Balıq
da bilməsin, Xaliq də!
Günlərin
bir günü bir atlı yolda piyada adam
görür. Piyada çox yorulub əldən
düşübmüş, yeriməyə taqəti yoxmuş.
Atlı atını saxlayır, uzun yola piyada
çıxan yorğun adamı da atının tərkinə
alır, yola davam edir.
Bir az yol gedəndən sonra piyada namərdcəsinə,
gözlənilmədən atın sahibini itələyib atdan
salır, sürətlə irəli çapır.
Yerə
yıxılan at sahibi atının ardınca qaçaraq ucadan
oğrunun dalınca qışqırır:
- Ay əclaf,
madam ki, atı aparırsan, apar, halal eləyirəm. Ancaq nəbada bir adama bu barədə söz edəsən.
Yoxsa bundan sonra heç kim yolda qalan bir
adama kömək etməyəcək!
Bu əhvalatı bilmirəm nənəmdən
eşitmişəm, ya babamdan. Bəlkə də
hardasa oxumuşam, yaxud televiziyadan dinləmişəm. Axır ki, yaddaşımda ilişib qalıb. Tez-tez yada salıram.
Bir neçə gün bundan əvvəl
qaça-qaça bankomatlardan birinə çatmağa
çalışarkən, dikdaban ayaqqabımın bir tayı
ayağımda paralandı. Səhər saat doqquza
işləyirdi, küçə demək olar, bomboş idi.
Evimdən hardasa 8-9 km uzaqlıqdaydım,
çantamda da cəmi 3 manat yolpulu vardı. Bankomata çatıb kartı yoxlayıb texniki səbəblərdən
pul çıxara bilməyəcəyimi öyrənəndə
qanım lap qaraldı. Uşaq məktəbdəydi,
onu atıb gedə bilməzdim. Ancaq məktəbə
qədər yarım kilometr yolu piyada getmək lazım idi.
Bu cırıq ayaqqabıyla nəinki yerimək,
heç addım atmaq mümkün deyildi.
On il əvvəl olsaydı,
ayaqqabılarımı çıxarıb əlimə alar,
mahnı oxuya-oxuya ayaqyalın yola düzələrdim. Ah,
gözəl gənclik!
Bir dəfə Tarqovının ortasında başıma
gəlib. Ayaqqabılarım vururdu, çıxarıb əlimə
aldım, isti daşın üzü ayaqlarımı
yandırmağa başladı, hoppana-hoppana yola düzəldim.
Küçəboyu mağazaların çoxu
bağlı idi. Yeganə açıq ayaqqabı
mağazasına girdim, məlum oldu ki, bu mağazada kartla
alış-veriş etmək mümkünsüzdür. Onda başıma
gələnləri satıcı xanıma danışdım,
dedim ki, mənə bir ayaqqabı ver, ilk bankomatdan pul
çıxaran kimi gətirib verəcəm. Şəxsiyyət
vəsiqəmi də girov götürməsini istədim.
Xanım qətiyyən razılaşmadı.
"Olmaz, birdən vəsiqəniz sizə
lazım olar. Mən sizə inanıram, hansı
ayaqqabını ürəyiniz istəyir seçib
götürün" - dedi.
Bir ayaqqabı seçdim və məktəbə,
uşağın dalınca tələsdim. Hardasa iki saata
yaxın ləngimişdik məktəbdə, bu vaxt ərzində
çox narahat oldum. Birdən xanım gec gəldiyimi
görüb heç geri qayıtmayacağımı, onun
pulunu qaytarmayacağımı düşünər deyə.
Tikan üstündəydim, bir an əvvəl
mağazaya qayıdıb xanımın pulunu ödəmək
istəyirdim. Məktəbdə oğlumun məzun
törəni bitən kimi bankomat axtarıb tapdım, pul
çıxardıb mağazaya tələsdim. Xanım məni görcək çox xoşbəxt
oldu. Hətta Allaha şükür etdi.
Görünür, gecikdiyimi görüb istər-istəməz
narahat olubmuş.
Xanımın yanına tələsərkən yolda
yuxarıda danışdığım əhvalatı
xatırladım. Heç unuda bilmədiyim əhvalatı.
Xanımın pulunu bacardıqca tez
çatdırmaq istəyirdim. O əhvalatdakı
atlının oğruya dediyi sözləri yada salırdım:
məni aldatdığını heç kəsə demə! Birdən daha başqalarına kömək etməzlər.
