Oyanmış
ruhun özünüdərki
Əsəd
Cahangirin 55 illiyinə
Müstəqillik
dövrü ədəbiyyatımızın görkəmli
simalarlından biri, bu günlərdə 55 yaşını
qeyd edən Əsəd Cahangiri otuz-otuz beş
il əvvəl universitetin filologiya fakültəsindən
tanıyıram. Onda mən özüm də hələ gənc
idim, universitetdə müəllimlik elədiyim bir neçə
il idi. Elmi konfranslar, klassiklərin
yubileyləri, şair-yazıçılarla görüşlərdə
fəal iştirak edən Əsəd istər təhsildə,
istərsə də ictimai işlərdə tələbələr
arasında xüsusi nəzərə çarpırdı.
Savadı, çalışqanlığı, hətta
görkəmiylə də çoxluqdan seçilən bu gənc
sözün həqiqi mənasında fakültənin
gözüydü. Onun M.F.Axundov və M.Müşfiqin
yubileyləri, Qabil, T.Bayram, N.Kəsəmənli
və digər şairlərlə görüşlərdə
çıxışları, xüsusən də, Nizaminin 850
illiyi münasibətilə universitetin böyük akt
zalında nümayiş etdirilən və böyük maraq
doğuran tamaşası hələ də yadımdadır. Bu çalışqanlığını, elmi
potensialını nəzərə alıb, onu Fakültə
Elmi Şurasına üzv seçmişdik. Axırıncı kurslarda Elmi Şuranın qərarı
ilə ona Nizami Gəncəvi təqaüdü də verildi.
Bu o demək idi ki, Əsəd həmin dövrdə
fakültənin ən nüfuzlu tələbəsiydi.
...Yadımdadır
ki, bir dəfə onların kursunda intibah estetikasından
mühazirə oxuyurdum. İntibah şairinin gözəllik
anlayışına örnək kimi Vaqifin, -
Oturuşu
Şirin, duruşu Leyli,
Qəmzəsi sitəmkar, yarı gileyli.
- misralarını misal çəkdim
və dedim ki, şairin Leylinin məhz duruşu, Şirinin isə
oturuşundan danışması təsadüfi deyil,
çünki intibah estetikasına görə qadının
oturuşu, qızın duruşu daha gözəl
sayılırdı.
Əsəd
sual verdi ki, müəllim, bəs, intibah rəssamı
Rafaelin "Siqstin madonnası" tablosunda Məryəm ana niyə
ayaqüstə rəsm olunub? Sualı
cavablandırmaq pedaqoji baxımdan uyğun gəlməyən bəzi
məsələlərə aydınlıq gətirilməsini
istəyirdi. Odur ki, Əsədə o vaxtlar
çalışdığım "Ədəbiyyat və
incəsənət" qəzetinə gəlməsini
tapşırıb, mühazirəyə davam elədim...
Bir neçə gün sonra o gəldi və söhbətimizin
davamını qəzetdə elədik. Xatırlatdım
ki, İsa Məryəmin qabırğasının altından
doğulub. Odur ki, ana olmasına baxmayaraq,
dini ehkama görə, o, bakirə idi. Buna
görə, Rafael İsanı qucağına almış Məryəmin
buludlar üstündəki duruşunu təsvir edib. Yəni Rafaellə Vaqif arasında məsələyə
münasibətdə ziddiyyət yoxdur və onlar hər ikisi
intibah estetikasının daşıyıcısıdır.
Bu faktı xatırlatmaqdan məqsədim odur ki, Əsəd
daimi axtarışda olan, qarşılaşdığı
suallara cavab axtaran bir gənciydi və onu müasir ədəbiyyatımızın
sayılıb-seçilən isimlərindən birinə
çevirən parlaq istedadıyla yanaşı, həm də
bitib-tükənmək bilməyən suallara cavab
axtarışlarıdır. Gənc tələbənin
o vaxtkı sualları illər, bəlkə də onillərlə
sürəcək əzablı özünüdərk
prosesinin hələ, sadəcə, başlanğıcından
xəbər verirdi.
Əsədi "Ədəbiyyat və incəsənət"
qəzetinə növbəti dəfə gətirən də
bu axtarışlar oldu. O, mənim "Yatmışdım, üstümə gəldi
ərənlər" adlı məqaləmi əldə eləmək
istəyirdi. Bir neçə il əvvəl
dərc olunmuş, poeziyamızda sufi-mistik düşüncənin
inkişaf tarixinə ümumiləşdirici baxışdan
ibarət məqaləni Əsədin hələ də
unutmaması maraqlı idi. Üstündən illər keçəcək,
özünün bir çox məqalə və müsahibələrində
Əsəd o məqaləni də, bu misraları da dönə-dönə
xatırladacaqdı:
Yatmışdım, üstümə
gəldi ərənlər,
Qafil, nə
yatmısan, oyan, dedilər!
Əminəm ki, "Yatmışdım, üstümə
gəldi ərənlər"i Əsəd indi də
unutmayıb və heç vaxt unutmayacaq. Çünki
onun bütün ədəbi-bədii fəaliyyətinin əsasında
oyanmış ruhun özünü, dünyanı və
Tanrını dərk etmək istəyi durur və o, müstəqillik
dövrü ədəbi-bədii düşüncəsində
oyanışın, intibahın ən səciyyəvi nümayəndələrindən
biridir.
Əsəd öz düşüncəsinin tipinə
görə konservator deyil, amma bəzi yaşıdları kimi
bayağı yenilikçilik, dayaz inkarçılıqdan da
uzaqdır. Qədim və yeni onun düşüncəsində
birləşir və ona səciyyəvi intibah adamı
xüsusiyyəti verir. Təsadüfi deyil
ki, onun istənilən bir yazısı - istər poema, istər
esse, istərsə də məqalə olsun - əski, antik
çağlardan bugünə qədərki əsas məqamları
özündə ehtiva edir.
