HƏYAT VƏ TALE

 

"Vəziyyət ruscadır"

 

"Ürəyim dözmür"... Bu ifadəyə baxa-baxa qalmışam. Qeyd dəftərimdə araşdırdığım mövzu ətrafında tezislərimi yazıram. Vasili Qrossmanın həyatını, taleyini, "Həyat və tale" əsərini oxuduqca ürəyim yerindən çıxır, özümə yer tapmıram, yüz duyğu bir-birinə güc gəlir. İnsan acıları, insan fədakarlığı, sadə adamların yaşantıları, siyasətin amansızlığı, totalitar rejimin qəddar üzü, günahsızların çəkdiyi zülümlər, müharibənin dəhşətləri - bütün bunlar bir ordunun, ya da bütöv xalqın, bəlkə bəşəriyyətin darta bilməyəcəyi qədər ağırdı... Axı yazıçı öz ömrünə, şəxsi duyğularına, əsərlərinə bunları yerləşdirməyi necə bacarıb?! Özümü qınayıram, dünyanın gəlib çatdığı məqam yazıçı missiyasını tam, hərtərəfli  dərk etməyə imkan vermir. Yazıçılıq, şairlik sevgiliyə göndərilən sms qədər adiləşib bu zamanədə, heyif. Bir vaxt bunları yazmaqda tərəddüd edərdim. "Hərşeyşünaslar"  məqalə içində şəxsi hisslərindən danışmağı səslərinin qalın yerinə salıb yamanlayardılar. Müəllif - ağladım, kövrəldim, təsirləndim, düşündüm, güldüm, dəyişdim, böyüdüm, yetişdim - kimi xəbərləri verməli deyilmiş... İnformasiyanı robot kimi ötürmək, ya da yazıda termin tıxacı yaratmaq daha ağıllı görünürmüş. Görünsün ey, amma Qrossmanı və onun taleyini, əsərlərini sakit oxumaq olmursa, qupquru təhlil etmək də alınmaz axı. Qanımın arasına Lev Anninski girir. Rus ədəbiyyatının avtoritet araşdırmaçısı əksər təhlillərində sadə oxucu reaksiyalarını da bölüşür. Misal üçün, deyir ki, A.Soljenitsının "İvan Denisoviçin bir günü" əsərini oxumağa gücü çatmırmış... O vaxtlar yazıçının soyadını, ya da povestin  adını yadında saxlaya bilməyənlər köşklərə yanaşıb - o həqiqətlərin yazıldığı əsərin çıxdığı jurnal nömrəsi varmı?! - deyə soruşurmuşlar. Dövrün oxucusunu dəhşətə gətirən də həqiqətin bu üzü idi; İvan Denisoviçin yaşantıları uydurma deyil və bunların üstündən uzun zaman keçməyib, hansısa ayrı-ayrı məqamları canı-qanı ilə  yaşamış adamlar, ya da onların doğmaları çox da uzağa getməyiblər... Lev Anninskinin elə o zamanlar əsəri oxuyarkən keçirdiyi həyəcan təbii idi. Sonralar Vasili Qrossmanın "Həyat və tale" əsərini də eyni həyəcanla oxuyub dünya klassikası nümunəsi kimi dəyərləndirmişdi, Tolstoyun "Hərb və Sülh"ünün xələfi adlandırmışdı. Vallah, niyyətim "ürəyim dözmür" ifadəsinin bəraətini axtarıb tapmaq deyil. Qrossmanın taleyinin də, əsərlərinin də fonunda çoxları zəifləyir, söz də, təhlillər də, tənqid də acizləşir sanki...

 

Belə başa düşürəm ki, ziyalı ailədə doğulan, gözəl təhsil alan, mühəndis karyerasına uğurla davam edən Vasili Semyonoviçi Maksim Qorki işə salıb.  Çünki 30-cu illərdə belə bir absurd şüar vardı: "Əmək qabaqcılları - ədəbiyyata!". Yəni sən yaxşı dəmirçi, planı vaxtında dolduran pambıqçı, ya da fəhləsənsə, gərək sənətlə də məşğul olasan, xoşbəxtliyini (xoşbəxtlik ha!) yazıb, bölüşəsən. Həm də bu ideyanın təbliği üçün sadə peşə-sənət adamlarının yazdıqları, redaksiyalara təqdim etdiyi cızma-qaralar sorğu-sualsız çapa gedirdi. Düzdü, V.Qrossmanın vəziyyəti başqa idi, ədəbiyyat sevgisi, yazmaq arzusu ona rahatlıq vermirdi. Ancaq hər halda ilk hekayəsi - "Berdiçev şəhərində" "Ədəbiyyat qəzeti"ndə işıq üzü görən kimi Qorki onu yanına çağırıb mühəndisliyin başını buraxmağı, sənətlə məşğul olmağı tövsiyə edir. Axı bundan uğurlu tapıntı; əmək qabaqcılları arasında belə istedadlı yazıçının yetişməsi nadir hadisə idi, Qorki də bu fürsəti əldən buraxa  bilməzdi. Mən Maksim Qorkinin yeni qələm sahibinə həqiqi inamını, onun əsərindən heyrətlənməsini heç bir şəkildə istisna etmirəm. Sadəcə, Vasili Qrossmanın həyatını, bioqrafiyasını bir bədii əsər, süjet, ssenari kimi qəbul etsək, yazıçılığın ona xoşbəxtlik gətirmədiyini, başının necə bəlalar çəkdiyini görərik. Bir yandan yəhudiliyi, digər tərəfdən də həqiqətpərəstliyi, müharibədə şəxsən iştirak edib, müşahidə etdiyi və yaşadığı dəhşətləri qorxmadan qələmə alması... Bütün bunlar istedadlı bir insanın ömrünü də, yazdıqlarını da qəmli və qorxulu əfsanəyə, nağıla çevirib. Və bu qorxulu əhvalatın yazıçının ömrünə aid ən təsirli məqamı müharibədir, yaradıcılığında isə yenə də müharibənin əksi olan "Həyat və tale" əsəridir.