Xanımın pulunu gecikdirmək olmazdı. O, bir dəqiqə də
olsun, etdiyi yaxşılığa görə peşman
olmamalı, şübhəyə düşməməliydi!
Hələ də təəccüb edirəm, o xanım
məni necə tanıdı? Necə arxayın oldu
ki, mən geri qayıdacam. Bəlkə sadəcə
bəxtini sınadı? Bir dəfə
aldansam, daha heç kimə inanmaram deyə, yoxlamaq istədi bəlkə?
Bəlkə sadəcə yaxşılıq etməkdən həzz
alan biriydi? Hələ də
insanlara, yaxşılığa olan inamını itirməyən,
qoruyub saxlayan biri? Kaş o, heç vaxt inamını
itirməyəydi! Həmişə belə inana biləydi,
güvənə biləydi insanlara! Bəlkə
də hardasa insanlar var, onların inamlarından sui-istifadə
olunsa belə, yaxşılıq etməkdən, güvənməkdən,
inanmaqdan vaz keçmirlər. Bilmirəm, bəlkə
də xanım o nadir insanlardan idi. Bir
çoxlarının avam, mənim saf, təmiz dediyim
insanlardan.
Hərə
bir səbəbdən yaxşılıq etməyə can
atır. Kimi fikirləşir ki, bununla
günahları təmizlənir. Kimsə
onun da qarşısına yaxşılıq
çıxsın deyə, yaxşılıq etməkçün
əlindən gələni edir. Başqa
biri "Yaxşılığı at dəryaya, balıq bilməsə
də, Xaliq bilir" deyir.
Bir
başqası da deyir ki, balıq da bilməsə olar, Xaliq də
bilməsə! Əsas odur ki, mən özüm
bilirəm və bu məni xoşbəxt edir.
Son günlər sosial şəbəkələrdə
kitab oğurluğu gündəm oldu. Təfərrüatına
varmaq istəmirəm, məsələni çoxunuz bilirsiniz.
Bununla bağlı demək olar, hər kəs
fikir səsləndirdi. Məlum oldu ki, çox adam ömründə bir dəfə də olsun
kimdənsə kitab alıb oxuyub, geri qaytarmayıb.
Sosial
şəbəkədə gedən söhbətlərdən
belə anlaşıldı ki, əvvəllər dəfələrlə
aldadıldığına görə daha heç kim başqasıyla kitab bölüşmür.
Halbuki çörəyi paylaşmaq qədər
vacibdir kitabı paylaşmaq da.
Kitabların çox baha satıldığı,
kitabxanalarda tapılmadığı bu dövrdə onları
bir-birimizlə paylaşsaq, böyük yaxşılıq
etmiş olarıq dostlarımıza. Görəsən,
itirdiyimiz inamı necə qaytara bilərik?
Atlı ilə piyadanın əhvalatından nəticə
çıxarsaq, doğru olmağı həm də ona görə
istəməliyik ki, insanlar bir-birindən şübhə etməyə
başlamasın. İçi yaxşılıq,
xeyirxahlıq dolu əhvalatları daha çox
danışmalıyıq. İnsanlar təzədən
yaxşılığa, düzlüyə, xeyirxahlığa
inansınlar. Yaxşılıq etməkdən
çəkinməsinlər. Bir-birlərinə
inana bilsinlər. Yolda qalanlara yardım etməkdən,
darda qalanlara əl uzatmaqdan çəkinməsinlər.
Təəssüflər olsun ki, bu gün bir çox mərhəmətli
adam yaxşılıq etməkdən ona
görə çəkinir ki, öz başını bəlaya
salmasın, vicdanı sızıldaya-sızıldaya, ürəyinə
daş basa-basa hər gün bir az daha biganələşir. Onları qınaya bilmirəm. Mən
özüm də bir çox hallarda çəkinirəm,
çünki. Biz kömək etmək istədiyi
halda, özü bəlaya düçar olan, hiyləylə
aldadılan nə qədər insan haqqında əhvalatlar
eşitmişik. Cəmiyyətimiz nə
zaman, niyə bu hala qaldı? Biz niyə bu vəziyyətə
düşdük, oturub düşünməliyik!
Sevinc ELSEVƏR
Ədəbiyyat qəzeti.-
2021.- 19 iyun. S. 32.