İş elə gətirdi ki, Əsədin mətbuatda ilk
çıxışı da mənim
yaradıcılığımla bağlı oldu. O, 1991-ci ildə
"Füzulidən Vaqifə qədər" adlı
kitabım haqqında "Dəyərli tədqiqat əsəri"
adlı bir resenziya yazdı və "Dədəm Qorqud" qəzetində
dərc etdirdi. Yadımdadır ki, soyuq,
qarlı-çovğunlu bir qış günü, dekanlığın
qarşısında Əsəd qəzeti mənə verib, - "Müəllim,
Sizin kitabınız haqda yazmışam, imkan eləsəz,
baxarsız", - dedi. Bir neçə gün sonra təkrar
rastlaşanda, - "Sağ ol, mərifətli yazı
yazmısan" dedim. Onda Əsəd hələ
universitetin sonuncu kursunda oxuyurdu. "Füzulidən
Vaqifə qədər" isə yeni işıq üzü
görmüş və müzakirələrə səbəb
olmuşdu. Akademiyanın Ədəbiyyat
İnstitutunun gənc alimləri kitabın müzakirəsini
keçirmiş, müzakirə materialları "Ulduz"
jurnalında dərc olunmuşdu. Müzakirənin
əksər iştirakçıları kitabda irəli
sürülən fikirlərə, xüsusən də, milli
intibah konsepsiyama, Vaqifi intibah şairi hesab etməyimə etiraz
edirdilər. Gözləmədiyim,
özü də güclü bir müqavimətlə
qarşılaşmışdım. Öz
məqaləsində bu barədə heç nə yazmasa da,
görünür, Əsəd də müzakirə materiallarını
oxumuş və müəllimini hücumlardan qorumaq qərarına
gəlmişdi. Gənc tələbənin
ilk qələm cəhdi olmasına baxmayaraq, kifayət qədər
aydın məntiq və ciddi elmi üslubda yazılmış
resenziyanın alt qatında duran əsas müəllif qayəsi
bundan ibarət idi.
Onun bir qədər
sonra "Ədəbiyyat və incəsənət" qəzetində
dərc olunan, milli ədəbiyyat tariximizə quş
uçuşundan baxdığı "Bir əvvəl var, bir
axır var deyirlər..." essesi "Mənə ədəbiyyatdan
dərs deyən bütün müəllimlərimə"
epiqrafı ilə dərc olunmuşdu. Sonralar gördüm
ki, öz müəllimlərinə hörmət, ümumən
böyüyə, eləcə də sözün böyüklərinə
ehtiram, sadəcə, Nizami Cəfərov yox, Nizamilərə,
Füzulilərə sayqı onun davranış etikası və
yazı mədəniyyətinin epiqrafıdır. O,
sözün həqiqi mənasında, ziyalıdır.
Ədəbiyyat təkcə söz meydanı deyil, həm
də şöhrət meydanıdır və bu hiss bəzən
tələbəni müəllimə, dostu dosta, gənci
qocaya, ümumən insanı insana qarşı qoya bilər. Xüsusən
də, jurnalistlərin reytinq xatirinə hamını bir-birinə
düşmən etməyə çalışdıqları
indiki dövrdə. Ə.Cahangir isə son
otuz ilin təkcə ən məhsuldar yox, həm də
polemikaya meyilli tənqidçilərindən biridir. Amma bu illər ərzində onun nəinki
özündən böyüklərə, hətta gənclərə
qarşı da etik əndazəni aşan yazısını,
sözünü görmədim. Ən kəskin
polemikalarda belə o, hamının fikrinə hörmətlə
yanaşmaq, eyni zamanda öz fikrini soyuqqanlılıqla,
ağılla, məntiqlə ifadə etmək kimi bir mövqedə
durur və bu, o qədər də asan məsələ
olmayıb, insandan həm savad, intellekt, həm də ziyalı
etikası, mənəviyyat tələb edir.
Sadaladığım bu cəhətlərin hər ikisi
Ə.Cahangirdə var və bunları bir neçə il öncə onun moderatorluğu ilə
hazırlanan, ədəbiyyatın poeziya, nəsr, dramaturgiya, ədəbi-tənqid
və digər sahələrini özündə ehtiva edən,
"Azərbaycan" jurnalında işıq üzü
görən dəyirmi masa materiallarında bütün
konturları ilə görmək olur. Belə dəyirmi
masalardan birinə, Anarın "Göz muncuğu" povestinə
həsr olunan müzakirəyə mən də dəvət
olunmuşdum və keçmiş tələbəmin
sadaladığım bu keyfiyyətləri nəinki qoruyub
saxladığını, hətta bir az da
cilaladığını görmək mənə xoş idi. Yeri gəlmişkən, son vaxtlar, nədənsə,
belə dəyirmi masa materiallarının jurnalda dərcini
görmürəm və bunu növbəti layihələrin
hazırlanması üçün zəruri fasilə hesab edirəm.
Yenilikçi
ruh, aydın, son dərəcə cilalı üslub, sadəliklə
dərinliyin, elmiliklə bədiiliyin, analizlə sintezin vəhdəti,
fəlsəfi ümumiləşdirmələrə
güclü meyil! Ə.Cahangirin məzmunca zəngin,
formaca çoxcəhətli
yaradıcılığının əsas cəhətləri
bunlardır. Yenilik demişkən, son iyirmi
ildə geniş rezonans doğuran postmodernizm
anlayışının ədəbiyyatımıza gəlməsində
Ə.Cahangirin çoxsaylı və ardıcıl
yazılarının həlledici rolu olub. Bu
o vaxtlar idi ki, ədəbi mühitdə bir durğunluq
yaranmışdı. Bədii
sözümüzü, ümumən ictimai düşüncəni
hərəkətə gətirmək üçün yeni
anlayışa ehtiyac duyulurdu. Bu
anlayış postmodernizm, onun ideya ilhamçısı isə
zamanın tələbini həssaslıqla duyan Ə.Cahangir
oldu.
