Hörmətli Qərib Mehdi!
Sizi, ədəbiyyatımızda
şair, nasir, publisist, dramaturq kimi öz yeri
olan görkəmli sənətkarımızı 85 illiyiniz münasibətilə
ürəkdən təbrik
edirəm. Nizaminin, Məhsətinin, Vazehin vətəni qədim Gəncə bir çox görkəmli qələm sahiblərini yetişdirmişdir. Siz də
Gəncə ədəbi
mühitinin püxtələşdirdiyi
dəyərli yazıçılarımızdansınız.
Eyni zamanda Siz özünüz
də bir sıra layiqli ədəbiyyat fədailərini
yetişdirmisiniz. Qəşəm
Nəcəfzadə, Sərvaz
Hüseynoğlu, Musa Urud,
Elçin İsgəndərzadə,
Xəzangül xanım,
mərhum Mahir Rəfizadə sizin xeyirxah müəllim münasibətinizi minnətdarlıqla
xatırlayırdılar.
İllər uzunu Yazıçılar Birliyinə və şəxsən mənə
qarşı davam edən şər və böhtan kampaniyasına dözməyərək
etiraz səsinizi qaldırmanızı da unutmuram. "Ədəbiyyat qəzeti" redaksiyasına
göndərdiyiniz "Bu dəfə
dözəmmədim" başlıqlı
məktubda mənim barəmdə yazdığınız
xoş sözləri gətirməyəcəm. Bu
dartışmalardan çıxardığınız
nəticə belə idi ki, "dəniz
üzməyi bilənlərlə
asan dil tapır. Vay o günə ki bunun tərsi ola. Bəzən üzməyi
bacarmayan, rəqib qismində özünü
atır dənizə.
Onunla çarpışmaq iddiasına
düşür. Təbii ki,
zavallı naşı
üzgüçü tezliklə
dənizin dərinliyinə
təslim olmaq məcburiyyətində qalır".
Bu məktubu yazdığınız
gündən on beş il keçsə də dəniz yenə həmin dənizdir. Üzgüçülər də - naşısı
da, peşəkarı
da yenə var.
Əlbəttə, bu yubiley günləri
giley-güzar məqamı
deyil. Gec-tez haqq öz yerini tapır.
On beş il
bundan qabaq 70 illiyiniz münasibətilə
Sizi təbrik etmişdim. Həmin mətndən yalnız son
cümləni təkrar
etmək istərdim:
"Hörmətli Qərib
müəllim! Bu yubiley
gününüzdə, ömrünüzün
müdriklik, sənətinizin
püxtələşmiş çağında Sizə
cansağlığı, üzün
ömür, yeni-yeni yaradıcılıq uğurları
diləyirəm".
İndi
85 illiyinizi qeyd edərkən arzu edirəm ki, ən azı on-on beş il
də Sizi beləcə səmimi sözlərlə təbrik
edim. Görürsünüz ki, bu istəklə yalnız Sizə yox, özümə də bu illəri yaşamağı arzu edirəm. Allah eləsin!
Yazıçılar Birliyinin fəxri diplomu Sizə olan hörmətimizin və rəğbətimizin
kiçik bir bəliridir.
Təbriklər.
23 iyun 2021
Anar
Ədəbiyyat qəzeti.-
2021.- 26 iyun. S. 2.