Cücərən
ümidlər
Palıd möhkəmlik, bərklik, mətinlik, əzəmətlilik
simvoludur. Elə bizim gerbimizdə də bu bərklik, möhkəmlik
simvolu öz əksini tapmışdır. Uşaq olarkən
cüssəli, boy-buxunlu adamlar haqqında nənə-babalarımızdan
eşitdiyimiz "palıd gövdəli adamdır" ifadəsini
o zamanlar tam mənası ilə dərk etməsək də,
cüssəli adam olduğuna ehyam edildiyini
bilirdik. Rəmzi dəyərli olduğu kimi,
mahiyyət etibarilə də qiymətli ağacdır
palıd.
Üç
il əvvəl ta uşaqlıqdan bu günə qədər mənim
üçün xətri əziz olan, həmişə
özümə böyük qardaş bildiyim, bu gün belə
məndən böyük kimi yolunu saxladığım
qonşu sözünü mənim üçün həmişəlik
əziz edən həmkəndlim, qonşum Ədil Alıyev mənə
zəng edərək bizim həyətimizdəki
qollu-budaqlı palıd ağacı haqqında bir şeir
yazmağı xahiş etmişdi. Doğrusu, tam
səmimi olaraq etiraf edim ki, məndən kimsə hansısa bir
yazı yazmağı istəsə, o yazını yaza bilmirəm,
amma... bu mövzu mənim təkcə cismimi, qəlbimi deyil,
ruhumu da yerindən oyatdı. Telefonda
sağollaşan kimi yazdım. Doğrudur,
o şeir mənim ilk qələm təcrübələrimdən
idi. Ancaq mənim ən sevdiyim şeir də
məhz elə o şeirdir.
Bizim kəndimiz rayonumuzun ən ucqar kəndlərindən
biri idi. Kəndimiz mənfur düşmənlərimizlə
çox yaxın məsafədə yerləşirdi. Dağlıq və münbit ərazidə yer tutan bu
kənddə hər fəslin öz gözəlliyi vardı.
Bu kəndin sakinləri də suyu, havası,
torpağı kimi saf idilər. Həyat bu ucqar dağ kəndində
nə qədər gözəl imiş, İlahi...
Bizim həyətyanı sahəmiz digər
qonşularımızla müqayisədə o qədər də
böyük deyildi. Ancaq bizim həyətimizdə bir ağac
vardı ki, kənddə heç kimin həyətində o
yaşda, o möhtəşəmlikdə, o irilikdə və o
ağac kimi əzəmətli ağac yox idi. Ağlım kəsəndən o ağacı
görmüşdüm. Atam da, əmilərim
də, babam da, babamın atası da o ağacı
görmüşdü. Neçə-neçə
insan yola salmışdı qoca palıd.
Mənim uşaqlığımın həmdəmi olan
qoca palıd, uca palıd... yadımdadır... gizlənqaç
oynayanda o möhtəşəm ağacın ardına
sığınardıq. Gündüzləri bizi hifz edərdi qoca
palıd. Hərdən budaqlarından
sallanan tırtıllar boyun-boğazımızı dalasa da biz
ondan əl çəkməzdik. Qozalarını
yığıb heyvanlarımıza yedirdərdik. Hətta
lap kiçik yaşlarımızda onun yaşıl,
yağlı qozaları bizim oyuncağımıza çevrilərdi.
Yay günlərində torpaqdan
çıxmış yoğun köklərinə axşamlar
inəklərimizi, buzovlarımızı bağlayardıq.
Qoca palıd evimizin, həyət-bacamızın
orientiri idi. Nə olsa hamı ya palıdın
yanını, ya da həndəvərini nişan
verərdi. O palıd mənim hafizəmdə həmişə
elə ordadır. Yeri dəyişilməyib.
Üç il əvvəl
yazdığım şeirdə ürəyimdən keçən
arzuları kövrək misralara
köçürmüşdüm. İnsan
ümidini heç zaman üzmür. Hər
zaman ümiddən söz açılanda yadıma qədim
Yunan mifologiyasından bir əsatir düşür. Orda qeyd olunur ki, Yer üzündə bütün
cismani və mücərrəd varlıqlar müxtəlif
küplərə doldurulur. Lakin qəflətən
qasırğa baş verir və bütün küplər
dağılır. Küplərlə
birlikdə içindəkilər də məhv olur. Qırıq bir küpün içində yalnız
ümid sağ qalır. Ümidini üzən
insan sonunu yaşayır demək. Mən o
şeirdə köhnə xatirələrimi və gələcək
arzularımı qısa şəkildə yazmışdım.
Nagahani olaraq ürəyimdə yaxın zamanda
mütləq o yerlərə dönəcəyimizə inam
artmışdı. İnam insan
övladının ən kəskin və ən güclü
silahıdır. O şeirin sonunda başda Ədil
qardaş olmaqla bütün dostlarla birlikdə qoca
palıdın kölgəsində çay süfrəsində
əyləşməyi arzulamışdım. Niyyət
hara, mənzil ora məsəli var. Məhz həmin gün mən
o yerlərə böyük qayıdışa niyyətlənmişdim.
Qələm əhlinin ruhu da, istəkləri də,
arzuları da, duyumu da fərqli olur... Rəşadətli
Azərbaycan Ordusu tərəfindən rayonumuzun düşmən
tapdağından azad olunması xəbərinin bəyan edilməsi
elə o an məni 27 illik həsrətin sonuna aparmış
oldu. Mən qoca palıdın budaqları altında
idim...