Ə.Cahangir postmodernizmdən yazanda Avropa ədəbi-bədii
düşüncəsində bu meyil öz ömrünü
artıq başa vurmaq üzrəydi. Lakin biz 70 illik
qapalı Sovetlər Birliyi mədəniyyətindən
çıxmışdıq. Ola bilsin ki,
İsa Hüseynov, Çingiz Hüseynov kimi
yazıçılarımız postmodernizmin bu və ya digər
cəhətini ədəbiyyata gətirmişdilər, amma istənilən
halda bunlar ədəbi-tənqidin registrasiyasından keçməmiş,
özünün nəzəri-analitik təsdiqini
tapmamışdı. O vaxt yalnız bir metodun - sosialist
realizminin tələbləri ehkam sayılırdı və
bütün yerdə qalanlar qanundankənar, mürtəd elan
olunmuşdu. Ona görə postmodernizm də,
onun gətirdiyi ab-hava da bizim üçün yeni idi, ədəbiyyat
isə hər şeydən öncə, fasiləsiz yeniləşmə
deməkdir. Ə.Cahangirin bir neçə il
ərzində postmodernizmlə bağlı ardıcıl
yazıları bu mənada ədəbi-bədii
düşüncəyə hərarətli yenilik həyəcanları
gətirir, onu canlandırırdı. Mən bunu deyəndə,
hər şeydən öncə, onun "Xalq cəbhəsi",
"Vətəndaş həmrəyliyi", "Yeni Azərbaycan"
qəzetlərində işıq üzü görən
"Yeni əsrin ibtidası" silsilə məqalələrini
nəzərdə tuturam. Bu yazılarda yeni ədəbi-bədii
fikrimizin, doğrudan da, nəzəri ibtidası qoyulur, ədəbi
prosesin təxminən 10-15 illik prioritet istiqamətlərinin fəlsəfi-estetik
əsasları müəyyənləşirdi.
Maraqlı
idi ki, təkcə Murad Köhnəqala, Həmid Herisçi,
İlqar Fəhmi kimi cavanlar deyil, adlı-sanlı yazarlar da
yeni anlayışı dəstəklədilər. Elçinin "Şekspir", "Teleskop" kimi
pyesləri ilə milli teatrımızda postmodern
düşüncənin əsası qoyuldu. Kamal Abdullanın "Yarımçıq əlyazma"sı
ilə milli nəsrimizdə postmodern romanın ən səciyyəvi
nümunəsi yarandı. Tezliklə "Azərbaycan ədəbiyyatında
postmodernizm" mövzusunda dissertasiyalar müdafiə edildi,
Salidə Şərifova, Nərmin Kamal və digərlərinin
bu mövzuda kitabları işıq üzü gördü, yəni
anlayış populyarlaşdı, rəsmən qəbullandı,
vətəndaşlıq statusu hüququ qazandı, ədəbi-bədii
prosesin lokomotivinə çevrildi. Bu işin nəzəri-ideoloji
yöndən əsas simalarından biri, yəqin ki, birincisi,
Ə.Cahangir idi. Özü də təkcə məqalələri
ilə deyil, İlya İlin, Daniil Andreyev, İrina Adelgeym,
Aleksandr Dugin, İrina Nikitina və digər bu kimi alimlərin
postmodernizm haqqında yazdığı məqalə və
kitablardan elədiyi filoloji tərcümələrlə. Onun timsalında ədəbi tənqid bir müddətdir
unutduğu missiyasına qayıdır - bədii fikin yoluna nəzəri
işıq salır, onun yeni düşüncə
üfüqlərini müəyyənləşdirirdi.
Dialektik
düşüncə, ehkamçılıqdan uzaqlıq,
dünyaya və onun bədii inikası olan sözə daimi dəyişmə
- inkişaf və ya tənəzzüldə olan canlı proses
kimi baxmaq! Ə.Cahangirin düşüncəsinə
məxsus daha bir cəhət budur. Bu onun
yazılarına qabarıq nəzərə çarpan tarixilik
keyfiyyəti verir. Ə.Cahangirin
yazıları ağır-ağır axıb gedən, ədəbiyyatın
ayrı-ayrı mərhələlərini bir bütöv
halında birləşdirən, öz axarına salıb aparan
nəhri xatırladır və bununla da, "tənqid hərəkət
edən estetikadır" fikrini əyani olaraq təsdiq edir.
Bunu onun yuxarıda sözügedən "Bir əvvəl var,
bir axır var deyirlər" essesində də, sonralar
yazdığı "Söz", "Səs" "Dəmirbaşlar",
"Aprel tezisləri" kimi ən yaxşı esselərində
də aydın görürük. Əsəd təkcə
bu esseləri yox, bütün yazılarında ilk essesinın
sərlövhəsinə sadiqdir - onu sözün
başlanğıcı və sonu, yolun əvvəli və
axırı maraqlandırır. Bütün ədəbiyyatşünaslıq
mövzu və problematikası ilə yanaşı, onun
yazılarının alt yapısında bir ən ümumi fəlsəfi
suala cavab cəhdi durur: - Hardan gəlib, hara gedirik?
Bəli, ədəbi-bədii faktın mahiyyətini
aşkarlamağa yönələn Ə.Cahangir tənqidi
açıq fəlsəfiliyə meyillidir. O, ədəbi-estetik
anlayışlarla yanaşı, həm də ruh, şüur,
materiya, zaman, məkan və sair bu kimi əsas fəlsəfi
kateqoriyalarla düşünür. Mənə həmişə
elə gəlir ki, onun ədəbi-tənqidçi
olmasıyla, Azərbaycan fəlsəfi və ictimai fikri
özünün dünya çapına gedib çıxa biləcək
bir filosofunu itirib.