 

"Həyat və tale" əsərinə qədər Qrossman müəyyən bir yaradıcılıq yolu keçmişdi. Müharibədə iştirak edib ən qaynar nöqtələrin canlı şahidi olan yazıçı daha əvvəl "Treblinka cəhənnəmi", "Haqq işi uğrunda" kimi əsərlərini elə bu yolun dayanacaqları kimi qələmə almışdı. "Treblinka..." Holokost haqqında yazılmış ilk Sovet əsəri idi. Yazıçı eyniadlı düşərgəyə, yəhudi gettosuna gedib iştirakçıları, hansısa möcüzə ilə sağ qalanları, hətta əsir götürülmüş faşistləri dindirir. Və dəhşətli olan budur ki, həmin vaxtda doğulduğu, anasının yaşadığı Berdiçev almanların əlində imiş, orda getto yaradılıbmış... Uzun zaman anasından məktub almayan oğul üçün ən çox qadınlara verilən işgəncələr maraqlı idi. Bütün mümkün vasitələrlə ən incə detalları öyrənirdi. Anası son məktubunun axırında - "Əbədi yaşa" - demişdisə, bu şəraitdə əbədiyyət qazanmağın başqa yolu yox idi. Sonralar anasının güllələndiyini öyrənsə də, həm də nasistlərin verdiyi işgəncələri, yəhudilərlə davranışını dəqiq bilə-bilə yenə yazmaq lazım idi... Ən azı əbədi yaşamaqdan ötrü. Həm də necə yazmaq...

 

Stalinin ən sevmədiyi, hətta zəhləsi gedən yazıçı idi V.Qrossman. Bir yandan atasının menşevik keçmişini, yəhudiliyini, həm də ürəyi istədiyini yazmağını bağışlaya bilmirdi ona. Hətta yuxarıların, "ədəbiyyat komissarlarının" tövsiyəsi ilə "Haqq işi uğrunda" romanına yazıçı Stalin haqda bölüm də əlavə etmişdi. Söz ustaları bölümün könülsüz yazıldığını hiss edib çıxarmışdılar əsərdən, amma Tvardovskinin sayəsində roman "Novıy mir"də çap olunmuşdu. Sonralar Yazıçılar İttifaqında əsərin məhkəməsi qurulmuş, müəllif olmazın ittihamların ünvanına çevrilmişdi. Stalin mükafatı siyahısından adının çıxarılması işin ən yüngül tərəfi idi... Əslində isə "Həyat və tale" əsərinin aqibətini düşünəndə bütün buna qədər yaşananlar sadə, adi görünür... Bu əsər Stalinqrad döyüşü haqqında dastan kimi dəyərləndirilir. Sovet ədəbiyyatında ilk dəfə məhz Qrossman nasizimlə bolşevizm arasındakı oxşarlıqlardan bəhs edir və totalitar bir rejim qarşısında insanlığı qorumağın, sınmamağın yollarını axtarırdı.

 

"Həyat və tale" Stalinqrad döyüşü (1942-1943) və müharibənin bir ailənin (Şapoşnikov-Strumov) həyatına təsiri üzərində qurulub, lakin yüzlərlə obrazı, süjet toqquşmalarını, məkanları əhatə edir. Hadisələr Berdiçev gettosundan NKVD-nin işgəncə otaqlarına, nasist düşərgəsindən Sovet ittifaqına, Moskvadakı gizli fizika laboratoriyasından ən arxa cəbhəyə köçürülür. Elə bu priyomu ilə də roman Tolstoyun "Hərb və Sülh"ünün davamı kimi qavranır, ancaq Qrossman məhz XX əsrə aid xarakterik məqamları önə çəkir. Ən xarakterik məqam isə o idi ki, adi,  iddiasız, maneəsiz adam, sadəcə, hansısa millətin nümayəndəsi olduğu üçün günahkar sayılırdı. Tezisi təsdiq etmək üçün Pantürkizm damğası ilə sonsuz sayda insanın qurban getdiyini, faciələr yaşadığını yada salmaq yetər. Amma əlbəttə, XX əsrin kəmiyyət, miqyas və ağırlıq etibarilə ən böyük dəhşətini yaşayanlar məhz yəhudilərdi. Holokostu hər yandan araşdırıb bu böyük nifrətin, antisemitizmin səbəblərini tapmaq olmur. Hitlerin anasını ölümcül xəstəlikdən sağalda bilməyən həkimin yəhudi olması, ya da Stalini yəhudi qızının aşağılaması kimi nağıl-cavablar inandırıcı deyil. Bəlkə ən doğru cavabı Çörçil verib, o deyib ki, İngiltərədə antisemitizm ola bilməz, ona görə ki, ingilislər özlərini yəhudilərdən ağılsız saymırlar.