Qış gecələri uzun olur. Pandemiyanın
tüğyan etdiyi uzun qış günlərində evdə
qaldığımız zamanlar idi. Sosial
şəbəkələrdə və youtube portalında Vətən
müharibəsi qəhrəmanlarımız haqqında
hazırlanmış videolara baxırdım. Baxdıqca da əməlləri, şücaətləri,
qazilikləri və şəhadətləri ilə hər kəsin
qəlbində yer tutmuş igidlərimizlə qürur hissi
duyurdum. Təəssüf ki, mən
döyüşlərdə iştirak edə bilməmişdim.
Telefondan ayrılıb sükunəti dinləyərək
gözlərimi tavana zilləmişdim. Sanki
hansısa bir xəbər gözləyirdim. Fikrə getmişdim. Telefon səsi
məni düşüncələrimdən ayırdı.
Votsapp mesengerə ard-arda gələn çoxlu
mesajlar vardı. Mesajlar zabit dostumdan gəlmişdi.
Böyük əksəriyyəti videolar idi.
Özümdən asılı olmayaraq hələ
yüklənməyən görüntülərin o yerlərdən
olduğu qənaətinə gəldim. İnternet
zəif idi. Ya da nəsə başqa problem
vardı. Səbrim kəsilmişdi. İlk video yüklənən kimi barmağım
telefonun ekranına toxundu. Gördüyüm
mənzərədən dəhşətə gəlmişdim.
İlahi... elə bil burda insan
yaşamamışdı. Sanki yüz illərin
xarabalıqları idi buralar. Ağappaq qara
bürünmüş yerlərdə təkəm-seyrək
yoxa çıxmaqda olan evlərin, yaxud da hansısa tikililərin
qaralmış, insan əməllərindən utanmış, məyus
daşları görünürdü. Daşın da qəlbi
var. Mərhum Xalq şairi Xəlil Rza Ulutürkün məşhur
şeirində deyildiyi kimi:
Bu dünyada otun, suyun,
torpağın
da yaddaşı var.
Sındırılmış
bir budağın,
söndürülmüş ocağın da yaddaşı var.
Ələk-vələk,
darmadağın
otağın
da yaddaşı var.
Düşmən nə qədər talasa da, alt-üst
etsə də, daşın-torpağın hafizəsini poza bilməzdi.
Ədilgilin səkkizotaqlı ikimərtəbəli
möhtəşəm evlərinin yerində miskin xarabalıq
vardı.
Gözlərimdən süzülüb səssizcə
üzümü yandıra-yandıra axan göz
yaşlarına hakim ola bilmirdim. Bura, yəni
bu viranə kənd bir zamanlar o qədər gözəl idi
ki... Mənim üçün dünyanın ən
gözəl mənzərəsi idi bu kəndin füsunkar mənzərəsi.
Evimizin yerində kiçik bir divar
qalmışdı. Həyət-bacamızdakı
ağaclardan əsər-əlamət yox idi. O qədər
yoxa çıxan sərvətin içərisində məni
ən çox yandıran palıd idi. İkiəsrlik qoca
palıd edam olunmuşdu. Amansız
cəlladlar əsrlərin yadigarına rəhm etmədən,
onun mənəvi dəyərinə qiymət vermədən məhv
etmişdilər. Belə vəhşiliyi
ancaq erməni vandalları edə bilərdilər. Zabit dostum mənim hafizəmdə dərin iz
qoymuş adı var özü yox palıdın yerini bir
neçə dəfə çəkmişdi. Ürəyim sıxılırdı. Sanki kəsilən qollu-budaqlı, əzəmətli
palıd deyildi. Elə bil mənim
başımı kəsmişdilər. I?nanmayacaqsınız,
amma mən kəsilən möhtəşəm, iki yüz
yaşlı nəhəng palıdın gövdəsindən
axan qana qarışmış göz yaşları
görürdüm. Çox gec olmasına
baxmayaraq valideynlərimlə əlaqə saxladım. Mənə verilən ilk sual ürəyimi
sızlatdı. Hər ikisi eyni anda soruşdular: -
palıd yerindədir?
Anamın ağladığını aşkar
eşidirdim. Atam isə səssiz göz yaşı
axıtmışdı. O palıdla bağlı
hamımızın şirin xatirələri vardı...
İlahi, nizamla tarazlanmış hər şey gözəldir. Elə fəsillər
kimi. Hər bir fəslin öz gözəlliyi
var. Bahar isə tamam fərqlidir. Bahar
insanın ruhunu yeniləyir, könlünü oxşayır.
Bahar insana yeni nəfəs, yeni həvəs bəxş
edir. Gözəl bir yaz günü idi.
Nazlana-nazlana boylanan günəş öz
qızılı şüalarını pəncərədən
içəri salmışdı. Eyvana
çıxıb çiçək ətri, ləçək
ətri və ağac qoxusu hopmuş havanı ciyərlərimə
çəkdim. Yuxudan gümrah
oyanmışdım. Yadımda qalmasa da
gözəl bir yuxu gördüyümü bilirdim. Bu səhər qəlbim fərəhli idi. Az sonra evdən çıxdım. Telefonda interneti aktiv edən kimi mesajlar gəlməyə
başladı. Yenə zabit dostum idi.
Cəld şəklə toxundum və o an... bəlkə
də sizlərə qəribə gələr, amma... Nə deyəcəyimi, nə edəcəyimi
bilmirdim. Elə bil mənə bu dünyada
ən qiymətli bir hədiyyə
bağışlamışdılar. Zəng
edib zabit dostuma təşəkkürümü bildirdim. Qoca palıdın yerindən təxminən iki metr
aralıda olduqca kiçik, nazik bir palıd şivi boy
atmışdı. Bu palıd şivi qoca
palıdın nəsil davamçısı idi. Bu balaca pöhrə mənim və ailəmizin
cücərən ümidləri idi.
Fərid MURADZADƏ
Ədəbiyyat qəzeti.-
2021.- 26 iyun. S. 9.