Yeri gəlmişkən, burda bir haşiyə
çıxacam. İkinci, ya üçüncü kursda oxuyanda, dərs
ilinin lap başlanğıcında Əsəd bir gün mənə
yaxınlaşıb dedi ki, Fərman müəllim Fəlsəfə
fakültəsinə keçməyimi istəyir, fikirləşmək
üçün bir neçə gün vaxt almışam, məsləhətiniz
nədir, ona nə cavab verim? Söhbət görkəmli
filosof, "Müasir Qərb fəlsəfəsi",
"İnsan və dünya", "Klassik psixoanalizin əsasları",
"İdrak nəzəriyyəsi və linqvistik analiz" və
digər çoxsaylı kitabların müəllifi,
universitetin fəlsəfə kafedrasının müəllimi,
fəlsəfə elmləri doktoru Fərman İsmayılovdan
gedirdi. Görünür, o, mühazirələrin
gedişində Əsədin fəlsəfi istedadını
görmüş, ona ixtisasını dəyişməyi təklif
eləmiş, bu taleyüklü addımı atmaqda tərəddüd
keçirən Əsəd isə bir sıra güvəndiyi
müəllimləri ilə yanaşı, məsləhət
üçün mənə də üz tutmuşdu. Mən, təbii ki, bu yerdəyişməyə
razı olmadım və - "Bəyəm, bizim filoloqa
ehtiyacımz yoxdur, fəlsəfəyə niyə keçirsən
ki? - dedim. Sonralar öyrəndim ki,
başqa müəllimlər də Əsədə eyni məsləhəti
veriblər və bununla da, dilemma filologiyanın xeyrinə həll
olundu. O vaxt doğrumu, yanlışmı qərar
çıxardıq, bilmirəm, amma onu bilirəm ki, bu gün
55 yaşını qeyd edən Əsəd Cahangirin görkəmli
bir söz adamı kimi varlığı o günlərdə
çıxarılan qərarla əhəmiyyətli dərəcədə
bağlıdır.
Orijinallıq, özünəməxsusluq Əsəd
Cahangirin düşüncəsinin ən qabarıq
görünən tərəfidir. Onun müəllifə
özünü daha sərbəst ifadə etməyə imkan
verən esse janrına xüsusi marağının əsas səbəbi
yəqin ki, budur. "Söz" essesində o,
Füzulinin bir beytinə - "Can sözdür, əgər
bilirsə insan / Sözdür ki, deyirlər özgədir
can" - istinad edərək sözün ikili səciyyəsini
açır, onun ilahilik keyfiyyətini itirib insaniləşməsi
və yenidən ilahiliyə qayıtması zərurətindən
danışır və bu ideyanın əyani örnəyi
kimi Nizamidən Muğannaya qədərki minillik bədii
sözümüzü Füzulinin bir beytindən keçirir.
"Söz" essesi bu minillik yolda dastan, qəzəl,
qoşma kimi janr əvəzlənmələri ilə
yanaşı, sözün istənilən yanrı öz
içinə alan daxili forma dəyişkənliyindən
danışır və bunların birindən digərinə
keçidin görünməyən, strukturoloji
laylarını qaldırır, kəsəsi, sözün
nüvəsinə gedib çıxır. Yadımdadır
ki, Əsəd bu essenin əlyazmasını mənə
vermişdi və ilk bir neçə abzası oxuyan kimi
bilmişdim ki, "Söz" təkcə öz müəllifinin
yaradcılığı deyil, ümumən ədəbi-tənqidi
düşüncəmizdə strukturalizmin ən parlaq, qeyri-adi
örnəklərindən biridir. Belə yazı hər
müəllifin ömründə bir dəfə,
uzaqbaşı bir neçə dəfə ola
bilər.
O bir
neçə dəfədən biri olan "Səs" essesi
Azərbaycanın üç geokulturololoji əraziyə -
söz, səs və rəng məkanlarına bölünməsinə
dair kəşflə yadımda qalıb. Bu
bölgüdə Naxçıvan, Göyçə, Qazax və
Borçalı sözün, Qarabağ səsin, Bakı və
Şirvan isə rəngin payına düşür. "Səs" bir "Qarabağnamə"dir,
özü də bu mövzuda indiyədək yazılan və
olsun ki, bundan sonra yazılacaq "namə"lərin ən
orijinalı. Essedə Qarabağın Azərbaycan
tarixi və mədəniyyətindəki yeri və rolu
özünün bütün tarixi-kulturoloji konturları ilə
aydın görünür. "Söz"də ədəbiyyata
metafizik baxış olduğu kimi, "Səs"də də
tarixə metatarixi baxış var və bunun hesabına
Qarabağa da, səsə də yanaşmanın
hüdudları müqayisəsiz dərəcədə
genişlənir, min dəfələrlə eşitdiklərimiz,
gördüklərimizi sanki ilk dəfə görür, müəlliflə
birlikdə biz də öz ölkəmizi geokulturoloji rakursdan
yenidən kəşf edirik.
Ə.Cahangirin esseləri məntiqi-rasional metodla
intuisiyanın, ilhamla vəhyin inteqrasiyası, kəsişmə
zolağında meydana çıxıb. Onun "Dəmirbaşlar"
essesi ənənəvi geridönməz tərəqqi
ideyasının əksinə inkişaf və tənəzzülün
daimi əvəzləndiyi dairəvi düşüncə
modeli əsasında yazılıb. Elmi-texniki tərəqqinin
danılmaz nailiyyətlərinə baxmayaraq, bəşər
tarixinə mənəvi tənəzzül kimi baxmaq! Elm, fəlsəfə, tarix, ədəbiyyat və digər
sahələrdə qızılbaşlıqdan dəmirbaşlığa
enişi izləyən esse müəllifinin əsas yeniliyi bu
unudulmuş köhnəliyin bir daha təsdiqindədir.
Amma insanlığın labüd esxatoloji faciəsindən
söz açan bu essedə optimist ideya qalib gəlir -
qızılbaşlığa çağırış! "525-ci qəzet"də bir neçə ay ərzində
hissə-hissə dərc olunan essenin geniş rezonans
doğurmasının əsas səbəbi, yəqin ki, bu
müəllif qayəsi ilə bağlı idi. Ə.Cahangirin müsahibələrindən birində
dediyi kimi, "ədəbiyyat hər şeyi insanın əlindən
ala bilər, amma ümidi almağa onun ixtiyarı yoxdur".
Qatı tradisionalist mövqedən yazılan "Dəmirbaşlar"
Ə.Cahangirin yaradıcılığını izləmək
baxımından daha bir cəhətdən əhəmiyyətli
idi. Esse "mən postmodernizmə sədaqət andı
içməmişəm" deyən müəllifin postmodernist
düşüncədən uzaqlaşmasını göstərirdi.
Bir qədər sonra qələmə
aldığı "Aprel tezisləri. Postinsan
haqqında esse" isə onun ədəbi-fəlsəfi
fikrimizə yeni bir anayış - postinsan anlayışı gətirmək
cəhdi ilə səciyyələndi. Postmodernizm
insanın özünə inamının süqutundan
danışırdı. Postinsan isə
insanın tamamilə başqa bir varlığa - postinsana
çevrilməsindən bəhs edir. Odur
ki, bu daha radikal ideya əfkari-ümumiyyə tərəfindən
postmodernizm qədər asanlıqla qəbul edilə bilməzdi.
