində Maksans Ferminin
"Qar" romanını. Bu il isə 6
kitab nəşr etdik. Builki fəaəliyyətimizi
yeni və məhsuldar yayın evlərimizdən olan
"Mücrü" nəşriyyatı və Müşfiq
Xanla qurduq. Hesab edirəm, yaxşı əməkdaşlıq
oldu. Nobel mükafatçıları Luici Prandello, Tumas
Tranströmer və Luiza Qlükün
hekayə, şeir və xatirələrini, Nizar Qəbbani
və Nikolae Spetarunun şeirlərini, Maqsud İbrahimbəyovun
romanını nəşr etdik. Biz bu nəşrlər
zamanı tanınmış və istedadlı tərcüməçilərimiz
Seyfəddin Hüseynli, Qismət Rüstəmov, Fərid
Hüseyn, Kamil Şərifov, Murad Muradlı ilə əməkdaşlıq
etdik. "Ədəbiyyat qəzeti" bizə ən yaxın
şəkildə informasiya dəstəyi verdi.
Əziz dostum Azər Turana təşəkkür
edirəm. İndi yay mövsümü başlayır deyə,
ola bilsin ki, nəşrlərə 2-3 ay
fasilə verəcəyik. Amma nəşriyyat
planlarımızda yenə bir-birindən maraqlı nəşrlər
var.
- Milli ədəbiyyatımızın
xaricdə təbliği sahəsində yenilik
varmı? Bu da həmişə Mərkəzin
diqqətində olan fəaliyyət istiqaməti olub.
-
Haqlısınız. Belə olub. Və indi də belədir. Hərçənd
ki, ən çətin məsələ də budur. Tərcümə işi ucsuz-bucaqsız və elə
ona görə də ən məsuliyyətli sahədir.
Sən öz ölkənə kimi "gətirəcəksən",
yaxud sən dünyaya öz ölkən adına
kimi "çıxaracaqsan"? Bunlar cavabı
asan olmayan suallardır. Amma hesab edirəm
ki, indiyə qədər biz bu işi vicdanla və zövqlə
görmüşük. Həçənd
hesab edirəm ki, ədəbiyyat müstəvisində
"vicdan" "zövq"ün sinonimidir. Mən indi problemlərdən danışmayım.
Bir-iki nəşri sadalayım. Bu il Ukraynadakı səfirimiz, Xalq
yazıçısı Elmira Axundovanın dəstəyi və
təklifi ilə "Bayraqdar" adlı Azərbaycan nasirlərinin
Qarabağ mövzusunda əsərlərindən ibarət
prozaik antologiya çap edildi. Kiyevdə, Ukrayna
dilində. Biz ən yaxın şəkildə
bu prosesdə iştirak etdik, antologiyanı tərtib etdik.
Burda bizim 9 yazıçımızın - Xalq
yazıçısı Elçin Əfəndiyevin, Məmməd
Orucun, Azər Abdullanın, Vaqif Sultanlının, Elçin
Hüseynbəylinin, Kamran Nəzirlinin, Günel
Anarqızının, Samirə Əşrəfin, Mirmehdi
Ağaoğlunun əsərləri yer aldı.
Yaxud Azərbaycan-Monteneqro Mədəni və İqtisadi
Əlaqələr Mərkəzi ilə, Mərkəzin sədri
Seyran Mirzəzadə ilə birgə əməkdaşlıq
çərçivəsində Monteneqroda
"Çağdaş Azərbaycan ədəbiyyatı"
toplusu işıq üzü gördü. Topluda nəsr bölməsində
Xalq yazıçıları Anar və Çingiz Abdullayevin,
Əyyub Qiyas, Məqsəd Nur, Alpay Azər, İlqar Fəhmi
və Müşfiq Xanın hekayələri, şeir bölməsində
isə Nurəngiz Gün, Vaqif Səmədoğlu, Elxan Zal, Rəşad
Məcid, Qulu Ağsəs, Nigar Həsənzadə, Leyla
Əliyeva, Qismət, Fərid Hüseyn və Şəhriyar
Del Geraninin şeirləri yer aldı.
Biz də,
öz növbəmizdə, "Ulduz" jurnalı ilə əməkdaşlıq
çərçivəsində, təbii ki, yenə də Azərbaycan
- Monteneqro Mədəni və İqtisadi Əlaqələr Mərkəzinin
iştirakı ilə "Ulduz" jurnalında "Monteneqro ədəbiyyatı
xüsusi buraxılışı" hazırladıq.
Buraxılışın şeir bölməsində Slobodan
Vukanoviç, Miraş Martinoviç, Boris Yovanoviç, Bojidar
Proroçiç, Lena Rut Stefanoviç və Tanya Bakiçin
şeirləri, nəsr bölməsində isə Borislav
Çimeşa, Faiz Softiç, Boqiç Rakoviç,
Nataşa Rakoçeviç, Juriç və Blaqoye
Vuyisiçin hekayələri (tərcüməçilər
Elxan Zal, Fərid Hüseyn, Qismət Rüstəmov, Məqsəd
Nur, Alpay Azər, Dürdanə İbrahimova və Nəcibə
Bağırzadədir) dərc edildi.
Artıq
3-cü ildir ki, biz Türkiyədə nəşr edilən
"Təmrin" dərgisi ilə əməkdaşlıq
edir, dərginin Azərbaycanın görkəmli ədiblərinə
həsr edilən "xüsusi sayları"nın
hazırlanmasında iştirak edirik.
İndiyə qədər M.Ə.Sabir, M.Müşfiq,
R.Rza, B.Vahabzadə xüsusi sayları dərc edilib. Nəşrlərin
ərsəyə gəlməsinə, layihənin gerçəkləşməsinə
millət vəkili, doktor Cavanşir Feyziyev dəstək verib.
Bu il də onun dəstəyi ilə daha bir
"xüsusi say" - Mirzə Fətəli Axundov xüsusi
buraxılışı işıq üzü gördü.
Daha bir sayı isə biz özümüz
hazırladıq. Unudulmaz şairəmiz, XX əsrin II
yarısı ədəbiyyatımızın ən
güclü zərif səslərindən olan Nurəngiz
Günə həsr olunmuş xüsusi sayı nəzərdə
tuturam. Bu nəşr də işıq
üzü gördü, çox şükür. Bu sayın hazırlanmasında isə biz şairənin
qızı, millət vəkili, professor Jalə Əliyeva ilə
yaxından əməkdaşlıq etdik.
Ümumiyyətlə, "Təmrin" dərgisinin
xüsusi saylarının hazırlanmasında yaxından əməkdaşlıq
etdiyimiz hörmətli Şərəf Özsoya, tərcüməçi
Ömər Küçükmehmetoğluna minnətdarlıq
etmək istərdim.
Əlbəttə, Mərkəzimizin fəaliyyəti
bununla məhdudlaşmır. Biz onlarca
yazıçımızın əsərlərinin dünya
dillərinə tərcüməsi, eləcə də nəşri
işində məsləhətçi qismində ən
yaxın şəkildə iştirak edirik. İndi adlar sadalamaq istəmirəm. Amma elə
bu il 7 ədibimizlə bağlı fərdi
qaydada bu işləri etmişik. Gücümüz
çatarsa, bundan sonra da edəcəyik.
"Ədəbiyyat
qəzeti"
Səlim Babullaoğlu
Ədəbiyyat qəzeti.-
2021.- 19 iyun. S. 30-31.