 

Müharibəni, yəhudi düşərgələrində yaşananları qələmə alan Qrossman yüz yerdən izlənirdi. İllər boyu əsərin üzərində işlədiyi müddətdə ən yaxın dostları bu işin yaxşı yerə aparıb çıxarmayacağını deyirdilər. Lakin həqiqəti yazmaq arzusu ayrı cür davranmağa yol qoymurdu. Həm də "Haqq işi uğrunda"ya hücumlardan sonra Tvardovski ilə münasibəti pozulduğu üçün yazıçı yeni romanını "Znamya" (redaktoru Vadim Kojevnikov) dərgisinə təqdim etmişdi. Ordan isə çox sürətlə əsərin əlyazması KQB-yə göndərilmiş, antisovet mətn haqqında məlumat verilmişdi. Nəticədə 1961-ci ildə "Həyat və tale" ilk repressiya yaşayan əsər oldu. Buna qədər (elə bundan sonra da) belə bir təcrübə yox idi, müəllifə toxunmadan əsərinin müsadirə edilməsi, əlyazmalarının həbsə atılması olmamışdı. Amma Qrossman bir gecədə bu dəhşəti yaşayır, ən son kağız parçasına, qeydə qədər hər şey "gecə qonaqları" tərəfindən aparılır.

 

"Kitabımı azadlığa buraxmanızı xahiş edirəm. Əlyazmamla bağlı redaktorlar danışsın mənimlə, Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları yox", - deyə yazmışdı Qrossman Xruşşova. "Əsərim həbsdədirsə, mənim azad gəzməyimin mənası yoxdu" -  deyirdi... Amma bununla belə "Hər şey axır" adlı yeni povest  üzərində işləyirdi. Xruşşovun tapşırığı ilə Suslovla görüşdən sonra ümidini tam itirmişdi - "Bu əsər bəlkə 200 ildən sonra çap oluna bilər" - kimi kinayəli sözləri eşidəndən sonra gündəliyində qeyd etmişdi - "Başa düşdüm ki, ölmüşəm...". Bu mənəvi məhvdən sonra yazıçı 3 il xəstəliklərlə, xərçənglə mübarizə aparıb dünyasını dəyişir...  

 

Əlyazmanın cəmisi iki nüsxəsi Qrossmanın dostlarının sayəsində qorunur. Dostu V.Lobodanın ailəsi bu əsərin gizləndiyi qovluqları döşəmənin altında, xüsusi nəmkeçirməz paketlərdə saxlayırlar. Hətta ailənin kişisi dünyasını dəyişəndən sonra belə qadın illərlə şəraitsizlikdə yaşayır, əlyazmanın aşkar ediləcəyindən  qorxaraq evini dəyişmir. Demək ki, ən dəhşətli, çıxılmaz durumlarda, ən qorxulu şəraitlərdə belə insanlığın qorunması mümkün imiş... Elə Qrossmanın da romanının əsas ideyası bu deyildimi?!

 

İnna Lisyanskaya, Vladimir Voynoviç, Andrey Saxarov və başqalarının səyi ilə şair Semyon Lipkində qalan nüsxə 70-lərin sonunda Avropaya göndərilir və ilk dəfə 1980-ci ildə İsveçrədə "L'Age Homme" nəşriyyatında nəşr olunur. Lakin Soljenitsın bu mövzuda Qərbi kifayət qədər "doydurduğu" üçün əsərə böyük reaksiyalar bir qədər sonralar başlayır. Hətta Qrossmanın hadisələri Soljenitsından daha bədii, daha təsirli yazdığını deyən tənqidçilər də kifayət qədər idi. SSRİ-də isə əsər yalnız 1988-ci ildə "Oktyabr" jurnalında işıq üzü görür.

 

İndi romanı oxuduqca burda nasistlərlə müqayisə edilən bolşeviklər haqqında fikirlərlə qarşılaşdıqca o dövrdə bu aqibətin gözlənilən olduğunu başa düşürəm. Hər halda, Çaplinin "Böyük diktator" filmi Hitler haqqında olsa belə, Sovetlərdə qadağan edilmişdisə, bolşeviklər özləri də bu bənzərliklərdən hali idilər. Ancaq Dünya müharibəsində qalib imperiyanın sözdən bu cür qorxması maraqlı məqamdı. Bu qorxunun şiddətlənməsi isə "Doktor Jivaqo"dan başlayırdı. Pasternakdan növbəti yazıda...

 

PƏRVİN

Ədəbiyyat qəzeti.- 2021.- 26 iyun. S. 11.