Futuroloji mövzuda yazılmış "Aprel
tezisləri" Ə.Cahangirin ən inqilabi məzmunlu
essesidir, inqilabın baş tutması isə situasiya tələb
edir. Lakin bu amil essedə irəli
sürülən ideyanın perspektiv əhəmiyyətini
inkar etmir. Çünki həyatımızın
bütün temporitmi postinsan ideyasının yaxın gələcəkdə
reallaşması imkanını hər gün daha bariz təsdiq
edir.
Ə.Cahangirin
indiyə qədər "Qədim türk ədəbiyyatının
linqvistik poetikası", "Ağ saç, qara
saç", "Kim yatmış, kim oyaq", "On
üçüncü gecə" kimi kitabları işıq
üzü görüb və bu kitabların hər biri müəyyən
ədəbiyyatşünaslıq problemlərinə
aydınlıq gətirilməsiylə səciyyələnir. "Qədim türk ədəbiyyatının
linqvistik poetikası" kitabının mövzusunu Əsədə
mən vermişəm. Kitabda Mahmud
Kaşğarlının məşhur "Divanü
lüğat it-türk" əsərindəki bədii
nümunələr dilçilik və ədəbiyyatşünaslığın
kəsişmə zolağında araşdırılıb.
Müəllif "Divan"da toplanmış
şeirlərin yaranması, inkişafı, dil və üslub
xüsusiyyətləri, vəzni, müasir poeziya ilə əlaqəsi
kimi məsələlərə dair orijinal fikirlər deməklə
yanaşı, həm də bu nümunələri müasir dilimizə
uyğunlaşdırmış və kitaba əlavə
etmişdir. Azərbaycan filoloji fikrində
monoqrafik səviyyədə
kaşğarlışünaslıq Ə.Cahangirin 2001-ci ildə
"Elm" nəşriyyatında rezoqraf üsulu ilə dərc
olunmuş bu kitabı ilə başlayır.
2006-cı ildə "Nurlan" nəşriyyatında
çapdan çıxan, Xalq yazıçısı Anar və
Günel Anarqızının nəsr
yaradıcılığından bəhs edən "Ağ
saç, qara saç" kitabının ideya miqyasları
adından daha genişdir. Kitabın əsasında
Anarın "Ağ qoç, qara qoç" utopik və
antiutopik nağıllarının milli və dünya ədəbiyyatı
müstəvisində təhlili durur. Özümüzə
dünyadan və dünyaya özümüzdən baxmaq
Ə.Cahangir tənqidinin qabarıq nəzərə
çapran keyfiyyətlərindən biridir. Lakin
kitabın alt qatında o vaxt ədəbi mühitdə kəskin
şəkil alan nəsillərarası
qarşıdurmaya qarşı gizli bir etiraz da var. Ağ
qoç, qara qoç buynuzlaşmasını, ağ saç,
qara saç ehtiramı və ehtişamı ilə əvəzləmək!
Kitabın müəllifinin daha dərin qatda gizlənən əsl
qayəsi budur!
2013-cü ildə "Yazıçı" nəşriyyatında
yayımlanan "Kim yatmış, kim oyaq" seçilmiş
esselər və məqalələr kitabı təkcə
öz müəllifinin yox, çağdaş Azərbaycan ədəbi-tənqidi
fikrinin hadisəsi kimi meydana çıxdı. İ.Muğanna, S.Əhmədli,
Anar, F.Qoca, Elçin, A.Məsud, V.İbrahimoğlu, B.Osmanov və
digər söz-sənət adamlarının
yaradıcılığından söz açan kitabın təkcə
elə adı onun müəllifinin bir ən ümdə
xüsusiyyətindən xəbər verir -
çağdaşlığa bədii düşüncəmizin
ən əski çağlarının gözüylə
baxmaq! Kitabın adı daha bir məsələyə
aydınlıq gətirir - vaxtilə tələbə Əsədin
universitet auditoriyasında müəllimlərinə
ünvanladığı sualları artıq
durub-toxtamış ədəbi-tənqidçi Ə.Cahangir
dövrün ən sayılıb-seçilən,
adlı-sanlı imza sahiblərinə, ümumən insana,
zamana ünvanlayır, yeni dövrün yeni suallarını
müəyyən edirdi! Oyanmış ruh "kim
yatmış, kim oyaq?" deyə atrıq bu dəfə
başqalarını oyanışa, intibaha
çağırırdı!
Xalq yazıçısı Elçinin
yaradıcılığından bəhs edən "On
üçüncü gecə" məqalələr
kitabı da ən ümumi ruhu etibarilə qaranlıqdan
işığa, gecədən gündüzə
çağırış ruhu ilə köklənib. Psixoanalitik təhlillər,
yazıçının pyesləri əsasında
hazırlanmış tamaşalar haqqında qənaətlərin
də yer aldığı kitabda başlıca yeri Elçinin
tarixi mövzuda qələmə aldığı
"Baş" romanı haqqında
"Baş"lanğıc" məqaləsi, xüsusən
də məqalədə irəli sürülən
"metafizik realizm" anlayışı tutur. Ə.Cahangir
"Baş"ı bədii nəsrimizdə
düşüncə miqyaslarının genişlənməsi,
metafizik Amerikanın kəşfi baxımından mühüm
bir yenilik kimi qiymətləndirir. Milli bədii
nəsrimizdə ruhun ilk dəfə baş qəhrəmana
çevrildiyi romanın, oyanmış ruhun ifadəçisi
olan bir tənqidçi tərəfindən bu cür dəyərləndirilməsi
məntiqidir. "Baş"lanğıc"ın
ədəbi-tənqid tariximizə onuncu illərin mühüm
nəsr tədqiqatlarından biri kimi daxil olacağına
şübhə yoxdur.
Ə.Cahangirin
maraq dairəsinin genişliyi təəccüb doğurur: ədəbiyyat,
incəsənət, din, fəlsəfə, psixologiya, tarix,
ezoterika... İctimai şüurun elə bir
forması yoxdur ki, Ə.Cahangir ona maraq göstərməsin.
Onun yaradıcılığının
mühüm bir qolunu teatr, kino, musiqi ilə bağlı
araşdırmalar, bir sözlə, sənətşünaslıq
yazıları tutur. Xüsusən də
teatra olan marağı Ə.Cahangiri ədəbi-tənqidi
fikrimizdə M.F.Axundov, M.Hüseyn, C.Cəfərov, Y.Qarayev ənənələrinin
parlaq davamçısına çevirir, bütün
yenilikçi cəhdləri ilə yanaşı, onun klassik tənqidçi
imicini formalaşdırır. Məncə,
Ə.Cahangirin həmkarları arasında klassik teatral ruhun
daşıyıcısı olan ikinci belə ədəbiyyat tənqidçisi
yoxdur. Ən çox razılıq
doğuran isə odur ki, müxtəlif janrlarda yazılan,
sayı yüz əlliyə çatan bu yazıların nə
analitik səviyyəsi, nə də informativ yükü ədəbiyyatşünaslıq
yazılarından zərrə qədər də geri
qalmır. Əsədin üslubunda elə bir cazibə
gücü var ki, onun ədəbi-tənqidi
yazılarını oxuyanlar haqqında yazdığı əsərlərlə
tanış olmaq, sənətşünaslıq
yazılarını oxuyanlar isə haqqında bəhs etdiyi
tamaşalara, filmlərə baxmağa tələsirlər.
Əlibaba
Məmmədov, Habil Əliyev, Zeynəb Xanlarova, İslam
Rzayev, Elmira Rəhimova, Ramiz Mirişli, Ramiz Quliyev, Mənsum
İbrahimov, Ağasadıq Gəraybəyli, Barat Şəkinskaya,
Leyla Bədirbəyli, Həsən Turabov, Həsən Məmmədov,
Amaliya Pənahova, Şəfiqə Məmmədova, Əminə
Yusifqızı... Ə.Cahangirin haqqında yazdığı
onlarca sənət adamının bunlar yalnız az bir qismidir. Onun Xalq artisti Barat Şəkinskaya
ilə müsahibəsiylə tanış
olanda qəribə görünür ki, ötən əsrin
iyirminci illərində səhnəyə çıxan qədimi
aktrisalarımızdan biri ilə 90-cı illərdə ilk
yazılarını dərc etdirən gənc tənqidçinin
sözü-söhbəti necə belə yaxşı tutur? Hər
hansı bir teatrşünasın Vaqif İbrahimoğlunun
"Lənkəran xanının vəziri"
tamaşasına Əsədin "Vay, dədəm, vay" məqaləsindən
daha incə yozum verəcəyinə, yaxud rejissor Bəhram
Osmanovun portretini onun "Bəhramnamə"sində
olduğundan daha məharətlə yaradacağına, yaxud da
Gəncədə keçirilən ümumrespublika teatr
festivalının (2009) gedişi və yekunlarını onun
"Bir çarə var ancaq - yeniləşmək" məqaləsindən
daha yaxşı ümumiləşdirəcəyinə inanmaq
çətindir. İnanmıram ki, hər hansı bir
iranlı kinoşünas İran kino sənətinin mahiyyətini
Əsədin "Oskar"ı niyə Fərhadiyə verdilər"
məqaləsindəki kimi üzə çıxara bilsin... Fəlsəfə ilə bağlı bir qədər
yuxarıda dediym fikrin təkrarı kimi görünsə də,
deməliyəm ki, Əsədin ədəbiyyat tənqidçi
olmasıyla Azərbaycan incəsənəti özünün
çox ciddi bir sənətşünasını itirib.
Bəs, Ə.Cahangirin çoxcəhətli
yaradıcılığının sirri, səbəbi nədədir? Bu sualın
birbaşa cavabı onun poeziyasındadır. Poeziya insanlıq tarixində hər şeyin hələ
bir şey olduğu, hələ müxtəlif
yaradıcılıq sahələri arasında
differensiasiyanın etmədiyi başlanğıc dövrün
məhsuludur. Ona görə əsl poetik
ruha sahib olanlar üçün janr məhdudiyyəti olmur.
Ədəbi yaşıdlarından E.Z.
Qaraxanlının vaxtilə Əsədə həsr etdiyi məqalədə
dediyi kimi, "istedadın janrı yoxdur". Amma janr sərhədlərini aşmaq bəzən
azad ruhun hər şeyi qapsamaq imkanı və
ehtirasının ifadəsi olduğu kimi, bəzən heç
nəyi bacarmamaqdan da xəbər verə bilər. Xoşdur ki, bu məsələdə Ə.Cahangir
birincilərdəndir. Onun poetik stixiyası
insanlığın poeziya mərhələsi ilə daxili-ruhi
əlaqəsindən xəbər verir. Çünki
bu dövrə məhz həmin stixiya ilə getmək olar.
"Nə olsun, bu stixiya istənilən bir şairdə var
deyənlər" ola bilər! Lakin
Ə.Cahangir istənilən bir şairdən bir mühüm cəhətdən
fərqlənir - onda çağdaşlıq
üçün daha səciyyəvi olan məntiqi-rasional
idrak, intellekt də var. Və bu iki əks qütbün birləşməsi
Ə.Cahangirin düşüncəsinə əvvəllə
axırın birləşməsi səciyyəsi verib, onun istər
özü, istərsə də sözünün özünəməxsusluğu,
hətta müstəsnalığını şərtləndirir.
Maraqlıdır ki, Ə.Cahangir şeirdən daha
çox, poemalar müəllifi kimi tanınır. Bu onun qədim
türk ədəbiyyatından gələn epos təfəkkür
tipinin daşıyıcısı olmasıyla
bağlıdır. Onun "O Adam", "Namaz",
"Xarıgülnar" poemaları müstəqillik
dövrü poeziyamızda bu janrın ən parlaq nümunələrindəndir.
Çünki Ə.Cahangir nədən yazır
yazsın, hansı janra üz tutur tutsun, Müşfiqin
"yaratdığın şeyi sevərək yarat, hamıdan
yüksək ol, hamıdan baş ol" prinsipinə əməl
etməyə çalışır. Bu
poemalardan ilk ikisini Ə.Cahangir qırx yaşında yazıb
və bu heç də təsadüfi deyil. Bu, Füzulinin "Leyli və Məcnun",
Şekspirin "Hamlet" yaşıdır.
Yaradıcılıqla məşğul olan adam
bu müdriklik yaşında özünü maksimum ifadə
etdiyi ən yaxşı əsərlərini və ya əsərini
yazır. Bu baxımdan hər iki poema, xüsusən
də, "Namaz" Ə.Cahangirin maksimum özünüifadəyə
nail olduğu poemadır. Birincisi sərbəst, ikincisi isə
ritmik sərbəstdə yazılan, hər ikisi mistik məzmuna
malik bu poemalar klassik sufi
poeziyasındakı Allah və həqiqət
axtarıcılığının modern örnəkləridir.
Sadəcə, birinci poemanın ifadə etdiyi zaman intervalı
son iki min il, ikincininki isə əzəldən
əbədə qədərki sonsuzluqdur. Füzulinin
"Leyli və Məcnun"undan sonra bizdə bu məzmunda
poemalar yazılmayıb. Bu poemalar ən ümumi
şəkildə götürəndə Füzuli ruhunun
poeziyamızdakı yeni dirçəlişi, yeni
oyanışıdır. Və onları məhz
oyanmış ruhun bədii-fəlsəfi ifadəçisi olan
Ə.Cahangirin yazmasından məntiqi heç nə ola bilməz.
Bu günlərdə Şuşada keçirilən
Xarıbülbül musiqi festivalına həsr olunan,
Qarabağda qazandığımız cahanşümul qələbədən
doğan şükranlıq hissləri ilə
aşılanmış "Xarıgülnar" poemasında
isə günümüzdə baş verənlər
ümumtürk tarixi ilə analoji müstəvidə dərk və
təsvir olunur. Bu analogiyada Cıdır düzü
Ötükənə, festival şülənə, İlahm
Əliyev Bilgə kağana, Mehriban Əliyeva İlbilgə
xatuna, Anar Dədə Qorquda müqabil gəlir. Poema təkcə ən ümumi ruhu deyil, həm də
Dədə Qorqud şeiri üslubuyla diqqəti çəkir.
Poemadan Dədə Qorqudun ünlü
dua-alqışlarının səsi gəlir:
Tanrım, sənə şükr
olsun,
Şəhidlərimin
adı adın kimi zikr olsun!
Şəhid
bacıları bacım, anaları anam olsun!
İlbilgə
xatun Mehriban,
Bilgə xaqanımız
İlham olsun!
Qazilərimizə
ehtiram,
Obamız
obası, davamız davası olan
dost ellərə
salam olsun!
Ə.Cahangirin
bütün poemaları impulsiv enerjidən yaranıb və
"Xarıgülnar" da bu yöndən istisna deyil.
Müəllifə bu poemanı yazmağa impuls verən konkret
bir hadisə - əslən şuşalı olan Xalq artisti Firəngiz
Mütəllimovanın festival günü alnını Şuşa torpağına qoyması olub. Amma bu fakt poemanın yaranmasında sadəcə
başlanğıc impuls, dəryaya gedən yolda bir damla rolu
oynayıb. "O Adam" və "Namaz"
poemalarında olduğu kimi, "Xarıgülnar"da da
müəllif damlada dəryanı, zərrədə
küllü göstərmək kimi sufi
yoluyla gedir. Sadəcə, müəllif düşüncəsinin
damlaları "O Adam"da ümumbəşəri,
"Namaz"da ümummüsəlman,
"Xarıgülnar"da isə ümumtürk dəryasına
qovuşur.
Ə.Cahangirin yaradıcılığının
xüsusi bir qolu onun ədəbi gəncliyin ən istedadlı
nümayəndələrinin
yaradıcılığını üzə çıxarmaq
və cəmiyyətə təqdim etməkdən ibarətdir. O, AYB-nin təklifi ilə gənclərin
yaradıcılığından ibarət
"Körpü" (2004), Azərbaycan Tərcümə Mərkəzinin
təklifi ilə "Yeni səs" (2016) və Heydər
Əliyev Fondunun təklifi ilə "Gənc yazarların vətənpərvərlik
mövzusunda şeirlər toplusu" (2017)
antologiyalarının redaktoru və tərtibatçısı
olmaqla yanaşı, neçə-neçə gəncin
kitabına ön söz yazıb, onlara uğurlu yol diləyib.
Ə.Cahangirin istər ədəbi-tənqidi, istər
kulturoloji, istərsə də poetik
yaradıcılığının diqqəti çəkən
daha bir cəhəti onun dərin səmimiyyətlə
aşılanmış yüksək vətəndaşlıq
məzmunudur.
O, hər cür fərdiyyətçilikdən uzaqdır. Mən bunun əsas səbəbini onda görürəm
ki, 90-ıncıların əksər nümayəndələrindən
fərqli olaraq, V.Səmədoğlu, R.Rövşən və
V.B.Odərin ifrat fərdiyyətçiliklə səciyyələnən
poeziyasından Əsəd yan keçə bilib. Məhz
bu cəhət onun poeziyasına yaşıdlarının demək
olar ki, heç birisində olmayan daha bir keyfiyyət
qazandırır - optimizm!
Daim real həyatla
nəfəs alan, təbii, canlı dillə
yaranan Ə.Cahangir yaradıcılığı kabinet ədəbiyyatı
deyil. "Hər bir böyük ədəbiyyatın
son məqsədi müdhiş bir Tanrı inancına can
atmaqdır" deyən Ə.Cahangirin düşüncəsində
haqq və xalq anlayışları, təkcə səslənməsinə
görə deyil, məzmununa görə də həmqafiyədir.
Metafizik, kosmik, sosial-siyasi, fərdi-psixoloji qatlar
onun düşüncəsində iç-içə
çevrələr kimidir. Və
bunların cəmindən fakta, hadisəyə bütöv
Ə.Cahangir baxışı yaranır. Bu
çevrələr arasında ümummilli taleyüklü
problemlərlə bağlı sosial-siyasi qat xüsusi yer tutur.
Ustad Ələsgərin "Arsız
aşıq elsiz niyə yaşadı?" sualı
Ə.Cahangir üçün həmişə qüvvədədir.
Onun bu baxımdan bir mövqeyi var - Azərbaycan
dövlətçiliyi; və bir qayəsi var - milli-mənəvi
dəyərlərin qorunması.
Yazıçının ümummilli öndər Heydər
Əliyevin anım gününə yazdığı
"Möhtəşəm məktub", Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevaya həsr etdiyi "Çiyninə Pikassonun göyərçinləri
qonub", Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım
Əliyevanın poetik yaradıcılığından bəhs
edən "Bütün yollar eşqdən keçir" kimi
esse və məqalələri məhz bu mövqenin, bu qayənin
ifadəsidir... Ə.Cahangirin qondarma erməni
soyqırımını ifşa edən, əsl tarixi həqiqətə
yüzlərlə danılmaz arqumentlərlə
aydınlıq gətirən "Erməni
soyqırımı: mif, yoxsa gerçəklik" kitabını
Milli Məclisin deputatı Adil Əliyevin təşəbbüsü
ilə rus dilindən dilimizə çevirməsi də eyni əqidə,
eyni amala xidmət edən vətəndaşlıq işidir.
Azərbaycan
ədəbiyyatının dünyada, türk xalqları məkanında,
keçmiş Sovetlər Birliyi ölkələrində,
dünya xalqları, türk xalqları və keçmiş
Sovetlər Birliyi xalqları ədəbiyyatlarının Azərbaycanda
təbliğində də Ə.Cahangirin xüsusi rolu var. Onun
Moskvada çıxan "Drujba narodov" jurnalının Azərbaycan
ədəbiyyatına həsr olunan xüsusi sayında (2006, 3)
milli poeziya və nəsrimizə dair "Qlobalizm, yoxsa millilik:
dilemmadan çıxış yolu nədədir?" məqaləsi
Rusiya ədəbi dairələri tərəfindən maraqla
qarşılanmış, müasir ədəbi proseslə
bağlı bir sıra icmalları gürcü, özbək,
türk dillərinə çevrilərək müvafiq ölkələrdə
yayımlanmışdır. Fransız şairi Artur Rembodan,
tatar şairi Robert Minnullindən, çağdaş Amerika
poeziyasından elədiyi yüksək səviyyəli bədii
çevirmələri Ə.Cahangirin beynəlxlaq ədəbi əlaqələr
sahəsindəki əməyindən xəbər verir. Təsadüfi
deyil ki, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin
sədri, Xalq yazıçısı Afaq Məsud
Ə.Cahangirin bədii tərcümə sahəsindəki
ustalığını xüsusi qiymətləndirərək,
bu tərcümələrdən tərcümə işinin tədrisi
ilə bağlı təhsil müəssisələrində əyani
vəsait kimi istifadə olunmasından
danışmışdır.
Ə.Cahangirin ədəbi-bədii fəaliyyəti
dövlətimiz və Azərbaycan Yazıçılar
Birliyi, eləcə də bir sıra ictimai təşkilatlar tərəfindən
yüksək qiymətləndirilib. Onun haqqında Xalq
yazıçılarından İsa Muğanna, Sabir Əhmədli,
Anar, Elçin, Afaq Məsud, yazıçılardan Rəşad
Məcid, tənqidçi və dilçilərimizdən
Yaşar Qarayev, Tofiq Hacıyev, Akif Hüseynov, Vaqif Yusifli, Bəsti
Əlibəyli və digərləri ən yüksək fikirlər
demiş, onu müasir ədəbiyyatımızın görkəmli
nümayəndəsi, müstəqillik dövrünün
yetirdiyi hərtərəfli istedada malik söz adamı kimi dəyərləndirmişlər.
Ə.Cahangir "Səs" essesinə görə AYB-nin təsis
etdiyi Aydın Məmmədov adına "İlin ən
yaxşı tənqidçisi" mükafatına,
"Namaz" poemasına görə Konya Şəhər Bələdiyyə
İdarəsi ilə AYB-nin birgə təsis etdiyi Beynəlxalq
poeziya mükafatına, "Kim yatmış, kim oyaq"
kitabına görə AYB-nin Yaşar Qarayev, Mədəniyyət
Nazirliyinin "Qızıl kəlmə"
mükafatlarına, Azərbaycan ədəbiyyatı
qarşısındakı xidmətlərinə görə
"Vektor" Beynəlxalq Elm Mərkəzinin Şahmar
Əkbərzadə adına mükafatına, ümummilli
öndər Heydər Əliyevin və Respublika Prezidenti
İlham Əliyevin sərəncamları ilə iki dəfə
Prezident təqaüdünə layiq
görülmüşdür...
...Yenə
otuz beş il öncəyə, Əsədin
tələbəlik illərinə qayıdıram.
Yadımdadır ki, Raifə Həsənova, Xalid Əlimirzəyev,
Əlövsət Abdullayev, Nərgiz Paşayeva, Yəhya
Seyidov, Ziynət Əlizadə, Təhsin Mütəllimov, Tofiq
Hacıyev, İsmayıl Məmmədov, İsmayıl Əhmədov,
Azad Nəbiyev, Şamil Salmanov, Abdulla Abbasov, Musa Adilov və
digərlərindən ibarət müəllim-professor heyəti
onun filoloq gələcəyinə böyük ümidlərlə
baxırdılar. Bu gün Ə.Cahangirin verdiyi
55 illik ömür hesabatından görünür ki, o, müəllimlərinin
ümidlərini doğrulda bilib.
Əsədin müəllimləri arasında mən də
varam. Və
keçmiş tələbəm, bugünün
sayılıb-seçilən, ən yüksək dəyərə,
qiymətə layiq söz adamı Əsəd Cahangir
haqqında bu yubiley məqaləsinin son nöqtəsini
böyük bir daxili əminlik hissiylə qoyur, ona ən
yüksək nemət olan cansağlığı, yeni-yeni
yaradıcılq uğurları arzu edirəm...
Nizami CƏFƏROV
Ədəbiyyat qəzeti.-
2021.- 26 iyun. S. 12-14.